İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   17   18   19   20   21   22   23   24   ...   142

itiriblər. Ərəblər gələndə isə, bu torpaqlarda əsasən xristianlar yaşayırdı. Ermənilər, gürcülər
ərəblərlə dil tapdılar, onlara bahalı hədiyyələr verdilər. Ərəblər onları elə də incitmədilər. Biz isə
onların qarşısına qılıncla çıxdıq. Babək iyirm il xilafət qoşunlarına qarşı döyüşdü, onların qabağını
kəsdi. Bunu ərəblər bizə bağışlamadılar. Qafqazda ən sərt bizimlə rəftar elədilər, ən ağır töycüləri,
vergiləri bizə qoydular. Şəhərlərimiz, kəndlərimiz viran qaldı, minlərlə insanlar ağır şərtlərə tab
gətirməyib öldülər, ölkədən didərgin düşdülər. Kilsələrimizi erməni kilsələrinin tabeçiliyinə verdilər.
Amma qılınc, sünnət məsələsini şişirdirlər. Ərəblərin tələbləri arasında kişilərin sünnət edilməsi də
var idi, amma şərti siz deyən kimi qoymurdular. Müsəlman kişilər sünnət olunmalı, saqqal saxlamalı,
qadınlar isə çadraya bürünməliydilər. Gündə beş dəfə namaz qılmaq, oruc tutmaq isə hər iki cinsə
aiddi”.
Tarix müəllimi maraqla danışırdı, onlar da nəfəslərini çəkmədən qulaq asırdılar. Coni hətta
müəllimdən çayın pulunu da almadı. Dedi, sən hər gün gəl bura, bizə tariximizi danış, nə qədər də
istəyirsən, çay iç.
Müəllim isə ona key-key baxırdı, elə bil stuldan qalxmaq istəyir, amma qalxa bilmirdi. Sifəti
qızarmış halda Conidən soruşdu:
– Ayaqyolunuz hardadır?
– Coni! Təcili ona ayaqyolunu göstər! – Pori qışqırdı.
– Çöldədir, getsin də.
– Görmürsən, gedə bilmir! Sən bir az da geciksən, çayxana sıradan çıxacaq, daha bir nəfər uzun
saqqallı burda dəstəmaz almaz.
Coni müəllimin qoluna girib, ona ayağa qaldırdı, bir əliylə qarnını tutub yanpörtü yeriyən müəllimi
çölə çıxardıb ayaqyolunu göstərdi. Tarixə görə müəllimi tərifləsə də, ayaqyolu məsələsinə görə ona
hirslənmişdi. Adam, belə yerə vaxtında getmək lazımdır, daha köpüb, şişəndən sonra yox!
Pori onu məzəmmətləyirdi, əlbəttə, tariximizi öyrənmək üçün pul xərcləməliyik, amma maddi
durumumuz hələlik buna imkan vermir. Mənə qalarsa, pul xərcləməli olduğumuz sahələr arasında
tarix ən sonuncu yerdə dayanır.
Bu söhbətdən xəbər tutan Səmoş Coniyə deyirdi: “Coni, eşitmişəm, tarixə pul xərcləmək istəyirsiz.
Bu məni çox sevindirdi. Həyatında ilk dəfədir ağıllı iş görmək istəyirsən. Əlbəttə, tarixə pul
xərcləmək lazımdır, tarixçi də işsiz-gücsüz oturub evdə. Sən pul xərcləyirsən, mən də duzəkənlərin
tarixini araşdırıram. Necə olmuş olsa, institutun tarix fakültəsində oxumuşam, tarixçi hesab
olunuram”. “Səmoş, – Coni dedi, – tarix fakültəsində bir ay oxuyana tarixçi deməzlər, ilan yarpızı nə
qədər sevirsə, qəlyançəkənlər də tarixi bir o qədər sevirlər kimi fikirlərin üstündən keçirəm, amma
sən duzəkənlərə düşmən münasibət bəsləyirsən, bu məsələdə ədalətli ola bilməzsən. Tarixçi bitərəf
olmalıdır. Qəlyançəkənlərin bir qızı başımı yerə soxandan sonra gedib ikinci qızlarını gətirmişəmsə,
demək, doğrudan da səyəm, amma duzəkənləri rüsvay eləmək üçün pul buraxacaq qədər də səy
deyiləm!”
Əfi də Porini sorğu-suala tutmuşdu, eşitdim, tariximizi yaşatmaq üçün bəzi işlər görməyi düşünürsüz,
hətta bunun üçün bir miqdar pulu da gözdən çıxarıbsız. Beləcə davam eləsəniz, yəni tarix üçün pul
xərcləsəniz, mən də əlimi daşın altına qoyardım. İlk növbədə ərimin tayfasının tarixini öyrənmək
istəyərdim. Sizinkilər yeli niyə qovurmuşlar? Barı tuta biliblərmi, ya zəhmətləri hədər gedib? Nəyə
görə hər tayfada azından beş-on hacı olduğu halda, sizin tayfada bircə dənəsi də yoxdu?
Pori incidi, demək, bizim tarix müəlliminə cəmisi bir manatlıq çayı havayı verməyimiz, sizin
anlamınızca, bir miqdar pulu gözdən çıxartmaqmış? Ay tarixə pul xərcləyirsiz, ay tarixçiləri


maliyyələşdirirsiz! Sən bir bizə bax, biz Coninin “Jiquli”sinə benzin almağa pul çatdırmırıq, tarixə
pul xərcləyənə oxşayırıqmı? Mənimkilər də heç vaxt yeli qovmayıblar, sadəcə olaraq şimal küləkləri
əsəndə kəndin qarşısındakı gədiyə gedər, küləyin gətirdiyi havanı ciyərlərinə çəkərmişlər. Onlar
Sibirdən gəliblər, onlara elə gəlirmiş, şimal küləkləri özüylə Sibir torpaqlarının, meşələrinin,
çaylarının qoxusunu gətirir. Hər bir yelqovan Sibir həsrətiylə doğulur, yaşayır və ölür. Biri mən, öz
meşələrimizə gedirəm, palıd, fıstıq, vələs ağacları mənə yad gəlir, qanımı tərpətmir. Amma harda bir
şam, küknar ağacı gördümmü, elə bilirəm, öz doğmalarımı görürəm. Ən çox sevdiyim qoxu da qatran
qoxusudur. Ona görə həyətdə, çəpər boyunca şam ağacları əkdim. Hə, bir də hac məsələsi.
Tayfamızda ona görə hacı yoxdur ki, Haca gedənimiz olmayıb. Daha doğrusu gediblər, amma ordan
salamat qayıtmayıblar. Yəni hac bizim tayfaya düşməyib.
Əfi inamsızlıqla səsləndi, nə cür yəni düşməyib? Hamıya düşüb, bircə sizə düşməyib? Hamı gedib
qayıdıb, bircə sizinkilər qayıtmayıb? Müqəddəs torpaqlar niyə sizinkiləri qəbul eləməyib? Bu cox
ciddi məsələdir və bunun üzərindən sükutla keçmək olmaz.
Pori hirsləndi, keçmək olmazsa, keçmə. Mən nə bilim niyə qəbul eləməyib? Eləməyib də. Haca zorla
getmək olmaz ki?
Tarix haqdakı söhbətlər səngiməmiş qonaq mövzusu oturdu gündəmə. Yelqovanların şəhərə axını
başlamışdı. Birini xəstəxanaya gətirirdilər, beş-altısı da ona qoşulub gəlir, Porigildə köç salırdılar.
Gecə yatmağa yer tapılmırdı, artırmada da yer sərəsi olurdular. Bir dəstəni yola salmamış o biri dəstə
gəlirdi, bunların da hansısa idarəyə işləri düşür, amma işlərini qurtara bilmir, onlarda gecələyib,
səhər tezdən yenidən idarələrin canına düşürdülər. Qonaqlar evdə nə var hamısını silib-süpürür,
ərzaq ehtiyatının axırına çıxıb gedirdilər. Artıq dükana borcu beş yüz manata çatmışdı.
Conigildə də həmən vəziyyət idi, onlara lap çox qonaq gəlirdi, bir qismi Bilogilə getsələr də, bir
dəstəsi də onların qonağı olurdu. Bəzən yer olmur, Səmoş qonaqlardan iki-üçünü yatmaq üçün onlara
gətirirdi.
Bir gün yenə də hansısa yelqovanı cöngə buynuzlayıb qarnını yırtdı. Onu xəstəxanaya yeddi nəfər
yelqovan gətirmişdi. Xəstəxanaya yerləşdirib onlara gəldilər. Pori ət, toyuq ala bilməmişdi, Əfi
kartof qızartmalı oldu. Bu, yelqovanların açıq-aşkar xətrinə dəydi, hələ bir süfrəyə araq qoyulmaması
isə adamları əməlli-başlı rəncidə elədi. Narazılıqlarını gizlətməyi lazım bilmədilər.
– Kartofu evimizdə də yeyirik. Biz qonaq üçün toğlu kəsərik.
– Mənim toğlum yoxdur, – Pori dilxor halda dedi, – lap olsaydı da, kəsməzdim, mən baş kəsməyə
qarşıyam. Amma kəndə gələndə kimsə mənim üçün toğlu kəsməyib. Hə, doğrudur, əmim arvadı ördək
kəsmişdi. Onun da xəstə olduğu məlum oldu, bir həftə günüm ayaqyolunda keçdi. Qonşuların da
toyuq-cücəsinə xəstəlik düşdü, şəhərdəki toyuqların, qanadlıların hamısı o xəstə ördəyin badına
getdi.
Əmisi uşaqları incidilər, səhər oyanıb çaylarını içən kimi də çıxıb getdilər. Qırımlarından belə hiss
olunurdu ki, bir də gəlməyəcəklər. Bu isə onu dilxor eləmir, əksinə, sevindirirdi. Lap əcəb eləyib
gəlməyəcəksiz! Qoy biz də bir az dincələk, rahat nəfəs alaq.
Axşamçağı işdən çıxıb evə gələndə Əfi ona beş yüz manat verib dedi ki, apar dükançının borcunu ver.
Ağzı açıla qalmışdı, Əfidə bu pul hardaydı, onun dükançıya beş yüz manat borcu olduğunu hardan
bilirdi? “Dükana çörək almağa getmişdim, – Əfi dedi, – dükançı dedi ki, ərinin mənə beş yüz manat
borcu var. Borcu ödəməsəz, daha sizə nisyə verməyəcəyəm. Mən də qardaşıma zəng elədim, o
gətirdi”. “Niyə axı qardaşına deyirdin? – şam ağacının dibindəki stulda oturub ağır-ağır dedi. Mən
ayın axırına o itin borcunu ödəyəcəkdim”. “Pori, sənin dükanlara borclu olmağını, pula ehtiyacın


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə