İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   18   19   20   21   22   23   24   25   26

LORD QORİNQ. Təşəkkürlər! Amma düşünürəm ki, elə səhər yeməyinə qədər 

nişanlansam, yaxşıdır. 

LORD KAVERŞAM. Hm! Səndən baş açammıram da! Bilmək olmur ciddi 

deyirsən, ya yox! 

LORD QORİNQ. Mən özüm də heç bilmirəm, ata! (pauza) 

LORD KAVERŞAM. Bugünkü “Tayms”ı oxumusan? 

LORD QORİNQ. “Tayms”ı? Yox, oxumamışam. Mən ancaq “Morninq Post”u 

oxuyuram. Müasir həyat barədə bir şey bilmək istəyirsənsə, yalnız bu məlumatları 

öyrənə bilərsən – bu və ya digər hersoginya indi haradadır. Vəssalam. Qəzetin işi 

budur. Qalan məlumatlar adamın başını xarab edər. 

LORD KAVERŞAM. Necə? Sən Robert Çilternin karyerası barədəki məlumatı 

oxumamısan? Özü də birinci səhifədə! 

LORD QORİNQ.  Nə? Robert haqqında? Yox. Oxumamışam. Nə yazıblar? 

LORD KAVERŞAM. Nə yazıblar? Əlbəttə, ən tərifli sözlər! Çilternin dünənki 

iclasda Argentina kanalı barədəki çıxışı əla effekt verib! O çıxış natiqlik sənətinin 

zirvəsi sayıla bilər. Kanninqdən1 bəri palatada hələ belə çıxış olmamışdı! 

LORD QORİNQ. Ah! Kanninq kimdir? Tanımıram onu, heç maraqlanmıram da... 

Hə, necə oldu, Çiltern... bu layihəni müdafiə elədi? 

LORD KAVERŞAM. Müdafiə elədi? Sən onu hələ yaxşı tanımırsan, ser! O, 

layihəni alt-üst elədi! Onu bir qəpiklik elədi! Hələ üstəlik, bütövlükdə belə 

layihələri maliyyələşdirən indiki maliyyə sisteminin atasını yandırdı! Bu nitq 

onun karyerasının dönüş nöqtəsi olacaq! Bəli, “Tayms” belə də yazır! Sən gərək 

bu məqaləni oxuyasan, oğlum! (Qəzeti açır.) “Ser Robert Çiltern....bizim ən 

görkəmli və gənc dövlət xadimlərimizdən biri... usta natiq... qətiyyətli mövqeyi və 

nüfuzu... vicdanlı və namuslu... dəyanət və etibarı ilə tanınan... ingilis ictimai 

həyatının ən yaxşı təmsilçisi... mənəvi cəhətdən aşılanmış xarici siyasətçilərdən 

kəskin surətdə fərqlənən...” Görürsən? Sənin haqqında belə şeylər yazmazlar, ser! 

LORD QORİNQ. Allah eləməsin! Lakin mən çox şadam ki, Robert haqqında belə 

şeylər yazıblar. Mən lap yaxşı mənada heyrətləndim. Bu, onu göstərir ki, Robert 

cəsarətli adamdır. 

LORD KAVERŞAM. Cəsarət nədir, a bala! O dahidir! 

LORD QORİNQ. Ah! Mən daha çox cəsarət deyərdim buna! Bizim dövrdə 

dahilər itətökdür. Amma cəsarətli adama nadir hallarda rast gəlirsən. 

LORD KAVERŞAM. Bəs sən nə üçün parlamentə keçmirsən, hə? 

LORD QORİNQ. Ata, əzizim, parlamentə yalnız cansıxıcı adamlar gedir və orada 

yalnız küt adamlar uğur qazanırlar. 

LORD KAVERŞAM. Bəs sən niyə həyatda faydalı bir işin qulpundan 

yapışmırsan? 

LORD QORİNQ. Mən hələ çox cavanam. 



LORD KAVERŞAM (quru tərzdə). Cavanların bu cür münasibətlərinə yoxam da! 

İndiki dövrdə hamı özünü cavan göstərməyə çalışır. Çox axmaq bir dəbdir! 

LORD QORİNQ. Cavanlıq dəb deyil, ata! Cavanlıq incəsənətdir! 

LORD KAVERŞAM. Sən mənə de görüm, niyə o gözəl qadın var e, miss Çiltern, 

ona evlənmək təklif etmirsən, hə? 

LORD QORİNQ. Mənim əsəblərim zəifdir. Xüsusilə səhərlər. 

LORD KAVERŞAM. Doğrudan a! Onda sənin heç bir şansın yoxdur ki, miss 

Çiltern heç təklifini qəbul etməz! 

LORD QORİNQ. Heç bilmirəm bu gün necə olacaq! Görək də! 

LORD KAVERŞAM. Əgər o, sənin təklifini qəbul etsə, onda İngiltərənin ən 

gözəl ağılsızı olar. 

LORD QORİNQ. Mən də elə ağılsızla evlənmək istəyirəm! Ağıllı arvad mənim 

başımı altı ayın içində xarab eləyər! 

LORD KAVERŞAM. Sən miss Çilternə layiq deyilsən! 

LORD QORİNQ. Ata, əzizim, əgər biz kişilər layiq olduğumuz qadınlarla 

evlənsəydik, onda həyat bizim üçün dözülməz olardı. 

    

Meybl Çiltern daxil olur. 



 

MEYBL ÇİLTERN. Aaa! Salam, lord Kaverşam! Ledi Kaverşam necədir? 

LORD KAVERŞAM. Ledi Kaverşam özünü ... həmişəki kimi hiss edir. Hə, 

həmişəki kimi. 

LORD QORİNQ. Sabahınız xeyir, miss Meybl! 

MİSS MEYBL (ona heç əhəmiyyət vermir, yalnız lord Kaverşama müraciət edir). 

Bəs ledi Kaverşamın şlyapaları necədir? Yaxşıdırmı hamısı? 

LORD KAVERŞAM. Bu yaxında vəziyyətləri yaman ağırlaşmışdı... 

LORD QORİNQ. Miss Meybl, sabahınız xeyir! 

MEYBL ÇİLTERN (lord Kaverşama). Ümidvaram ki, cərrahiyyə müdaxiləsi 

lazım gəlməyəcək. 

LORD KAVERŞAM (qızın zərif inadkarlığına gülümsəyir). Əgər bu baş versə, 

onda gərək biz ledi Kaverşama uyuşdurucu verək. Əks təqdirdə o heç tükünə belə 

toxunmağa icazə verməz. 

LORD QORİNQ (bir qədər də vurğu ilə). Sabahınız xeyir, miss Meybl! 

MEYBL ÇİLTERN (dönür, yalandan təəccüblə). Aaa, siz də buradasınız? Yəqin, 

bilirsiniz, təyin etdiyimiz görüşə gecikdiyiniz üçün mən artıq sizinlə heç vaxt 

danışmayacağam. 

LORD QORİNQ. Miss Meybl, bu qədər amansız olmayın! Siz Londonda yeganə 

adamsınız ki, mən özümü məcbur edirəm qulaq asım. Özü də mənim bundan 

xoşum gəlir. 



MEYBL ÇİLTERN. Lord Qorinq, sizin mənə dediklərinizin heç birinə 

inanmıram. Eləcə də mənim sizə dediklərimə inanmıram... 

LORD KAVERŞAM. Əzizim, lap düz deyirsiniz. Əhsən, düz dediniz. Yəni ona 

aid nə dediniz, düzdür! 

MEYBL ÇİLTERN. Xahiş edirəm, oğlunuza deyin ki, heç olmasa, hərdən özünü 

yaxşı aparsın. Heç olmasa, ayda-ildə bir dəfə, dəyişiklik üçün. 

LORD KAVERŞAM. Miss Çiltern, təəssüf ki, mən oğluma cüzi də olsa təsir edə 

bilmirəm. Kaş edə biləydim. Edə bilsəydim, onu məcbur edərdim buna. 

MEYBL ÇİLTERN.  Görünür, o, həddən artıq zəif iradəli məxluqlara aiddir, 

onlara heç bir təsir kar eləmir. 

LORD KAVERŞAM. Onun qəlbi daşdandır, heç qəlbi yoxdur ki! 

LORD QORİNQ.  Məncə, burada mən artığam. 

MEYBL ÇİLTERN. Bu, sizin üçün faydalıdır, onda bilərsiniz ki, adamlar sizin 

dalınızca nələr danışırlar. 

LORD QORİNQ. Adamların mənim dalımca nələr söylədiyi məni heç 

maraqlandırmır. Bu, məni çox arxayınlaşdırır. 

LORD KAVERŞAM. Mənim əzizim, görürəm, sizinlə xudahafizləşmək vaxtıdır. 

MEYBL ÇİLTERN. Siz məni lord Qorinqlə təkbətək qoyursunuz? Özü də belə, 

səhər tezdən! 

LORD KAVERŞAM. Bağışlayın, mən onu özümlə Dauninq stritə apara 

bilməyəcəyəm. Bu gün baş nazirin işsizləri görmək günü deyil! (Miss Meyblin 

əlini sıxır, şlyapasını və əlağacını götürüb çıxanda acıqla oğlunu süzür.) 

MEYBL ÇİLTERN (qızılgülləri götürüb stolun üstündəki vazaya qoymağa 

başlayır). Parkda görüş yerinə gəlməyən adamlar çox pisdirlər. 

LORD QORİNQ. Sadəcə, əclafdırlar, yaramazdırlar! 

MEYBL ÇİLTERN. Yaxşı ki, bunu boynunuza alırsınız. Amma başa düşmürəm, 

bunu deyərkən niyə belə özünüzdən razı simanız var! 

LORD QORİNQ. Bacarmıram. Sizinlə birlikdə olanda həmişə belə özümdənrazı 

görkəmim olur. 

MEYBL ÇİLTERN (hirsli-hirsli). Deməli, belə çıxır ki, mənim vəzifəm sizinlə 

birlikdə qalmaqdır, hə? 

LORD QORİNQ. Əlbəttə, elədir ki var. 

MEYBL ÇİLTERN. Mən vəzifə etibarilə görməli olduğum şeyləri bir qayda 

olaraq yerinə yetirmirəm. Hər cür öhdəlikdən zəhləm gedir. Buna görə də çox 

təəssüf... sağ olun, mən getməliyəm... xudahafiz.. 

LORD QORİNQ. Xahiş edirəm, getməyin, miss Meybl. Mənim sizinlə xüsusi 

söhbətim var; sizə çox vacib bir şey deməliyəm. 

MEYBL ÇİLTERN (təəccüblə). Oh! Bəlkə, evlənmək təklifidir? 

LORD QORİNQ (bir balaca karıxır). Mən... hə... daha doğrusu... istəyirəm deyəm 

ki... 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə