İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   46   47   48   49   50   51   52   53   ...   142

aralıdakı meşəyə doğru tuşladı. Coni ha baxdısa da, orda bir şey görə bilmədi.
– Meşədədir? – təşvişlə soruşdu.
– Yox, meşəyə bitişikdir.
– Gecə də ora gedirsiz?
– Ayaqyolu ordadırsa, başqa hara gedə bilərik?
Coni astadan, oğlanın eşitməyəcəyi tərzdə Porinin qulağına pıçıldayırdı: “Mən gecəyarısı ora necə
gedəcəyəm? Birdən meşədən bir vəhşi heyvan çıxdı atıldı üstümə?” “ Narahat olma, – Pori ona
təskinlik verirdi. – Özünə baxma, vəhşi heyvanlar sənin qədər ağılsız deyillər, onlar harda ov eləməyi
yaxşı bilirlər. Heç vaxt başkəsənlərə yaxın düşməzlər. Hələ indiyə kimi bu kənddə bir kimsəni vəhşi
heyvan parçalamayıb. Əfi danışıb mənə”. “ Əfi danışıb, sən də inanıbsan? Bunlar haçan öz
tayfalarının yamını veriblər, indi verələr? Hələ indiyə kimi bu kənddə kimsəni vəhşi heyvan
parçalamayıbsa, mən də arxayın olmalıyam? Heyvanlar başkəsənlərə qorxularından yaxın düşmürlər,
amma bir duzəkəni nəyə görə həzmi-rabedən keçirtməsinlər?” “Orasını bilmərəm, – Pori dilxor halda
dedi, – istəyirsən, arxayın olma”.
Gecə şamdan sonra namaz hazırlığı başladı, Coni arxayınca oturmuşdu, elə zənn eləyirdi, naharda
namaz qılıbsa, kifayətdir. Pori ona təpindi: “ Bəs sən nə gözləyirsən? Yoxsa elə bilirsən, başkəsənlər
səni hər dəfə məxsusən dəvət eləməlidirlər?” “Görməzsən, – Coni onun üstünə çımxırdı, – sənin
qayınçolarındır, zəhmət çək, sən qıl. Mən niyə qılmalıyam?” “Onu naharda dilini dinc qoymayanda
düşünməliydin. İndi əl-ayağını dağıtmağın fayda verməz. Mənə dedilər, mən də qılmadığımı dedim.
Onsuz da bilirdilər, amma bir daha əmin oldular. Sənsə dözə bilmədin, döşünə döydün, müsəlmanam.
Müsəlmansansa, nə gözlərini döyürsən? Gözləyirsən qayınçolarımdan biri sənə yaxınlaşsın, saçından
yapışıb başını bir az yuxarı qaldırsın, bıçağı çəksin boğazına?” “Lənətə gəlmiş!” – Coni fısıldadı və
könülsüz halda ayağa qalxıb dəstəmaz almağa getdi.
Coni namazını qılıb gəldi, çay içməyə qalmayıb, onlar üçün ikinci mərtəbədə ayrılmış otağa getdilər.
Coninin qanı qaraydı, özünü söyürdü. Mənə deyən yox, niyə qaxılıb xarabanda oturmursan, sənin
başkəsənlərin evində nə ölümün var? Nəydi, başın bədəninə ağırlıq eləyirdi? Qəlyançəkənlərin
başına dönərəm, qadalarını alaram! Yazıqların yalnız indi qədir-qiymətlərini bildim!
Qapı döyüldü, onlar cavab verməyə macal tapmamış Səmoş içəri girdi. Coninin gözləri kəlləsinə
çıxmışdı. Səmoş, sənin burda nə işin var? Demirsən, başkəsənlər gördü?
Səmoş qayğısız halda gülürdü, görsünlər də, mənə nə başkəsənlərdən? Getsinlər öz arvadlarına
ağalıq eləsinlər! Bildim, gözünüzə yuxu getməyəcək, dedim, onlar qanmasalar da, biz insanlığımızı
eləyək.
Coni gözlərini bərəltmişdi. İnsanlığınızı eləyəsiz? İndiyə kimi insanlığınızı görmədik, gəldik
başkəsənlərin evinə, insanlıq yadınıza düşdü?
– Coni, sən nə qədər danışırsan? Bir səbrin olsun da! – Səmoş dedi və əlindəki bağlamanı masanın
üstünə qoydu, bağlamada bir şüşə konyak, şokalad və iki stəkan var idi. – Əfi danışmışdı, burda belə
şeylər olmayacağını bilirdim. Atamgildən sizə görə götürdüm. Coni, indi gördünmü insanlığımızı nə
cür eləyirik?
– Səmoş, sən qızılsan, qızıl parçasısan! – Pori heyranlığını gizləyə bilmədi. – Heyif, bu köntöy Coni
qədrini bilmir!
– Bura qədər bilmirdim, bundan sonra biləcəyəm, – bura gələni ilk dəfə olaraq Coninin kefi kökəldi,
üzü güldü. – Həm də necə biləcəyəm!
Səmoş çıxan kimi də qapını arxadan bağladılar. Pori konyakı açdı, Coni ona deyirdi, tələsmə, az–az


süz, içək. Qoy vaxt keçsin, başım da düzəlsin. Halal olsun Səmoşa, yoxsa bağrımız çatlayacaqdı.
İlk qədəhləri Səmoşun sağlığına içdilər. Meşəyə baxan pəncərənin qabağında oturub konyak içir,
olub-keçənləri, cəbhə xatirələrini vərəqləyir, dostlarını, ən çox da Qobini yad eləyirdilər.
Konyakı içib qurtarandan sonra Coni ayağa qalxdı, ayaqyoluna getmək istəyirdi. Pori dilucu da olsa,
istəyirsən səni ötürüm, deyə təklif elədi, əslində isə gecənin bu vaxtı Coniyə qoşulub meşədəki
ayaqyoluna getmək fikri yox idi. İsti soba aramla uğuldayır, konyak başını xoş bir hərarətlə
hərləndirir, sənsə uzanıb dincəlmə, düş soyuq, qaranlıq həyətə, bəs meşədəki ayaqyoluna gedirəm.
Coni onu çətin vəziyyətdə qoymadı, köməyindən imtina elədi, konyak onu cəsarətləndirmişdi, daha
hansısa vəhşi heyvan haqda düşünmürdü.
Coni taxta pilləkənlə həyətə düşdü, iliklərə işləyən soyuq, zülmət qaranlıq onu qucağına alan kimi də
dilxor oldu, hələ yaxşı ki, başkəsənlər it saxlamırdılar. Yoxsa belə qaranlıqda həyətə düşməkmi
olardı? Səmti müəyyənləşdirərək gedir, amma ayaqyolunu görə bilmir və hirslənib başkəsənləri
söyürdü. Ölülərini, dirilərini – hamısını bir-birinə qatmışdı, əsrlər öncəsi sivri uclu bıçağı ilə bura
gəlib çıxan başkəsəni də lənətləyirdi. “Mən gedib çıxa bilmirəm, bəs bunların qocaları, qarıları belə
qaranlıqda necə gedib tapırlar bu tuği-lənəti? Bunu yaxınlıqda tikəndə nə olacaqdı?”
Nəhayət, qaranlıqda bir qaraltını seçə bildi, tərslikdən sərxoşluq da özünü büruzə verir, aydın görə
bilmirdi. Əl havasına axtarıb qapını tapdı, açıb içəri keçdi, qapının üstündən bərkidilmiş elektrik
lampası içərini solğuncasına işıqlandırırdı. Gəzir, amma ayaqyoluya oxşar bir yer tapa bilmirdi.
Lənət şeytana, bura ayaqyoludan çox uzun dəhlizə oxşayırdı. Hər şey cəhənnəm, bəs işini harda
görsün? Otursunmu bu dəhlizin ortasında?
– Kimsən, burda nə gəzirsən? – qəfildən kimsə onu səslədi və əli şalvarının düyməsində olan Coni
yerindəcə donub qaldı. Demək, ayaqyolunda ondan başqa da adam var imiş.
– Qonağam, – səs gələn tərəfə döndü, – necə yəni burda nə gəzirəm? Ayaqyolunda nə gəzirlər? Əgər
nöqtəsinə, vergülünə qədər bilmək istəyirsənsə, siçmək istəyirəm.
– Siçmək istəyirsən? – ondan bir az aralıda dayanmış, ağ gecə paltarı geyinmiş kişi heyrətlə səsləndi.
– Elə burda?
– Neyləyim? Olmaya bunun üçün səndən icazə almalıyam? Deməliyəm, gecəyarısı hardansa, çox
böyük ehtimalla, cəhənnəmdən xortlayıb gələn hörmətli zat, icazə ver, siçim? Adam, sən mənimlə
məzələnmə! Bəsdir başımı ağrıtdın, göstər görüm işimi harda görməliyəm?
Səsə daha üç-dörd nəfər gəldi, hamısı da eyni rəqs ansamblının üzvləri kimi ağappaq gecə paltarı
geyinmişdilər. Coni nə qədər sərxoş olsa da, nəyisə qarışdırdığını hiss eləyirdi, amma məhz nəyi
qarışdırdığını başa düşmürdü. Ayaqyolunda bu qədər adam olmazdı. Həm də gecə paltarında kim
meşədəki ayaqyoluna gələrdi?
Adamlar soruşdular:
– Burda nə olub? Bu adam kimdir?
– Qonaqdır, – bayaq onunla danışan kişi dedi, – bizim evə siçməyə gəlib. Hələ bir məndən də tələb
eləyir ki, ona siçmək üçün yer göstərim.
“Bizim evə?” Coninin başında tükləri vız durdu. Bura ayaqyolu yox, ev imiş. Qarışdırdığı bu imiş,
amma hardan bilsin? Şərəfsiz başkəsənlər məhz bu istiqaməti göstərmişdilər. O da onların göstərdiyi
istiqamətdə getmiş, amma ayaqyoluna yox, evə gəlib çıxmışdı.
İşıqlar yandı, hər tərəf gözqamaşdırıcı işığa qərq oldu. Coni çıxıb qaçmaq üçün qapını axtarırdı,
amma imkan vermədilər, bir göz qırpımında üstünə atılıb yerə yıxdılar. Başını qibləyə çevirib bıçağı
boğazına söykədilər.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə