Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

göndərib aşıq Cünunun gəlib onun məclisində də oxumasına izn istədi. 

Cəfər paşa izn verdi. Aşıq Cünun qalxıb Telli xanımın məclisinə gəldi. 

Telli xanımın yanında qırx incəbel qız əyləşmişdi. Telli xanım aşıq 

Cünunu görüb dedi: 

– Ay aşıq, haralısan? Adın nədi? 

Aşıq Cünun dedi: 

– Ay xanım, Çənlibelliyəm. Adım aşıq Cünundu. 

Telli xanım Çənlibelin adını eşitmişdi. Koroğlunun, onun Qıratının 

tərifi qulağına çatmışdı. Ona görə də Cünuna üz tutub: 

– Ay aşıq Cünun, Çənlibel nə cür yerdi ki, onun atı dəli, iyidi 

dəlidi! Aşığı da dəlidi? 

Aşıq Cünun dedi: 

– Ay xanım, elə mənim ata-anam qoyduğu ad Cünundu. 

Telli xanım dedi: 

– Çənlibeldə qoç Koroğlunu tanıyırsanmı? 

Aşıq Cünun dedi: 

– Çox yaxşı tanıyıram. 

Telli xanım dedi: 

– Elə isə Koroğludan bir az oxu, qulaq asaq. 

Aşıq Cünun dedi: 

– Ay Telli xanım, sinəmə üç xana söz gəlib, izin ver əzəl onu söyləyim, 

sonra da iyidlikdə mərd, dava günü comərd dəlilərin başı, qəhrəmanlar 

qardaşı Koroğludan oxuyum. 

Telli xanım dedi: 

– Aşıq, izindi, oxu. 

Telli xanımın cavabında aldı aşıq Cünun görək nə dedi: 

Bu günkü məclisdə bir gözəl gördüm, 

Gözəllər səfində sana yaraşır. 




Geyinib sallanan gözəllər çoxdu, 

Tərlan kimi süzmək ona yaraşır. 

Tutini bənd eylər şirin dilləri, 

Şümşad barmaqları, nazik əlləri, 

Güləbatın kimi qara telləri

Töküləndə dal gərdənə yaraşır. 

Qənim üstə nərə çəkib hovlamaq, 

Ərəbat döşünə qatıb qovlamaq, 

Sənin kimi bir ceyranı ovlamaq 

Cünun deyər, qoç oğlana yaraşır. 

Telli xanım aşıq Cünunun “Səni ovlamaq da bir qoç oğlana yaraşır” 

deməklə Koroğluya işarə etdiyini bilib, dedi: 

– Ay aşıq Cünun, o oğlan kimdi ki, gəlib məni ovlasın? 

Telli xanımın cavabında aldı aşıq Cünun görək nə dedi: 

Əyləşibdi Çənlibelin elində, 

Deyil işlərində naşı Koroğlu. 

Misri qılınc həmayıldı belində 

Geyər hər vaxt al-qumaşı Koroğlu. 

Bir hay desə, ağır tüplər basılar, 

Qançırğadan qanlı başlar asılar, 

Nər iyidə yetmiş quzu kəsilər, 

Verər aşı, ağ lavaşı Koroğlu. 

Bir cidası vardı, başı qoşa pər, 

Meydana girəndə əsrəmiş bir nər, 

Paşalar titrəyər, şahlar tük tökər, 

Yetmiş yeddi dəli başı Koroğlu. 

Aşıq Cünun bu məclisdə qalmasa

Şirin canın eşq oduna salmasa, 




Telli xanım kimi gözəl almasa, 

Çəkər, yıxar dağı-daşı Koroğlu. 

Telli xanım aşıq Cünundan Koroğlunun tərifini eşitdi, əzəl ona xələt 

verdi, sonra əlinə qələm alıb Koroğluya belə bir namə yazdı: “Koroğlu, 

sənin iyidlik tərifini eşitdim. Gəlib məni aparsan bu hünər sənə halal 

olsun, apara bilməsən kişiliyi yerə qoy, başına yaylıq ört”. 

Aşıq Cünun naməni götürüb Çənlibelə yol aldı. O zaman Çənlibelə 

çatdı ki, Koroğlu kef məclisi qurmuşdu. Aşıq Cünun Telli xanımın 

naməsini Koroğluya verdi. Əhvalatı dil cavabı nağıl elədi. 

Dəlilərin hamısı kef məclisində, Koroğlunun yanında idilər. Koroğlu 

dəliləri başsız qoyub Ərzuruma Telli xanımı gətirməyə gedə bilmədi. 

Keyf üstü idi. Bir badə şərab doldurub əlinə aldı. Üzünü dəlilərə tutub 

dedi: 

– Kim Koroğlunun xatirini istəyir, alsın bu şərabı içsin, getsin Ərzurumdan 



Cəfər paşanın qızı Telli xanımı gətirsin. 

Dəlilərdən səs çıxmadı. Koroğlu əlində şərab üçüncü dəfə təklif 

eləyəndə Dəmirçioğlu irəli yeridi, Koroğlunun əlindən şərabı alıb içdi. 

Aldı Dəmirçioğlu: 

Götürüb belimə qılınc bağlayıb, 

İzn versən Ərzuruma gedərəm, 

Yağı düşmən qəzəbindən qorxmaram

İzn versən, Ərzuruma gedərəm. 

Axtararam düşmanları seçərəm, 

Başlarını yarpız kimi biçərəm, 

Mərd yolunda başdan, candan keçərəm, 

İzn versən, Ərzuruma gedərəm. 

Dəmirçioğlu, axıtsalar qanımı, 

Qoç iyidə qurban dedim canımı, 




Alıb gətirərəm Telli xanımı 

İzn versən, Ərzuruma gedərəm. 

Dəmirçioğlu sözünü sazınan dediyi kimi dilinən də dedi: Dəmirçioğlu 

nə qədər ki, Koroğlunun yanında idi, hələ bir dəfə də olsun 

uzaq səfərə çıxmamışdı. Bərkə-boşa düşməmişdi. Dəlilər dedilər: 

– Ay Koroğlu, Dəmirçioğlu dava görməyib, bərkə-boşa düşməyib, 

xamdı. Onu uzaq səfərə, Telli xanımı gətirməyə göndərirsən? 

Koroğlu başındakı dəlilərə Dəmirçioğlunun hünərli, güclü bir iyid 

olduğunu bildirmək istədi. Koroğlu bir alma götürdü. Almanın üst tərəfinə 

bir üzük taxdı. Dəmirçioğlunun papağını götürdü, almanı onun 

başına qoydu. Almanı Dəmirçioğlunun başına elə qoymuşdu ki, orda 

üzüyün halqası görünürdü. 

Koroğlu Qıratı yəhərləyib mindi, əlinə yay-ox aldı. Qıratı qızılquş 

kimi cövlana gətirdi. Yay-oxu çilləyə mindirdi. Bir-birinin dalınca 

qırx ox atdı. Yaydan çıxan oxların hamısı üzüyün halqasından keçdi. 

Heç biri xata eləmədi. Yayınmadı. Koroğlu oxları atanda Dəmirçioğlu 

nə yerindən qımıldanmadı, nə rəngi qaçdı, nə gözləri qırpındı. Canından 

qorxmayan qoç iyit kimi yerində mərdanə durdu. Bir yana tərpənmədi. 

Koroğlu bundan çox şad oldu. Könlü havalandı, ürəyi coşdu, aldı 

görək nə dedi: 

Dəlilər içində bəlli iyidsən, 

Gördüm sınayanda mərdanə səni. 

Şəst ilə dayandın meydan içində

Bənzətdim alıcı tərlana səni. 

Çənlibel dediyin dağlar damanı, 

Müxənnəslər gəlsə çəkər amanı 

Başında nişanə aldım almanı, 

Qorxutmadı hədəf, nişana səni. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə