KəHRƏba islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr



Yüklə 399,5 Kb.
səhifə8/11
tarix08.09.2018
ölçüsü399,5 Kb.
#67789
1   2   3   4   5   6   7   8   9   10   11

Zamanı tanımaq


Əbu Abdullah (ə) mövqeyi dərk etməkdə səhvə düşmədi. Kərbəla hadisəsindən öncəki onillik imamət və məsuliyyət dövründə Mədinədə digər işlərlə məşğul idi, Kərbəla işini görmürdü. Lakin şərait münasib olan kimi mövqeyi tanıdı və onu əldən vermədi; digər işləri buraxıb əsas vəzifəsini yerinə yetirməyə başladı.

İmam Hüseynin (ə) yanında olan insanların hər birində bu xüsusiyyət vardı. Onlar zamanı və əsas vəzifəni tanımaqda səhv etmədilər; dostlarından və köməkçilərindən tutmuş Bəni-Haşimə və Əli (ə) ailəsinə, qardaşı Abbasa və bacısı Zeynəbə qədər.

İmam Hüseyn (ə) müqəddəs babası həzrət Məhəmməd ibn Abdullah (s) kimi cəhalət və fəsad dolu bir dünya ilə təkbaşına qarşılaşdı, o həzrətin qorxmayıb dayandığı və irəlilədiyi kimi, Şəhidlər ağası da qorxmadı, dayandı və irəlilədi. Peyğəmbər (s) hərəkəti və Hüseyn (ə) hərəkəti vahid mərkəzdə birləşən iki dairə kimidir və bir səmtə yönəlmişdir. “Hüseyn məndəndir” sözünün mənası da budur.

Hadisənin məğzi budur ki, İmam Hüseyn (ə) bu macərada bir qoşunla üz-üzə dayanmadı, insanların bir toplumu ilə - hətta bir neçə yüz dəfə artıq olsa da - tərəf deyildi. İmam Hüseyn (ə) azğınlıq və zülmətlər dünyası ilə qarşı-qarşıya dayanmışdı. Bu mühüm məqamdır. O bir dünya əyrilik, zülmət və zülmlə qarşılaşmışdı. O dünyanın da hər şeyi vardı: pulu, qızılı, gücü, şeiri, kitabı, rəvayətçisi və axundu. Dəhşətli idi. Adi və hətta qeyri-adi bir insanın bədəni o zülmət dünyasının puç əzəməti qarşısında titrəyirdi. Lakin İmam Hüseynin (ə) ayağı və qəlbi bu dünya qarşısında titrəmədi, zəiflik və tərəddüd hiss eləmədi və təkbaşına meydana atıldı.

İmam Hüseyn (ə) Aşura gecəsi buyurdu ki, gedin, burada qalmayın, mənim uşaqlarımın əlindən də tutun aparın, bunlar məni istəyirlər. O, zarafat etmirdi. Fərz edin onlar qəbul edib getsəydilər, İmam Hüseyn (ə) tək-tənha, yaxud on nəfərlə qalacaqdı. Elə bilirsiniz İmam Hüseynin (ə) işinin əzəməti kiçilərdi?! Xeyr, elə həmin əzəmətdə qalardı. Əgər İmam Hüseynin (ə) ətrafında bu 72 nəfərin yerinə 72 min nəfər olsaydı, işin əzəməti kiçilərdi? Xeyr.

İşin əzəməti bu idi ki, İmam Hüseyn (ə) təcavüzkar və iddialı bir dünya qarşısında qorxuya düşmədi. Halbuki adi insanlar qorxurlar; adi olmayan insanlar da qorxurlar. Dəfələrlə dediyim kimi, böyük şəxsiyyət olan Abdullah ibn Abbas və Qüreyşin bütün böyüklərinin övladları o vəziyyətdən narazı idilər. Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər, Əbdürrəhman ibn Əbu Bəkr, böyük səhabələrin övladları və bəzi səhabələr bu qəbildəndirlər. Mədinədə çoxlu səhabələr vardı, qeyrətli insanlar vardı. Elə bilməyin ki, onların qeyrəti yox idi. Onlar sonrakı ildə Hərrə hadisəsində Mədinəyə hücum edib hamını qətlə yetirən Müslim ibn Üqbənin hücumu qarşısında dayandılar, vuruşdular, mübarizə apardılar. Elə bilməyin ki, qorxaq idilər. Xeyr, döyüşkən və qorxmaz idilər. Amma müharibə meydanına girmək şücaəti bir şeydir, bir dünya ilə qarşı-qarşıya gəlmək şücaəti başqa bir şeydir. İmam Hüseyn (ə) ikincisini etdi.


İddiaçıların vəfasızlığı


Hər yeri zülmün və fəsadın bürüdüyü belə bir çirkin dünyada Hüseyn ibn Əli (ə) İslamı xilas etmək, İslam hökumətini və cəmiyyətini diriltmək üçün qiyam etdi. Amma o böyük dünyada İslamı və həqiqəti müdafiə iddiaçılarının heç biri ona kömək etmədi.

Kərbəla hadisəsində isə hadisələrin mehvəri və İslamın hamının qəbul etdiyi əsas məğzi - yəni Hüseyn ibn Əlinin (ə) özü hadisənin içindədir və şəhid olmalıdır. Bunu onun özü də bilir, yaxın səhabələri də. Bu böyük dünyada və bu geniş İslam ölkəsində onların heç bir yerə heç bir ümidləri yoxdur, əsl qəribdirlər. Ozamankı İslam dünyasının bəzi böyükləri Hüseyn ibn Əlinin (ə) öldürülməsinə narahat olmurdular, çünki onu öz dünyalarına təhlükə sayırdılar. Bəziləri isə narahat olur, amma bu işə o qədər də əhəmiyyətli yanaşmırdılar; misal üçün, Abdullah ibn Cəfər və Abdullah ibn Abbas. Yəni bu qəmli və əzab dolu meydanın xaricindən heç bir ümid gözlənilmirdi. Nə vardısa, bu Kərbəla meydanında idi. Bütün ümidlər bu bir qrupa dikilmişdi, bu qrup da şəhidliyə könül vermişdi. Öldürüldükdən sonra da zahiri meyarlara görə kimsə onlar üçün yas tutmadı. Yezid hər yerə hakim idi. Hətta onların qadınlarını əsir apardılar, uşaqlarına da rəhm etmədilər. Bu meydanda fədakarlıq göstərmək çox çətindir: “Ey Əbu Abdullah! Sənin müsibətli günün kimi bir gün yoxdur”.

Məkkədən İmam Hüseynlə (ə) birgə yola çıxan, yaxud yolda o həzrətə qoşulan mindən artıq insandan Aşura gecəsi az bir hissə qaldı; Aşura günü özlərini həzrətə çatdıranlarla birgə 72 nəfər oldular.

Sona qədər müqavimət


İmam Hüseynin (ə) Yezid rejiminə və İslam cəmiyyətinin dönüşü olmayan sapqınlığına qarşı mübarizə qərarı verdiyi zamandan problem və təhdidlər biri o birindən sonra özünü göstərdi. Əvvəlcə Yezidə beyət etmədiyi üçün Peyğəmbər (s) şəhərində təzyiqə məruz qaldı, həcc məqsədi ilə Məkkəyə sarı hərəkət etdi. Məkkədə tərəfdarlarının hazırlığını duyduqda qiyam və cihada hazırlaşdı. Lakin ehram paltarlarında gizlədilmiş xəncərlər və düşmənlərin Allahın təhlükəsiz evinə təcavüz qəsdi onu həclə vidalaşmağa və Məkkəni tərk etməyə məcbur etdi. Lakin bu mərhələlərin və ondan sonrakı hadisələrin heç birində Əbu Abdullahın (ə) niyyətində zərrə qədər də tərəddüd yaranmadı.

Böyük işlərdə insanın qarşısına sədd çəkən amillərin biri şəriətdə qəbul olunan üzrlərdir. İnsan vacib işi və boynuna düşən vəzifələri yerinə yetirməlidir. Lakin bu iş böyük bir problemə səbəb olduqda, misal üçün, çoxlu insanlar öldürüləcəksə, daha vəzifəsinin götürüldüyünü düşünür. Siz görün İmam Hüseynin (ə) qarşısında yalnız zahiri görən hər bir insanı daşındıra biləcək nə qədər şəriət üzrləri vardı. Bunlar biri o birisindən sonra qarşıya çıxırdı. Əvvəl Kufə xalqının üz çevirməsi və Müslimin öldürülməsi baş verdi. Fərz edin burada İmam Hüseyn (ə) deməli idi ki, daha bu, şəriət tərəfindən qəbul olunan üzrdür və vəzifə götürülür; istəyirdik Yezidlə beyət etməyək, lakin belə vəziyyətdə mümkün deyil, xalq da dözmür, deməli, vəzifə üzərimizdən götürülür, məcbur qaldığımızdan və çarəsizlikdən beyət edəcəyik.

İkinci mərhələ Kərbəla hadisəsi və Aşuranın baş verməsidir. Burada İmam Hüseyn (ə) bu məsələyə böyük problemləri bu məntiqlə həll etmək istəyən bir insan kimi yanaşsaydı, deyə bilərdi ki, bu yandırıcı səhrada arvad-uşaqların taqəti çatmaz, deməli, vəzifə götürülür. Yəni təslim olsun və o zamana qədər qəbul etmədiyini qəbul etsin. Yaxud Aşura günü düşmənin hücumu başlayanda və İmam Hüseynin (ə) tərəfdarlarının çoxu şəhid olanda – yəni problemlər özünü daha artıq göstərəndə o həzrət "daha mübarizənin mümkün olmadığı aydın oldu" – deyib, bununla özünü geri çəkə bilərdi. Yəni İmam Hüseynin (ə) şəhid olacağı və onun şəhadətindən sonra Əmirəl-mömininin (ə) və Peyğəmbərin (s) ailəsinin səhrada naməhrəm kişilərin əlində yalqız qalacağı bəlli olduqda daha namus məsələsi qarşıya çıxır. O, qeyrətli bir insan kimi deyə bilərdi ki, daha vəzifə götürüldü; bəs qadınlar nə olacaq; əgər bu yolu davam etdirsək və öldürülsək, Peyğəmbər (s) ailəsinin qadınları, Əmirəl-mömininin (ə) qızları və İslam dünyasının ən pak, ən təmiz qadınları düşmənlərin - şərəf və namusdan bir şey anlamayan veyl kişilərin əlinə düşəcək. Deməli, vəzifə götürüldü...

Bir zaman insana deyirlər ki, bu yolla getmə, işgəncə olunman mümkündür. Bəli, güclü insan deyir ki, işgəncə olunum, eybi yoxdur, bu yolla gedəcəyəm. Yaxud deyirlər getmə, öldürülmən mümkündür. Böyük insan deyir ki, eybi yox, qoy öldürülüm, bunun əhəmiyyəti yoxdur. Lakin bəzən öldürülməkdən, işgəncə olunmaqdan və çətinlik çəkməkdən söhbət getmir. Deyirlər ki, getmə, sənin bu hərəkətinə görə bəzi insanların öldürülməsi mümkündür. Burada artıq digərlərinin canından söhbət gedir: “Getmə, sənin getməyinə görə çoxlu qadınlar, kişilər və uşaqlar çətinlik çəkə bilərlər”. Burada canları özləri üçün əhəmiyyət kəsb etməyən şəxslər də dayanırlar.

Doğrudan da maraqlıdır ki, Allah-Taala Hüseyn (ə) Aşurasının bu meydanını necə də böyük müsibətlərin məcmusu etmişdir. Böyük insanlar və birinci növbədə həzrət Əbu Abdullah Hüseyn (ə) şərəflə, əzəmətlə, dözümlə və şükürlə bu böyük müsibətlərə tab gətirə bildilər. Hadisənin hər iki tərəfi bəşər tarixində bənzərsizdir. Həm o müsibətlər, o sərtlikdə, o çeşidlikdə və hamının səhərdən axşamüstünə qədər öldürüldüyü müsibətlər dünyada bənzərsizdir, həm də bu müsibətlərin qarşısındakı dözüm tarixdə misilsizdir. O şəhadətlər, o məzlumluqlar, o qürbət hissi, o susuzluq, bir nəfərə ailəsinə görə verilən əzablar, gələcəkdən nigaranlıq, sonra da varlıq aləminin ən əzizinin - yəni Hüseyn ibn Əlinin (ə) yoxluğu, ailəsinin, övladlarının, səhabələrinin yoxluğu və sonra da əsirlik; özü də bir qrup şərəfli insanın əlində əsir olmaq yox. Çünki şərəfli insana əsir düşmək yenə dözüləsidir. O insanlar isə şərəfli insanlar deyildilər, heç insan deyildilər, heyvan xislətli idilər. İmam Hüseynin (ə) ailəsi Aşura səhərindən axşamüstünə qədərki bütün müsibətlərdən sonra bu şəkildə əsir düşdü.


Yüklə 399,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə