Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə11/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   7   8   9   10   11   12   13   14   15

MƏNƏVİ HƏYAT

1.  MƏNƏVİ BORC

2.  DİN VƏ MƏDƏNİYYƏT

3.  DOĞRU VƏ YANLIŞ DÜŞÜNCƏ

4.  DAVRANIŞLARIMIZIN MƏNƏVİ “MÜHƏRRİK”LƏRİ

5.  DİLİN BƏLALARI: QEYBƏT VƏ İFTİRA




1.MƏNƏVİ BORC

Mətni oxuyub təhlil edin.

Ayxan neçə gün idi ki, dostu Anarın ad gününə hazırlaşırdı. Bu qonaqlıq onun üçün

çox önəmli idi. Çoxdan görmədiyi dostlarını bu məclisdə görəcəkdi. O, təzə

ayaqqabı və köynəyinə tez-tez baxır, ad gününü səbirsizliklə gözləyirdi. Nəhayət,

həmin gün çatdı. O geyindi, güzgüdə özünə baxaraq evdən çıxdı. Hətta qənaət edib

saxladığı pulu da yanında götürməyi unutmadı. Düşündü ki, birdən lazım olar.

Amma hadisələr heç də onun istədiyi kimi olmadı. Çayın üzərindəki körpüyə

yaxınlaşanda bir qadının fəryadını eşitdi. Ana çayda boğulan balaca qızını xilas

etmək istəyirdi.

Ayxan heç nə düşünmədən çaya atıldı. Qızı çaydan çıxardı. Həyəcandan söz tapa

bilməyən ana Ayxana necə təşəkkür edəcəyini bilmirdi. Ayxan geri dönüb iti

addımlarla onlardan uzaqlaşdı. O, islanmış geyimini dəyişməli, ad gününə çatmalı

idi. Əlini cibinə saldı. Pullar yox idi. Yəqin ki, çayda düşmüşdü. Evə çatıb paltarını

dəyişdi. O bu dəfə evdən köhnə geyimdə çıxdı. Buna baxmayaraq, Ayxan

əvvəlkindən daha xoşbəxt görünürdü.

Ayxanın hərəkətini necə qiymətləndirirsiniz? Onun özünü xoşbəxt hiss

etməsinin səbəbi nə idi? Qızı boğulmaqdan xilas etməyə onu nə vadar

etdi? Fikirlərinizi bildirin.

Mənəvi borc və vicdan insanın daxili hissidir. İnsanın cəmiyyət, kollektiv və özü

qarşısında mənəvi borcu vardır. Mənəvi dəyərlərə sahib olmaq çox vacibdir. Bu

baxımdan əxlaqın rolu əvəzedilməzdir. Əxlaq insanlar arasındakı münasibətləri

tənzimləyir. Mənəvi borc müəyyən şərtlərə tabe olmur, ona hər zaman əməl




edilməlidir. Onu təkcə yaxınlarına qarşı deyil, bütün insanlarla münasibətdə əsas

tutmaq lazımdır. Mənəvi borc yerindən, şəraitdən, zamandan, milliyyətdən,

şəxsiyyətdən asılı olmayıb universal xarakter daşıyır.

Mənəvi borc və vicdan anlayışlarına yanaşma müxtəlifdir. Çünki cəmiyyətdə insanlar

fərqlidirlər. İnsan öz borcunu yerinə yetirdikdə və ya vicdanla



hərəkət etdikdə məmnun olur. Bu borc hissi qəbul edilmiş mənəvi dəyərlərə uyğun

gəlməlidir. O, daim xeyirxahlığa doğru yönəlməlidir. Borcun könüllü surətdə yerinə

yetirilməsi həmin şəxsin yüksək mənəvi şüurundan xəbər verir.

Hacı Zeynalabdin Tağıyev öz mənəvi keyfiyyətlərinə görə tariximizin yaddaşında iz

qoyub. Onun xeyirxahlığı məcburi olmamışdır. O, yüzlərlə gəncin təhsil almasına

kömək etmiş, kasıb və kimsəsizlərə yardım göstərmişdir. Hətta 1901-ci ildə

Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış müsəlman Şərqində ilk

dünyəvi qızlar məktəbini açdırmışdır.

Vətənpərvərlik borcunu necə başa düşürsünüz? Nümunələrlə fikrinizi əsaslandırın.

Yuxarıda deyildiyi kimi, insan yalnız cəmiyyət qarşısında deyil, özü və yaxınları

qarşısında da müəyyən borca malikdir. Məsələn, “ailə borcu”, “yoldaşlıq borcu” və s.

Cəmiyyətdə tez-tez maddi və mənəvi borc sözlərini eşidirsiniz.

1.  Elşən banka pul borcludur.

2.  Elşən anasına kömək etməyə borcludur.

Maddi borc anlayışını yoldaşlarınızla müzakirə edin.

Mənəvi borca insanların üzərinə düşən öhdəlikləri (məsələn, vətən, xalq, kollektiv,

ailə, valideyn qarşısındakı borc), o cümlədən peşə fəaliyyəti (müəllimlik borcu,

həkimlik borcu və s.) ilə bağlı vəzifələri aid etmək olar.




Bizim mənəvi borclarımızdan biri də tarixi abidələrimizin – qoruqların, qalaların və

digər milli sərvətlərimizin qorunub saxlanmasıdır.

Ermənistan hərbi qüvvələrinin torpaqlarımızı işğal etməsi – tarixi mədəniyyət

abidələrimizin dağıdılması ilə nəticələnmişdir. İşğal nəticəsində yüzlərlə tarixi abidə və

muzey məhv edilib, bu proses bu gün də davam etdirilir. Ermənistan tərəfindən tarixi

abidələrmizə qarşı bu münasibət “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin

qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii

irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına, “Arxeoloji irsin

mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına ziddir.

Keçmişimizi unutmayıb 20 Yanvar, Xocalı faciəsi, eləcə də Qarabağ uğrunda gedən

döyüşlərdə canlarından keçən şəhidlərimizi və onların qəhrəmanlıqlarını gələcək

nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur.

Mənəvi borclarımızdan biri də dinlə bağlıdır. Müxtəlif dinlərə sitayiş edən insanlar öz

dini inanclarına uyğun mərasim keçirir və ayinlərə əməl edirlər. Bütün dinlər insanlara

bir-birini sevməyi, bir-birinə zərər verməməyi, zərərli vərdişlərdən uzaq durmağı

buyurur.


1.  Ailə qarşısında olan mənəvi borcunuz hansılardır? Müəyyənləşdirib müzakirə

edin.


2.  Vətən borcunun müqəddəs bir hiss olduğunu dəyərləndirib fikirlərinizi qeyd

edin.


3.  Təbiət qarşısında mənəvi borcumuz varmı? Münasibətinizi bildirin.

4.  “Mənim mənəvi borcum” adlı esse yazın.

Mərdəkan qalası

Qala Dövlət tarix-etnoqrafiya qoruğu




2.DİN VƏ MƏDƏNİYYƏT

Bakıya qonaq gələn Daniyel vaxtının çox hissəsini şəhərin müxtəlif yerlərini

gəzməyə sərf edirdi. O, şəhərin küçələrini gəzdikcə diqqətlə tikililərə baxır, onların

üslubunu müəyyən etməyə çalışırdı. Axı Daniyel memar olmaq istəyirdi.

İçərişəhərdəki Şirvanşahlar sarayı, Qoşa qala qapıları, Azərbaycan Milli Elmlər

Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi bina, Əlyazmalar İnstitutunun binası,

Tarix Muzeyi, “Səadət” sarayı və s. binalar ona sirli və möcüzəli bir məkanı

xatırladır. O, müxtəlif mədəniyyət üslubunda tikilən bu tarixi əhəmiyyətli abidələrə

baxdıqca düşünürdü: “Bu tikililər niyə belə fərqlidir?”

Daniyelin düşüncələrinə münasibət bildirin. Tikililərin nə üçün

fərqləndiyini izah etməyə çalışın.

Sizin ötən illərdən dinlər və onların mədəniyyətlərdə öz əksini tapan mərasimləri

barədə məlumatınız var. Bilirsiniz ki, dinləri müxtəlif cəhətləri ilə yanaşı, ortaq cəhətlər

də birləşdirir. Dini dəyərlər əxlaqımızda və mədəniyyətimizdə öz izini qoyur. Bütün

dinlərin ortaq cəhəti insanları əxlaqlı və dürüst olmağa səsləməkdir. Bu cəhətlər

mədəniyyətlərin formalaşmasında və mədəniyyətlərarası münasibətlərin yaranmasında

mühüm rol oynamışdır.

Hansı səmavi dinləri tanıyırsınız? Bildiklərinizi yada salın.




Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə