İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə108/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   104   105   106   107   108   109   110   111   ...   142

arasına yayılır, şəhəri əhatəyə alan dağların arxasına tökülüb, orda yoxa çıxırdı. Bilonun ölüm
xəbərini eşidəndən indiyə kimi Coni nə qədər sarsıntı keçirsə də, qadınların vay-şivən qopartmaları
qəlbini nə qədər ağrıtsa da, gözündən bircə damcı da yaş çıxmamışdı. Ağlamağı sevmirdi, heç istəsə
də ağlaya bilmirdi. İndisə Xana qulaq asdıqca ixtiyarsız yanaqları ilə isti göz yaşları süzülür, bu
itkinin mahiyyətini, böyüklüyünü yalnız indi bütün çılpaqlığı ilə dərk eləyirdi.
Axşam evdə Əfi Poriyə şikayətlənirdi: “Atamgil sizdən möhkəm inciyiblər, deyir, biz bunları adam
bilib yaslarına gəlmişik, bunlar isə axundu qəbiristanlıqdan qovur, ona qarşı hörmətsizlik eləyir,
qəbir üstə muğam oxudurlar. Deyəsən, axund da duzəkənləri dindən xaric elan eləyib, bundan sonra
kim duzəkənlərə salam versə, günaha batacaq”. “Əfi, incimə, – dedi, – səninkilər hər cür yeniliyə
qarşıdırlar, yeniliyin düşmənidirlər. Bir başkəsən yeniliyi qəbul eləyə bilməz. Onun vəzifəsi baş
kəsməkdir, başkəsən istəsə də, muğama qulaq asa bilməz. Mollaya qalanda isə, bu artıq rəqabət
məsələsidir, onlar aşıqların, müğənnilərin, musiqinin düşmənidirlər. Durduqları yerdə müğənnilər
onların nə qədər pullarını aparırlar. Musiqiçilər olmasaydı, toyları da mollalar eləyərdilər və
musiqiçilərə çatanı da özləri alardılar. Bunu eləyə bilmirlər, amma eləyə bilmək üçün ölüm-dirim
savaşı aparırlar. Bir qədər uğur da əldə eləyiblər, musiqiçiləri tədricən sıxışdırırlar. İndiyə kimi bir
müğənni bir mollanı yas yerindən sıxışdırıb çıxarda bilməyib, mollalar isə müğənniləri toydan
sıxışdırıb çıxarıblar və toyları da özləri eləyirlər. Coni belə bir toyda iştirak eləmişdi və işin nə
yerdə olduğunu bilmədiyindən güdaza getmişdi. Qarşıdakı illərdə mən onların bu sahədə daha böyük
uğurlar qazanacaqlarını gözləyirəm”.
Əfi ərinə inamsız halda qulaq asırdı, yalnız o danışıb qurtarandan sonra təşviş dolu səslə soruşdu.
Bəs duzəkənlərin işi necə olacaq? Axund onları dindən kənar elan eləyib, kim onlara salam verərsə,
kafir olacaq. Bizim oturub-durduqlarımız da duzəkənlərdir. Ancaq mən kafir olmaq istəmirəm.
Pori ürəyini tutdu. Əfi, ürəyimi ağrıdırsan, yana-yana dedi, neçə ildir mənimlə yaşayırsan,
şəhərdəsən, qəzet oxuyur, televizora baxırsan, amma şüurun, həyata baxışların adi bir başkəsənin
şüurundan, həyata baxışlarından zərrəcə də fərqlənmir. Bu, qadınların şişirtməsidir, axund kim olur
ki, fətva verə, bütöv bir tayfanı dindən kənar elan eləyə? Belə şeymi olar? Bir axundun fətvası ilə bir
kimsə kafir ola bilməz!
– Yəni salam verə bilərəm də? – Əfi hələ də tərəddüd içindəydi.
– Əlbəttə!
– Kafir olmayacağam?
– Olmayacaqsan! – Pori dedi və yenidən ürəyini tutdu.
Bilonun öldürülməsi onu tanıyanlara, qohum-əqrəbaya, doğmalarına ağır təsir eləmişdi, ən çox da
Coni sarsılmışdı. Yalnız onun ölümündən sonra ölümün soyuqluğunu hiss eləmiş, nəfəsini duymuş, nə
qədər yaxınlıqda olduğunu, hər an hər kəsi yaxalaya biləcəyini başa düşmüşdü. Bircə Bilonun
yoxluğu ilə həyatında yerini bir kimsənin doldura bilməyəcəyi boşluq yaranmışdı. Həyat, yaşamaq
onun üçün mənasızlaşmış, gözündən düşmüşdü. Bilonun sir-sifəti, qəribə danışıq tərzi, enerjili əl
hərəkətləri gözünün önündən getmirdi. Gündə heç olmaya bir dəfə görüşürdülər, yeyib-içirdilər,
qızların yanına gedirdilər.
Bilonun dəfnindən beş gün keçmiş Porinin böyük qaynı çayxanaya gəldi. Coninin əmisi uşaqlarını da
gətirmişdi. Coniyə dedi, biz qatilləri tapmışıq, onları haçan, harda istəyirsən, gətirib sənə verək.
Coni gözlərini döyürdü:
– Mənə niyə, onlar mənim nəyimə lazımdırlar? Onları polisə verin. Hər kəs qatili özü
cəzalandıracaqsa, onda polis nə üçündür?


– Bizim işimiz burda qurtarır, – böyük qayın dedi, – biz kimsəni polisə təhvil vermərik. Polis
yarandığı vaxtdan indiyə kimi başkəsənlər polisə işverənlik eləməyib, bundan sonra da eləməz!
Kimdirlər, nəçidirlər, neçə nəfərdirlər kimi suallara da cavab vermədi. Sən məni kim hesab
eləyirsən? – hələ bir hirsləndi də. – Sənə deyim, sən də apar qoy polisin ovcuna?Sən bacarmadığını,
qorxduğunu desəydin, biz özümüz qatillərin cəzasını verərdik. Sənsə onları polisə vermək istəyirsən.
Bundan sonra başkəsənlər onlara toxunmayacaqlar. Uşaqları da gətirmişəm, o qatillərin bunlarla işi
olmaz.
Dedi və çıxıb getdi, hətta gedəndə onlarla görüşmədi də.
Coni heyrət içindəydi. Bunlar az qala bütün şəhərin axtardığı qatilləri necə tapmışdılar? Sən bu
adamın sözünə bax. Fikri var imiş ki, qatilləri gətirib verə mənə, mən də onları öldürəm. Daha
doğrusu, başlarını kəsəm. Belə işmi olar? Qobi də belə işləri polisin öhdəsinə buraxmırdı. O, başqa
adamdı, bunu polisə inanmadığına görə eləyirdi.
Bilonun vaxtsız ölümü Səmoşa da möhkəm təsir eləmişdi. Heç gözləməzdim, ona deyirdi, sağlığında
onu görən gözüm yox idi. Mənim nəzərimdə ala-səy duzəkən idi. İndisə bir adamın yoxluğuyla
yaşamağımızın dadını, marağını itirməsini anlaya bilmirəm. Adam həyatımıza nə qədər rəng qatırmış.
Bilonun yeddisi günü, heç gözləmədikləri halda, axund yas çadırına gəldi. Onun qəbiristanlıqda
dediklərindən sonra təzədən Bilonun yasına gəlməsi adamları heyrətləndirmişdi. Hamı maraq və
heyrət içində axunda baxırdı. Sanki günəşli gündə birdən-birə ildırım çaxmışdı. Adamlar sual dolu
baxışlarla baxışır, bunun nə demək olduğunu işarəylə bir-birlərindən soruşurdular. Amma heç kim bir
söz tapıb deyə bilmirdi. Bu adam öküz kimi tərsliyi ilə məşhurdu, sözü dedimi, qurtardı, bir kimsə
onu fikrindən döndərə, onu güzəştə getməyə, geriyə bircə addım belə atmağa məcbur eləyə bilməzdi.
İndisə dəvət olunmadığı, çağırılmadığı halda təşrif buyurmuşdu. Az qala kafir elan elədiyi
duzəkənlərlə ikiəlli görüşür, əllərini sinəsinə qoyaraq müti qul kimi baş əyirdi. Duzəkənlərin mollası
da ağzını ayırıb qalmışdı, qədim yunan heykəllərini xatırladırdı.
Heyrətdən ağzı qulağının dibində dayanmış Coni bunun səbəbini əmisi oğlundan soruşanda oğlan
onun qulağına pıçıldadı: “Axund pis adam deyil, qəbiristanlıqda bir-iki damcı yağış atdı, saqqalı
islandı. Saqqalı islandımı, adam cayır. Bu gün günəşli gündür, saqqalı qupqurudur, caymayacaq”.
Axund mikrofonu alıb dedi: “Bu gün yeddisinə toplaşdığımız mərhum çox hörmətli, xeyirsevər,
böyük-kiçik yeri bilən, hamıya əl tutan, hamının yanında hörməti olan, bu şəhərin ən nüfuzlu, adlı-
sanlı adamı olub. Onun ölümüylə şəhərimiz çox ağır itki verib”.
Bilonu o qədər təriflədi ki, Coniylə Porinin gözləri hədəqəsindən çıxdı. Yuxu gördüklərini zənn
eləyirdilər, hətta Coni bir-iki dəfə əlinin üstünü də çimdiklədi, amma kəskin ağrı hissi ona
eşitdiklərinin, gördüklərinin reallıq olduğunu deyirdi. Bu adama birdən-birə nə olmuşdu? Yıxılmış,
başını nəyəsə vurmuş, ayılandan sonra dönüb başqa adam olmuş, hər şeyi unutmuşdumu? Adam
cəmisi yeddi gün bundan əvvəl nələr danışmışdı, indi nələr danışırdı? Bilo anadan olan gündən bu
günə kimi bir kimsə onu belə tərifləməmiş, haqqında belə xoş sözlər danışmamışdı.
Hələ bu harasıymış? Axund Bilonu kifayət qədər tərifləyəndən sonra duzəkənlərə keçdi. Duzəkənlərin
şanlı keçmişə, böyük tarixə malik olan hörmətli, nüfuzlu, bölgənin ən sayılıb-seçilən tayfası olduğunu
dönə-dönə qeyd elədi. Sən demə Azərbaycanda xalq təbabətinin bünövrəsini bu adamlar
qoyubmuşlar, minlərlə insanlar onların sayəsində sağalmaz xəstəliklərdən qurtarıb sağlıqlarına
qovuşubmuşlar. Belə tayfanın yas məclisində iştirak eləməyin özünə böyük şərəf olduğunu və bundan
sonra da duzəkənlərin körpəsindən tutmuş qocasına qədər dünyanın harasında belə dünyasını dəyişən
olarsa, onun dəfnində mütləq iştirak eləyəcəyini dedi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə