Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

Qırpınmadı gözün, qaçmadı rəngin, 

Aləmə yayılar savaşın, cəngin, 

Allam xəracını Hindin, Firəngin, 

Göndərrəm İrana, Turana səni. 

Çənlibel başında məclis qurulsun

Xanların, bəylərin boynu vurulsun. 

Gəl əyləş mey içək, keflər durulsun, 

Koroğlu çağırır dövrana səni. 

Koroğlu söznən dediyi kimi dilnən də dedi: 

– Məni istəyən Dəmirçioğluna xələt versin. 

Dəlilər, xanımlar Dəmirçioğluna xələt verdilər. Dəmirçioğlu Koroğlunun 

sınağından yaxşı çıxdığından dəlilər onun mərdliyinə, iyidliyinə 

heyran oldular. 

Koroğlu dedi: 

– Oğul, izindir, get yaraqlan. 

Dəmirçioğlu yeddi qılınc, yeddi qalxan, yeddi cida, yeddi gürz, 

yeddi toppuz götürdü. Koroğlunun yanına qayıtdı. Koroğlu gördü Dəmirçioğlu 

o qədər yarağ götürübdü ki, altında tərpənə bilmir. Aldı görək 

nə dedi: 

Dəmirçioğlu Ərzuruma varanda, 

Ərzurum dediyin gölə nisbətdi. 

Çox yaraq götürmək başa bəladı. 

Qılınc həmayıldı, belə nisbətdi. 

Söyləyim sözlərim, eylə diləzbər, 

Şirin nəsihətim qıl sinədəftər. 

İyidə lazımdı, gürz, qalxan, şeşpər, 

Cida bir buynuzlu kələ nisbətdi. 

Koroğlu tək düşmənləri səsləmək, 




Hay deyəndə yağı üstə qəsd demək. 

Arpa verib candan betər bəsləmək, 

Ərəbat dediyin yelə nisbətdi. 

Dəmirçioğlu elə bilirdi ki, iyidin yarağı nə qədər çox olsa, bir o 

qədər yaxşıdı. Koroğlunun bu sözündən sonra Dəmirçioğlu yaraqların 

hərəsindən birini götürdü. Koroğlu ona bu dəfə dedi: 

– Oğlum, atların hansını minmək istəyirsən, get min. 

Dəmirçioğlu getdi tövlədən Ərəbatı çəkdi, yəhərlədi mindi, Koroğlunun 

qabağına çıxanda Ərəbata bir qamçı vurdu. Koroğlu Dəmirçioğlunun 

atı vurmağın görəndə götürdü görək nə dedi: 

Səhərdən meydan başına 

Ərəbat çarxaçı gərək. 

Ərəbatın nədir suçu? 

Bir iyid minici gərək. 

İyidin iyid dəstinə, 

Girəndə abdal postuna, 

Yoldaş yoldaşın üstünə 

Dar gündə dönücü gərək. 

Koroğluyam, sözüm oxdu, 

Paşalardan qorxum yoxdu, 

Bu dünyada iyid çoxdu, 

İyiddə nər gücü gərək. 

Dəmirçioğlu Koroğlu ilə, dəlilər ilə salamatlaşıb yola düşdü. Bir az 

getmişdi birdən atının başını çəkdi, geri qayıtdı. Koroğlu gördü Dəmirçioğlu 

gəlir. O belə fikir elədi ki, Dəmirçioğlu qorxub qayıdıb. Dedi: 

– Oğul, niyə qayıtdın? 

Dəmirçioğlu dedi: 

– Ərzurum böyük şəhərdi. Bəlkə getdim Telli xanımı tapa bilmədim, 




gücüm çatıb gətirə bilmədim, bu haqda mənə tapşırığın nədi? 

Dəmirçioğlunun cavabında aldı Koroğlu, görək nə dedi: 

Ərzurumun bazarına varanda, 

Məqamda düşmanı atmağın gərək. 

Gördün ki, mətləbin başa varmadı 

Ərəbat yalına yatmağın gərək. 

İyid gərək meydan aça, düz dura, 

Düşmən qabağında bığını bura, 

Ayaqların üzəngiyə bərk vura, 

Şeşpəri-şeşpərə çatmağın gərək. 

İyid olan neylər əllini, yüzü? 

Namərdin davada dörd olar gözü. 

Budu Koroğlunun, oğul, bir sözü 

O Telli xanımı tapmağın gərək. 

Dəmirçioğlu Koroğludan ayrılıb Ərəbatı sürüb Ərzuruma tərəf yol 

başladı. Hər yerdən keçib gəldi Ərzurumun dağlarına çatdı. Özü yorğun, 

atı da ac idi. Düşdü atı ota buraxdı, özü də bir bulağın başında dirsəkləndi. 

Bu dirsəklənməkdə Dəmirçioğlunu yuxu apardı. Bir də qalxanda 

gördü ki, hər yanı duman bürüyüb, Ərəbatı da yoxdu. Götürdü görək 

nə dedi: 

Ərəbat getdi əlimnən, 

Ərəbatı mən istərəm! 

Ayrı düşmüşəm elimnən 

Ərəbatı mən istərəm! 

Bənnasız hörgü hörülməz, 

Təbibsiz xəstə dirilməz, 

Baxıram heç yan görünməz 

Ərəbatı mən istərəm! 




Dəmirçioğlunun bu vaxtı, 

İyidəm istərəm baxtı, 

Ətrafımda düşman çoxdu, 

Ərəbatı mən istərəm! 

Dəmirçioğlu gəzdi, Ərəbatı dümandan, çisgindən tapa bilmədi. Aldı 

yenə görək nə dedi: 

Dünyada heç iyid yoxsul olmasın, 

Yoxsulluq iyidə yaman ad olu. 

Hər kəsin ki, varı-dövləti olsa, 

Ləzzət çəkər, dahanında dad olu. 

Varlı, kasıb bu dünyadan keçərlər, 

Yaxşını, yamanı arar, seçərlər, 

Varın olsa gəlib yeyər, içərlər, 

Yoxsul olsan qohum, qardaş yad olu. 

Dəmirçioğlu ha oxuyar arada, 

Artdı dərdim oldu həddən ziyada, 

Yaxşı at minənlər qalsa piyada – 

Daş düşər başına, ömrü bad olu. 

Dəmirçioğlu Ərzurum dağlarında Ərəbatı axtaran zaman bir naxırçıya 

rast gəldi. Götürdü, görək, naxırçıdan Ərəbatı necə xəbər aldı: 

Başına döndüyüm naxırçı qardaş, 

Mənim Ərəbatım gördünmü ola? 

Mərd iyidin atı candan əzizdi, 

Mənim Ərəbatım gördünmü ola? 

Naxırçı: 

Başına döndüyüm mərd, iyid oğlan, 

Sənin Ərəbatın mən dağda gördüm. 

Qoç iyidlər qalmasınlar piyada, 




Sənin Ərəbatın mən dağda gördüm. 

Dəmirçioğlu: 

Dumandı, çisgindi günün qarası, 

Gözümə görünmür dağlar arası, 

İyidin atıdı, ciyərparası, 

Mənim Ərəbatım gördünmü ola? 

Naxırçı: 

Adın nədi sənin, hardan gəlirsən? 

Comərdlərin könül pasın silirsən, 

Cəzib Ərəbatı tapa bilirsən, 

Sənin Ərəbatın mən dağda gördüm. 

Dəmirçioğlu: 

Dəmirçioğlu dolanıbdı elləri, 

Məskən eləyibdi çənlibelləri, 

Arada işləyər düşman felləri

Mənim Ərəbatım gördünmü ola? 

Naxırçı: 

Mərd igid, könlünə gəlməsin güman, 

Düşmanlar əlindən çəkərlər aman, 

Ayazıyar ətraf, çəkilər duman, 

Sənin Ərəbatın mən dağda gördüm. 

Naxırçı Ərəbatı Dəmirçioğluna nişan verdi, getdi. Bir az keçdi, yel 

qalxdı, dağlar başından duman çəkildi. Ətraf ayazıdı, hər yan göründü. 

Dəmirçioğlu Ərəbatı tapıb mindi, az getdi, çox getdi, axşam çağı 

özünü Ərzuruma yetirdi, bir qoca qarıya rast oldu. Dedi: 

– Ay qarı nənə, qəribəm, məni bir gecəliyə qəbul eləyərsənmi? 

Qarı dedi: 

– Bizlər qonağı çox sevərik, niyə eləmirəm. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə