KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

89 
 
qarası  olan  bircə  oğlunu  dustaqlıqda  da  korluq  çəkməyə  qoymamışdı.  Hər 
məktubunda bir-iki “lumu” istəyən Zakir, sovqat qutularının ikiüzlü faneri arasında 
evdən göndərilən qızıl beşlikləri, onluqları almış, orda xırıd eləyib xərcləmişdi. 
İndi ildən artıq idi ki, “Xozeyin zərgər” fərzəndinə şəhərdə münasib qulluq 
tapmadığından,  ona  dinclik  verirdi.  Arvadı  isə  tanış,  qohum  evlərini  qapı-qapı 
gəzərək, hər yerdə ağızdolusu oğlunu tərifləyib, ləyaqətli gəlin axtarırdı. 
Atasının  pulları  hesabına  əyyaşlığa  qurşanan  Zakir  vaxtını  sərxoşluqda, 
qadınlarla  əylənməkdə  və  qumarbazlıqda  keçirirdi.  Hər  dəfə  restoranlarda  stolun 
haqqını  ödəyəndə,  məşuqələrinə  qiymətli  hədiyyələr  bağışlayanda,  kartda 
uduzanda  “paxanın  qəmi  kəm!”  –  deyərək  varlı  bir  kişinin  övladı  olduğu  ilə 
qürrələnirdi. 
Lakin  üç-dörd  ay  əvvəl  “oğrular”  haradansa,  duyuq  düşüb  gecəynən 
“Xozeyin  zərgər”in  evini  yarmış,  vəzndə  yüngül,  qiymətdə  ağır  nəyi  vardısa, 
hamısını aparmışdılar. Bu əhvalatdan “qəzəblənən” Zakir, atasından bir qədər yol 
xərci qoparıb “şübhələndiyi adamların izinə düşərək” Rostova, Moskvaya, oradan 
da Riqaya getmişdi. 
Əslində isə evi silib-süpürən “Xozeyin zərgər”in öz oğlu idi. Həmişə “iyirmi 
bir”  oyununda  verdiyi  kartları  altdan  barmağındakı  üzükdə  oxumaqla  rəqiblərini 
udmağa  adət  etmiş  Zakir,  bu  dəfə  “yanmışdı”  –  fırıldağının  üstü  açılmışdı. 
Sonradan hər şey tərsinə − onun zərərinə çevrilmişdi. “Uduzduqlarını bu  həftənin 
içərisində  verməsən,  özünü  ölmüş  bil!”  –  deyə  zərgər  oğlunu  hədələmişdilər. 
Zakirin,  atasını  soymaqdan  başqa  çarəsi  qalmamışdı.  Borclarını  qəpiyinə  kimi 
qaytarmağa  məcbur  olmuşdu;  qalan  pulları  da  götürüb,  arxasınca  çoxdan 
süründüyü cavan bir xanımla uzaq şəhərləri gəzməyə çıxmışdı... 
Aslanın məktubundan hikkələnən və ondan nəyin bahasına olursa-olsun acıq 
almağa can atan Yeganə, ertəsi gün Zakirə zəng çaldı. Telefona cavab vermədilər. 
İşə gedəndə hər ehtimala qarşı yolunu “Xozeyin zərgər”in evinin yanından saldı. 
Küçədə  “səndə-məndə”  oynayan  uşaqlardan  birini  dilə  tutub,  cibinə  konfet  tökdü 
və Zakiri bayıra çağırtdırdı: 
−  Salam,  qaçaq  oğlan!  –  deyə  gülə-gülə  onunla  görüşdü.  –  Bizi  yaddan 
çıxarmısan... Belə baxıram, çox ciddi işlərlə məşğulsan, vaxtı çatdıra bilmirsən. 
Hələlik bu gəlişin səbəbini anlamayan Zakir Yeganəni gözaltı süzüb, cavab 
verdi: 
− İki ay idi, Bakıda deyildim. 
− Haradaydın? Yəqin gəzməyə getmişdin? 
− Yox... Məsələ ayrı cürdür. – Zakir işin əslini ona açmağı məsləhət bilmədi; 
yanına keçdi. – Paxanla aramız möhkəm dəyib. Evdən acıq eləmişdim. 
downloaded from KitabYurdu.org


90 
 
− Barışdınız? 
− Onu yola gətirmək çətindir. 
− Axı, nə olub ki, sizə? Aranızda pişik asqırıb? 
− Heç soruşmasan yaxşıdır... 
Zakir Yeganəni qarşı səkiyə keçirdi; döngəni burulub, aşağı endilər. 
− Gələndən sonra telefonla zəng vursaydın, xəncərinin qaşı düşərdi. 
Oğlan günahkar görkəm aldı: 
− İslam zəifdir... Boş zəng vurmaqdan nə çıxar?.. 
Sabir bağının qabağından ötəndə, Yeganə saatına baxıb, yavaşıdı. 
− Tələsən yerin yoxdur? 
− Xeyr. 
− Əyləşək burada beş-on dəqiqə. Teatrın vaxtına da hələ xeyli var... 
− Nə deyirəm ki. 
Əldən-ayaqdan  uzaq,  sakit  bir  yerdə  oturdular.  Yeganə  nə  düşündüsə, 
çantasını açdı, bir dəstə pul çıxarıb Zakirə uzatdı. 
− Al, ürəyini qısma. 
Oğlan, həyalı qız kimi əzilib-büzüldü. 
− Sən məni utandırırsan... 
−  Götür!  Yenə  lazımın  olsa,  məndən  çəkinmə.  –  Yeganə,  ətir  qoxuyan 
qırmızı  yüzlükləri  qatlayıb  Zakirin  pencək  cibinə  basdı.  –  Ancaq  bu  başdan 
deyirəm, borc vermirəm. Qaytarmaq barədə fikirləşsən, inciyərəm! Eşitdin? 
− Vallah, bilmirəm bu nə xəcalətdir... 
− Xəcalətli düşmənin olsun. Sənə kədərlənmək yaraşmır. 
Sonra söhbət Əkrəm barədə getdi: 
−  O  dəfə  küçənizdən  keçirdim,  gördüm  qapınızda  qara  eynəkli  birisi 
dayanıb. Bildim ki, ərindir... 
− Bəli, ərimdir!.. – deyə Yeganə düşüncəli halda onun sözünü təsdiqlədi. – 
O  da  mənə bir  dərd olub. Kaş, heç  gəlməyəydi!  Təkcə  korumuz  əskik idi!..  Ah!.. 
Dur, gedək! Mən də bir cür bədbəxtəm! 
Qalxdılar.  Zakir  Yeganəni  teatrın  tininə  qədər  ötürdü.  Ayrılmaq  istəyəndə, 
qadın eyhamla dilləndi: 
−  Demək,  bir  də  səni  haçan  çağırtdırsaq,  onda  görərik?  Yoxsa,  yadına 
düşəcəyəm?.. 
Zakir cibindəki pulları ovcunda oynada-oynada cavab verdi: 
− Elə bu axşam mən sənin qulluğunda hazıram. 
− Axşam yox, günün ikinci yarısında. 
− Mənim bu gözlərim üstdə! Saat neçədə? 
downloaded from KitabYurdu.org


91 
 
− İkidə. 
− Harada? 
− Elə burada. 
−  Danışdıq!  –  Zakir  qadının  biləyini  sıxıb  getdi.  Ancaq  yenə  də  bilmədi 
Yeganə  niyə  səxavətlənmişdi,  öz  ayağı  ilə  qapıya  gəlib  görüşə  çağırmaqda,  onun 
cibinə pul basmaqda nə məqsəd güdürdü. 
Saat  ikiyə  az  qalmışdı.  Teatrda  təzə  hazırlanan  tamaşanın  rejissoru  şirin 
məşq aparırdı. Yeganə, sifətinə əzgin bir ifadə verib, işarə ilə onu çağırdı: 
−  Özümü  yaxşı  hiss  etmirəm,  sancılanmışam,  −  dedi  və  əlini  sinəsinin 
üstündən üzü aşağı gəzdirdi. 
Rejissor təşvişə düşdü: 
− Bəlkə təcili yardım... 
− Yox... Lazım deyil. Mən bilirəm nədəndir... Gedib, evdə uzanmalıyam. 
Vəziyyətin  nə  yerdə  olduğunu  təxmin  edən  rejissor,  qolundan  yapışıb  onu 
səhnədən endirdi. Yeganə qaranlıq dəhlizdən keçərək, dal qapıdan küçəyə çıxdı. 
Qara  məxmər  yaxalıqlı,  gödək,  boz  palto  geymiş  Zakir  üzbəüz  səkidə 
dayanıb gözləyirdi... 
Bir  neçə  ay  əvvəl,  Yeganə  Aslanla  bulvarın  sahil  xiyabanında  gəzişəndə 
teatra  təzə  gələn  həmin  rejissorla  rastlaşmışdı.  Qadın  yanındakını  ona  təqdim 
edəndə,  rejissor  həkimi  tanımışdı.  Sonralar,  axşam  tamaşaları  qurtaran  vaxtlarda 
Aslanı teatrın qabağında tez-tez görmüş və məsələni duymuşdu. Elə ona görə də bu 
gün  məşqini  qurtaran  kimi  Yeganəgilə  zəng  çalanda,  telefonda  danışan  Əkrəmi 
Aslan bilmişdi... 
Zakir,  qadının  yaxınlaşdığını  görcək,  tez  irəli  çıxdı,  nəzakətlə  onun 
dirsəyindən tutub məhəbbət dolu bir qayğı ilə astadan xəbər aldı: 
− Bayaqdan bəri kefi necədir, mənim göyçək quzumun? 
− Quzu “yamanca” xəstələnib! – deyə Yeganə gülümsəyərək sözünə əlavə 
etdi.  –  Rejissorumuza  kələk  gəlib  məşqdən  qaçmışam.  Yalandan  naxoşluğa 
vurmuşdum özümü. O da inandı... 
Zakir qəhqəhə çəkib, onu alqışladı: 
−  Afərin!  Bacarana  can  qurban!  Yalansız  bir  günümüz  olmasın!  Yoxsa, 
vallah, batarıq! 
Yeganə,  boynu,  qolları  xəzli  qara  palto  geymiş,  başına  butalı  tirmə  yaylıq 
bağlamışdı. Çətrini alnına tökmüşdü. Dodaqlarını al-qırmızı boyamışdı. 
− Göz dəyməsin, bu gün elə gözəlləşmisən ki, adamı lap tamaha salırsan, − 
deyə  ona  çox  diqqətlə  baxan  Zakir  ürəyindən  keçəni  gizlətmədi.  Müqabilində 
Yeganə də söz üçün məəttəl qalmadı: 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə