Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   52   53   54   55   56   57   58   59   ...   94

103 
 
Gəlini gətirən karvan bəy oğlanın evinə yaxınlaşanda, eyvanda durmuş bəyin anası, yaxud bacısı gəlinin 
başına  noğul-nabat  və  metal  pul  səpərdi,  uşaqlar  da  həmin  şeyləri  yığıb  sevinərdilər.  Gəlin  həyətə  girəndə, 
keçmişdə  onun  ayağı  altında  qoç  da  kəsərdilər.  Gəlindən  əvvəl  otağa  onun  çırağı,  bəxt  güzgüsü və  çörək 
bağlaması aparılardı. Gəlin otağa daxil olarkən barmağını qarşısında tutulmuş qabdakı bal, yaxud şərbət və ya 
una  batırıb  qapının  üst  çərçivəsinə  sürtməli,  astanadan  içəri  girdikdən  sonra  isə  qənşərində  yerə  atılmış  çini, 
yaxud  saxsı  qabı  sağ  ayağı  ilə  tapdalayıb  sındırmalı  idi.  Gəlin  otaqda  onun  üçün ayrılmış  yerdə  oturduqdan 
sonra onun qucağına 3-5 yaşlı oğlan uşağı verib "oğullu-qızlı olsun"  deyərdilər. 
Gəlin üç gün gərdəkdə oturardı. Zifaf gecəsinin səhərisi günü gəlin qızın anası quymaq bişirib yengə ilə 
oğlan  evinə  göndərərdi.  Gərdəkdə  oturmanın  üçüncü  günü "üçgün"  adlanan  "üzəçıxdı"  mərasimi  keçirilirdi. 
"Üçgün"də oğlanın anası yaxın qohum və qonşu qadınları "gəlingördü"yə dəvət edirdi. Gəlin yalnız qırx gündən 
sonra ata evinə qonaq çağırılardı. Bu mərasim "ayaqaçdı" adlanır. "Ayaqaçdı"da imkanlı ailələr kürəkənlərinə 
qiymətli hədiyyə də bağışlayardılar. 
Gənc  ailənin  həyatında  yeni  körpənin  dünyaya  gəlməsi  mühüm  hadisə  hesab  edilir.  Hər  bir  gənc 
azərbaycanlı  ailəsində  yeni  körpənin  dünyaya  gəlməsi  şadlıqla  qarşılanır  və  körpəyə  xüsusi  qayğı  göstərilir. 
Keçmişdə uşağın anadan olması ərəfəsində ailədə xüsusi hazırlıq görülür, körpə üçün paltar tikilir, yorğan-döşək 
hazırlanır, nənni düzəldilir və beşik alınırdı. 
Azərbaycan ailəsində körpəyə "adqoyma" mərasimi də bir şənliyə çevrilirdi. Körpənin 7-ci və ya 10-cu 
günündə keçirilən bu mərasimə dəvət olunanlara qonaqlıq verilərdi. 
Ailədə uşaqların tərbiyəsi ilə (süfrə mədəniyyəti, şəxsi gigiyena, böyüklərə hörmət, qayğı) ciddi məşğul 
olunurdu. Uşaqların tərbiyəsi hər bir gənc ailənin əsas vəzifələrindən biridir. 
Məişətin  çox  məsuliyyətli  və  ciddi  məsələlərindən  biri  də  dəfn  və  yas  ilə  bağlı  mərasimlər,  adət-
ənənələrdir.  Dəfn  və  yasla  bağlı  mərasimlərin  tarixi  kökləri  çox  qədimdir.  Ailə  məişətinin  digər  adət  və 
ənənələrindən  fərqli  olaraq,  dəfn  adətləri  din  ilə  bağlı  olduğu  üçün daha  çox  konservativ  olub  orta  əsrlərdən 
zəmanəmizədək cüzi dəyişikliyə uğramışdır. 
Mərhumun cənazəsi ortaya qoyulur, ətrafında ən yaxın qadınlar oturub "ağı" deyirlər. 
Rəhmətə gedənin ölümünü molla "salat" adlanan ölü duasını ucadan oxumaqla qonşulara və bütün kəndə 
bildirirdi. El adətinə görə, dəfn və yas mərasimi təkcə mərhumun ailəsinin deyil, bütün el-obanın qayğısı hesab 
olunurdu.  Dəfn  və  yasla  bağlı  bütün  köməkliklər  könüllü  və  təmənnasız  edilirdi.  Mərhumun  cənazəsi 
qüslxanada "mürdəşir" adlanan xüsusi ölüyuyan tərəfindən yuyulub kəfənlənəndən sonra tabuta qoyulur, tabut 
isə mafənin üstünə qoyularaq hüzr yerinə gətirilir. Mərhumla vidalaşmadan sonra mafə dəfn üçün qəbiristanlığa 
aparılır. Qəbiristanlıqda mərhum dəfn edilərkən Allahın bu yolu hamı üçün seçdiyini təlqin edən dualar oxunur, 
mərhum torpağa tapşırıldıqdan sonra isə Quranın "Yasin" surəsi oxunmaqla dəfn mərasimi başa çatdırılır. 
Qəbiristanlıqdan qayıdanlara mərhumun həyətində gülab paylanır və molla tərəfindən fatihə oxunur. Bir 
qayda olaraq mərhumun üçünə qədər ehsan verilmir. Azərbaycanın bəzi bölgələrində mərhumun üçü və qırxı 
günləri,  bəzi  bölgələrdə  isə  mərhumun  üçü, yeddisi,  qırxı  və  qırxına  qədər  hər  cümə  axşamı  ehsan  verilir. 
Mərhumun  ilində  də  ehsan  verilir  və  bu  mərasimə  adamlar  dəvət  olunur.  Rəhmətə  gedənin  ruhuna  ehtiram 
əlaməti  olaraq,  onun  yaxınları  qırx  gün yas  saxlayır  və  bayram  tədbirləri  keçirmirlər.  Mərhum  cavan  olanda 
onun ili tamam olanadək ailə üzvləri qara paltar geyir və toylara getmirlər. 
Dəfn və yasla bağlı mərasimlər "yasdançıxma" mərhələsi ilə bitir. Yasdançıxma "Qara bayram" mərasimi 
ilə həyata keçirilir. "Qara bayram" mərhumun qırxı çıxdıqdan sonra qarşıdan gələn ilk Novruz və ya Ramazan 
bayramları zamanı keçirilir. 
Qəzənfər Rəcəbli 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007,  
“ Ailə və ailə məişəti ” məqaləsi, səh.137-141. 
 


104 
 
Xalq bayramları 
 
Xalqın  mənəvi  mədəniyyətinin  mühüm  bir  sahəsini  ənənəvi  xalq  bayramları  təşkil  edir.  Qədim  tarixə 
malik  olan  bu  bayramlar  zaman  keçdikcə  dəyişikliklərə  məruz  qalsa  da,  ilkin  məzmun  və  mahiyyətini, 
özünəməxsusluğunu  bu  günədək  saxlamışdır.  Təbiət  hadisələri,  təsərrüfat  məişətindən  doğan,  yüksək  bədii-
estetik və emosional xüsusiyyətləri ilə fərqlənən kütləvi bayramlar xalqın həyatında mühüm yer tutmuşdur. 
Ən  qədim  və  ən  kütləvi  ümumxalq  bayramlarından  biri  Novruz  bayramıdır.  Bəşəriyyətin  təkamülünün 
əsasını qoymuş  əkinçilik  və  maldarlıq  Yaxın    Şərq  xalqlarının,  eyni  zamanda  Azərbaycan  xalqının  təsərrüfat 
həyatında  mühüm  rol  oynamışdır.  Ömrünü torpağa  bağlamış  əkinçi  əcdadlarımız  yazın  hər  gəlişini,  həyatın 
yeniləşməsini səbirsizliklə gözləmiş və sevinclə qarşılamışlar. 
Novruz  bayramının  kökləri  ibtidai  insanın  mifik  düşüncələri  və  animistik  görüşləri  ilə  bağlı  idi.  Bunu 
zəmanəmizədək  gəlib  çatmış  qədim  inanclar  və  əsatirlər  də  təsdiq  edir.  Bayramın  mənşəyi  köhnə  ilin  axır 
çərşənbə etiqadları sırasında və əsatirlərdə də müşahidə olunur. 
Azərbaycan  xalqının  həyat  və  məişətində  Novruz  bayramının  yerinin  müəyyən  edilməsində  arxeoloji 
materiallar mühüm qaynaqlardan   sayılır. Qobustan, Gəmiqaya, Abşeron qayaüstü rəsmlərində, habelə qədim 
yaşayış yerlərində bahar motivli maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Yazılı mənbələrdə də Novruz 
bayramı, onun mahiyyəti, tarixi kökləri, təbiət hadisələri ilə əlaqəsi haqqında xeyli material vardır. 
Beləliklə,  aydın  olur  ki,  Novruz  bayramı  qədim  insanların 
təsəvvürlərində  qışda  "ölmüş"  təbiətin  yazda  yenidən  "dirilməsi" 
ilə yeni təsərrüfat ilinin təntənəli şəkildə qarşılanması mərasimi idi. 
Yeni təsərrüfat həyatının başlanması münasibətilə keçirilən Novruz 
bayramı tarixən müxtəlif ad və çalarlarda mövcud olmuş və Yaxın 
Şərqin, eyni zamanda Azərbaycan ərazisinin qədim əkinçi xalqları 
arasında meydana gəlmiş və geniş yayılmışdır. 
Keçmişdə  təbiətin  dirildiyi  bu  ilk  günün -  yeni  günün - 
Novruzun gəlməsini atəşfəşanlıqla qarşılayırdılar. 
Azərbaycanlılar  arasında  indi  də  yaşayan  inama  görə, 
"Novruzun  topu  atıldıqda",  yeni  gələn  il  hansısa  bir  heyvanın 
üstündə təhvil olur. Belə ki, 12 heyvanlı məşhur Şərq təqvimində 
hər il ayrıca bir heyvanın (siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz, it, donuz) adını 
daşıyır. Hər bir heyvan adı 12 ildən bir təkrarlanır. Xalq arasında yayılmış inama görə, təzə ilin necə olacağı 
məhz bu heyvanın xüsusiyyətləri, əlamətləri ilə ölçülərdi. 
Bayram  hazırlıqları  qış  fəslinin  boz  ayında  başlayır  və  novruzaqədərki  bu  müddət  çərşənbədən-
çərşənbəyə  4  həftəyə  bölünür.  Qışdan  yaza  keçid  prosesi  çillədənçıxma,  dərd-bəladan  qurtulma,  çətinlikdən 
xilasolma həmin müddət ərzində baş verir. Bu çərşənbələrin hər birini təbiətin dörd əsas qüvvəsi olan su, od, 
hava və torpaqla mənalandırıblar. 
Xalq ilin axır çərşənbələrini ayrı-ayrılıqda təntənə ilə qeyd etmişdir. Dörd çərşənbənin əzəli su çərşənbəsi 
adlanır.  Əski  inanclara  görə  su  sağlamlığın,  təmizliyin  rəmzi  idi.  Azərbaycanın  müxtəlif  bölgələrində  bu 
çərşənbəyə gözəl çərşənbə, gül çərşənbəsi, yalançı çərşənbə, su Novruzu da deyilirdi. 
Su çərşənbəsindən sonra gələn od çərşənbəsinə xalq arasında üskü  çərşənbəsi, üskü gecəsi, müjdəverən, 
muştuluqçu  çərşənbə  və  s.  də  deyilir.  Od  dünyanın  xeyirxah  qüvvələrinin  başlanğıcı,  himayəçisi  sayılır.  Od 
çərşənbəsi  əski  görüşlərlə  bağlı  olub,  Günəşə,  oda  tapınma  ilə  əlaqədar  yaranmışdır.  Qədim  azərbaycanlılar 
Günəşi, odu-ocağı həyat verən ilahi qüvvə sayıb, ona sitayiş ediblər. 
Boz ayın dörd çərşənbəsindən üçüncüsü yel çərşənbəsidir. Ona xalq arasında külək (yel) çərşənbəsi də 
deyilir. 
Əski etiqadlara görə bu çərşənbədə yel, külək aləmi dolaşar, oyanmış suyu, odu hərəkətə gətirər, yatmış 
torpağı qızdırar, donmuşları oyadar, yerin ağrı-acılarını silib-süpürüb aparardı. 
Boz  ayın  dördüncü çərşənbəsi  torpaq  çərşənbəsi  adlanır.  Xalq  arasında  ilaxır  çərşənbə,  yer  çərşənbəsi 
kimi də tanınır. Bu çərşənbə torpağın isinib oyanması rəmzidir. 
Əski  inanclara  görə,  təbiətdə  bütün mövcud  olanlar  üçün özül  sayılan  dörd  qüvvədən  sonuncusunun 
(torpağın) oyanması ilə sel, yel, atəş və torpaq daha böyük güc alır, təbiətin donunu dəyişir, adamları qıtlıqdan, 
çətinlik və sıxıntıdan qurtarır. 
Xalq ilin axır çərşənbəsini həmişə böyük şənliklərlə, çal-çağır, oyun və əyləncə xarakterli mərasimlərlə 
qeyd etmişdir. 
Tədqiqatçılar  çərşənbələrdə  tonqal  qalanması,  göyə  üskü,  lopa  atılması,  bayram  süfrəsi  düzəldilməsi 
adətlərini  əski  mifik  dünyagörüşü  ilə  bağlayırlar.  İşığın,  Günəşin  gücünə  tapman  qədim  insan  odun-alovun 
köməyi  ilə  yad-yabançı  ruhları,  pis-şər  qüvvələri  qovub  uzaqlaşdırmağın  mümkünlüyünə  inanırdı.  Bütün 
məqamlarda od Günəşin rəmzi kimi düşünülürdü. Çillədən  qışdan çıxmaq üçün tonqalın qalanması əslində həm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə