İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.

səhifə142/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
1   ...   134   135   136   137   138   139   140   141   142

narahatdı, hamiləydi, həyəcanlanmağın, qorxmağın özünə də, uşağa da zərər yetirə biləcəyindən
ehtiyatlanırdı.
Daha bir həftə keçdi.
Bir ay da.
Artıq yazın ortalarıydı. Yaz yağışları yağır, çöllərdə ot qalxır, yaz küləkləri əsdikcə yaşıl çöllər,
zümrüdü zəmilər dalğalanırdı. Gecələr dağlardan sərin meh əsir, özüylə göyərən torpaqların və
yovşanın qoxusunu gətirirdi.
Pori bu qənaətə gəlmişdi ki, başkəsənlər ondan əl çəkdilər. Yəqin, Səmoş deyən kimiydi, başkəsənlər
onu da, dedikləri sözü də çoxdan unutmuşdular.
Bazar günü Səmoşa çayxanada işi olduğunu deyib maşınla şəhərə çıxdı. Marketlərdən birinin
qabağında saxlayıb düşdü. İçəri keçib, iki soğan, çörək və bir şüşə araq aldı. Kartof da almaq
istəyirdi, amma çürüntü qoxusu verən kartofdan xoşu gəlmədi:
– Yerli kartof yoxdur? – satıcıdan soruşdu.
– Var, amma bahadır, – sifətindən riyakarlıq yağan satıcı oğlan irişdi.
– Bir kilo çək, – hirslə dedi.
Oğlan arxaya keçib kartof gətirdi, satıcının pulunu verib, maşına oturdu, motoru işə salıb dağlara tərəf
sürdü, bir vaxtlar ölümdən canını qurtarmaq üçün də bu yolla dağlara tərəf getmişdi. İndi yol əvvəlki
tək narahat deyildi, yola asfalt döşəmişdilər, yaz günəşinin şəfəqləri altda tutqun rənglə işıldayan yol
burularaq dağlara doğru qalxırdı. Dağın ətəyindəki meşəyə çatıb, maşını çınqıllı, torpaq yola
döndərdi, aşağıdan qıvrılaraq axan çaya kimi gedib, yaz yağışlarından sonra göyərmiş sahildə
saxladı. Sahil başdan-başa göyümtül yaz çiçəkləri və ağappaq göbələklərlə örtülmüşdü.
Maşından düşüb çayın sahilinə gəldi, aşağı əyilib göz yaşı tək dumduru suyu ovuclayaraq üz-gözünə
vurdu. Su ləpələnir, sudakı əksi yayılır, təzədən birləşirdi. Soyuq, mamırlı daşların və meşənin
qoxusunu verən su başını ayazıdır, ruhunu təzələyirdi. Sudan bir-iki ovuc da içdi, su saf və yüngül idi.
Şəhərə də dağlardan su çəkmişdilər, amma borularda, lillə dolmuş hovuzlarda su dadını, keyfiyyətini
itirirdi.
İri daşların üzəriylə adlayaraq meşəyə getdi, bir qucaq quru odun yığıb qayıtdı, sahildəki daşların
arasında ocaq qaladı. İri göbələklərdən bir xeyli yığıb, içlərini duzladı, köz düşəndən sonra kartofları
suda yuyaraq külə basdırdı. Közü yayıb göbələkləri də közün üstünə düzdü. Çörəyi yanındakı daşın
üstünə qoydu, soğanı doğradı, arağı açıb taraş stəkana araq süzdü. Artıq bişmiş, içi sulanmış
göbələkdən birini götürüb yedi. Göbələk çox ləzzətliydi, amma payız göbələyinin dadını vermirdi,
soyuqda göbələklər daha dadlı olurdu. Yeyib-içir, arada çaya gedib soyuq sudan içirdi. Səmoşu
gətirmədiyinə görə heyifsiləndi, amma bu gün nədənsə tək qalmaq, tək olmaq, bir kimsə olmadan tək
araq içmək istəyirdi.
Bir azdan kartoflar da bişdi, əllərini yandıraraq kartof soyur, isti-isti yeyirdi. Təbiətlə, özüylə baş-
başa qalması onu duyğulandırmışdı. Araq da öz təsirini göstərirdi, axıb gedən göy sulara, göyərən
çöllərə, meşənin üzərində ilğımlanan yaz havasına baxdıqca qüssələnirdi. Ömrü də bu dağ çayı kimi
axıb gedirdi. Bu ömür yolunda qarşısına çıxan, həyatında unudulmaz izlər buraxmış insanları, öz
doğmalarını, dostlarını, sevişdiyi qızları xatırlayırdı. Dostuna xəyanət elədi, arvadına xəyanət elədi,
sonda da ona ölüm hökmü kəsdilər. Bütöv bir vəhşi tayfayla üz-üzəydi və bu tayfa da ona elan
elədikləri hökmü yerinə yetirməyincə sakitləşməyəcəkdi. Özünü günahkar hesab eləyirdi, amma tale
də onu fakt qarşısında qoymuşdu. Qəlyançəkənlərin evində sırf təsadüfən Səmoşla olmasaydı, yəqin
ki, ömrünün sonuna qədər bu qadına yaxın düşməyəcəkdi. Onda da sevdiyi qadınla yaşadığı xoşbəxt


anları yaşamayacaqdı. Yox, bu anları onun həyatından çıxsaydılar, yerdə heç nə qalmazdı. Heç nə,
mənasız bir boşluq. Tam əksinə, həmən gecə taleyin onunla acı oyunu yox, həyatının ən gözəl qisməti
idi. O gecə olmasaydı, Səmoşla birlikdə olmayacaqdı. Yaşamayacaqdı, evlənməyəcəkdilər. Mərənd
olmayacaqdı, Səmoş yenidən hamilə qalmayacaqdı. Bütün bunlar olmadan yaşamağın bir mənası
olardımı? Yaşamağa dəyərdimi?
Dəyməzdi. Pori belə düşünürdü.
İndi Səmoşu gətirmədiyinə görə daha çox heyifsilənirdi, artıq bütün varlığıyla sevdiyi qadının yanına
tələsirdi. Süfrəni yığışdırıb ocağı söndürdü, maşında iyirmi litrlik su bidonu və iki karton qutu da var
idi. Göbələk yığıb karton qutuları doldurdu, bidonu da çaydan suyla doldurub maşının baqajına qoydu
və evə qayıtdı.
Göbələk qutularını və bidonu boşaldıb həyətdəki daşların üstünə qoyanda Səmoş onun çayxanaya
yox, göbələk yığmağa getdiyini başa düşüb incidi. Pori, Mərəndlə məni də aparardın, özümüz
göbələk yığar, orda ocaq qalayıb bişirərdik.
Pori həqiqəti deməyi lazım bilməyib özünə haqq qazandırırdı. Çaya qədər maşın getdiyini bilmirdim,
sizin o qədər yolu piyada gedə bilməyəcəyinizdən ehtiyatlandım. Amma söz, gələn bazar birlikdə
gedərik. Bütün günü orda, çayın sahilində, meşədə gəzib-dolaşar, göbələk yığar, hava isti olarsa,
çayda çimər, bir də axşam qayıdarıq.
Manqalı yandırıb Səmoşla Mərənd üçün də közdə göbələk bişirdi, göbələkdən Mərəndin çox xoşu
gəlmişdi. Gözlərini qıyaraq elə ləzzətlə yeyirdi, onlar gülməkdən uğunurdular. Evdə bir şüşə çaxır da
var imiş, Səmoş gətirdi, şüşəni açıb qədəhlərə süzdü.
Pori qədəhini qaldırıb dedi, sənin sağlığına içək, əslində yol-filan bəhanədir. Mən bu gün özümlə
təkbaşına qalmaq istədim. Getdim ora, çayın sahilində tək-tənha olandan sonra başa düşdüm ki,
sənsiz yaşaya bilmərəm. Sənsiz qala bilmərəm.
Səmoş onu ovsunlayan təbəssümüylə gülümsədi, çaxırdan bir qurtum içib qədəhini masanın üstünə
qoydu. Çaxırdan sonra yanaqları qızarmış qadın onun əlindən yapışdı, sevgi, istilik yağan baxışlarını
ona dikmişdi. Mərəndin artıq həyətdə top qovmağa başının qarışdığını görən Pori aşağı əyilib
arvadının gözlərindən, burnunun ucundan öpdü.
Gecə yağış yağdı, yağışın boğuq tappıltılarına qulaq asan Pori yata bilmədi. Halbuki yağışlı
gecələrdə yağışın səsi ona şirin yuxu gətirər, dərin yuxuya gedərdi. Bu gecə isə gözlərinə yuxu
getmirdi. Qarışıq, dolaşıq fikirlər gözlərini yummağa imkan vermirdi.
Səhər isə yalnız bu haqda düşünürdü, bu gün başıma nə gələcək? Pəncərədən həyətə boylandı,
yağışda çimmiş şam ağacları, böyürtkən, itburnu kolları səhər günəşinin şəfəqləri altında qəlb
oxşayan bir təbəssümlə gülümsəyirdi, yuyulmuş daşlar tutqun şəfəqlə işıldayırdı.
Səmoşla oğlunu bağçanın qabağında maşından düşürtdü, oğlunu, sonra da Səmoşu öpüb dedi:
– Bu gün işdən tez çıxarıq, şəhəri gəzər, restoranların birində şam elərik.
– Yaxşı, – qadın razılaşdı.
Səmoş şirin təbəssümlə gülümsədi, oğlunun əlindən yapışaraq bağçaya doğru getməyə başladı.
Balaca oğlanın əlindən yapışmış, başını vüqarla dik tutaraq şax yeriyən qadına baxır, bu qadının onun
arvadı, balaca oğlanın da onun öz doğmaca oğlu olmasına inanmır, bu ona yuxu kimi gəlirdi. Sanki
şirin bir yuxu görürdü. Arvadıyla oğlu bağçanın qapısından içəri keçib yaşıl ağacların arxasında yox
olana kimi gözlədi və yalnız bundan sonra motoru işə saldı. Birdən başını döndərib pəncərədən
bağçaya tərəf baxdı və gördüyü mənzərədən qəlbi həyəcan və sevinclə çırpındı. Səmoşla Mərənd
nəhəng ardıc kolunun yanında dayanaraq əl-ələ tutmuşdular, digər əlləriylə də ona əl eləyirdilər.


Təpələrin üzərindən artıq bir qədər qalxmış günəşin qızılı şüaları ardıc kolunun iynə yarpaqları
arasından süzülərək arvadıyla oğlunun üz-gözündə oynaşırdı. Ona doğma olan bu iki varlıqda həyat
eşqi çağlayırdı, bu iki varlıqdan xoşbəxtlik, səadət, ona dünyalar bəxş eləyən fərəh aşıb-daşırdı!
Çayxanada bu gözəl mənzərə təkrar-təkrar gözləri önündə canlanır, sifətində günəşin qızılı şüaları
oynaşan, gözləri gülən arvadıyla oğlunu hər dəfə xatırladıqca da özünü dünyanın ən xoşbəxt adamı
hesab eləyirdi.
Nahardan sonra müştəriləri az oldu, qabyuyan qadın da icazə alıb getdi, adətən qadın nahardan sonra
çox qalmaz, gedərdi. O da sonuncu müştəriləri yola salıb getmək istəyəndə başkəsənlər, keçmiş
qayınları bir-birlərinin ardınca içəri girdilər. Əvvəlcə tapançanı götürüb bu adamları çölə qovmaq,
getmək istəməsələr, vurmaq istədi. Sonra düşündü, bəlkə elə-belə söhbətə gəliblər, nəsə deyəcəklər.
Elə isə bu işi bir az da dərinlişdirməyin nə mənası vardı? Saydı, yeddi nəfərdilər. Bütün qayınları
burdaydı. Həmişə olduğu kimi qaşqabaqlıydılar, sifətlərində soyuq və etinasız ifadə var idi. Salam
vermədilər, başkəsən əbləhlər ona salam verməyi özlərinə sığışdırmırdılar. Keçib oturdular, dinib-
danışmırdılar.
Böyük qaynı soyuq-soyuq sözə başladı, sən unutduğumuzu, səndən əl çəkdiyimizi, xəyanəti sənə
bağışladığımızımı güman elədin? Porsuq oldun, amma porsuq qədər də şüurun olmadı. Biz haçan söz
dedik, əməl eləmədik? Bəs onda nəyə ümid eləyirdin? Polismi səni qoruyacaqdı? Hanı sənin polisin?
Doğrudan hə, bu əbləh harda qalmışdı? Belədə çayxanadan əl çəkmirdi, indi niyə ortalarda yox idi?
Buralarda olsaydı, bu qədər başkəsənin çayxanaya girdiyini görərdi. Halbuki ona tapşırıq verilmişdi,
bircə dənə də başkəsəni onun həndəvərinə buraxmayacaqdı. Ağlına gələn fikirdən bədəni soyuyub
buza döndü, gonbul iti rüşvətlə ələ almışdılar. Başkəsənlər işlərini görüb qurtarana kimi ortalarda
görünməyəcəkdi.
Dili-dodağı qurumuşdu, danışmaq, nəsə demək istəyir, amma dili söz tutmur, danışmağa söz də tapa
bilmirdi. Bu adamları qapıdan içəri girəndə vurmadığına görə özünü lənətləyirdi. İndisə gec idi,
gəlib yanında oturmuşdular, ikisi də ayaq üstəydi, piştaxtaya söykənib onun hər bir hərəkətini diqqətlə
izləyirdilər. Belədə uzaq başı birini, ikisini vura bilərdi.
Gözləri alacalanmışdı, yalvarış, qorxu dolu baxışlarını keçmiş qayınlarının üzərində gəzdirir, onların
hansı birindənsə kömək istəyirdi. Bu sifətlər daş kimi hərəkətsiz, buz kimi soyuq idi, onun baxışları
bu sərt sifətlərə nüfuz eləyə bilmirdi.
– Ba… balalarım var…. – qırıq-qırıq dedi.
– Bunu xəyanət eləyəndə fikirləşməliydin. Sən çox da narahat olma, arvadın gözəldir, ona da, uşağına
da sahib çıxan tapılacaq.
Qulaq asdıqca başında tükləri biz-biz dururdu. Qaynı haqlıydı, Səmoş onu nə qədər sevsə də, o da bir
qadın idi, başkəsənlər onu öldürsəydilər, ömrünün sonuna kimi onun yasını saxlamayacaqdı. Qəlbi
həyat eşqiylə, yaşamaq eşqiylə dolu olan gözəl, ehtiraslı qadındı, əlbəttə, ərə gedəcəkdi.
Bu adamlara baxır, nə baş verənlərə, nə də eşitdiklərinə inana bilirdi. Axı o xoşbəxt idi, bundan
sonra da xoşbəxt yaşayacağına şübhəsi yox idi. Bu qədər sevinmişkən, xoşbəxtliyə bu qədər yaxın
ikən, doğrudanmı hər şeyə son qoyulacaqdı? Nə cür yəni, iyirmi birinci əsrdə, günün günorta çağı
vəhşi tayfanın adamları onun başını kəsəcəkdilər? Doğrudanmı əsrlər keçir, bir sivilizasiya yer
üzündən silinir, ölkələr, şəhərlər yoxa çıxır, yeni sivilizasiyalar əmələ gəlir, yeni ölkələr, yeni
şəhərlər yaranırdı, vəhşilik, nadanlıq, cahillik, başkəsənlik isə necə varsa, elə də qalırdı? Əsrlərdi
baş kəsirdilər və yenə də kəsəcəkdilər?
Arxadan çıxıb qaçmağa yer yox idi. Yeddi nəfərin əlindən çıxıb çölə də qaça bilməzdi. Fikirləşməyə


də vaxt yox idi. Bircə yolu qalırdı, başkəsənləri, onun başını kəsməyə gələnləri öldürmək. Onu yalnız
bu adamların ölümü xilas eləyə bilərdi. Çəkməcəni çəkdi, amma tapançanı götürməyə macal tapmadı,
piştaxtanın yanında dayanmış iki nəfər sanki onun belə də eləyəcəyini bilirmişlər. Üstünə atılıb yerə
yıxdılar, ayaqlarından, qollarından möhkəmcə yapışdılar.
– Öldürməyin! – hələ də başkəsənləri fikirlərindən daşındıracağına ümid eləyirdi. – Polis hamınızı
həbs elər.
– Hamımızı niyə? – cibindən iri bıçağı çıxardan böyük qaynı etinasız halda dedi. – Qardaşlarımızdan
biri burdan polisə gedib, sənin başını kəsdiyini deyəcək. Getməyə də bilərdi, sənin kimi itdən ötrü
qardaşımızın içəridə yatmasını istəməzdik. Amma buna məcburuq. Yoxsa adamlar başkəsənlərin
keçmiş yeznəsinin başını başqalarının kəsdiyini düşünərlər, namımıza xələl gələr.
Vəhşi tayfa belə bir vaxtda da ancaq namı haqda düşünürdü. Artıq ölümdən qurtarmayacağını bilirdi.
Son gücünü toplayıb:
– Tüpürüm sizin namınıza! – dedi.
Onu sürüyüb qapının ağzına gətirdilər. Böyük qaynı saçından yapışıb başını yuxarı qaldırdı.
– Allahu Əkbər! – ucadan dedi.
Bıçağı sonsuz nifrət və qəzəblə onun boğazına çəkmək istəyəndə qapı açıldı. Saçları dağınıq, sir–
sifəti tər–su içində olan Səmoş içəri girdi, əlindəki yaylığı başkəsənlərin ayaqları altına atdı.
– Öldürməyin! – sifətlərindən qəddarlıq yağan bu adamlara yalvarırdı. – Ya da mənim də başımı
kəsin!
Qaynı onun saçını buraxdı:
– Bu dəfə canını qurtardın! – nifrətlə dedi. – Kişi ol, arvadını bu işə qatma!
Başkəsənlər bir-bir çıxıb getdilər, qapını açıq qoymuşdular, çölün təmiz havası gur axınla içəri
dolurdu. Səmoş onun yanında yerə oturmuş, bir az bundan əvvəl kəsilmək üzrə olan başını dizinin
üstünə qoymuşdu. Qadın ağlayırdı.
Pori birtəhər özünü ələ alıb ayağa qalxdı, Səmoşun qolundan yapışıb onu da ayağa qaldırdı. Qadın
heç cür sakitləşmək bilmir, yanaqları ilə göz yaşları süzülürdü. Pori də özünə gələ bilmir, bayaqkı
mənzərəni xatırladıqca tükləri ürpəşirdi. Səmoş özünü bir az da gec yetirsəydi, başkəsənlər onun
başını qoyun başı kimi kəsəcəkdilər.
– Sən hardan bildin? – Səmoşdan soruşdu.
– Polis dedi.
– Hansı, gonbul?
– Hə, – qadın təsdiqlədi.
Evə gəldilər, yol boyu heç biri dinib–danışmırdı. Evdə Səmoş birdən sanki yuxudan ayıldı. Belə
olmayacaq, dedi, biz polisə getməkdə səhv eləmişik. Polis səni onlardan qoruya bilməyəcək, daha
doğrusu, qorumayacaq. Gedirik başkəsənlərin yanına, səni qoruyacaq, başkəsənlərdən xilas eləyəcək
bir adam varsa, o da keçmiş qayınatandır. Mən özüm bunun şahidi olmuşam, uşağı oğraşlar tayfasının
əlindən aldı. Gedək, mən ondan xahiş eləyəcəyəm, bəlkə elə eşitdi.
Pori qulaqlarına inanmırdı. Başkəsənlərin ayağına gedib onlardan məni öldürməsinlər deyə xahiş
eləyəcəksən? Ondansa, qoy elə məni öldürsünlər! Başımı kəssinlər! Mən heç vaxt sənin dünyada ən
çox nifrət elədiyim insanların ayağına getməyinə razı ola bilmərəm!
– Başqa yolumuz yoxdur, – Səmoş təkid eləyirdi. –Yoxsa dünyada ən çox nifrət elədiyin bu adamlar
sənin başını kəsəcəklər.
– Kəsəcəklərsə, qoy kəssinlər! Arvadımın elə itlərə yalvarması, xahiş eləməsi mənim üçün ölümə


bərabərdir. Sonrası da, lap elə getdik, xahiş elədin, əminsən ki, səni eşidəcəklər? Eşitməyəcəklər.
Ağzında vəhşi tayfa deyirsən! Ola bilsin, səni də mənimlə yanaşı uzadıb, elə ordaca başımızı
kəsdilər!
– Məncə, eşidəcək. Lap elə eşitməsə, sən deyən kimi, ordaca başımızı kəsəcəklərsə, qoy kəssinlər!
Amma mən o kişini görmüşəm, elə adam namərdlik eləməz!
Səmoş çox danışdı, aparıb Mərəndi qonşuya verdi və qayıdandan sonra zor– xoş onu maşına
mindirdi. Yol boyu Pori Səmoşu fikrindən daşındırmaq istəyirdi. Getməyək, deyirdi, bu adamlarla
yenidən qarşılaşmaq, onları görmək istəmirəm. Onlar mənim qanıma susayıblar, sənsə məni onların
qapısına aparırsan. Öz əlinlə aparıb başkəsənlərə təhvil verirsən.
Nə qədər danışsa da, Səmoşu fikrindən daşındıra bilmədi.
Dolayları qalxanda Pori boylanıb pəncərədən çölə baxaraq dedi:
– Hava tutulub.
– Nə olsun? – Səmoş qaşlarını çatdı.
– Yağış yağacaq.
– Sən indi yağış haqda düşünə bilirsən? – Səmoşun səsində sonsuz heyrət var idi.
– Mən indi ancaq yağış haqda düşünə bilirəm, – Pori boğuq səslə dedi.
Başkəsənlərin kəndinə çatandan sonra maşını qayınatasının evindən bir qədər aralıdakı qoz
ağaclarının altında saxladı. Səmoş düşdü. Məni burda gözlə, dedi, indicə gəlirəm.
Səmoş getdi, o isə maşında oturub gözləyirdi. Otura bilmədi, düşüb maşının ətrafında gəzir, az qala
saniyələri sayırdı. Görəsən, başkəsənlər Səmoşu necə qarşılayacaqdılar? Arvadı ölüm hökmünü ləğv
elətdirə biləcəkdimi? Ya bir azdan başkəsənlər bu lənətə gəlmiş evdən çıxıb onun üstünə cumacaq,
onu da evə aparıb, ikisini də yanaşı uzadacaq, başlarını kəsəcəkdilər?
Yağış birdən başladı, qoz ağacları, kəndin sükut içində uyuyan evləri, küçələri yağışa düşdü, hər
tərəfi yağış dumanı bürüdü. Yağışın döyəclədiyi yarpaqlar xışıldayır, maşının banı tappıldayır,
torpaqdan burun qıcıqlandıran xoş qoxu qalxırdı. Küçə itləri, pişiklər daldalanmağa qaçır, quşlar
yağışdan qorunmaq üçün yuvalarına tələsirdilər. O isə maşına söykənib dayanmışdı, yağışda
islanmasına, yağış suyunun saçlarıyla boynunun ardına, ordan da belinə axmasına əhəmiyyət vermirdi.
Çöl qapısı açıldı, Səmoş çölə çıxdı, sifəti sevincdən işıqlanmışdı. Ona tərəf qaçır, yağış küləyi
islanmış saçlarını yelləyir, üz-gözünə dağıdır, çiyinlərinə səpələyirdi. Ayaqlarının altından kənara su
sıçrayır, yağışın, yağış dumanının arxasından sifəti fərəh, xoşbəxtlik içində ilğımlanırdı. Həyəcan,
sevinc dolu səslə qışqırırdı:
– O səni bağışladı!.. Başını kəsməyəcəklə...ə...r!!!
 
***
Tarixçi deyirdi, böyük tarix dəniz suyuyla yazılıb, salnaməçilər qələmlərini dənizin duzlu suyuna
batırıb yazırdılar. Ona görə də onların yazdıqları əsrlərlə pozulmur, silinmir, xarab olmurdu. Böyük
sulardan uzaqlarda yaşayan salnaməçilər isə şirin sulardan istifadə eləyib tarix yazıblar. Şirin suyla
yazılanlar ətraf mühitin təsirinə qarşı dözümsüz olur, onların yazdıqları hər üç-beş ildən bir silinir,
pozulurdu. Salnaməçilər məcbur qalıb yenidən yazmalı, mətni bərpa eləməli olurdular. Bu zaman
dəqiqliyə əməl eləmirdilər və hər bu kimi əməliyyatdan sonra tarix təhrifə uğrayır, əvvəlki
həqiqətlərdən uzaqlaşırdı. Sonda isə qondarma bir tarix yaranırdı. Mən bilmək istəyirəm, sən bu
əhvalatı duzlu suyla yazıbsan, ya şirin suyla?
– Heç biriylə. İndi tarixi sularla yazmırlar, – yazıçı ona dedi.


 
540

Document Outline

  • İSTİ VƏ SOYUQ TORPAQLARDA
  • Aslan Quliyev. İSTİ VƏ SOYUQ TORPAQLARDA
  • 2
  • I. Qobi
  • II. Pori
  • III. Coni
  • IV. Bahar
  • IV. “Dağ çiçəkləri” çayxanası
  • VI. Qobi və qan düşmənləri
  • VII. “Bahar uşaq bağçası”
  • VIII. Tanrının ədaləti
  • IX. Minayə
  • XII. Başkəsənlər tayfası
  • XIII. Tarix dərsləri
  • XIV. Şad xəbər
  • XV. Həkim
  • XVI. Nadya
  • XVII. Rus atlarına təlim keçən duzəkən
  • XVIII. Bayram və matəm
  • XIX. Alik
  • XX. Ərəblər və yəhudilər
  • XXI. Rus atı ilə qan davası
  • XXII. Vanya
  • XXIII. Rus itlərinə təlim keçən duzəkən
  • XXIV. 11 qisasçı
  • XXV. Bilo
  • XXVI. Səfər ərəfəsində
  • XXVIII. Baba
  • XXIX. Şanlı məktub
  • XXX. Vətəndə
  • XXXI. Qırxıqbaşlar
  • XXXII. Məni çobanyastığı aldatdı
  • XXXIII. Ölüm hökmü



Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə