Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

– Telli xanım, mən səni belə dalaşsız-davasız Çənlibelə aparsam 

Koroğlu deyəcək oğurlayıb gətiribsən, bu – iyidlikdən deyil, gərək 

qayıdam qoşunla dava eləyəm, səni elə aparam. 

Bu tərəfdən qoşun gəlib yetişdi. Dəmirçioğlu baxdı ki, yolun qırağında 

bir qalaça var. Telli xanımı gətirib haman qalaçada qoydu, qalaçanın 

ağzını da bir daş ilə möhkəmlədib özü qılıncı çəkdi qoşuna 

cumdu. Deyirlər ki, Dəmirçioğlu Cəfər paşanın qoşunu ilə düz üç gün, 

üç gecə vuruşdu. Çox adam öldürdü. Qoşunu əldən-ayaqdan saldı. Cəfər 

paşa özü də qoşunun içində idi. Gördü ki, bu yolla onu öldürə bilməyəcəkdi. 

Əmr elədi kəmənd atanlar gəldilər. Hər tərəfdən kəmənd 

atıb axır ki, Dəmirçioğlunu tutdular. Telli xanımı da qalaçadan çıxardıb 

şəhərə gətirdilər. 

Cəfər paşa eləydi ki, acığından qudurmuş itə dönüb zəncir gəmirirdi. 

Əmr eləyib Dəmirçioğlunu Pəhlivan meydanında zəncirlətmişdi. 

Gündə bir cəllad bıçağı enində ayaq tərəfindən soydurub yerinə saman 

təpdirirdi. 

Dəmirçioğlu burda qalsın, gəlin sizə Çənlibeldə Koroğludan xəbər 

verim. Koroğlu bir gecə yatmışdı, yuxusunda gördü ki, bir dişi laxlayıb, 

ağzı qan ilə doldu. Səksənib yuxudan ayıldı. Elə bir dəli nərə 

çəkdi ki, bütün dəlilər yuxudan qalxdılar. Koroğlu dəliləri yanına 

çağırdı, görək onlara nə dedi: 

At belinə, dəlilərim, 

Sizə qurban can, yerisin!.. 

Tutulubdu Dəmirçioğlu, 

İyid, pəhlivan yerisin!.. 

Yağılar çəksin amanı, 

Gözüm görməsin yamanı, 

Leş-leşə verək düşmanı, 




Axsın, qızıl qan yerisin!.. 

Qoç Koroğlu gələr coşa, 

Polad qalxan tutar başa

İyidlər dursun savaşa, 

Qıraq sultan, xan yerisin!.. 

Dəlilər işi belə görəndə yaraxlanıb atlandılar. Koroğlu özü də Misri 

qılıncını belinə bağladı, qalxan asdı, nizə götürdü, sıçrayıb tərlan quş 

kimi Qıratın belinə qondu. Çənlibeldən ildırım kimi endilər. Üz tutub 

Ərzurum sənsən getdilər. Dağları, daşları üz elədilər, dərələri, təpələri 

düz elədilər. Özlərini Ərzuruma yetirdilər. 

Koroğlu yenə də düşmanı yoxlamaq üçün aşıq paltarını geyinib, 

dəliləri Ərzurumun dağlarında qoyub özü tək şəhərə girdi. Gəzə-gəzə 

gəlib çıxdı meydana. Gördü Cəfər paşa başının adamları ilə buradadı. 

Cəfər paşa onu görcək yanına çağırtdırıb dedi: 

– Aşıq, Koroğlunun bir dəlisini tutdurub dərisini soydururam. 

Deyirlər o dəli çox iyiddi, bir ondan oxu qulaq asaq. 

Koroğlu belə baxanda gördü ki, Pəhlivan meydanının bir tərəfində 

Dəmirçioğlunu zəncirə bağlayıblar. Cəlladlar ayaq tərəfindən soyub 

dərisinə saman təpirlər. Cəfər paşa onun yanına gedib soruşdu: 

– Hə dəli, necəsən, inciyirsən? Qorxursanmı? 

Dəmirçioğlu paşanın cavabında dedi: 

– Qoç Koroğlunun dəlisi heç qəm çəkib qorxarmı? 

Koroğlu Dəmirçioğlunun bu sözünü eşidib aldı görək nə dedi: 

Dəmirçioğlu, dəlilərim 

Qisasını alar indi. 

Sultana, paşaya, xana 

Misri qılınc çalar indi. 

Olum mən sənin qurbanın, 




Mərd iyidsən qıydın canın, 

Comərd dəlilər düşmanın 

Yanar oda qalar indi. 

Uymaz yağılar felinə, 

Gərək Koroğlu bilinə, 

Qızıb Ərzurum elinə

Bir vəlvələ salar indi. 

Koroğlu gördü Dəmirçioğlunun yarasından qan axır, taqətdən düşüb. 

Məlul-məlul baxır, aldı əl üstü görək nə dedi: 

Məlul-məlul nə baxırsan, 

Dəmirçioğlu, Dəmirçioğlu?! 

Canım odlara yaxırsan, 

Dəmirçioğlu, Dəmirçioğlu?! 

Dost dostdan aralı gərək, 

Qovğaya varalı gərək, 

İyidlər yaralı gərək, 

Dəmirçioğlu, Dəmirçioğlu!.. 

Qoç Koroğlu eylər savaş, 

Kəsər, tökər çox qanlı baş, 

Telli xanım sənə peşkaş, 

Dəmirçioğlu, Dəmirçioğlu!.. 

Koroğlu üzünü Dəmirçioğluna tutub oxuyurdu. Cəfər paşa dedi: 

– Aşıq, onun indi boynunu vurduracağam, onda baxarsan, oxu. 

Deyirlər Koroğlu nərə çəkəndə nərəsindən dağ-daş titrəyir. Koroğlu 

kimi nərə çəkə bilərsənmi? 

Koroğlu dedi: 

– Çox yaxşı nərə çəkə bilərəm. 

Aldı görək nə dedi: 




Qul deyərlər qulun boynun burarlar

Qullar qabağında gedən tirəm mən. 

Hesablıya dağ da olsam əyilləm, 

Bədhesaba yaman kinligirəm mən. 

Qırram qoşununu xaki-pay kimi, 

Bir qılınc vuraram Əmiray kimi. 

Mən coşmuşam boz bulanıq çay kimi, 

İnanma ki, neçə ilə sönəm mən. 

Koroğlu da yatıb-yatıb oyanmış, 

Misri qılınc qızıl qana boyanmış, 

Mən poladam, dəmirçidə dayanmış, 

Şüşəyəmmi əl dəyəndə sınam mən? 

Koroğlunun nərəsinə dəlilər dağlardan tökülüb hər yandan qoşunu 

qırmağa başladılar. Koroğlu Cəfər paşanı yerə vurub sinəsinə çökdü. 

Misri qılıncı çəkib başını kəsmək istəyəndə Telli xanım özünü atasının 

üstünə saldı, başından yaylığını açıb Koroğlunun ayağının altına atıb 

dedi: 

– Koroğlu, iyid basdığın kəsməz. Bu dəfə atamı mənə bağışla. 



Koroğlu Cəfər paşanın sinəsinin üstündən qalxdı. Dedi: 

– Get, səni Telli xanıma bağışladım. Ancaq bir də qabaqlaşsaq 

əlimdən can qurtara bilməyəcəksən. 

Cəfər paşanın qoşunu qırılan qırıldı, qırılmayanları qaçıb dağıldı. 

Koroğlu davadan əl çəkib Telli xanımı, Dəmirçioğlunu götürüb Çənlibelə 

yola düşdı. 

Koroğlu ilə Eyvaz dəlilərin qabağında gedirdi. Yolun çoxunu getmişdilər

azı qalmışdı. Çənlibelə yaxınlaşmışdılar. Bir də Koroğlu 

üzünü Eyvaza tutub dedi: 

– Eyvaz, get gör Dəmirçioğlunun yarası necədi, sağalırmı? 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə