Roman, povestlər



Yüklə 3 Mb.
səhifə130/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   126   127   128   129   130   131   132   133   ...   158

 440 

avtomobil qəzasını da... Fuadı  ən çox sarsıdan buydu ki, 

Mürsəlin çox zərif eyhamlarından aydın olurdu: O, Fuad 

Salahlı məsələsindən də və hətta Asiyadan da — yəni təqribən 

iyirmi beş il bundan qabaqkı  məsələlərdən də bixəbər deyil... 

Fuad barmağını dişlədi. Deməli, bu həmişə  nəzakətlə 

gülümsünən, mehribançılıqla hal-əhval tutan adam — hamıya 

qarşı, o cümlədən elə Fuadın özünə qarşı da əməlli-başlı 

yaraqlı-yasaqlı imiş, ehtiyatında, necə deyərlər, silah 

saxlayıbmış qara günüyçün. Amma Mürsəl bişmiş adam idi. 

Çox mahiranə bir tərzdə Fuada onu da eşitdirdi ki, mənə dəyib-

dolaşan olmasa, özüm heç-bir vaxt heç kimə  mərdimazarlıq 

eləyən deyiləm. Fuad da, dünənin uşağı deyildi... Altdan-

altdan, öz kanallarıyla o da Mürsəl barədə münasib, kara gələ 

biləcək məlumatlar toplamışdı və bunu Mürsələ çatdırmağın da 

qeydinə qalmışdı. Qoy bilsin hər halda, onda əlaqələr də, 

tənasüb də düzgün olar, necə deyərlər, tərəzinin gözləri düz 

gələr — səninki səndə, mənimki məndə...  

Yaxşı, bütün bu mülahizələrdən, mənfi-müsbətlərdən, götür-

qoylardan sonra axırı hansını seçmək düz olardı: Sabiri? Mir 

İsmayılı? Mürsəli? Bir arxayın vaxtda macal tapıb qəti qərar 

vermək lazımdır. 

Əhməd Nəzər: 

—Yaxşı, qurtardıq, — dedi. — Yarım saatdan sonra mən 

Nazirlər Sovetində olmalıyam. Fuad, sən yerindəsən? 

—İndi yanımda letuçkadır. Sonra aerodroma gedəcəm. 

Raykomdan tapşırıblar. ADR-dən nümayəndə heyəti gəlir. 

Dörddə də dəfndir. 

—Hə, — Əhməd Nəzər köksünü ötürdü və başını buladı. — 

Əşi, yazıq Salahlı... Neçə vaxtdı rast gəlmirdim ona, amma 

doğrudan çox namuslu adam idi... 

—Siz də gedəcəksiz dəfnə? 

—Çalışaram. Dörddədir, deyirsən?  Əşşi, vallah, axşam da 

açılışdır da! Sən danışacaqsan, hə? 

—Bəli. 



 441 

Hər ikisi diqqətlə bir-birinin gözlərinin içinə baxdılar. Əvvəl 

Əhməd Nəzər qaçırtdı gözlərini. Fuad dik baxırdı onun 

gözlərinin içinə. Hər ikisi bu son mükalimənin gizli mənasını 

bilirdi: axşam  şəhərin perspektiv planlaşdırılmasına aid 

layihələr sərgisi açılacaqdı. Təntənəli açılışda təbii ki, rəis 

danışmalıydı. Amma üç gün bundan qabaq Əhmədə də, Fuada 

da zəng vurub demişdilər ki, Fuadın danışması  məsləhətdir. 

Bunun səbəbini hər ikisi başa düşürdü.  Əhməd Nəzərin 

məsələsi həll olunmuşdu. Belə mühüm tədbirdə yarısabiq rəisin 

deyil, gələcək rəisin danışması daha məqsədəuyğun sayılırdı. 

Şövqü bunu eşidəndə Fuadı yanına çağırtdırdı: sən başa 

düşürsən bu nə deməkdir? Hamı orda olacaq. Bu təyinat qabağı 

sənin, necə deyərlər, son sınağındır. Məsələn həll olunmağına 

olunub, amma bilirsən də, bir uğursuz söz, bir namünasib çıxış 

— hər  şeyi dəyişə bilər.  Əhməd Nəzəri də  sən tək  əlli tutma, 

baxma, köhnə qurddur, indi bütün vasitələrə  əl atıb, bütün 

kanallarını  işə salıb, doğrudur, bir qələt eləyə bilməz, biz də, 

deyir dəvə qulağında yatmamışıq, amma hər halda, sənin 

çıxışından da çox şey asılıdır, gərək elə danışasan ki, heç kəsin 

ürəyində  zərrəcən  şəkk-şübhə qalmasın: o yer məhz sənin 

yerindir, elə bil lap boyuna biçilib. 

Fuad heç nə demədi, gülümsündü, amma bu tədbirin 

səviyyəsini, bu çıxışın  əhəmiyyətini o özü də çox gözəl dərk 

edirdi. 

İşçilər dağılışdılar, otaqda Fuadla Əhməd Nəzər qaldı. Fuad 

düşündü ki, məqamdır, bundan yaxşı fürsət  ələ düşməyəcək. 

Sonraya saxlamaq lazım deyil, bu məsələni. Fuadın  Əhməd 

Nəzərə  işi düşmüşdü.  Şəxsi işi. Daha doğrusu istəyirdi ki, 

Əhməd Nəzəroviç vəzifəsini tərk etməmişdən qabaq bu 

məsələni həll etsin, bu məsələ məhz onun, Əhməd Nəzəroviçin 

əliylə olsun. Fuad yaşadıqları evin yaxınlığında, böyür-bitişik 

qonşu binanın birinci mərtəbəsində özünə qaraj düzəltdirmək 

istəyirdi. Orada münasib bir rastvor var idi, icazəsin almaq 

lazımdı. Amma rəis olandan sonra bu məsələni qaldırmaq yaxşı 



 442 

düşməzdi. İndi isə Əhməd Nəzər bu işi səssiz-küysüz həll sdə 

bilərdi. "Heç olmasa bu fərsizdən də bir xeyir görək də"... Fuad 

məsələni necə açmağı da fikirləşmişdi. Şövqünün məsləhətləri 

kara gəlmişdi. Şövqü: "Tutalım ki, vəzifəli bir adama şəxsi işin 

düşüb — deyə haçansa ona verdiyi faydalı öyüdlər sırasında 

belə bir situasiyanı da misal gətirmişdi — eyni zamanda həmin 

adamla həll eləməli ictimai bir məsələ də var. Tədbirsiz adam 

necə  hərəkət edər? Gələr, ümumi, ictimai işlərdən ağızdolusu 

danışar, sonra axıra yaxın utana-utana, çəkinə-çəkinə öz kiçik 

şəxsi xahişini deyər. Bunu tədbirsiz adamlar belə edər. Niyə? 

Çünki o kiçicik şəxsi xahişini bildirən kimi, vəzifəli adamın 

dərhal ürəyinə gəlir: Hə, aşna, elə əsl mətləbin bu imiş, ümumi, 

ictimai məsələlər də bəhanə imiş... Gör indi tədbirli adam necə 

edir. Mərd-mərdanə açıq surətdə öz şəxsi xahişindən başlayır. 

Nə olacaq, riyakarlıq nə lazım, həyatdır, hamımızın dərd-

sərimiz, ehtiyacımız var: birinə ev lazımdır, birinə maşın, 

birinə bağ, birinə  mən nə bilim telefon çəkdirmək, mebel, 

pianino, — nə bilim daha nə? Bəli, bu şəxsi xahişini deyib 

qurtaran kimi macal vermədən: amma bu heç, bu xırda işdir, — 

deyir. — Düzələr düzələr, düzəlməz düzəlməz,  əsas sizin 

yanınıza gəlməkdə  məqsədim... Bəli, burda keçər ümumi, iri, 

ictimai məsələlərə odlu-odlu danışar.  İndi gör təəssürat necə 

oldu? Vəzifəli adam düşünür: insandır, həyatdır,  şəxsi xahişi 

üçün gəlib, nə olar, amma ağlındakı öz işi deyil, əsas fikri-zikri 

ümumi məsələlərdir bu adamın, ictimai işlərdir, xalqın 

mənafeyidir..." 

Bəlkə  də  Şövqünün reseptləri hər qapıya düşəcək açar 

deyildi, amma hər halda iki-üç dəfə Fuadın karına gəlmişdi. 

İndiysə Fuad sınaya bilmədi bu üsulu. Elə  ağzını açmaq 

istəyirdi ki, Əhməd Nəzər qəfildən: 

—Fuad, oğlum, — dedi — sənə bir balaca işim düşüb. 

"Vəssalam — deyə Fuad düşündü — qara məni basınca mən 

qaranı basım". 

—Buyurun, Əhməd müəllim, — dedi. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə