Filologiya məsələləri, 2017
18
RƏHİLƏ HÜMMƏTOVA
ADPU
İMADƏDDİN NƏSİMİ POEZİYASINDA TEMPORALLIĞIN
QRAMMATİK FORMALARLA İFADƏSİ
Ключевые слова: Насими поэзия, понятие времени, когда граммати-
ка, грамматические формы, глагольные фото
Keywords: Nasimi poetry, the concept of time, when grammar, grammatical
forms, verb photos
XIV yüzilliyin böyük filosof şairi İmadəddin Nəsimi Azərbaycan
ədəbiyyatı tarixində bədii-fəlsəfi poeziyamızın əsasını qoymuşdur. Həm fars,
həm də ana dilində divan yaradan şairin ölməz misraları xəlqiliyi, dil-ifadə
və üslub gözəlliyi, forma və məzmun vəhdəti ilə könülləri riqqətə gətirir.
Nəsimi poeziyası məhəbbət və gözəllik, ilahi və dünyəvi eşq, ağıl və idrak
fəlsəfəsinin harmoniyasından yoğurulmuşdur. Bu dahi sənətkarın əbədiyaşar
şeirləri bu gün də öz təravət və ətrini onu duyan qəlblərə bəxş edir. Nəsimi
poeziyası oxucuya humanizm, müdriklik, saf duyğular aşılayır, məslək və
əqidə döyüşlərində dəyanət, dönməzlik, mənəvi ucalıq hissləri yaradır.
“Günəş batanda saralar, ancaq Nəsimi sənəti saralmır, solmur, əksinə
gündən-günə parlayaraq yeni-yeni üfüqlərə işıq saçır. Zəmanəsinin eşq
günəşi kimi parlayan şair orta çağların poeziya göylərinə bir aydınlıq, şəfqət
gətirmiş, ana dilimizi və bədii sözümüzü yeni-yeni zirvələrə qaldırmışdır ”
(1, səh. 22).
Orta çağlarda yaşamasına baxmayaraq, Nəsimi zamanların şairidir.
Zamanın fövqündə dayanan Nəsimi poeziyasında zaman anlayışının
(temporallığın) ifadəsi olduqca zəngindir. Şairin misralarında temporallıq
müxtəlif dil vahidləri ilə – leksik, morfoloji, sintaktik vahidlərlə ifadə
edilmişdir. Xüsusilə qrammatik zaman misralardakı əsas zaman
məzmununun yaradılmasında xüsusi bir lay təşkil edir. Qrammatik zaman
keçmişdə icra olunmuş, indi icra olunan, gələcəkdə icra olunacaq işin zamanı
ilə icra olunmuş, olunan və olunacaq iş, hal və hərəkət haqqında məlumat
verilən vaxt arasındakı zamandır və hər bir zamanın özünəməxsus morfoloji
göstəriciləri vardır. Felin zaman şəkilçiləri: indiki zaman (-ır, -ir, -ur, -ür, -r);
keçmiş zaman – nəqli və şühudi keçmiş zaman (-mış, -miş, -muş, -müş; -ıb, -
ib, -ub, -üb; -dı,-di, -du, -dü); gələcək zaman, xüsusilə qeyri qəti gələcək
zaman şəkilçiləri, (-ar, -ər, -r) Nəsimi poeziyasında üstün mövqedə dayanır.
Nəsimi yaradıcılığında temporallığın morfoloji əlamətlərlə ifadəsini
nəzərdən keçirək:
Filologiya məsələləri, 2017
19
Keçmiş zamanın morfoloji əlamətləri. Şühudi keçmiş zaman
Şühudi keçmiş zaman iş, hal və hərəkətin şahidlik yolu ilə icra
olunduğunu bildirir. Bu zamanda iki iş özünü göstərir. Biri keçmişdə icra
olunmuş iş, digəri isə həmin iş barəsində şahidlik yolu ilə məlumat verilən iş.
Şühudi keçmiş zaman -dı, -di, -du, -dü şəkilçiləri ilə formalaşır: yazdı,
gəldi, oxudu gördü və s. Şühudi keçmiş zamanda olan iş, hal və hərəkət
bütün şəxslər üzrə dəyişir: yazdım, gəldin, gəldik, gördünüz, oxudu,
oxudular.
İ. Nəsimi poeziyası üzərində aparılan araşdırmalar onu deməyə əsas
verir ki, şühudi keçmiş zamanın morfoloji əlaməti müasir ədəbi
dilimizdəkindən fərqlənmir. Hər üç şəxsin iştirakı və şahidliyi ilə iş, hal,
hərəkət icra edilir. Bəzən danışanın özü keçmişdə icra olunmuş işin, prosesin
bilavasitə iştirakçısı və şahididir:
Könlümü viran eylədim, mehrin yerin can eylədim,
Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə (səh. 62).
Bəzən danışan II şəxsin təki tərəfindən icra olunmuş iş və hərəkətin
şahidi olur:
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb yari-şirin laməkanım, mərhəba!(səh. 25).
Bəzən danışan III şəxsin təki tərəfindən keçmişdə icra olunmuş işi
şahidlik yolu ilə bildirir. Danışanın şahidliyi ilə iş, hal, hərəkətin III şəxsin
təki tərəfindən icra edilməsi Nəsimi poeziyasında üstün mövqedədir:
Aldı könlüm, qılmadı ol bivəfa bir gəz vəfa,
Yıxdı məmur şəhrini, gör necə viran eylədi (səh. 111).
Bəzən iş, hal və hərəkətin icrasında bir neçə şəxs iştirak edir və bu
şəxslər qeyri-müəyyəndir. Danışan işi özünün bilavasitə şahidliyi ilə çatdırır:
Dişlərin nəzminə dürdanəvü gövhər dedilər,
Görcək üzünü xəlq ayəti-əkbər dedilər (səh. 274).
Bəzən də şühudi keçmiş zamanda bir işin icrası nəticəsində yeni bir
işin icra olunması üçün şərait yaranır. Proses bu şəkildə ardıcıl olaraq
növbələşir:
Çəkdi mişkin zülfünü, aldı əlimdən ruzigar,
Şol səbəbdən könlümün halı pərişan oldu, gəl! (səh. 127)
Filologiya məsələləri, 2017
20
Nəsimi poeziyasında şühudi keçmiş zaman, qeyd edildiyi kimi bütün
şəxslər üzrə dəyişir.
Nəqli keçmiş zaman. Bu zaman əvvəlcə icra olunmuş bir iş haqqında
xəbər verilən zaman şahidlik vermədən, müşahidəçi olmadan, yalnız işin, hal
və hərəkətin icrasının nəticəsini bildirən zaman arasındakı vaxtdır. Yəni iş
əvvəlcə icra olunur, sonra heç bir şahidlik olmadan həmin işin icrası nəql
olunur. Nəqli keçmiş zaman -mış,-miş, -muş, -müş; -ıb, -ib, -ub, -üb
şəkilçiləri ilə formalaşır: almışam, alıbsan və s. Bütün şəxslər üzrə dəyişir.
İ.Nəsiminin şeirlərində -mış4, -ıb4 şəkilçiləri ilə formalaşan nəqli
keçmiş zaman müasir ədəbi dilimizdəki kimidir:
Saqi, ləbindən əsrimişəm şol qədəhdən uş,
Məstanə gözlərin kibi məstanəyəm yenə (səh. 68).
Beytin mənası belədir: Saqi (şərabpaylayan), o qədəhdən – şərabdan
artıq dodağından sərxoş olmuşam. Sərxoş, kefli gözlərin kimi mən yenə
sərxoşam. “Əsrük”, “əsrimək” qədim türk leksik yayında işlək vahid olub,
“sərxoş”, “cöşub-daşan”, “kefli” mənalarını bildirir. “Məst” leksik vahidi isə
mənşəcə fars dilinə mənsub olub “sərxoşluq”, “keflilik” mənalarını ifadə
edir. Göründüyü kimi, dahi söz ustadı eyni lüğəvi mənaya malik olan
vahidləri mənşəcə türk və fars dilindən götürməklə həm təkrara yol
verməmiş, həm də beytin poetik tutumunu qüvvətləndirmişdir. -miş
şəkilçisinin yaratdığı təəssürat lirik qəhrəmanın ovqatı ilə üst-üstə düşür.
Əsrimişəm feilindəki -miş şəkilçisi göründüyü kimi, iş və hərəkətin qəti
olaraq bitməsini deyil, yalnız işin, hal və hərəkətin icrasının nəticəsini
bildirir.
Nəsimi bəzən də nəqli keçmiş zaman şəkilçisi ilə icra olunmuş iş, hal
və hərəkətin artıq bitdiyini, qurtardığını qəti olaraq bildirir:
Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə,
Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə (səh. 62)
Beytin mənası: Ənbər qoxulu saçların (saç əvəzinə sünbül verilərək
güclü metafora yaradılmışdır) parlaq günəşin (üzünün) üstünə düşmüşdür. O
qayda ilə (o cür) gözəl qoxulu xalın açılmış gül yarpağının üstünə
düşmüşdür. Göründüyü kimi, “düşmüş” feli ilə iş və hərəkətin bitdiyi qəti
olaraq öz əksini tapır.
Və yaxud:
Gözlərin süzmüş və üzmüş canını aşiqlərin
Asılı zülfündə yüz min Şiblivü Mənsur idi (səh. 106).
Dostları ilə paylaş: |