Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 
44 
 
...  Zabitlə  uzun  illər  yaxın  ünsiyyətdə  olmuşam,  necə  deyərlər, 
aramızdan su da keçməyib. Mən birinci kursda oxuyanda o, artıq beşinci kursda 
idi.  Buna  baxmayaraq,  mən  sonralar  fılologiya  fakültəsinin  komsomol 
komitəsinin katibi, institut komsomol komitəsinin büro üzvü seçildim, Zabit isə 
institut komsomol komitəsinin katib müavini idi. Aramızda müəyyən qədər yaş 
fərqi  olsa  da,  bir-birimizə  tez  isnişdik,  yaxın  dost  olduq.  Mən  onu  öz 
yaşıdlarımdan  seçməzdim,  həmişə  də  bir  yerdə  oturub-durardıq,  institut 
tədbirlərində  də  bir-birimizdən  ayrılmazdıq,  yeyib-içməyimiz  də  bir  yerdə 
olardı,  belə  ki,  komsomol  həyatı  bizim  dostluğumuzun  sarsılmaz  təməlini 
qoymuşdu.  Məndən  yaşca  böyük  olduğuna  görə  dostlarım  içərisində  onu  bir 
müdrik ağsaqqal kimi qəbul edirdim. 
Özünün  mənə  etdiyi  söhbətlərindən  bilirdim  ki,  Zabit  heç  vaxt  doğma 
atasının  üzünü  görməyib.  Atası  bəşər  övladı  üçün  dəhşətli  ölüm  saçan  qanlı-
qadalı  cəbhəyə  yola  düşəndə  o,  doğma  anasının  bətnində  müharibənin  ağrılı-
acılı  günlərinin  sarsıntılarından  tamamilə  xəbərsiz  olub.  Lakin  dünyaya  göz 
açanda  da,  körpəlik  illərini  keçirəndə  də,  bu  ağlasığmaz  çətin  günlərin  qanları 
donduran buz kimi soyuqluğunu yaxından hiss eləyib, atasının çöhrəsini yalnız 
şəkillərdə görsə də, anası Əminə xanımın sonsuz məhəbbəti və yuxusuz gecələri 
onu  həmişə  himayə  edib,  boya-başa  çatdırıb.  Uşaq  vaxtlarında  cəbhədən  atası 
haqqmda  gələn  qara  kağızın  da  nə  olduğunu  dərk  etməyə  uşaqlara  məxsus 
gövrək  təfəkkürü  yol  verməyib.  Zabit  adı  qoyulduğu  gündən  ömrünün  sonuna 
qədər  bu  adın  qüruru  ilə  yaşamışdı,  bəzən  çətin  günlər  keçirsə  də,  orta 
təhsilindən  ayrılmamışdı,  gecəni  gündüzə  qataraq  çalışmış,  institutu  əla 
qiymətlərlə bitirib ali təhsil diplomu almışdı. Tələbəlik illərində unudulmaz və 
maraqlı yataqxana həyatını da yaşamışdı. Lakin bu qayğılı keçən günlərdən və 
çətinliklərdən  sonra  bir  xoş  gündə  tale  onun  üzünə  gülmüşdü.  Ali  təhsilini 
bitirən  kimi  onu  bir  gənc  mütəxəssis  kimi  institutda  saxlamışdılar.  O,  mənə 
həmişə deyərdi ki, institutda qalıb işləmək onun lap çoxdankı şirin arzularından 
biri olub. Ona görə də, arzusunda olduğu müəllimlik peşəsinin arxasınca getdi, 
böyük zəhmət hesabına namizədlik dissertasiyası müdafiə etdi, illər ötdükcə bir 
metodist  alim  kimi  püxtələşdi,  professor-müəllim  heyəti  və  tələbələr  arasında 
böyük nüfuz qazandı. 
Zabitin yaxşı «çölçülüyü» vardı, ona görə bir yerə ezam olunanda onunla 
getməyə daha çox üstünlük verərdim. Onunla yol getmək adama ləzzət verirdi. 
Adamı  darıxmağa  qoymazdı,  şirin  söhbətinin  sonu  olmazdı,  çalışardı  ki, 
söhbətləri  ilə  uzun  yolu  yarı  eləsin.  Amma  iş  dalınca  getdiyini  də  unutmazdı, 
rektorluq  tərəfindən  tapşırılan  işin  sonuna  çıxmamış  rahatlıq  nə  olduğunu 
bilməzdi.  İşə  münasibətdə  çox  ciddi  olardı,  yerinə  yetirildiyinə  arxayın  olan 
kimi qalan asudə vaxtlarını dostları ilə şən keçirməyə çalışardı. 
Zabit  məni  bir  neçə  dəfə  anadan  olduğu,  boya-başa  çatdığı  ata  evinə, 
İsmayıllı  rayonunun  Diyallı  kəndinə  qonaq  aparıb.  Çox  narahat  adam  idi. 
Gedəndə də o qədər ürəklə çalışardı ki, heç kim ondan qətrə də narazı qalmasın. 
Bununla  kifayətlənməzdi,  oraların  ən  füsunkar,  ecazkar  mənzərəli  yerlərini 
mənə  göstərərdi,  hiss  edirdim  ki,  Zabit  doğulduğu  torpağın  vurğunudur.  Ona 


 
45 
 
görə  çalışardı  ki,  İsmayıllının  hər  qarışını  mənə  göstərsin,  sevdirsin.  Hər  yeri 
gəzdirəndən  sonra  Bədodakı  buz  kimi  bulağın  başında  qonaqlığnı  davam 
etdirərdi.  Bu  adam  həddindən  artıq  qonaqpərvər  idi,  az  qalırdı  ki,  gözünün 
yağını da adama yedirtsin. Anası Əminə xanım məni Zabitdən seçməzdi, özünün 
xoş xasiyyəti ilə elə vəziyyət yaradardı ki, mən onu bir doğma ana kimi qəbul 
edərdim. Onu da deyim ki, onun xoş xasiyyəti eyni ilə də oğlu Zabitə keçmişdi. 
Zabit  məni  İsmayıllıya  qonaq  apardığı  kimi,  mən  də  onu  bir  neçə  dəfə 
Naxçıvana  dəvət  eləmişdim.  Naxçıvanı  qarış-qarış  gəzmişdi,  oraların  qədim 
abidələri  onda  xoş  təəssürat  yaratmışdı.  Onun  söhbəti  mərhum  atamla  daha 
yaxşı  tuturdu.  Çünki  o,  mənim  tələbə  yoldaşlarım  içərisində  artıq  «ağsaqqal» 
statusunu  qazanmışdı.  Atam  məni  çox  istədiyinə  görə  bəzən  narahat  hisslər 
keçirərdi.  Zabit  isə  özünə  xas  olan  xeyirxahlıqla,  onun  narahatçılığma  son 
qoymaq üçün deyərdi ki: «Mənaf müəllim, Nizami üçün narahatlıq keçirməyinə 
dəyməz, o indidən institutun gözüdür, fəxridir, hamının məsləhət yeridir, ağıllı, 
bacarıqlı,  istedadlı  oğlandır».  Atam  Zabiti  xoş  xasiyyətinə  görə  çox  istəyirdi, 
ona da öz övladı kimi baxırdı. Deyərdi ki: «Ay Zabit, özünüz valideyn olarsınız, 
onda bilərsiniz övlad tərbiyə edib, boya-başa çatdırmaq nədir, necə məsuliyyətli 
işdir. Dünyada heç nəyin olmasn, duz-çörək tap ye, ancaq ağıllı oğlun olsun...» 
Mən  ailə  quran  vaxtı  Şahbuzda  keçirilən  toy  mərasimində  Zabitin 
sevincinin həddi-hüdudu yox idi. O, bir yaxın dost kimi mənim ailə qurduğuma 
sevinirdi. Onun xarakterindən doğan bir xüsusiyyəti vardı: dostluq etdiyi hər bir 
adamın həyatında baş verən sevincinə şərik çıxardı, hamını özü kimi bilərdi və 
keçirdiyi öz sevinc hisslərini açıq ürəklə büruzə verməyə çalışardı. 
Zabit  müəllimin  şəxsi  həyatında  da  hər  şey  öz  axarı  ilə  getməmişdi. 
Birinci həyat yoldaşı Xədicə xanım vaxtsız dünyasnı dəyişdiyinə görə uşaqların 
bütün qayğılarını öz üzərinə götürmüşdü, onlara həm ata olmuşdu, həm də ana, 
övladlarını  layiqincə  boya-başa  çatdırmışdı.  Həmişə  də  övladlarmdan  razılıq 
edərdi, zəhmətinin boşa çıxmadığına ürəkdən sevinərdi. 
Dilindən çıxardığı hər bir sözün yerini, dəyərini bilən, gözəl təşkilatçılıq 
bacarığına  malik  olan,  qarşısındakı  ən  mürəkkəb  vəziyyətlərdən  məharətlə  baş 
çıxaran,  bütün  müsahibləri  ilə  ünsiyyət  qurmağı  bacaran,  müzayiqəsiz 
xeyirxahlığı  ilə  diqqət  çəkən  Zabit  müəllim  universitetimizdə  demək  olar  ki, 
hamının  hörmətini  qazanmışdı.  Şərəflə  keçirdiyi  yetmiş  illik  ömrünün  yarıdan 
çoxunu  müəllim  peşəsinə  həsr  edən,  tələbələrin  sevimlisinə  çevrilən,  xoş 
ünsiyyəti  ilə  həmkarlarının  qəlbini  ovsunlayan  bu  insan  müəllimlik  peşəsini 
ürəkdən  sevir,  öz  üzərində  həmişə  yorulmadan  çalışırdı.  Bir  çox  elmi 
konfranslarda  və  seminarlarda  etdiyi  çıxışları  ilə  diqqəti  cəlb  edirdi.  O, 
ağlabatan  mülahizələri  və  sərrast  məntiqli  məqalələri  ilə  metodika  sahəsinin 
öncülləri sırasına çıxmışdı. 
Zabit  müəllim  ömrünün  sonuna  kimi  pedaqoji  fakültənin  qiyabi  şöbəsi 
üzrə  dekan  müavini  vəzifəsində  çalışdı.  Tələbələr  onu  özlərinin  bir  doğması 
kimi  sevirdilər.  Bütün  tələbələrə  bir  ata  nəvazişi  ilə  yanaşardı.  Çalışardı  ki, 
onlara  əlindən  gələn  şəraiti  yaratsın,  kəsirsiz  oxusunlar,  ona  görə  öz  köməyini 
müzayiqəsiz təklif edərdi. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə