Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


BƏZİ QABAQCIL ŞİƏLƏRİN TƏRCÜMEYİ-HALI



Yüklə 462,01 Kb.
səhifə10/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

BƏZİ QABAQCIL ŞİƏLƏRİN TƏRCÜMEYİ-HALI


Salman Farsi

Salmanın soy-kökü iranlıdır. Lakin İranın hansı vilayətindən olduğu haqda fikir ayrılığı mövcuddur. Bəzilərinə görə, İsfahanın Cey mahalından, bəzilərinə görə, Fars vilayətinin İstəxr mahalından, digər bir versiyaya görə isə Ramhürmüzdəndir. O, öncə Zərdüşt dinində olmuş, apardığı tədqiqatlar nəticəsində Xristianlığı, Xəndək döyüşündən öncə isə İslamı qəbul etmişdir. O, az bir zamanda Peyğəmbərin (s) fədakar və sadiq dostlarından birinə çevrildi. Belə ki, miqrantlar da yerli mədinəlilər olan ənsar da onu özlərindən hesab edirdilər. Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Salman biz əhli-beyitdəndir”.

Salman Peyğəmbər (ə) xanədanına mənsubluğu ilə səhabələr arasında özünəməxsus yer açdı. O, bütün döyüşlərdə Peyğəmbərlə (s) çiyin-çiyinə durub müşriklərlə döyüşdü1.

Salman hələ Peyğəmbər (s) dövründə Əli (ə) tərəfdarlarından idi. Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrin hakimiyyəti ələ keçirdiyini gördükdə farsca dedi: “Etməli olmadığınızı etdiniz, etməli olduğunuzu etmədiniz” və beləcə, Əliyə (ə) qarşı rəva görülən haqsızlıqları tənqid atəşinə tutdu. Salman Əlinin (ə) ən vəfalı dostlarından olub, ilk dörd və ən sadiq şiələrdən biri idi2.

Şübhəsiz, onun sadə həyat tərzinin, Əlini (ə) daim himayə etməsinin həmvətənlərinin şiə olmasında böyük təsiri olmuşdur.

Əbuzər Qifari

Əbuzər İslamdan öncə də təkallahlı olmuşdur. O, Məkkədə Peyğəmbərin (s) İslama dəvətini, Quran ayələrini eşidərkən axtardığının məhz bu olduğunu bilib müsəlman oldu. Tarixçilər onun İslamı qəbul edən beşinci müsəlman olduğunu qeyd edirlər. İslamı təbliğ etdiyi üçün özünü təhlükəyə atdığını görən Peyğəmbər (s) onu qəbiləsini haqq yola dəvət etməyə göndərdi. Peyğəmbər (s) ona sonsuz hörmət göstərirdi1.

O, üçüncü xəlifənin hakimiyyəti dövründə xəlifə və müşavirlərinin, xüsusilə Mərvanın yol verdiyi israfçılığa etiraz etdiyi üçün, xəlifə onu “Rəbəzə” adlı kiçik bir kəndə sürgün etdi. Əli (ə) və övladları onu yola salıb vidalaşdılar. O, Peyğəmbərin (s) sadiq dostu idi. Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Əbuzər tənha yaşayar, tənha ölər və (qiyamət səhnəsinə) tənha gələr”2.

Miqdad ibn Əmr

Miqdad Kində və ya Bührə qəbiləsindən, cənub ərəblərindəndir. O, Peyğəmbərin (s) səhabələrindən, mühacirlərdən biri idi. Bir versiyaya görə, İslamı altıncı qəbul edən Miqdad olmuşdur. O, Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə hicrət etmiş və bütün döyüşlərdə İslamı müdafiə uğrunda Peyğəmbərlə (s) yanaşı fədakarcasına döyüşmüşdür. Miqdad döyüşlərdən birində Peyğəmbərə (s) dedi: “Ey Allahın rəsulu! Biz Bəni-İsrail qövmü deyilik ki, “Sən və Allahın döyüşə gedin”, - deyək. Biz istənilən an, istənilən məkanda səni və Allahın dinini himayə etməyə hazırıq”3.

O, dörd əsas şiələrdən biri, Əlinin (ə) hələ Peyğəmbər (s) zamanında ilk tərəfdarlarından idi.

Əmmar ibn Yasir

Əmmar və ata-anası İslamı ilk qəbul edənlərdən, Peyğəmbərə (s) ilk iman gətirənlərdən idilər. Qüreyşlilər Əmmara, atası Yasirə və anası Süməyyəyə işgəncə vermişdilər. Peyğəmbər (s) bunu görür, lakin onlara yardım edə bilmirdi. Peyğəmbərin (s) buyurduğu məşhur kəlamda deyilir: “Yasir ailəsinə Allahın behiştini müjdə verirəm”1.

Əmmar da Peyğəmbərin (s) digər səhabələri kimi Mədinəyə hicrət etmişdi. Mühacir və ənsar arasında qardaşlıq əqdi bağladığı zaman Peyğəmbər (s) onunla Hüzeyfə ibn Yəman arasında qardaşlıq əqdi oxudu. Həzrət (s) münafiqlərin adlarını onlara açıqladı və elə buna görə də bu iki səhabəni münafiqşünas adlandırmışlar2.

Əmmar bütün döyüşlərdə Peyğəmbərin (s) yanında olmuşdur. Belə ki, Peyğəmbər (s) buyurardı: “Əmmarın qatili cəhənnəm odunda olacaqdır”.

“Səni zülmkar qruplaşmalar qətlə yetirəcəklər”. O, doxsan üç və ya doxsan dörd yaşında Siffeyn döyüşündə Əli (ə) ilə birgə Müaviyəyə qarşı döyüşdü. Elə həmin döyüşdə şəhid olarkən Müaviyənin əsgərləri tərəddüdə qərq oldular3. Əlini (ə) şübhə ilə dəstəkləyənlər isə haqq yolda olduqlarına bir daha əmin oldular.

Qaynaqlar Əmmarın ilk şiələrin dördüncüsü və daim Əlini (ə) dəstəkləyənlərdən olduğunu göstərir.



Xüzeymə ibn Sabit

Xüzeymə ənsardan, Övs qəbiləsindədir. Peyğəmbər (s) onun şahidliyini iki şahidə bərabər hesab edirdi. Elə buna görə də onu “zu əş-şəhadəteyn” adlandırırlar. Məkkənin fəthi zamanı Bəni-Xitbə qəbiləsinin bayrağı onun əlində idi. “Cəməl” və “Siffeyn” döyüşlərində Əlinin (ə) yanında idi. Sonda isə Müaviyənin qoşunu tərəfindən şəhid edildi1.

O, Əliyə (ə) beyət edərkən ənsardan ilk beyət edənlərin ikincisi və nümayəndəsi olaraq nitq söylədi. Bu onun Əliyə (ə) olan inamının, sədaqətinin göstəricisidir.

Yəqubi yazır: “Sonra “zu əş-şəhadəteyn” Xüzeymə ibn Sabit qalxıb dedi: “Ey möminlərin əmiri! Mən sənə şəxsi işlərim üçün beyət etmirəm. Buna səbəb sənin ən layiqli olmandır. Əgər sənin haqqında ən doğru olanını demək istəsəm, deməliyəm ki, sən iman və bilik baxımından insanların ən üstünüsən. Allaha and olsun ki, sən Peyğəmbəri (s) ən yaxşı tanıyan və ona daha çox imanı olan möminsən. Onların (möminlərin) sahib olduqları hər şey səndə var. Səndə olan özəlliklər isə onlarda yoxdur”2.



Bərra ibn Azib

Ənsarın böyüklərindən biri olan Bərra ibn Azib “Xəzrəc” tayfasından idi. O, on beş və ya on yeddi döyüşdə iştirak etmişdir. Peyğəmbərdən (s) sonra isə Əliyə (ə) beyət etdi. Onunla birgə “Cəməl” və “Siffeyn” döyüşlərində iştirak edib o həzrətə (ə) qarşı çıxanlarla mübarizə apardı. Sonunda isə Müsəb ibn Zübeyrin dövründə, Kufədə dünyasını dəyişdi3.



Əbu əl-Heysəm ibn Təyyihan

O, birinci və ikinci “əqəbə” müqaviləsi zamanı Məkkədə Peyğəmbəri (s) görmək şərəfinə nail olan ənsar nümayəndələrindəndir. Həmin görüşlərdən sonra o, Mədinəyə qayıdıb İslamı təbliğ etməklə məşğul oldu. O, bütün döyüşlərdə Peyğəmbərin (s) yanında idi. Əbu əl-Heysəm Peyğəmbərin (s), həzrət İsanın (ə) həvariləri kimi hesab etdiyi on iki nəfərdən biri olmuşdur1.

Əbu əl-Heysəm ənsarın nümayəndəsi kimi Əliyə (ə) beyət edən ilk şəxslərdəndir. Bir versiyaya görə, o, “Siffeyn” döyüşündə şəhid edilmişdir2.

Xalid ibn Səid ibn As ibn Üməyyə ibn Əbd əş-Şəms

Xalid Peyğəmbərə (s) dördüncü və ya beşinci, öz qəbiləsindən isə ilk iman gətirən şəxs olmuşdur. O, Həbəşəyə hər iki hicrətdə iştirak etmişdir, Mədinəyə qayıtdıqdan sonra isə Məkkənin fəthində, “Hüneyn”, “Taif” və “Təbuk” döyüşlərində iştirak etmişdir. Sonradan o, Peyğəmbər (s) tərəfindən nümayəndə olaraq zəkat yığmaq məqsədi ilə Yəmənə yollandı,3 Peyğəmbərin (s) vəfatından sonra Mədinəyə qayıdıb Əbu Bəkrə beyətə qarşı çıxaraq Əliyə (ə) beyət etdi. O, həzrətə (ə) beyət edərkən dedi: “And olsun Allaha ki, Peyğəmbərin (s) yerini tutamağa səndən ləyaqətli adam yoxdur”4.

Bəzi tarixçilərə görə, o, ikinci xəlifə dönəmində, bəzilərinə görə isə hicrətin on dördüncü ilində şəhid edilmişdir.
Əbu Əyyub Ənsari

Əbu Əyyub Əqəbədə Peyğəmbərə (s) beyət etdi. Həzrət (s) Mədinəyə getdikdən sonra onun üçün ev tikilənə qədər Əbu Əyyubun evində məskunlaşdı. O, bütün döyüşlərdə Peyğəmbərlə (s) çiyin-çiyinə İslamı müdafiə edirdi1.

Osman öldürüldükdən sonra Əbu Əyyub Ənsari Əlini (ə) müdafiə edən ilk şəxslərdən oldu. Sonradan isə İmam (ə) tərəfindən Mədinə hakimi təyin edildi.

O, “Cəməl”, Siffeyn” və “Nəhrəvan” döyüşlərində Əli (ə) ilə yanaşı döyüşdü. Onun Kufə əhalisi qarşısındakı çıxışları İmama (ə) imanının göstəricisidir.

O, 52-ci ildə vəfat etdi və Konstantinopol yaxınlığında dəfn edildi.

Hüzeyfə ibn Yəman

Hüzeyfə Peyğəmbərin (s) ənsarlı səhabələrinin öndə gedən isimlərindən olmuşdur. O, hədis rəvayətçisi olmuş və bütün döyüşlərdə iştirak etmişdir. Hələ Peyğəmbər (s) dönəmində Əlinin (ə) tərəfdarlarından olmuş, o həzrətin (ə) vəfatından sonra isə Əlinin (ə) ən yaxın müdafiəçilərindən biri kimi yadda qalmışdır. Onun övladları da atalarının yolunu davam etdirərək İmam Əlini (ə) müdafiə edib, “Siffeyn” döyüşündə şəhid oldular.



Osman ibn Hüneyf

Osman ibn Hüneyf ənsardan, Övs qəbiləsindən idi. Tirmiziyə görə o, Bədr səhabələrindən olmuşdur. Digərlərinin fikrincə isə o, Bədr döyüşündən başqa Peyğəmbərin (s) digər döyüşlərində də iştirak etmişdir2. Osman ibn Hüneyf üçüncü xəlifə öldürüldükdən sonra Əliyə (ə) beyət etdi və Bəsrə valisi təyin edildi. Cəməl döyüşçüləri Bəsrəyə qoşun yürütdükdə öncə vali Osmanla, İmamın (ə) qoşununu gözləmək haqda saziş bağladılar, lakin sazişə sadiq qalmayıb hücuma keçdilər. Valinin saqqalını qopardılar, gözətçilərini qətlə yetirib beytülmalı qarət etdilər1.

Bu hadisədən sonra Osman ibn Hüneyf Kufədə məskunlaşdı və nəhayət, Müaviyə dönəmində fani həyatla vidalaşdı.

Səhl ibn Hüneyf

Səhl ibn Hüneyf ənsardan, Övs qəbiləsindən idi. O, bütün döyüşlərdə iştirak etmişdir, Peyğəmbərlə (s) ölüm peymanı bağlayan bir neçə nəfərdən biridir2. Səhl, “Vadi əl-qüra” döyüşündə Peyğəmbərin (s) bayraqdarlarından biri idi3.

Səhl, Füls döyüşündə Peyğəmbər (s) Əlini (ə) Süləyy bütxanasını dağıtmağa göndərdikdə İmamın (ə) bayraqdarı idi4.

O, Əlinin (ə) vəfalı dostlarından idi. Belə ki, o həzrətlə (ə) birgə Siffeyn və Cəməl döyüşlərində iştirak etmişdir. O, hicri 38-ci ildə dünyasını dəyişmişdir5.



Əbu ət-Tüfeyl Amir ibn Vasil

Əbu ət-Tüfeyl Amir ibn Vasil Ühüd döyüşü baş verən ildə dünyaya göz açdı. Mühacirlərin övladlarından idi. Ömrünün səkkiz ili Peyğəmbərin (s) həyatda olduğu dönəmə təsadüf etmişdir. Həmin zaman kəsiyində o, Peyğəmbəri (s) görmək şərəfinə nail olmuşdur. Əbu ət-Tüfeyl Amir ibn Vasil Əlinin (ə) sadiq dostlarından idi. Belə ki, o həzrətlə (ə) çiyin-çiyinə bütün döyüşlərdə iştirak etmişdir. Əlinin (ə) şəhadətindən sonra isə Məkkədə məskunlaşmış, ömrünün sonuna qədər orada qalmışdır. Bəzi tarixçilərə görə isə o, Kufədə yaşamışdır.

Əbu ət-Tüfeyl Əlinin (ə) digər xəlifələrdən üstün olduğu qənaətində idi. İmamı (ə) onlardan daha fəzilətli hesab edirdi. Onu Əlinin (ə) sadiq səhabələri arasında seçilən şair, fəzilət sahibi, yüksək zəkalı, gözəl nitq qabiliyyətinə malık və hazırcavab bir fərd olaraq yad etmişlər1.

Əli (ə) şiələri yuxarıda adı çəkilənlərlə bitmir. Bu sıralamanı davam etdirmək və aşağıdakıları da daxil etmək olar:

Hind ibn Əbu Halə Təmimi, Cədə ibn Cübeyrə, Hücr ibn Ədi Kindi, Əmr ibn Həmiq Xüzai, Cabir ibn Abdullah Ənsari, Məhəmməd ibn Əbu Bəkr, Əban ibn Səid, Zeyd ibn Suhan Zeydi və başqaları.


Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə