Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

təkliyə darıxdı. Çəndibel, dəlilər Koroğlunun yadına düşdü. Bu dar 

vaxtda ölümündən qorxmayan, düşmana baş əyməyən, qənimlərə qan 

udduran iyid, mərd dəlilərini yanında görmək istədi. 

Elə bu fikirdə idi bir də baxdı ki, budu qaqqıldaşa-qaqqıldaşa 

göynən bir dəstə durna keçir. Ürəyi cuşa gəlib aldı görək nə dedi: 

Göydən gedən beş dunralar, 

Vətəndən xəbərin varmı? 

Bir-birindən xoş durnalar 

Vətəndən xəbərin varmı? 

Kim çıxardar olmaz oyun, 

Üstünə götürməz deyin, 

Bir qılınca yeddi boyun, 

Kəsəndən xəbərin varmı? 

Koroğlu olmaz heç xəstə 

Yağı istər girə qəsdə

Yel təki düşmanın üstə, 

Əsəndən xəbərin varmı? 

Koroğlu fikirləşib öz-özünə dedi. Mən göylə gedən bu qatar durnanın 

başçısını vursam, onda düşmanı da basa biləcəyəm. Bu mənim 

üçün bir sınaq olsun. Bunu deyib kamanını çilləyə mindirdi, qatar durnanın 

başçısını nişan aldı. Ox yayından çıxan kimi durnanın başçısının 

ürəyinin başından keçdi. Başçı durna fırlana-fırlana göydən gəldi, 

Qıratın ayağının altına düşdü. Koroğlu bundan şad oldu. Fal yaxşı gəlmişdi. 

Qıratdan düşdü, başçı durnanın telindən bir neçəsini üzüb 

Eyvazın papağına taxdı. Sonra yenə Qırata minib Eyvazı da tərkinə 

alıb yola düzəldi. 

Ərəb Reyhan Koroğlunun yolunu kəsmişdi. Koroğlunun ağzı düşmüşdü 

qorxunc bir uçuruma. Uçurumun dörd bir yanı elə sıldırım 

qayalıq, daşlıq idi ki, quş quşluğu ilə keçə bilməzdi. Koroğlu bir uçuruma 

baxdı, bir tərkindəki Eyvaza baxdı, bir də onu dəfələrlə ölümdən, 

mühasirədən xanların, paşaların çəngindən qurtaran Qırata baxdı, 

aldı görək nə dedi: 

Arxam qarı düşman, qabağım uçrum, 

Apar Çənlibelə məni, Qıratım! 

Sənə sığınmışam, qurtar bu dardan, 

Apar Çənlibelə məni, Qıratım! 

Olur Çənlibelin söhbəti, sazı, 

Gəlir gumrah keçir baharı, yazı, 

Almışam tərkimə iyid Eyvazı, 

Apar Çənlibelə məni, Qıratım! 

Koroğlu əməyi getməsin zaya, 

Gərək qan udduram bəyə, paşaya, 

Sıçrayıb quş kimi atıl o taya, 

Apar Çənlibelə məni, Qıratım! 

Koroğlu Qıratı cövlana gətirdi, səsləndi. Qırat dörd ayağını yığıb 

özünü yığışdırdı, qızıl quş kimi sıçradı, uçurumun o tayına düşdü. Qırat 




elə sıçradı ki, Koroğlunun başında papağı da tərpənmədi. Ərəb Reyhan 

buna tamaşa eləyirdi. O elə fikir eləyirdi ki, Qırat bu uçurumdan 

sıçraya bilməyəcək. Başındakı yüz atlı ilə hücum eləyib Koroğlunu 

tutacaq, özünün də qollarını bağlayıb Türkmana aparacaq. Qırat ki, 

uçurumu elə sıçradı, Ərəb Reyhan bundan hesabını apardı. Qarnına 

sancı düşdü. Ancaq bunu başındakı atlılara bildirmədi. Bir nərə çəkib 

yüz atlı ilə dolama yoldan keçib Koroğlunun üstünə gəldi. Koroğlu 

dönüb geri baxdı, gördü Ərəb Reyhan başındakı atlılarla onun dalınca 

gəlir. Koroğlu Qıratın başını çəkdi, geri döndü Ərəb Reyhanın yanına 

qayıtdı, aldı görək nə dedi: 

Yağı düşmanın hərbəsi 

Qaçırtmaz meydannan məni. 

Qorxaq müxənnət zərbəsi 

Qaçırtmaz meydannan məni. 

Girrəm meydana ər kimi, 

Durram qabaqda nər kimi, 

Düşman boylanar xər kimi, 

Qaçırtmaz meydannan məni. 

Hərdən bərədə yataram, 

Ortada şeşpər ataram, 

Paşanı diri tutaram

Qaçırtmaz meydannan məni. 

Aləmə bəlli hünərim, 

Çənlibeldə dəlilərim, 

Mərd iyidə peşkəş sərim 

Qaçırtmaz meydannan məni. 

Koroğluyam, budu düzü, 

Comərdin sərt olar üzü. 

Müxənnətin tənə sözü 

Qaçırtmaz meydannan məni! 

Koroğlu sazla dediyi kimi sözlə də dedi: 

– Ərəb Reyhan, mən paşalara, bəylərə, xanlara qan udduran Koroğluyam. 

Mən sənin kimi adamlardan qorxmaram. Ancaq sənin bu 

adamlarına yazığım gəlir. Onları nahaq yerə qırdırıb qanlarına bais 

olma. Mənimlə dava etmək istəyirsən buyur, bu meydan, bu şeytan. 

Mərd igid davada başının adamını qırdırmaz. 

Koroğlu bu sözlərdən sonra genə də özünü saxlaya bilməyib üç 

telli sazı döşünə basdı. Qıratı cövlana gətirib dedi: 

Mərdsənsə gəl, Ərəb Reyhan 

Savaşaq indi sənnən mən! 

Gör gücümü eylə haşa, 

Savaşaq indi sənnən mən! 

Götürrəm əlimə nizə, 

Mərdlər əhsən desin bizə, 

Duraq meydanda üz-üzə 

Savaşaq indi sənnən mən! 




Demə mənə bu hədyanın, 

Yəqin bil ki, allam canın, 

Qılıncla tökərəm qanın, 

Savaşaq indi sənnən mən! 

Gərək dost düşmanım seçəm, 

Çətin olar qorxam, qaçam, 

İstərəm ki, meydan açam, 

Savaşaq indi sənnən mən! 

Koroğluyam, durmuşam mərd, 

Yaman ürəyə düşsün dərd

İyidsənsə, ol meydangərd, 

Savaşaq indi sənnən mən! 

Bəli, dava başlandı. Əvvəlcə olar elə at üstündə meydana girdilər. 

Bir-birinə nizə atdılar, qılınc vurdular, nə qədər hiylə işlətdilərsə, bir 

kaş aşmadı. 

Koroğlu gördü yox, Ərəb Reyhan elə balaca canavar deyil, beləliklə 

bir şey çıxmayacaq. Atdan düşüb, qollarını çırmadı. Paltarlarının 

ətəklərini belinə sancıb meydanı dolanmağa başladı. Bəli, Ərəb Reyhan 

da atdan düşdü. Hər ikisi piyada olub güləşməyə başladılar. Çox 

güləşdilər, bir-birini kotan kimi yerdə sürüb, meydanı qaraltdılar. 

Genə də bir murad hasil olmadı. 

Axırda dəli Koroğlu elə bir nərə çəkdi ki, bütün dağlar, daşlar səsə 

gəldi. Ərəb Reyhanın adamları içinə qırğı girmiş toyuq cücələri kimi 

pərən-pərənə düşüb hamısı qaçıb dağıldı. Ərəb Reyhanın qulaqları batdı. 

Koroğlu onu başına qaldırıb yerə vurdu, sinəsinə çöküb xəncərini boğazına 

dayadı. Ərəb Reyhan bir dəfə də olsun nə dinmədi, nə ağlamadı, nə 

də aman istəmədi. Koroğlu xəncəri yerinə qoyub ayağa durdu. 

Deyirlər ki, Koroğlu çox mərd imiş. Ağlamayan, yalvarmayan 

düşmanı öldürməzmiş. Ərəb Reyhanı da mərdliyinə görə öldürmədi, 

bağışladı. Ərəb Reyhan min ənvai-müsibət ilə ayağa durdu. Qolu, qıçı 

əzilmiş, haytıya-haytıya bir təhər ki, atına minib Türkmana tərəf yola 

düşdü. Qoç Koroğlu da Eyvazı tərkinə alıb Çənlibelə yol başladı. 

Nigar xanım çoxdandı ki, Koroğlunun yolunu gözləyirdi. Vədəsindən 

çox keçmişdi, Koroğlu hələ gəlib çıxmamışdı. Bir gün yenə 

Nigar bir hündür təpədə durub yollara baxırdı. Bir də gördü nə, yollarda, 

toz-dumana, duman toza qarışdı, diqqət eləyib gördü Koroğlu 

Qıratın üstündə, tərkində də Eyvaz budu gəlir. Nigar xanım təpədən 

yenib dəlilərin yanına qaçdı, aldı görək nə dedi: 

At belində qoç dəlilər, 

Eyvazı pişvaz eləyin 

Bir-birindən xoş dəlilər, 

Eyvazı pişvaz eləyin. 

Eyvazım bənzər laçına, 

Tovuzlar heyran saçına, 

Vermərəm Çinə, Maçına, 

Eyvazı pişvaz eləyin. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə