Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

– Bala, şəhərə belə girmə. Aslan paşa xəbər tutar, siz yetişənə 

qədər dəliləri azdırar, qoy başındakı dəlilər dört bir dört bir olub 

adamlara qarışsınlar, şəhərə elə girsinlər. 

Biçinçi qocanın sözü Koroğlunun xoşuna gəldi. Ancaq hələ şəhərə 

çox qalırdı. Bir az da getmişdilər bir də gördülər ki, budu qabaqdan bir 

atlı tələsik atını sürüb çölə tərəf gedir. Dəli Həsən ata bir məhməz 

vurub özünü çatdırdı atlıya. Baxdı ki, bu atlı əynində çuxa, ayağında 

başmaq, qanovuz arxalığın üstündən də belində tirmə şal olan 

enlikürək, qarnı yoğun bir kişidi. Atın tərkində bir xurcun, xurcunun 

bir gözündə çörək, bir gözündə bir sərnic qatıq var idi. Özü də deyəsən 

kişi çox tələsirdi. 

Dəli Həsən dedi: 

– A kişi, bir dayan görüm, belə haraya gedirsən? 

Kişi cavab verdi ki: 

– Çöldə biçinçilərimiz var, onlara çörək aparıram. Nə sözün var, 

tez ol de tələsirəm. Gərək tez qayıdam şəhərə. 

Dəli Həsən dedi: 

– Yaxşı, şəhərdə nə var ki belə? Xeyir ola. 

Kişi dedi: 

– Aslan paşa bu gün Koroğlunun üç dəlisini asdıracaq. Böyük 

şadyanalıq olacaq. İndi tələsirəm ki, tez o şadyanalığa çata biləm. 

Dəli Həsən kişidən elə bu sözü eşitcək əlini atıb kişinin xırtdəyindən 

tutub dik atın üstündən götürdü. Elə eləcə gətirdi Koroğlunun 

hüzuruna. Koroğlu baxdı ki, kişi çoxdan cəhənnəmə vasil olub. 

Soruşdu ki: 

– Bunu niyə boğdun? 

Dəli Həsən əhvalatı danışdı. Koroğlu baxdı ki, demək bu gün Eyvazgili 

doğrudan da asacaqlar. Ürəyi qəzəblə dolub aldı, görək nə dedi: 

Uca-uca dağ başında 

Yaz bir yana, qış bir yana. 

Titrəşir ağzım içində, 

Dil bir yana, diş bir yana. 

Nə edək, dəlilər, edək! 

Düşmənin bağrını didək! 

Xan Eyvaza kömək edək! 

Dörd bir yana, beş bir yana. 

Hər nə oldu mənə oldu, 

Qaynadı paymanam doldu, 

Gördün ki, düşmən güc gəldi, 

Qov bir yana, qaç bir yana. 

Koroğlunun yox əlacı, 

Misirdən gəlir xəracı, 

Çəkəndə Misri qılıncı, 

Leş bir yana, baş bir yana. 

Koroğlu dəliləri dörd bir-beş bir elədi. Dedi: 

– Camaata qarışın, şəhərə girin. Amma ta ki, mən əllərimi bığıma 




çəkməmiş, davaya başlamayın. 

Koroğlu bunu deyib özü tək başına çiynində də saz şəhərə girdi. 

Bu burada qalsın, sənə kimdən deyim, Aslan paşadan. 

Aslan paşa dar ağacı qurdurmuşdu. Dəliləri də dar ağacının yanına 

gətirtmişdi. Cəllad qabaqca Eyvazı dar ağacına gətirdi. Qollarını çırmalayıb 

ipi hazırlamağa başladı. Dəmirçioğlu işi belə görəndə gözlərini 

yaş tutdu, aldı, görək nə dedi: 

Hanı mənim qoç Koroğlum, 

Gələ girə bu meydana! 

Çəkəndə Misri qılıncı, 

Qəbzəsi qana boyana! 

Qırat bir burdan atıla, 

Müxənnət, ölkən çapıla! 

Koroğlu burda tapıla, 

Hərəniz qaça bir yana! 

Dəmirçioğlunu dindir, 

Suçunu boynuna mindir, 

Biz iki dəlini öldür, 

Gəl, sən qıyma Eyvaz xana! 

Dəmirçioğlu sözünü tamam eləyəndə Koroğlu gözləri qızmış özünü 

meydana saldı. Aslan paşa da meydanda idi. Koroğlunun çiynində saz 

görüb dedi: 

– Əyə, aşıqsanmı? 

Koroğlu dedi: – Aşığam. 

Aslan paşa dedi: 

– Onda Koroğlunun dəlilərini asdırmaqdan qabaq bir oxu, kefimiz 

açılsın. 

Koroğlunun başında gələn dəlilər adamların arasında idi. Dava 

başlamaq üçün Koroğlunun işarəsin gözləyirdilər. Hamısı elə idilər ki

dodaqlarını gəmirib, bığlarını çeynəyirdilər. Koroğlu dəlilərə baxıb 

götürdü, görək nə dedi: 

Dəlilərim, bu gün dava günüdü, 

Müxənnəs ölkəsi talanmaq gərək! 

Qoç iyidlər yarasından bəllənər, 

Şərbət tək qanını yalanmaq gərək! 

Mərd iyidlər nərə çəksin davada, 

Şahin kimi şikar tutsun yuvada, 

Misri qılınc cövlan vursun havada, 

Bağırsaq cəmdəyə dolanmaq gərək! 

Koroğlu içəndə düşmən qanını, 

Mərd meydanda nərəsindən tanını, 

Qırın vəzirini, tutun xanını, 

Leş-leşin üstünə qalanmaq gərək! 

Aslan paşa dedi: 

– Ay aşıq, sən elə ölüb öldürməkdən deyirsən. Bu nədi? Niyə 

qışqırırsan? Bir az alçaqdan oxusana! 




Koroğlu Aslan paşanın cavabında dedi: 

– Qulas as, oxuyum. 

Acığından qan Koroğlunun beyninə vurmuşdu, gözləri qıpqırmızı 

qızarmışdı. Dar ayağında dayanan Eyvaza baxıb aldı görək nə dedi: 

Canım paşa, gözüm paşa, 

Paşa qoy, gəlsin Eyvazı! 

Budu sana sözüm paşa, 

Paşa, qoy gəlsin Eyvazı! 

Göydən ildırım tökdürrəm, 

Yurdunda bostan əkdirrəm, 

Torpağın dağa çəkdirrəm, 

Paşa, qoy gəlsin Eyvazı! 

Əyləşib paşalar, bəylər, 

Sinəmdən baş verib millər, 

Koroğlu iltimaz eylər, 

Paşa, qoy gəlsin Eyvazı! 

Koroğlu oxumağında olsun, paşa da qulaq asmağında, sənə kimdən 

xəbər verim, Giziroğlu Mustafa bəydən. Bağdad tərəfindən Giziroğlu 

Mustafa bəy adında bir iyid var idi. Giziroğlunun başında da qırx 

atlısı var idi. Özü də Koroğlu ilə düşmən idi. Atalar deyiblər ki, iki 

qoçun kəlləsi bir qazanda qaynamaz. O iyid, bu iyid. Giziroğlu Mustafa 

bəy çoxdan idi ki, başının atlılarıyla bərabər o dağ sənin, bu dərə 

mənim Koroğlunu axtarırdı. Onunla dava eləmək istəyirdi. Birdən 

xəbər çıxdı ki, bəs Aslan paşa Koroğlunun üç dəlisini tutub özlərini də 

bu gün asdıracaq. Bu iş Giziroğluna xoş gəlmədi. Bir hay vurub 

dəstəsini başına yığıb dedi: 

– Aslan paşa Koroğlunun üç dəlisini tutub, bu gün dara çəkdirəcək. 

Mən Koroğluynan düşmənəm. Bu öz yerində, amma Aslan paşanın bu 

namərdliyinə yol verə bilmənəm. Gedək onları qurtaraq. 

Giziroğlu bilmirdi ki, Koroğlu özü də Bağdada gəlib. Dəstəsini 

götürüb şəhərə gəldi, gəlib meydandan bir az aralı dayandılar. Baxdı 

ki, Koroğlu aşıq paltarında məclisdədi. Dayanıb baxmağa başladı. Bu, 

burada qalsın sənə kimdən deyim sədrəzəmdən. Aslan paşanın 

sədrəzəmi Koroğludan şübhələnmişdi. Ağzını Aslan paşanın qulağına 

yapışdırıb dedi: 

– Paşam sağ olsun, bu adam ya Koroğludu, ya da ki... elə Koroğludu 

ki, var. 

Aslan paşa heç ona baxmayıb dedi: 

– Əşi, sən də... Koroğlu burada nə qayırır. Qoymazsan oxusun. 

Giziroğlu Mustafa bəy baxdı ki, gün keçir, amma Koroğlu elə 

məclisdə gəzib oxuyur. Fikirləşdi ki, bəlkə Koroğlunun dəliləri hələ 

gəlib çıxmayıb, tək dava eləməkdən qorxur. Gün yubadır. Qoy burada 

olmağımı ona bildirim. 

Giziroğlu Mustafa bəy şeşpərini əlinə aldı, nişan edib atdı. Şeşpər 

gəlib məclisin yanındakı məscidin gümbəzinə dəydi. Paşa dik ayağa 

qalxıb çığırdı ki: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə