Ləman vaqifqizi şƏKİ folklor müHİTİ baki 2012



Yüklə 2,4 Mb.
səhifə5/10
tarix12.03.2018
ölçüsü2,4 Mb.
#31301
1   2   3   4   5   6   7   8   9   10

Adsız mifoloji mətnlər. Ərazidən toplanmış mifoloji obrazlardan danışan söyləyicilər obraz adı çəkmirdilər. Onlar, sadəcə olaraq, mifoloji obrazın adını çəkmədən mətni danı­şırdılar. Bu tip mətnlərin sayı 9-dur (79).

Ərazidən qeydə aldığımız bir mətnə görə, üstüaçıq yer­də çimən gəlin canavara dönür və canavar sürüsünə qoşu­lub gedir. «Azərbaycan mifoloji mətn­ləri» kitabında xeyli sayda oxşar mətnlərlə rastlaşırıq (22, 106-107). Bu mətnlərdə qurda dönən adamları «adamcıl» adlandırırlar. Daha çox gecə çölə lüt, başıaçıq çıxan qadınlar adamcıla çevrilirlər. Bir mətn­də insanın qurda çevrilmə səbəbi bizim mətndə göstə­rilən səbəb­lə üst-üstə düşür. Daha iki mətn də «Gəncəbasar folkloru» və «Naxçıvan folkloru» kitablarında verilmişdir (13, 112; 5, 44).

Bu obrazla bağlı bir qədər fərqli mətn də «İrəvan Çuxu­ru» folklorunda verilmişdir. Həmin mətnin adı Goreşəndir. Goreşən gözəl bir qızdır. Gecə yuxu­dan oyanıb həyətə çıxar­kən onu alovsayağı bir işıq əhatə edir və başına canavar dərisi düşür. Adamcıla çevrilən qız o gündən sonra kənddə adam ölən kimi həmin dərini geyir və ölünü qəbirdən çıxardıb aparır. Yuxarıdakı mətnlərdə adamcıl ancaq diri adamlara və heyvan­lara zərər verirsə, bu mətndə ölüləri qəbirdən çıxardır (14, 32).

Mətnlərdən birində meşədə ovçunu boğub öldürmək istə­yən uzun caynaqlı, saçları üzünə dağılmış qadından danışılır.

Bir mətndə balacaboy, bir təkanla dörd metr hündürlüyə tullanan, tüklü, iri caynaqlı məxluq haqqında söhbət açılır. Başqa bir mətndə skletdən danışılır. Bu mifoloji personaj rast gəldiyi adamın üzünə baxır, ona fikir verməyəndə kolun dalına keçir və sümükləri yerə tökülür.

Digər bir mətndəki obraz isə yarı ilan, yarı qızdır. Ona su başında rast gəlinir.

Ərazidən qeydə aldığımız bir mətnə görə, müharibə vaxtı axşamüstü hə­yət­lərdə ağ paltarlı bir qadın peyda olub ağlamağa başlayırmış. Həmin qadın hansı həyətdə ağlayarsa, o həyətdə yaşayanlara bədbəxtlik üz verərmiş.

D­igər bir mətndə də ağ paltarlı, hündür qadından da­nı­şılır. O, iri bir daşın altından çıxıb həmin daşın üstündə oturur. Adam görəndə isə yenə daşın altına girib yox olur.

Şəki ərazisindən toplanan mifoloji obrazlar ümumtürk mifoloji dün­ya­gö­rü­şünün tərkib hissəsi kimi Azərbaycan mi­folo­giyasının bərpası baxımından olduqca əhəmiyyətlidir.

Şəkidən toplanmış folklor mətnlərində rast gəldiyimiz ma­raqlı obrazlardan biri də Naxışdır. Bu obraz bəzi bölgə­lərdə (Balakən, Zaqatala, Qax, Şəki, Ağdaş və s.) Naxış, bəzi böl­gə­lərdə (xüsusilə, Zəngəzur, Neftçala-Salyan bölgəsində və s.) Qaraçuxa adlandırılır. Həm Naxış, həm də Qaraçuxa ad­ları ilə tanınan personaj bəxt, tale məfhumlarını ifadə edir. Azər­bay­can folklorunda bu obraz kifayət qədər yayğın olsa da, uzun müd­dət folklorşünasların diqqətindən kənarda qal­mışdır. Bu obrazla, daha dəqiq desək, obrazın Qaraçuxa adla­nan variantı ilə ilk dəfə f.e.n. Vəli Nəbioğlu, f.e.n. Muxtar Kazımoğlu və f.e.n. Əfzələddin Əsgərin Zəngilan, Laçın, Cəb­rayıl, Qubadlı, Kəlbəcər rayonlarından birgə toplayıb tərtib etdikləri «Bu yurd bayquşa qalmaz» toplusunda rast gəlirik. Folklorşünas alimlər «Qaraçuxam – ağ günüm» adlan­dırdıqları başlıq altında bir neçə mətn vermişlər (37, 21-23). Sonralar yuxarıda adlarını sa­daladığımız müəlliflər tərəfindən birgə toplanaraq Əfzələddin Əsgər tərəfindən tərtib olunmuş «Azərbaycan folkloru antolo­giyası. XII cild. Zəngəzur folk­loru» kitabına da bu obrazla bağ­lı 7 mətn daxil edilmişdir. Ə.Əsgər həmin kitabın ön sözündə Qaraçuxa ilə bağlı yazır: «Mifoloji rəvayət şəklində deyilən bu mətnlərdə Qaraçuxa insanın özünə bənzəyən mifoloji varlıqdır. Hər insanın bir Qaraçuxası var. İnsanın işlərinin uğurla getməsi Qaraçuxadan asılıdır. Qaraçuxası oyaq olan adamın işləri uğur­la gedir, var-dövlətli olur. Qaraçuxası yatan adam kasıb olur, ağır günlər keçirir. Şirvan bölgəsində bu obraz Naxış adlanır və Qaraçuxa ilə adekvat funksiya daşıyır. «İşi rast düşmək» an­lamında naxışı gətirmək ifadəsi sözügedən mifonimlə bağlıdır. Ancaq hər üç mifonim Azərbaycan mühitində meydana çıx­mış­dır. Sözügedən mifoloji personajın arxaik adı Cənubi Si­birin türk xalqlarında bu günə qədər qorunmuşdur. Sur, sülə, yula adla­nan bu mifoloji personaj insanın bir neçə ruhundan biridir və bədəndən çıxaraq gəzə bilir.

Sur sözü bəzi bölgələrdə (Göyçə, Borçalı, Qazax və s.) «surun yerisin» və ya «surun yeriməsin», «Allah sur versin» kimi alqış və qarğışlar içərisində bu günədək yaşamaqdadır» (16, 23-24). Naxışla bağlı mətnlərə isə filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadənin tərtib etdiyi «Azərbaycan folk­loru antologiyası. XVI cild. Ağdaş folkloru» kitabında rast gəlirik (20; 41, 387-389, 413-416), bir neçə mətn də bizim tərəfimizdən qeydə alınmışdır (79).

Folklorşünas alim Ə.Əsgərin də qeyd etdiyi kimi, həm Qara­çuxa, həm də Naxış öz sahibinə kömək edir, ona xoş­bəxt­lik gətirir. Ona görə də bu obrazla bağlı qeydə alınmış mətnlərin bir qismində bəxti gətirməyən adamlar Qaraçuxanı və yaxud da Naxışını axtarmaqla məşğul olurlar. Həm Naxış, həm də Qaraçuxa obrazına nağıl janrından başqa atalar sözlərində, deyimlərdə, rəvayətlərdə, alqışlarda, qarğışlarda da rast gəli­nir. Məsələn, «Naxış qılıncdan itidi», «Naxışın (və yaxud Qara­çuxan) yatdı, sən də yat», «Naxışı (və yaxud Qa­raçuxası) oyaqdı (yaxud dik durub)», «Naxış öy süpürənin dö­yül, sulan­çaxda sulananındı», «Allah Qaraçuxanı uca elə­sin», «Qara­çu­xan yatmasın», «Naxış, gə mənnən yapış» və s. (20, 179; 37, 106; 79; 21, 75). Azərbaycan folklorunda bu obrazla daha çox iki vəziyyətdə qarşılaşırıq:



1. Naxışın paylanması. Bu obrazın iştirak etdiyi mətn­lərdə Naxışı insanlar arasında bölüşdürmək qərarına gələn Allah-taala bir mələyə və yaxud bir şəxsə onu verib yer üzünə göndərir. Ancaq müəyyən səbəblər üzündən (gecə düşüb hamı yatdığı üçün, Naxışı paylayanın tənbəlliyi üzündən, iş-güclə məşğul olan adamları qıraqda qoyub əyləncə ilə məşğul olanlara verilmə səbəbindən və s.) Naxış hamıya çatmır (79). Bir qism mətnlərdə isə Naxışı verən ya Xıdır Nəbi, ya hansısa pir sahibi, yaxud da adı çəkilməyən bir şəxsdir. Söyləyici, adətən, mətnlərdə adı qeyd olunmayan şəxsi «yaxşı kəsə» (yəni xeyirxah insan) adlandırır (79).

2. İnsanın öz Naxışı ilə rastlaşması. İnsanın öz taleyi, yəni Naxışı ilə qarşılaşdığı mətnlərdə Naxış müxtəlif forma­larda (qoca bir kişi, gözəl bir gəlin və s.) olur (79). Naxışın bu formalarına əsasən Aarne-Tompson kataloqunda 1641-ci nömrə altında verilmiş süjetdə təsadüf olunur. «Naşükür qız» adlı Azərbaycan nağılında insanın bəxti iki formada verilir. Maraqlıdır ki, bu nağılda tikan satıb dolanmaqla məşğul olan kişinin bəxti nurani kişi, həmişə taleyindən gileylənən qızın bəxti isə qoca qarıdır (27, 11-16).

Hətta bəzən Naxışın konkret adlarla adlandırılmasının da şahidi oluruq. Bir mətndə isə nağıl qəhrəmanının Naxışı Mirzə Turağay adlanır. Bu nağılda Naxışını tapan kişi bilici­liklə məşğul olur və çox böyük uğurlar qazanır. Amma sonuncu dəfə dünya bilicilərinin yarışında bütün bilicilər suya atılan tordan su heyvanı çıxarır, bu kişi isə sudan yanı yeddi cücəli qırqovul çıxarır. Meşədən qırqovul tutarkən Naxış çox əziyyət çəkir və sahibini tərk edir (79). Maraqlıdır ki, «Dad Xanpəri əlindən» adlı başqa bir nağılda rəmmallıqla çörəkpu­lu qazanmağa baş­layan kişi tora «bir çüt sağsağan balası düşəcək», – deyir. Doğ­rudan da tora bir cüt sağsağan balası düşür. Amma sonra arvadı Xanpəri onu belə danlayır. Həmin hissəni olduğu kimi verməyi məqsə­dəuyğun saydıq: «Bu (rəm­mal nəzərdə tutulur – L.S.) gəldi öz evinə. Əhvalatı arvadına nağıl elədi, aldığı şeyləri ona verdi. Xanpəri iki əlini onun başına vurub ağzına gələn söyüşü dedi:

– Ədə, köpəyoğlu, mənim qarnımın dərisi ağaclarda qal­dı sağsağan balası axtarmaqdan. Ta bir tısbağadan, qurbağa­dan tapmırdın deyəsən? Gərək sağsağan deyəydin? Bir də belə qələtdəri eləmə» (26, 17). Bu mətn Aarne-Tompson kata­loqunda 1164 nömrəli süjetə uyğundur. Burada Naxışla qarşılaşmadan söhbət getmir, amma yuxarıda verdiyimiz his­sə­dən məlum olur ki, əvvəlki nağılda olduğu kimi burada da rəmmallığı özünə peşə edən şəxsə son yarışda onun Naxışı kömək edir. Bu nağıl AT 1164 və AT 1641 nömrəli süjetlərin kontaminasiyasından təşkil olunmuşdur. Sadəcə, burada Na­xı­şın adı çəkilmir, onun funksiyasını Xanpəri əvəz edir.

Naxış bəzən sahibini öz peşəsi ilə bir müddət məşğul olmağa qoymur (20, 339).

Naxışın quş adı ilə – Torağay adlandırılması da diqqət­çəkən faktdır. Bu, nağıllarımızda padşah seçimi zamanı isti­fadə edilən dövlət quşunun uçurulmasını yada salır («Əzizin nağılı», «Şəminin nağılı», «Nazikbədən», «Əhmədi-Çekkaş», «Yuxu», «İsgəndər-Zülqərneyn» və s.). Başqa bir nağılda (AT 567) həmin quşun başını yeyən padşah, ürəyini yeyən varlı olur (129). «Naşükür qız» adlı nağılda insan bəxtinin birbaşa quşla eyniləşdirilməsi faktı ilə üzləşirik. Bu nağılda taleyin­dən narazı qızın bəxti özü haqqında deyir: «Mən bəxt quşu­yam...» (27, 15). Yenə də həmin nağılda bəxt quşu əfsanəvi Zümrüd quşu kimi dara düşən insanları belinə alaraq lazım olan yerə çatdırır. Hətta nağılın sonunda göydən düşən alma­lar­dan biri də bəxt quşuna çatır: «Göydən üç alma düşdü. Biri bəxt quşunun, biri tikançının, biri də nağıl söyləyənin» (27, 17). M.H.Təhmasib dövlət quşunun iki əsas xüsusiyyətini göstə­rir. O yazır: «Bu quşun kölgəsi bəxtiyarlıq və səadət rəmzidir. Onun kölgəsi kimin başı üzərinə düşsə, o, dünyada mütləq ən bəxtiyar adam olur. Bunun nəticəsi olaraq bu quşun ikinci xüsusiyyəti meydana gəlmişdir. O, kimin başına qo­nar­sa, həmin adam padşah, yəni dövlət başçısı olur» (113, 15).

Naxış obrazının aşağıdakı funksiyaları var:



1. Naxışın insana xoşbəxtlik gətirməsi. Bəzi nağıllarda, adə­tən, bəxtindən razı qalmayan adam Naxışını axtarmağa başlayır, onu daha çox yatan vəziyyətdə tapır, oyatdıqdan son­ra ona dərdini danışır, yatmasından narazı qaldığını bildi­rir. Möhkəm utanmış Naxış da daha yatmamağa, işlərində ona kömək etməyə söz verir. Naxışını tapan insanın o gündən sonra bütün işləri düz gətirir, bağlı qapılar üzünə açılır, həyatı asanlaşır (79). Hətta nəinki Naxışı və yaxud Qaraçuxası oyaq olan adamın, hətta onun yanındakıların belə işləri yaxşı gedir. Məsələn, «Qızıl qoç» nağılında padşahın oğlu Məliyə qoca qarı belə deyir: «... oğul, heç fikir eləmə, bu keçəl nə qədər sənin yanındadı, işin düz gətirəcək. O keçəlin Qaraçuxası hələ qabaqda gedir. Odu ki, sənə də qorxu yoxdu» (26, 109).

Bu gün də Azərbaycanın bəzi bölgələrində işləri düz getməyən adamlar (məsələn, Zəngilan rayonunun, Neftçala-Salyan bölgəsinin sakin­ləri) öz Qaraçuxalarına «Yasin» surəsi oxutduraraq onu oyat­mağa çalışırlar (79). Bəzi bölgə­lə­ri­miz­də­ (məsələn, Sabira­bad, Gədəbəy rayonlarında) Qaraçuxa halvası bişirir, pəncə­rəyə qoyurlar ki, quşlar yesin. Bundan sonra da yatmış Qara­çuxanın oyanacağına inanırlar (79).



2. Naxışın sahibini tərk etməsi. Artıq Naxışının ayaq üstə olmasına arxayın olan insanın istəkləri də gündən-günə artır, həyatdan daha çox şey tələb etməyə başlayır. Sahibinin həddini aşdığını görən Naxış bezir və onu həmişəlik tərk edir. Bundan sonra həmin şəxs yenidən əvvəlki məşəqqətli həya­tına qayıdır (79). Öz bəxtindən şikayətçi, heç vaxt şükür etmə­yən insanlar da tale tərəfindən cəzalandırılır. «Naşükür qız» nağılında do­lanışığından şikayət edən tikançının vəziyyə­ti bəxtindən giley­ləndikdən sonra bir qədər də pisləşir, yalnız şükür etməyə baş­ladıqdan sonra var-dövlət sahibi ola bilir. Hə­min nağılda bəx­tindən narazı qızın da başı olmazın müsibətlər çəkir.

Bəzən də artıq Naxışını tapdığından arxayın olan insan qarşısına çıxan şanslardan bəhrələnmir, daha artığını əldə et­mək fikrinə düşür, bu da onun məhvinə səbəb olur. «Axmaq kişi» nağılında qarşısına bir-birindən yaxşı şanslar çıxan kişi hələ də öz bəxtini axtarır, axırda da şir tərəfindən yeyilir (27, 227-230).



Naxış və Qaraçuxanın fərqli cəhətləri. Hər iki obraz oxşar anlayışları ifadə etsə də, əlimizdə olan mətnlərə əsasən deyə bilərik ki, onlar arasında bəzi fərqli cəhətlər də var:

1. Naxışın konkret hansı formada olması haqqında məlu­mat verilmir. Ona müxtəlif formalarda rast gəlinir. Qara­çuxa isə demək olar ki, bütün mətnlərdə qara yapıncılı adam, bəzən də qara yapıncılı kölgə şəklində təsvir olunur.

2. Naxış sahibinin yanında ehtiyac yarandığı anda peyda olur. Qaraçuxa isə, adətən, sahibinin arxasınca gəzir.

3. Naxışın paylanması ilə bağlı mətnlər də mövcud ol­duğu halda, Qaraçuxanın verilməsindən heç bir söhbət getmir.

4. Qaraçuxa ilə bağlı mətnlərin birində söyləyici onu həm də övliya adlandırır, həmişə evin astanasında olduğunu və evə girərkən ona salam verilməsinin vacibliyini vurğulayır. Naxışla bağlı belə bir fakta rast gəlmədik.

Söyləyicilərin verdiyi məlumata görə, Naxçıvan ərazi­sin­də bəzən qaynatanı evin Qaraçuxası adlandırır, ona hör­mətin vacibliyi vurğulanır (79).

Sadaladığımız fərqlərlə daha çox mifoloji rəvayətlərdə üzləşirik.

Onu da qeyd edək ki, bu obraza daha çox 460 A (Bəxtin axtarılması), 945 (Ağılla bəxtin mübahisəsi), 1641 (Yalançı falçı) nömrəli nağıl süjetlərinin tərkibində rast gəlinir və o, adətən, köməkçi funksiyasını yerinə yetirir. Mifoloji rəvayət­lərdə isə o, insana xoşbəxtlik, var-dövlət gətirmək funksiya­sını daşıyır.

Sonda qeyd edək ki, nağıl janrı olduqca mühafizəkar janrdır. Bu janr daha çox bədii təxəyyülə əsaslandığından və kanonik obrazlar sisteminə malik olduğundan adətən, aktual inanışlar orada öz əksini tapmır. Bəzən nağıllarda bu inanış­lar­la bağlı obrazların ancaq atributlarına rast gəlinir. Məsələn, Albastının bəzi atributları – iridöşlü olması və s. Div qarısı ilə bağlı verilir. Amma nağılda konkret Albastı adı çəkilmir. Sadəcə olaraq, bu atributun Albastıya məxsus olduğunu görü­rük. Amma maraqlıdır ki, Naxış və yaxud Qaraçuxa obrazı hal-hazırda xalq arasında yaşadığı halda, onlarla bağlı inamlar hələ də xalq arasında geniş formada mövcud olduğu halda, bu obraz nağıl janrında özünə yer ala bilmişdir. Sözsüz ki, həm Naxış, həm də Qaraçuxa qədim insanların arxaik mifoloji təsəvvür­ləri ilə bağlıdır. Onların daha dərindən öyrənilməsi həm ümum­türk folklorunun, həm də onun bir qolu olan Azərbay­can folklorunun bərpasına kömək edəcəkdir.

Şəki ərazisində toplanmış mifoloji mətnlər arasında ov­çu­luqla bağlı folklor mətnləri özünəməxsusluğu ilə seçilir. İndiyədək çap olunmuş folklor an­to­lo­gi­ya­larına nəzər salanda bu mövzu ilə bağlı mətnlərin orada özünə lazımınca yer alma­dığını görürük. Şəkidən qeydə alınmış materiallar əsasında hazırlanmış folklor antologiyalarını vərəqlədikdə daha pis vəziy­yətlə qarşılaşdıq. Belə ki, bu antologiyalarda bu mövzu ilə bağlı bir dənə də mətnə rast gəlmədik.

Biz sözügedən ərazidə folklor toplayarkən ovçuluqla bağlı 60 mətn qeydə ala bildik (79). Bunlardan 38-i mifoloji rəvayət, 22-si isə inamdır.

Şəki ərazisindən qeydə aldığımız mətnlərin bir neçəsin­də ova gedən ovçu dağda tüklü bir məxluqla rastlaşır. Həmin məxluq ovçu nə etsə, onu yamsılayır. Bundan istifadə edən ov­çu əlində tutduğu odu yapıncısına yaxınlaşdırır. Onun rastlaş­dığı tüklü məxluq da bu hərəkəti yamsıladığı üçün tüklə­rini od alır və o, özünü dərədən aşağı atır. Daha bir oxşar süjet də «Zəngəzur folkloru» kitabında verilib (16, 44).

Mətnlərin birinin verdiyi məlumata görə, ovçu yuxusun­da həmişə ov etdiyi yerdə yatmış bir təkə görür. Həm də bu, adi təkə deyil. Ovçuların tələ tə­kə adlandırdıqları bu növ digər təkə növlərindən fərqlənir. (Tələ təkə digər tə­kə növlərinə nis­bətən boyca daha böyük, daha canlı və daha zərif növ sayı­lır). Ov­çu səhər yuxusunun dalınca ova gedir. Doğrudan da, həmin yerdə tə­lə tə­kə­ni yatmış görür və onu vurur. Evə qayı­danda ata­­sı ona deyir ki, bu, sə­nə pay ve­rilib, daha ova getmə. Fik­ri­mizcə, bu mətnin daha ar­xa­ik va­rian­tında ovçuya xəbər­dar­lıq edən atanın yerini ov tanrısı tutub və ov­çu­ya pay ve­rən də odur.

Başqa bir mətnə görə isə ov vura bilməyən ovçunun qarşısına bir çoban çı­xır. Ovçunu bir müddət dağda gəzdirən çoban onu əvvəllər keçə bilmədiyi yer­lərdən keçirir, onlar birlikdə çoxlu ov vururlar. Sonra həmin ovçu yol­daşları ilə evə qayıdarkən tez-tez arxaya çevrilir ki, bizi çağırırlar. Yoldaşları heç nə görmədikdə yolun kənarında ocaq yandır­dı­ğını, onun ətrafında isə altı nəfər papaqlı, balacaboy kişilərin əyləşdiyini deyir.

Bir mətnə görə, ovun qabağınca həmişə bir quş gəzir. Süleyh adlı bu quş hind toyuğuna bənzəyir. Bu quşa bəzən İsgəndər quşu da deyirlər. Onun görün­məsi ətrafda ovun ol­ma­­sına işarədir. Amma ona güllə atmaq olmaz. Ovçuların ver­dikləri məlumata görə, ona güllə atan kimi dünya qarışır, günəşli hava olma­sına baxmayaraq, birdən-birə güclü yağış yağır, dolu tökür, tufan qopur və s.

Ərazidə geniş yayılmış inama görə, ov heyvanları özba­şına deyil. Onların da sahibi var. O, ov heyvanlarını qoru­yur, nəzarət edir, sağır və s. Əldə etdiyimiz mətn­lərin bir qismində deyilir ki, əgər ovçu ovun sayını ke­çər­sə, bu zaman ona ov et­mək qadağan olunur. Əgər ovçu qadağanı pozarsa, ov­ların gü­dükçüsü (gözətçisi) tərəfin­dən cəzalandırılır. Bir sıra mətnlərdə «ovun yəəsi», «ovların güdükçüsü» ifadələrinə rast gəlirik. Bu tipli mətnlərdə ov­çunu cəzalandıran ovlar özləridir. Ancaq «ovun sahibi» və yaxud «ovların güdükçüsü» ov həddini keçən ovçuları cəzalandırırsa, ovlar boğaz hey­vana, körpə heyvana güllə atan ovçuları cəzalandırırlar. Digər bir mətnə görə, maralı vurmaq günahdır, onu atan ovçu hökmən cəzalandırılır.

Mətnlərin bir neçəsinin verdiyi məlumata görə, bəzən ov­çu tüfəngi üzünə qaldıranda heyvan sürüsü onun gözünə çə­mən­likdə gəzişən oğlan və qızlar, yaxud qoyun sürüsü kimi gö­rünür. Ovçu heç nəyə baxmadan yenə heyvanı vu­rur və dəli olur. Fikrimizcə, mətnin deformasiyaya uğramamış va­ri­antın­da ov həd­dini keçən ovçunun ağlını başından alan ov tanrısı olmuşdur.

Mətnlərin bir qismində ovçuya yaxınlaşaraq ovun sayını bi­tirdiyi üçün ova gəlməyi qadağan edən mifoloji varlıq ağ saq­qallı kişidir. Mətnlərin birində isə ovçuya əvvəlcə heyvan ya­xınlaşır. Sonra bu heyvan dönüb insana çevrilir və ov­çuya bir da­ha ova gəlməməsi barədə xəbərdarlıq edir. Eyni süjetlə «Azər­­bay­can mifoloji mətnləri» kitabında da rastlaşırıq. Bu ki­tabda verilmiş iki mətndə heyvan insana çevrilərək ovçuya xə­bər­darlıq edir. Mətn­lər­dən birində ovçunun vurmaq istədiyi cey­ran qadına dönür. Bu hadisədən bərk qorxmuş ovçu bir daha ova getmir. İkinci mətndə isə ovçunun atmaq is­tə­diyi təkə ağsaq­qal­lı, nurani bir qocaya çevrilir və ovçuya xəbər­darlıq edir (22, 53).

Ərazidən qeydə aldığımız bu tipli mətnlərdə, adətən, ov­çu qoyulan qada­ğaya məhəl qoymur və bu, ona həyatı ba­ha­sına başa gəlir. Bəzən də qadağa bir neçə dəfə təkrarlanır, ovçu bu qadağalara məhəl qoymadıqda isə onun yoldaşına da xəbər­darlıq olunur ki, yoldaşın ovun həddini aşıb, onunla ova gəlmə. Cəza da bu xəbərdarlıqdan sonra verilir. Mətnlərin bi­ri­nə görə, ovçu ona görə cəza alır ki, o, ziyarət ərazisində ov edir. Digər bir mətnə görə, ziyarət ərazisində ov edən ovçu­lara qoca bir kişi ya­xın­la­şa­raq çıxıb getmələrini tələb edir və yoxa çıxır. Tələbə məhəl qoymayan ov­çu­la­rın tüfəngləri qırıl­dığı üçün onlar bərk qorxur, bir də həmin əraziyə ova get­mir­lər.

Bəzi mətnlərdə isə qadağanın mifoloji səciyyəsi itmiş, onun yerini sosial fon tutmuşdur. Belə ki, bu tipli mətnlərdə cəzalandırılan ovçu guya düş­mən­lə­ri tərəfindən öldürülür.

Mətnlərin birində ovçuya xəbərdarlıq edən mifoloji var­lıq ortaboy, papaqlı kişidir. Həmin mətnə görə, xəbərdarlıq­dan əvvəl ovçunun qabağından üç heyvan keçsə də, o, heç birini vura bilmir. Bundan sonra peyda olan ortaboy, papaqlı kişi ovçuya ovun həddini keçdiyini bildirir və bir daha ova gəlməməyi tapşırır.

Digər bir mətnə görə isə məşhur bir ovçu çox gəzsə də, ov vura bilmir. Qəflətən onun qabağında bir kişi peyda olur və həmin kişi əlini hansı tərəfə uzatsa, orada ov qaynaşır. Kişi ov­çuya yalnız üç heyvan vurmağa icazə verir və bundan sonra bir daha ova gəlməməyi tapşırır. «Azərbaycan mifoloji mətn­ləri» ki­tabında da oxşar süjetlə rastlaşdıq. Həmin mətndə ov tapa bil­məyən ovçuya ovun yerini göygöz bir arvad göstərir (22, 53).

Mətnlərin bir neçəsində ovçuya yuxuda xəbərdarlıq edi­lir. O, xəbərdarlığa mə­həl qoymadan ova gedəndə isə qəflətən gələn sel yoldaşlarının arasından yal­nız onu götürüb aparır. Bu tipli mətnlərdə ov həddi min heyvan göstərilir. «Zəngəzur folkloru» kitabında «Ombadurma» başlığı altında iki mətn verilmişdir ki, bu mətnlərdə ov həddi yüz heyvan göstərilir. Həmin mətnlərə görə, ovçu yüzdən çox ov vursa, onun ovu omba durar (16, 46). Şəkiyə məxsus ovçuluq mətnlərində isə «ombadurma» hadisəsinə rast gəl­mədik.

Mətnlərin birinin verdiyi məlumata görə, mahir ovçular­dan biri gülləsinin boşa çıxmasından sarsılır və elə bu səbəb­dən də ovçuluqdan əl çəkir.

Mətnlərin bir neçəsində ovçunun ov vura bilməməsinin səbəbi tüfəngin qırxa düşməsi ilə əlaqələndirilir. İnama görə, tüfəngin üstündən adlamaq olmaz, tüfəng qırxa düşər. Onu da qeyd etmək yerinə düşər ki, bu, təkcə tüfəngə aid deyil. Əra­zidə yayılmış inama görə, tərəzinin də üstündən adlamaq ol­maz. Onda tərəzi düz çəkməz. Kəsər əşyaların üstündən ad­lan­sa, onlar da yaxşı kəsməz və s. Buna görə də həmin əşya­ların (tüfəngin, tərəzinin, kəsərlərin və s.) qırxa düşmə­məsi üçün onların üstündən geri adlamaq lazımdır.

Ərazidə yayılmış digər bir inama görə, ov ətindən zahı qadın yesə, tüfəng qırxa düşər. Buna görə də ov ətini yeyən zahı saçının ucunu düyüb sonra yeməyə başlamalıdır.

Tüfəngin qırxa düşməsinin digər bir səbəbi isə bəd­nəzərdir.

Tüfəngin qırxa düşməsinin səbəbləri müxtəlif olduğu kimi, tüfəngi qırxdan çıxartmanın da üsulları müxtəlifdir:

1. Tüfəngi əkiz uşağı olan qadına verirlər ki, onu ayaq­larının arasından keçirsin. Sonra ovçu növbəti ovdan həmin qadına da pay ayırır.

2. Tüfəngi qırxdan çıxarmaq üçün yeddi qapıdan un yığır, sonra tüfəngin lüləsini həmin undan hazırlanmış quqalın (kiçik çörəyin) içərisindən keçirirlər. Onda tüfəng qırxdan çıxmış hesab olunur.

3. Tüfəng qırxa düşəndə üç yol ayrıcına gedib tüfəngi iki daşın üstünə elə qoyurlar ki, arada boş yer qalsın. Sonra yer­dən kiçik bir daş götürüb həmin boş yerdən üç dəfə sağdan sola, üç dəfə də əksinə atırlar. Bu zaman daşı atan adam hər dəfə daşı tulladıqca «Tüfəng, səni qırxdan çıxarıram» deməlidir.

4. Tüfəngi qırxdan çıxartmaq üçün onu üç çərşənbə qırx­­açar camının (dibi­nə xırda açarlar bərkidilmiş mis qabdır) suyu ilə yumaq lazımdır.

5. Tüfəngi qırxa düşən ovçu it nəcisini daşın üstünə yığıb vura bilsə, tüfəng qırxdan çıxar.

Yuxarıda sadaladığımız üsullardan hər hansı birini icra edən ovçunun növbəti ovu uğurlu keçərsə, tüfəng qırxdan çıxmış sayılır.

Ovçular arasında yayılmış digər bir inama görə, əgər vurulan ov dilini dişləyirsə, bu, yenə də ov olacağına işarədir.

Ərazidə yayılmış digər inamlara görə:

1. Ovun ətini tərəziyə qoymaq olmaz. Gərək ət gözəyarı kəsilib verilsin. Eyni inamla «Zəngəzur folkloru» kitabında da rastlaşırıq:
Ovçu, ovun atmasın,

Ətin tərəziyə qoyub satmasın.

Ovçu, sənin isbin-kisbin partlasın,

Bu dağda bir maral yaman ağladı (16, 23).


2. Ov ətini satmaq olmaz. Onu yalnız pay kimi vermək lazımdır.

3. Ov əti ilə içki içməzlər.

4. Ovçuluq qaydalarına görə, bir neçə nəfərin iştirak etdiyi ovda vurulan ovun sayından asılı olmayaraq atılan ovun baş-ayağı onu atan ovçuya çatmalıdır. Ovçu əgər özü istəsə, onu yoldaşları arasında bölüşdürə bilər.

5. Ovçu atdığı ovun ürəyini özü yeməlidir. Güman ki, ovçu vurduğu ovun ürə­yini yeməsi ona məxsus cəhətləri (cəldlik, güc-qüvvət və s.) əldə etmək məqsədi güdür.

6. Ova gedən adam təmiz getməlidir.

7. Ovçu ovdan qayıdanda rastlaşdığı hər bir adama gə­tir­diyi ov ətindən pay verməlidir, yoxsa həmin ov haram sayılır.

8. Ovçu ov quşlarına güllə atmamalıdır. Çünki onlar da ovçu sayılır.

9. Ov ovlamaq üçün ovçu öz bədənindən müəyyən qə­dər ət itirməlidir.

10. Ovçuların fikrincə, elə tüfəng var ki, onunla ov tap­maq çox çətin olur. Amma elə tüfəng də var ki, onu götürüb ova gedən ovçuya çoxlu ov rast gəlir. Belə tüfəng ovçular arasında «qansevən tüfəng» adı ilə tanınır.

Ərazidən ovçuluqla bağlı qeydə aldığımız mətnlərdən biri də nağıldır. Bu nağıl «Ovçu Pirim» adlanır. Ancaq bu mətn naqisdir.

Ovçuluqla bağlı folklor mətnlərinin toplanması bu mətn­lərin həm Azərbaycan folklorunda, həm də ümumtürk folklo­runda tutduğu yeri müəyyənləşdirməyə kömək edəcəkdir.

Vergili adamlar haqqında mətnlər. Şəki ərazisində möv­­­­cud olan folklor mətnlərinin bir qismi də vergili adamlar haqqında mətnlərdir. Folklorşünas alim Ə.Əsgər şamanlıq vergi­si, şaman mərasimləri və ümumiyyətlə, şamanizm haq­qın­da olan bilgilərin araşdırılmasını etnoqrafiyanın predmeti sayır və qeyd edir ki, bu mətnlər artıq xatirə janrında deyilir, bu da onun folklor tərəfidir (52, 24). Biz vergili adamlar haqqında 28 mətn qeydə almışıq (79). Əvvəlcə onu qeyd edək ki, indiyədək nəşr olunmuş folklor kitablarında aşıqlığın vergi yolu ilə alınmasını çıxmaq şərtilə bu tipli mətnlərlə üzləşmə­dik. Odur ki, Şəki ərazisindən qeydə aldığımız mətnləri «Şa­man əfsanələri və söyləmələri» kitabındakı mətnlərlə müqa­yisə etməyə çalışacağıq.

Türk təfəkkürünə görə, sənət, peşə insana həmin peşə­nin hamiləri tərəfindən verilir. Bu inama müxtəlif türk xalq­ları arasında rast gəlinir. Məsələn, türkmən xalqı arasında ge­niş yayılmış inama görə, Qəmbər musiqiçi və müğənnilərin hi­mayədarıdır. Türkmənlər arasında onun digər ekvivalenti mu­siqiçi, müğənni, şair və şamanların himayədarı Aşıq Ay­dın­dır (131, 63). Sənətin, peşənin onun hamisi tərəfindən ve­ril­məsinə inam vaxtilə Şəki ərazisində də geniş yayılıbmış. Bu­nu ərazi­dən topladığımız vergili adamlar haqqında mətnlər də sübut edir. Bu mətnlərin demək olar ki, hamısında vergi yuxuda verilir və onu verən müxtəlif pir sahibləridir (Şeyx baba, Hacı Salah baba, Niyazi baba, Fatma nənə və s.). Bu da tamamilə təbii hal sayılmalıdır. Zaman keçdikcə hami ruhlar anlayışı öz yerini əcdad kultuna vermişdir. Bu məsələyə müx­təlif tədqiqat­çılar eyni prizmadan ya­naş­mışlar. Prof. H.İsma­yılovun fikrinə görə, «… əski türk söz və musiqi sənət­çi­sin­dən çox qədim dövrdə qopan qam müstəqil şəkildə mövcud olmuş, islam çev­rəsinə girdikdən sonra isə zəruri şəkildə funk­sional üzvlən­miş­dir» (61, 67). Folklorşünas alim F.Bayat bu haqda belə yazır: «Ata-baba kultu zamanla qoru­yuculuq funksiyası ilə bərabər ocaqlara keçmiş, islamın qəbulundan sonra övliya kultunun yaranmasında təməl rolunu oynamış­dır» (117, 169). Eləcə də rus alimi V.N.Basilovda oxuyuruq: «Şamanlıq islamın zahiri əlamətlərini əxz etmiş­dir… Şaman­lığın bir sıra qalıqları isə müqəddəslər kultunda qalmışdır» (131, 94).



Çöpçülük. Ərazidən çöpçülüyün pir sahibləri tərəfindən verilən vergi olması haqqında iki mətn qeydə almışıq. Mətn­lərdən birinin verdiyi məlumata görə, çöpçü olacaq qadına yuxuda Şeyx baba bir ilan göstərib onun boğazındakı çöpü çıxartmağı tələb edir. Qadın iyrəndiyini bildirdikdə Şeyx baba ilanın boğazındakı çöpü sığallayıb ötürməyi məsləhət görür. Bu yuxudan sonra həmin qadına çöpçülük verilir və o, çöpü çıxartmır, sığallayıb ötürür.

İkinci mətndə isə gələcəyin çöpçüsü yuxuda dəryanın ortasında hündür bir alma ağacı görür. Onu ağaca çıxardırlar ki, bir dənə alma üzüb düşsün. O, almanı üzsə də, suya düş­mə­yə qorxur. Bundan bərk əsəbiləşən Baba onu alma ağacı ilə birlikdə dağa atır. Həmin yuxudan sonra o, çöpçü olur.



Loğman. Bu sənətin vergi ilə alınmasına dair ərazidən bir mətn qeydə ala bildik. Həmin mətnə görə, vergi veriləcək şəxsə yuxuda deyirlər ki, sənə elə şeylər öyrədəcəyik ki, ağacların, otların, yarpaqların dilini biləcəksən, sağalmayan dərd­ləri sağaldacaqsan. Bu inama şaman mətnləri arasında da rast gəldik. Ruhlar şamana bütün aləmin sirlərindən xəbərdar olmaq bacarığı verirlər (101, 23-24).

Şairlik. Bununla bağlı bir mətni Laçın rayonundan di­dər­­gin düşüb Şəkinin Paliment adlı ərazisində məskunlaşmış şəxs­dən qeydə almışıq. Mətn ərazidən qeydə aldığımız digər mətn­lərdən fərqlidir. Belə ki, bu tipli mətnlərin demək olar ki, ha­mısında pir sahiblərindən vergi aldıqdan sonra müəyyən bir is­tedad sahibi olmaqdan söhbət gedirsə, bu mətndə zədə al­dıq­dan sonra qabiliyyət üzə çıxır: araba ilə ot gətirən kişi yı­xı­lıb­ bərk əzilir və bundan sonra şeir yazmağa başlayır.

Ərazidən qeydə aldığımız digər bir mətnin verdiyi mə­lu­­mata görə isə Dəmir­çi Abbas vergi aldıqdan sonra şair olur. Bu mətndə verginin kim tərəfindən verildiyi qeyd olunmur.



Aşıqlıq. Aşığın buta (vergi) aldıqdan sonra fəaliyyətə baş­laması motivi məhəbbət dastanlarında geniş yayılmışdır. Əksər məhəbbət dastanlarında bu hadisə ilə üzləşirik. Ancaq dastanlarda aşıqlıq edəcək şəxsə bu istedadı verən Xızır, dər­viş və başqalarıdırsa, bizim ərazidən qeydə aldığımız mətndə vergini verən pir sahibidir. Həmin mətndə vergi aldığı müd­dətdə «dəli» olan oğlan belə deyir: «Mən buz istəyirəm, mənə qız verirlər, saz verirlər. Baba mənə deyir ki, uç gəl. Mən də uçub gedirəm». Bu mətnə görə, o, vergini götürmə­diyi üçün ölür. Ərazidə Molla Cumanın da aşıqlığı vergi yolu ilə alma­sına inanılmışdır. D.Qiyasbəyli bu barədə belə yazır: «Deyil­di­yinə görə, məktəbi bitirəndən sonra Molla Cümə «hava­la­nır, saz götürür» (73, 8).

Ərazidən qeydə aldığımız mətnlərin böyük əksəriyyətin­də verginin hansı sənətlə bağlı verilməsi deyilmir. Biz belə mətnləri şərti olaraq verginin verilməsi adlandırmışıq. Ərazi­dən topladığımız rəvayətlərdən birinə görə, Molla Qasım adlı bir şəxs hər gecə evdən yoxa çıxıb bir də səhər açılanda qayıdırmış. Arvadı ondan bərk şübhələnir və məlum olur ki, o, hər gün Şkaflan babada namaz qılıb, sonra evə qayıdır. Çarıqları da ona görə qar olurmuş.

Yuxarıda qeyd etmişdik ki, vergi yuxuda verilir. Ancaq bu mövzuda olan mətnlərin birində vergi ayıq halda verilir. Bu mətnə görə, vergi veriləcək qızı dağda sumaq yığarkən iki kişi oğurlayıb aparır ki, gecəni Niyazi babanın qəbri üstündə yatırsınlar. Ancaq yol çox uzaq olduğundan onu yaxın ziya­rətdə – Fatma nənənin qəbri üstündə yatırırlar. Qızı oğurla­yan­lardan biri ona deyir ki, sənə vergi veriləcək, mən də səninlə evlənəcəyəm.

«Şaman əfsanələri və söyləmələri» kitabında verilmiş bir neçə mətn də hami ruhların şamanlarla evlənməsi və yaxud yaxınlıq etməsi barədə məlumat verir (101, 30-31).

Ərazidən qeydə aldığımız mətnlərdən birinin verdiyi məlu­mata görə, vergi almış adamlar iki-üç il ərzində yetişib mahir baxıcı (və ya çöpçü, gözbağlayıcı və s.) ola bilirlər. Bu müddət ərzində onlar özlərində olmur, tez-tez bayılır, ətraf­dakıları görmür, «dəli» olurlar. Bu mətn də şaman söylə­mə­ləri ilə uyğunluq təşkil edir. Şaman mətnlərinin birinə görə, ruhlar şaman olacaq adamın ruhunu götürüb yeraltı dünyaya aparırlar. Güclü şamanın ruhu yeraltı dünyada üç il sax­lanılır. Zəif şamanların ruhları isə bir il orada qalır. Bu müddət ərzində ruhu oğur­la­nan adam dəli olur. Bu hal ruhun dustaq olduğu vaxta qədər davam edir. Yeraltı dünyada ruhları saxla­maq üçün ayrıca ev də olur (101; 12-13, 26). Qeyd edək ki, Şəki rayonundan topladığımız mətnlərin birində vergi veri­ləcək adamın ruhunun saxlandığı yer saray adlanır.

Ərazidən qeydə aldığımız mətnlərin bir neçəsində vergi veriləcək adamların əzabları təsvir olunur. Belə adamlardan bi­rini tikə-tikə doğrayıb, kəsilmiş tikələri tabağa töküb qovu­rurmuşlar. Mətnlərin birində isə vergi veriləcək adamın bədə­ninə qızmar şiş basırlar. Onu gah öldürür, gah da dirildirlər. Baş­qa bir mətn­də isə vergi alacaq adamı hər dəfə döyür, pis yollara çəkir, gözünün qabağında iki uşağını yandırırlar. «Şa­man əfsanələri və söyləmələri» kitabında «Şaman olma» baş­lığı altında gedən mətnlərin də əksəriyyətində bu proses təsvir olunur. Həmin mətnlərin birində şamanın bədənini tikə-tikə doğradıqdan sonra qazana töküb, üç il bişirirlər (101, 24). Baş­qa bir mətndə şaman olacaq adamı hami ruhlar müxtəlif pro­ses­lər­dən keçirirlər, həmçinin onu çatı və yaxud qayışla möh­kəm döyürlər (101, 26). Mətnlərin bir qismində hami ruhlar gələcək şamanın əvvəlcə başını kəsib ağacdan asırlar. Həmin mətnlərdə bəzən bu ağac «qara şam ağacı», – deyə xatırlanır (101, 12-13). Şəkidən qeydə aldığımız mətnlərdən birinin ver­diyi məlumata görə, vergi veriləcək adam nə qədər ki, özündə deyil, onu göz­dən qoymaq olmaz, yoxsa Şeytan (bu ad mətndə həm də İblis kimi xatırlanır) onu oğurlayıb meşəyə aparar. Şeytan meşədə oğurladığı vergilinin ya başını kəsir, ya da zəhərləyib öldürür. Gördüyümüz kimi, bu mətndə vergi alacaq adamın başının kəsilməsi hadisəsi öz varlığını qoruyub saxlaya bilmişdir.

Söyləyici Baqqallı Mücü baba adlı ziyarətçi haqqında məlumat verərkən qeyd etdi ki, Mücü baba çox acıqlı molladı, həm də ziyarətdi. Şaman mətnlərində də acıqlı şamanlarla üzləşirik. Ruhlar bir şamanı müxtəlif instansiyalardan keçir­dikdən sonra ona deyirlər: «Qanlı daban, acıqlı, şöhrətli şa­man ol» (101, 28).

Mətnlərin əksəriyyətinin verdiyi məlumata görə, vergili adam nə qədər əzab çəksə də, onu həkimə aparmaq, müalicə et­dirmək olmaz. Bu zaman ona veriləcək vergi dayandırılır və o, ya ölür, ya da ömürlük dəli olur. Mətnlərdən birində deyi­lir ki, bir oğlana vergi verilirmiş. Bunu başa düşməyən vali­deyn­ləri ona iynə vur­du­rurlar. Oğlan bir neçə gündən sonra ölür və son­ra evdəkilərin yuxusuna girib onları meyitini təmiz yerdə yu­durtmadıqları üçün danlayır. Sonra isə həyətlə­rindəki nar ağa­cına qırmızı kələğayı bağlayıb oranı ziyarət etmələrini tapşırır.

Bəzi mətnlərə görə, vergi veriləcək adamın üstünə natə­miz adam getməmə­lidir. Vergi alacaq adam isə vergini almaz­dan qabaq yuxuda gördüklərini danışmamalıdır. Hər iki halda verginin verilməsi dayandırılır.

Mətnlərin birində deyilir ki, vergi alan adamla salam­laşmayan şəxs bərk xəs­tə­lənir və bundan sonra onun ağzı əyilir. Vergili adam onu bağışladıqdan sonra o sağalır.

Mətnlərdən birinə görə, Şeyx baba vergi verdiyi qadına hörüklərini kəsməyi qadağan edir. Eyni qadağa ilə şaman mətn­lərində də rastlaşırıq. «Mən necə şaman oldum?» adlı mətn­də də ruhlar şamana saçlarını kəsməyi yasaq edirlər (101, 29).

Ərazidən qeydə aldığımız digər bir mətnə görə, pir sahibi vergi verdiyi qadına bir uşaq da verir. Bu uşaq əvvəlki iki uşağa nisbətən daha asan böyüyür, heç vaxt xəstələnmir. Həmin uşaq böyüyənə kimi onun paltarı, yeməyi üçün la­zım olan pul asan əldə edilir. Şaman mətnlərində də ruhlar tərə­findən uşaq veril­məsi ilə rastlaşdıq. Şamanlardan birinin söy­lə­diyinə görə, o, anasının boynuna düşməzdən əvvəl bir gün anası yuxuda çiçək xəstəliyi ruhuna arvad olub. Qadın yuxu­dan durduqdan sonra deyib ki, onun çiçək ruhundan doğacağı oğlu şaman olacaq (101, 21).

Mətnlərin bir neçəsində deyilir ki, yuxuda vergi alacaq adama «Quran» oxumağı öyrədirlər, əlinə «Quran» kitabı verirlər.

Digər bir mətnə görə, Hacı Salah babadan vergi alan oğlan «Quran»ı oxumağa başlayan kimi onun əlinin üstünə iri, qara xal düşür. F.Köprülünün «İlk mütəsəvviflər» adlı əsərində də oxşar süjetlə rastlaşırıq. Hacı Bektaş Vəlini Əmrə əlinin üstündəki yaşıl xaldan tanıyır (122, 259).

Mətnlərin bir neçəsində isə vergi alan adamların əllərini yazırlar, yaxud əlinə yazılı daş verirlər (söyləyici həmin ya­zıları «Quran yazısı» adlandırdı). Səhər durub bu yazıları ki­məsə göstərən adamın vergisi dayanır.

Gördüyümüz kimi, Şəki ərazisindən qeydə aldığımız ver­gili adamlar haqqın­da mətnlər birbaşa qədim türk təfək­kü­rü ilə, şamanlıqla bağlı olsa da, onların bir qismi İslam dininin təsi­rin­dən kənarda qala bilməmişdir. Amma bu mətnləri də türk mi­foloji dünyagörüşünün islam fonunda təqdimi saymaq lazımdır.



Pir sahibləri onların möcüzələri Şəki ərazisində ge­niş yayılmış folklor mətn­lərindəndir. Biz ərazidə folklor ezamiyyətlərində olarkən bu mövzu ilə bağlı 150 mətn qeydə ala bildik (79). Bu mətnlərin əksəriyyəti pir sahibləri və onların möcüzələri haqqında rəvayətlər olsa da, bu süjet inam və lətifə janrında da özünə yer almışdır.

Şəki əhalisi arasında geniş yayılmış inama görə, pirlər qardaşdırlar. Qeydə aldığımız mətnlərdən birinə görə, pirlər altı qardaş və bir bacıdırlar: Pir baba, Hacı Tapdıq baba, Mah­mud Axund baba, Şkaflan baba, Şeyx baba, Şalfruz baba və Fatma nənə.

Digər bir mətnə görə, onlar səkkiz qardaş və iki bacı­dır­lar. Qardaşlardan yeddisi və bir bacı Arazdan şimala keçərək Şəkini özlərinə məskən seçiblər. Bir bacı və bir qardaş isə Arazın o tayında qalıblar. Başqa bir mətndə isə onların üç qardaş olduqları söylənilir: Pir baba, Mütübillah baba və Şeyx baba. Bu mətnin verdiyi məlumata görə, Şeyx babanın əcdadı Şeyx Sənan baba peyğəmbərin nəslindəndir və Ərəbistandan buraya dini yaymaq üçün gəlibdir. Şeyx Sənan baba da məş­hur şeyx olub, onun nəsil şəcərəsinin yeddinci pilləsində Şeyx Əh­məd baba doğulub. Şeyx Əhməd baba öləndə deyib ki, mən­dən sonra yenə yeddinci nəsildə adlı-sanlı bir şeyx doğu­lacaq.

Ərazidə böyük pirlərdən başqa, hər kənddə bir neçə xırda ocaq var. Əhalinin inamına görə, bölgədə yerləşən hər pir bir və ya bir neçə xəstəliyi sağaltmaq qüdrətinə malikdir və hə­rəsinin öz nəziri var. Şeyx baba dəliləri, şikəstləri, quduz də­yənləri sağaldırmış. Tamam nənə göyərtmə ocağıdır. Onun üs­tünə gedənlər göy parça aparırlar. Dəmrov pirindən götürül­müş kiçik daşı suya salıb bu su ilə üç çərşənbə çimən adam dəri xəstəliklərindən qurtarır. Bu ziyarətin nəziri şirniy­yat olduğu üçün bəzən onu «Şirin ziyarət» də adlandırırlar. Qafur baba bo­ğaz­dan yuxarı hissədə yaranan xəstəlikləri sağaldır. Onun nə­ziri düyüdür. Surxay babaya sarılıq tutanları, gec gə­zən uşaq­ları, övladı olmayanları gətirirlər. İnama görə, pir sa­hi­bi özü hansı xəstəlikdən vəfat edibsə, o xəstəliyi də sağal­dır. Məsə­lən, Surxay baba sarılıqdan, Tamam nənə isə göyərt­mə xəstəliyin­dən öldükləri üçün həmin xəstəlikləri də sağal­dır­lar.

Pir sahiblərinin övlad verməsinə inam Şəki əhalisi ara­sında geniş yayılmışdır. Uşağı olmayan qadınlar Pir babanın, yaxud Şeyx babanın həyətindəki dağdağan ağaclarının toxum­larını yığıb udmaqla uşaqları olacağına inanırlar. Hətta rəva­yət­lərin birinin verdiyi məlumata görə, uşaqsız qadın neçə dağ­da­ğan toxumu ud­sa, o sayda da uşağı olar. Bundan başqa, qo­hum­­larında hamilə qadın olanlar zi­ya­rətə gedəndə dağda­ğan ağa­cının altında oturub toxum axtarırlar. Əvvəlcə yum­ru, yastı to­xum tapılarsa, qız, uzunsov toxum tapılarsa, hamilə qadının oğ­lu olacağına inanırlar. Rəvayətlərdən birinə görə, Şeyx baba yu­xuda oğlu olmayan qadını müjdələyir ki, yaxın­larda onun oğlu olacaq. «Şaman əfsanələri və söylə­mələri» kitabında ve­ril­­miş mətnlərə görə, şamanlar da övlad verirlər (101, 128-130).

Susuz yerdən su çıxarmaq bacarığı pir sahiblərinin gös­tər­diyi möcüzələrdən biridir. Ərazidə bu tipli rəvayətlər kifa­yət qədər geniş yayılmışdır. Biz bununla bağlı 19 mətn qeydə almışıq.

Şəki ərazisində geniş yayılmış rəvayətə görə, pirlər ərazini öz aralarında bölüşdürürlər. Pir babaya Daşüz tərəf (indiki Cumakənd ərazisi) düşsə də o, suyu olmadığı üçün həmin əraziyə getmək istəmir, lakin qardaşları ona təskinlik verərək ora su göndərməyi vəd edirlər. Bu mövzu ilə bağlı ərazidən 8 mətn qeyd almışıq. Bu rəvayətlərin altısında Pir babaya suyu Şkaflan baba göndərir. Sudan çıxan əşyalar (əsa, tütək, fıstıq ağacının yarpaqları və s.) suyun Şkaflan baba tərəfindən göndərilməsinə şəhadət verir. Qalan 2 rəvayətdə isə Pir babaya suyun Şeyx baba tərəfindən göndərilməsi təsvir olunur. Sudan çıxmış şabalıd ağacının yarpaqları Şeyx baba­nın vədinə əməl etməsinin təsdiqinə çevrilir.

Lakin təkcə Şkaflan baba və Şeyx baba deyil, ərazidə yerləşən digər pirlər də su­suz yerdən su çıxarmaq, eləcə də yağış yağdırmaq qabiliyyətinə malikdirlər. Qey­də aldığımız mətnlərin 8-ində müəyyən bir ərazini özünə məskən seçən pir sahibi gah əsasını yerə vurub su çıxarır, gah onun atı ayağını zərblə yerə vurub su çıxarır, gah onun atdığı oxun yerindən su çıxır, gah da o, Allaha yalvarır və yerdən su qaynayır.

Həmin mətnlərin 18-i yerli mətndir, 1-ində isə Siyəzən rayonunda yerləşən Beşbarmaq pirindən danışılır. Əvvəlki mətnlərdə suyu çıxaran pir sahibi özü­dür­sə, bu mətndə han­sısa müqəddəs şəxs həmin funksiyanı yerinə yetirir. Söyləyici mətni televizordan eşitdiyini qeyd etdi.

Qeydə aldığımız 2 mətndə isə pir sahiblərinin yağış yağdırmalarından bəhs olunur. Qaraqoyunlu camaatı yağış yağ­mayanda zəyzitli Hafiz əfəndini gəti­rirmiş və onun oxu­duğu dualardan sonra güclü yağış yağarmış.

Bununla bağlı digər mətn isə inamdır. Ərazidə geniş yayılmış inama görə, Ürühlü babanın torpağından suya salı­nar­sa, yağış yağar. Övliyaların susuz yerdən su çıxarması bacarığına F.Köprülünün «İlk mütəsəvviflər» əsərində də rast gəlirik. Bektaş Vəlinin Allaha duasından sonra o anda orada bir bulağın peyda olmasından bəhs olunur (122, 50).

Qeydə aldığımız 7 mətndə isə pir sahiblərinin qarşısında dayanan şəxsin fikir­lərini oxuması təsvir olunur. Pir sahiblə­rin­dən Şeyx baba bu qabiliyyəti ilə xüsusi seçilir. Belə ki, 7 mətndən 6-sında Şeyx babanın, birində isə Mütübillah ba­ba­nın qarşısındakının fikirlərini oxumasından söhbət açılır.

Ərazidən qeydə aldığımız bir rəvayətdə isə «ocaqların yarışı»ndan (16, 78) söh­bət gedir. Mətnə görə, Cunudlu Sarı Əvəz şeyxlik iddiasında imiş. O, Şeyx Əhməd babanın oğlu Molla Mustafa ilə mübahisə edir ki, sənin atdığın gülləni mən sağ əlim­lə tutaram. Ancaq Molla Mustafanın atdığı güllə onun sağ ovcunun yarısını aparır.

Ərazidən qeydə aldığımız mətnlərin 9-unda isə pir sahib­lərinin yasaqla­rın­dan danışılır. Rəvayətə görə, Mütübil­lah babanın atını yalnız qaynı nəzir yığ­mağa gedərkən minə bilərmiş. Mütübillah baba ölümündən sonra onun atını heç kəs minə bilmir və at başını yerə vura-vura ölür.

Şkaflan babanın qəbri dağın zirvəsində yerləşir. Oraya heç kəs çıxa bilməz. Onu ziyarət etməyə gələnlər dağın ətə­yində oturur və qurban kəsirlər. Şkaflan babanın qəbrinin yerləşdiyi sahəyə çıxmağa cəhd edən şəxsə dağdan qopub tökülən qaya parçaları mane olur.

Qalan beş rəvayət isə Şeyx baba və onun övladları haq­qındadır. Bu rəva­yət­lərin mövzusunu 1930-cu il Şəki üsyanı və ondan sonra Sovet hökuməti tərəfin­dən aparılan repressi­ya­lar təşkil edir. 1930-cu ilin Sovet hökumətinə qarşı baş ver­miş Şəki üsyanına Baş Şabalıdlı böyük ruhani Molla Mustafa Şeyxzadə rəh­bər­lik etmişdir. O, Şeyx Əhməd babanın oğlu­dur. Azərbaycanın 8 rayonunu əha­tə edən bu üsyanın mərkəzi Şəkinin Baş Göynük kəndi ol­muş­dur. Üsyan 1930-cu ilin aprel ayının 12-də başlayıb, 1930-cu ilin mayın 12-də xüsusi aman­sız­lıq­la yatırılırsa da, qa­çaq hərəkatı şəklində 1947-ci ilədək davam etmişdir (77; 7, 33, 90). «Üsyançılar təkcə kol­lek­tiv­ləş­mə­yə etiraz etmir, eyni za­manda SSRİ-ni devirib müs­təqil Azərbaycan Respublikası yarat­maq istəyirdilər» (70, 104).

Bu gün ərazidə Şəki üsyanı ilə bağlı xeyli folklor mətninə rast gəlmək mümkündür. Rəvayətə görə, Molla Mustafanı (di­gər­ variantlarda Şeyx Əhməd babanı, Məcid babanı) aparan at (ya­xud öküz) yalnız onun icazəsindən sonra arabanı dartıb aparır. Həmin rəvayət­lərə görə, o, əlləri qandallı olduğu halda kameranın qıfıllı qapı­sından çıxıb çöldə namaz qılır, sonra ka­meraya qayıdırmış. Şeyx Əh­məd babanın adının çəkildiyi rəva­yətdə isə onu tutub aparan Nikolay hökumə­tidir. Gördüyümüz kimi, Şəki üsyanı ərazidə artıq folklorlaşmışdır. Bu da tama­milə təbii hal sayıl­malıdır. Çünki tarixi hadisələr folklorda öz izlərini qoyur.

Ərazidən bu mövzu ilə bağlı qeydə aldığımız mətnlərin bir qisminin də süje­tini pir sahiblərinin köməyə ehtiyacı olan­ların dadına çatması təşkil edir. Düş­mən­ləri ilə döyüşə gedən şah zəmidə işləyən qoca bir kişi ilə rastlaşır və onun Pir baba olmasını bilmir. Onlar söhbət etməli olurlar və ayrılarkən Pir baba şaha tapşırır ki, kömək lazım olarsa, məni çağır. Döyüş zamanı şah görür ki, onun qoşu­nu basılır, zəmidə işləyən qoca­nı köməyə çağırır. Pir baba ətəyindəki arpa­dan bir ovuc götü­rüb düşmən qoşununa atır və arpa dəyən əsgərlər ölür. Şah geri qayıdanda Pir babadan niyə onun köməyinə gəlmə­di­yini so­ruşur. Pir baba ona arpa əhvalatını danışır. Geri qayıdıb ölmüş əsgərləri yoxlayan şah onun sözlə­ri­nin düzgünlüyünə əmin olur və üzr istəyərkən qarşısındakı qocanın Pir baba olduğunu bilir. Biz bu rəvayəti ərazidən dörd variantda qeydə almışıq.

Digər variantlarda Pir baba quldurlar tərəfindən soyğun­çu­luğa məruz qalmış şəxsə, qaçaqlar tərəfindən incidilən şəxsə və yəhudilərlə döyüşə gedən Həzrət Əliyə (ə.) kömək edir. Axırıncı varianta görə, hələ Məhəmməd peyğəmbər (s.) dünyaya gəlməzdən əvvəl yer üzündə Pir babanın hökmü olmuş­dur. Həmin mətn­də əvvəlcə Həzrət Əlinin (ə.) qoşu­nunu bir qazan yeməklə doyduran Pir baba sonra da arpa atıb yəhudi qoşununu qırır.

Ərazidən bu mövzu ilə bağlı qeydə aldığımız rəvayət­lərin bir qisminin ver­di­yi məlumata görə, pir sahibləri olacaq­ları əvvəlcədən söyləyə bilmək bacarı­ğına da malikdirlər. Rəvayətə görə, Şeyx Əhməd babanın Baş Göynük kəndində Şeyx Alı adlı bir müridi varmış. Bir gün ona xəbər verirlər ki, Şeyx Alı ölüm yatağındadır və səni arzulayır. Şeyx baba yola düşür, amma bir qədər gedəndən sonra o, yolun kənarındakı ağacın altında dayanıb dua edir və deyir ki, Allah rəhmət etsin, Şeyx Alı öldü. Sonradan məlum olur ki, doğrudan da, həmin vaxt Şeyx Alı keçinibmiş. Yaxud Mütübillah baba itən əşyaların yerini dəqiq söyləyə bilirmiş və s.

Söyləyicilərin verdiyi məlumata görə, nəinki pir sahib­ləri, hətta onların törə­mələri də olacaqları əvvəlcədən xəbər verə bilirmişlər. Şeyx babanın «Bir öləcə­yim günü bilmirəm», – deyən oğlu Məcid baba ölümündən bir ay qabaq öləcəyi tarixi də dəqiq demişdir. Ərazidə geniş yayılmış inama görə, pir sahibinə şübhə edən kəs ziyanlıq tapır.

Bəzən ocaq sahibləri müxtəlif cür görünürlər. Biz ərazi­də folklor toplayarkən ocaqların daha çox od və ilan şəklində görünmələri ilə rastlaşdıq. Şeyx baba od şək­lin­də görünür. İnama görə, onun evinin qabağında həmişə od gəzir. Eləcə də evdə baş verəcək bədbəxtliklərdən əvvəl Şeyx babanın evinin pəncərəsində alov peyda olur.

Başqa bir rəvayətin verdiyi məlumata görə, camaat Şeyx babanın Dağıs­tan­da vəfat edən oğlunun meyidini gətirərkən çayda su çoxalır və cənazəni keçir­mək mümkün olmur. Bu zaman çaya ocaq düşür və su iki yerə bölünərək çayı keçən adamlara yol verir.

Digər bir rəvayətdə isə deyilir ki, hərdənbir Şeyx baba­nın üstündən bir od çıxır və gəlib Pir babaya düşür. Rəvayətin verdiyi məlumata görə, bu alov Şeyx babadır. O, qardaşını görməyə gedir.

«Şaman əfsanələri və söyləmələri» kitabında verilmiş bir mətndə ölmüş şa­ma­nın tabutunun yanında onun ruhu alov şək­lində peyda olaraq yeddi gün orada qalır (101, 118). Eləcə də «Ağ­daş folkloru» kitabında da pir sahiblərinin alov kimi gö­rün­mələri ilə bağlı bir neçə mətn verilmişdir (20; 109, 112, 130).

Pir baba və Palıd baba ilan şəklində görünürlər. Pir baba üçün qurban kəsilən heyvan haram pulla alındığından (başqa va­riantda qurban kəsən şəxs zi­na­kar olduğu üçün) əti qazanda ilan ətinə çevrilir. Pirə qoyulan nəziri Palıd ba­ba­nın xoşuna gəl­məyən adam götürərsə, o, ilana dönüb həmin adamı qovur və s.

Pirlərdən hər hansı bir əşyanı oğurlamaq günah sayılır. Rəvayətlərə görə, Şeyx babanın damını söküb aparan adamın ailəsi dağılır, onun həyətindən çubuq götürən adamın isə qıçı tutulur və s.

Başqa bir rəvayətin verdiyi məlumata görə, pir sahibinin həyətinə axşam oğurluğa girən şəxs qayıdıb çıxarkən qapını tapa bilmir, səhərədək orada qalır və yalnız pir sahibinin icazəsindən sonra bayıra çıxa bilir.

Bir neçə rəvayətin məzmununa görə isə pir sahiblərinin həyətində onların törəmələrindən başqa heç kəs məskən sala bilməz. Əgər belə bir hal baş verərsə, onda həmin şəxs mütləq həyətin sahibindən halallıq almalıdır. Eləcə də pir sahib­lərinin törəmələri əcdadın icazəsi olmadan həyəti tərk edib başqa yer­də məskən sala bilməzlər. Həmçinin pir sahiblərini və onla­rın törəmələrini incitmək günah, onlara edilən ən kiçik yaxşılıq isə böyük savab sayılır. Rəvayətə görə, Şeyx baba rəhmətə gedər­kən deyib ki, mənim balalarıma dəyib-toxunan adam cəhənnəm odundan qurtara bilməyəcək, aftafamı bircə dəfə doldurub pil­lə­kənin üstünə qoyan adam isə cəhənnəm odu nədir, bilməyəcək.

Ərazidə mövcud olan bəzi ağac və bulaqlar – Ocaq palıd­lar, Çinar piri, Palıd baba, Qaraağac piri, Nar topu, Südlü bulaq, Qırx bulaq və s. də müqəddəs sayılır. Bəzən onların ruhu insan şəklində görünür. Rəvayətlərdən birinin verdiyi məlumata görə, Palıd baba yerə yıxılandan sonra onun yanın­da tez-tez əynində uzun, qara paltar olan qoca görünürmüş. Bu, ziyarətin sahibidir.

Bir neçə mətndə pirlər qeyri-adi şəxslər kimi təqdim olunur. Rəvayətə görə, Hacı Salah babaya güllə batmırmış. Düşmənləri bu sirri öyrənmək üçün onun arvadına müraciət edirlər. Uzun mübahisədən sonra Hacı Salah baba arvadına sirrini açır və bu, ona həyatı bahasına başa gəlir.

Digər bir rəvayətdə verilən məlumata görə, Şeyx baba­nın atının qanadları varmış. Başqa bir rəvayətdə isə Pir babanın atdığı ox Əjdahanı daşa döndərir.

Ərazidən qeydə aldığımız rəvayətin bir qismində ziya­rət­lərin yaranma səbəbləri təsvir olunur. Faxrı nənənin ziya­rətə çevrilməsi ilə bağlı rəvayətlərdə göstərilir ki, müharibə vaxtı onu xaçpərəstlər (digər variantda ermənilər) qovur­lar. Faxrı nənə Allaha yalvarır ki, onu ya daşa, ya da quşa çevirsin. Faxrı nənənin duası qəbul olunur və o, daşa dönür. Sonra həmin daş ziyarətə çevrilir.

«Nişanlı qız» adlı rəvayətdə isə bir qızla oğlan bir-birini sevir, amma qızın atası onların evlənməsinə mane olur. Onlar qaçmağa cəhd edirlər və qızın atası onları tikə-tikə doğrayır. Cəsədləri ayıra bilməyən camaat onları bir qəbirdə dəfn edir və sonradan bu qəbir ziyarətgaha çevrilir.

Ərazidə əski inamlarla, arxaik dünyagörüşü ilə bağlı olan süjetlər hələ də öz varlığını qoruyub saxlamaqdadır. Bu süjetlə­rin arasında elələri də vardır ki, birbaşa qədim türk dastan­ları ilə səsləşir. Şəki rayonu, Cumakənd adlı ərazidə yerləşən Pir baba adlı ziyarətgahda Əjdaha daşının yaranması ilə bağlı rəvayət də belələrindəndir: «Əjdaha Pir babadan yemək istəyir. Pir baba ona hər gün bir qoyun verir. Bir gün Pir babanın qo­yun­ları qurtarır. Əjdaha ondan qoyun əvəzinə adam tələb edən­də Pir baba öz oğlunu verir. Bu zaman Allah-taala göydən bir qoyun endirir ki, Pir baba oğlunun əvəzinə Əjdahaya onu ver­sin. Bundan qəzəblənən Pir baba Əjdahanı daşa çevirir». Bu rəvayətdə Pir babanın Əjdahaya gündə bir qoyun verməsi «Kitabi-Də­də Qorqud» dastanında Dədə Qorqudun Təpəgözə kəsim kəs­məsinə bənzəyir. Rəvayətdə, həm də islam dininin təsirini gö­rü­rük. Pir baba oğlunu Əjdahaya vermək istədiyi za­man Allah-taalanın göydən bir qoyun göndərir. Bu, İbrahim peyğəmbərin oğlu İsmayılı Allah yolunda qurban kəsmək istə­diyi zaman Alla­hın göydən qoç qurbanı göndər­məsi süjeti ilə üst-üstə düşür.

Ərazidən pirlərlə bağlı qeydə aldığımız başqa bir rəva­yətdə isə «Koroğlu» das­tanı ilə paralellərə rast gəlirik. Bu rəvayətdəki Sütdü bulax «Koroğlu» dasta­nının «Alı kişi» qolun­da verilən ecazkar çeşməyə çox oxşardır: «Südlü bulaq­dan hər ildə yalnız bir dəfə – Novruz bayramı ərəfəsində su əvəzinə süd axır. Bu, cəmi bir-iki dəqiqə çəkir. Kim bu süd­dən içə bilsə, onun canı sağlam, ömrü isə uzun olar. Rə­va­yə­tin verdiyi məlumata görə, bulaqdan süd gəldiyini görənlər çox­ olsa da, hələ heç kəsə bu süddən içmək qismət olmayıb».

Qeydə aldığımız mətnlərin bir qismində isə pirlərin ziyarət olunması ilə bağlı rituallar təsvir olunur:

1) Ziyarətə natəmiz adam gedə bilməz. O, həm mənəvi, həm də fiziki cəhət­dən təmiz olmalıdır;

2) Ocağın başına sağdan sola üç dəfə fırlanmaq lazımdır;

3) Ziyarətə qadınların başıaçıq, qoluaçıq girməsi günahdır;

4) Xəstələr paltarlarından sap çıxarıb pirin həyətindəki ağaca bağlayırlar ki, şəfa tapsınlar;

5) İnama görə, xas günü (çərşənbə axşamı) ölən adamın üstünə ocaq düşür.

Ziyarətlə bağlı ərazidən qeydə aldığımız dörd mətn isə lətifədir. Lətifənin birin­də deyilir ki, inəyi itən kişi əhd edir ki, inəyini tapsa, balasını ziyarətə qur­ban kəsəcək. Ancaq o, inəyi tapa bilməyib qayıdan zaman arvadından eşidir ki, inəyi də o, nəzir deyib. Kişi daha inəyini axtarmağa getmir ki, «ziyarət öz inəyini özü axtarsın». Bu lətifənin bir variantı da «Şəki folkloru» kitabında verilmişdir. Xəstə üçün hansı toyu­ğu kəsmək istəyirlərsə, evin arvadı qışqırır ki, ona dəyməyin, filan ziyarətin nəziridir. Xəstə sağalandan sonra arvadı ondan toyuq­lar üçün dən almağı xahiş edəndə «ziyarətlərə xəbər göndər ki, toyuqlar acdır, onlara dən göndərsinlər» cavabını alır (10, 299-230).

Digər lətifədə isə axşam naxırdan qayıtmayan camışı üçün ziyarətə bir ma­nat nəzir deyən qadına əri deyir: «Ziyarət bir manat üçün sənə camış axtaran deyil».

Lətifələrin birində beş qəpik nəzir edib Allahdan yağış istəyən uşaqdan ya­ğı­şın niyə tez kəsdiyini xəbər alanda cavab verir: «Beş qəpiyin yağışı bu qədər olar».

Digər lətifədə isə fəsəli bişirib piri ziyarət etməyi məsləhəti görən ərinə qadın etiraz etdikdə onun cavabı belə olur: «Eh, ay arvad, fəsəliyə də tamarzı qalan ziyarətlər var».

Qətiyyətlə demək olar ki, pir sahibləri və onların möcü­zələri ilə bağlı yaran­mış mətnlər Şəkidən qeydə alınmış digər mətnlər arasında yayılma arealına görə daha üstün mövqeyə malikdir.

Şəkidən qeydə aldığımız mifoloji təsəvvürləri özündə əks etdirən mətnlər ümumtürk mifoloji dünyagörüşünün tər­kib hissəsidir və ümumdünya mifoloji mətnlərinin ən yaxşı nümunələri ilə bir sırada durmağa layiqdir.


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə