360
“MƏN ONLARI SƏADƏTİM BİLMİŞƏM”
İlahi, qurbanam körpələrə mən,
Məni körpələrin başına döndər.
Şair dostum Əşrəf Veysəllinin
uşaqlar üçün yazdığı əsərlər çox
deyil. Amma bu az şeirləri ilə də
Əşrəf Veysəlli uşaqları nə dərəcədə
sevdiyini, onlara bağlı olduğunu
sübut edir. O, hələ övladı olmadığı
vaxtlarda övladın nə dərəcədə şirin
olduğunu bilirdi: şairlər peyğəm-
bərlər kimi əvvəli görə bilirlər. O,
gələcək övladının adını Səadət
qoymuşdu və ona deyirdi:
Yaman darıxırıq biz sənin üçün,
Di gəl, yandır bizi, alışdır bizi.
Ananın xətrinə dəymişəm bu gün,
Gəl, düş ortalığa barışdır bizi.
Əşrəf Veysəlli hələ dünyaya gəlməmiş övladını xəyalən
çiynindən-çiyninə ötürür, qolları yorulanda kirpiklərində onu
məktəbə aparır, övladının ayağı yer tutanadək özü onun qarşı-
sında iməkləyir, dükanlardakı oyuncaqların onsuz ağladıqlarını
söyləyir.
Əşrəf Veysəlli deyəndə ki: “Qohumların uşaqları gəlməzdi
bizə, deyərdilər əmilərin uşağı yoxdur”-təkcə öz kədərini yox,
övlad həsrətində olanların nələr çəkdiyini qələmə alır. Özünün
övladı olandan sonra isə bu sevincini çoxlarının yanında büruzə
vermək istəmir ki, övladı olmayanları kövrəldə bilər: “Bəlkə
yenə kimlərinsə gözü yoldadır”.
361
Əşrəf Veysəllinin uşaqlarla bağlı çox kədərli bir şeiri var.
Vaxtilə mən onu şəhər üzrə keçirilən tədbirlərin birində Əşrəfin
dilindən eşidəndə kövrəlmişəm. Sağımda-solumda oturanlar da
mənim kimi. Bu “Yarımçıq qalmış dərs haqqında ballada”dır.
Bu kiçik şeirin kədər yükü böyük bir əsərin mövzusudur: Dərs
əlaçısı olan bir nəfər qızı müəllim lövhəyə çağırır ki, “Ata”
sözünü yazmağı öyrətsin. O, ayrılıqda “a” hərfini də yazır, “t”
hərfini də amma bütövlükdə “ata” sözünü yazmır. “Ata”
əvəzinə “ana” yazır. Müəllim səbəbini soruşanda qız deyir ki,
atası onları atıb gedib. Yaxşı, elə deyək ki, anamın günahı var,
bəs mənim nə günahım?
Şair Əşrəf Veysəlli körpə övladının gözünü yaşlı qoyan bəzi
insafsızlara deyir: “Görəsən hiss etdimi barı insafsız ata. Şagird-
lərin bir dərsi ona görə pozuldu?!” Şair istəyir ki, hər evdən
körpə nəfəsi gəlsin, onların südlü kəlmələrindən soyuq divarları
sevinc bürüyər.” Bu gün ümidlərdən tutub yıxıla-yıxıla yeriyən
uşaqlar bizim gələcəyimizdir”. Uşaqları səadətimiz, “körpə
təbəssümü görməyən otağı günəş şəfəqlərindən uzaqlaşmış”
bilən şair dostuma da, hər bir ailəyə də səadətli günlər arzula-
yıram.
Feyzi MUSTAFAYEV
“Pöhrə” Sumqayıtın əlavəsi,
18 mart, 1998-ci il
362
ÖZÜNÜN ÖZÜNƏ HƏDİYYƏSİ
Özünə və sözünə çoxdan bələd olduğum qələm dostum Əşrəf
Veysəlli mənim üçün həm istedadlı şair, həm də qayğıkeş, baca-
rıqlı bir mədəniyyət işçisi kimi əziz və doğmadır.
Hal-hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt
şəhər Komitəsinin sədri işləyən Əşrəf Veysəlli (Şəfiyev Əşrəf
Cavad oğlu) müxtəlif illərdə Şahmat klubuna, Əli Kərim adına
poeziya klubuna, Şəhər Mədəniyyət evinə, H.Ərəblinski adına
Sumqayıt teatrına və Sumqayıt şəhər Mədəniyyət şöbəsinə
rəhbərlik etmişdir.
Hər yerdə, həmişə mədəniyyət işçilərinə qayğı göstərib,
onların sosial problemlərinin həllinə çalışan şair heç zaman
qələmindən ayrılmır, yurdumuzun gözəlliklərini ilhamla tərən-
nüm edir, həyatımızın reallıqlarını, müasirlərimizin ağrı-acıla-
rını özünəməxsus bir dillə təsirli misralara düzür.
Bir neçə şeir kitabının müəllifi olan Əşrəf Veysəlli bu gün-
lərdə oxucuları daha sanballı poema və şeirlər toplusu ilə
(“Ayrılığın üzü dönsün”, Sumqayıt nəşriyyatı-1998) sevindir-
mişdir.
Əşrəf Veysəllinin anadan olmasının 60 illiyi münasibəti ilə
onun çoxsaylı oxucuları, iş yoldaşları, qələm dostları hərarətlə təb-
rik edib şairə yeni yaradıcılıq uğurları diləmişlər.
Yubiley münasibətilə şair Azərbaycan Yazıçılar Birliyinin
təbrikini, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika
Komitəsinin Fəxri Fərmanlarını və qiymətli hədiyyələrini almışdır.
Lakin ən yaxşı hədiyyə qələm dostumuzun özünün özünə
hədiyyəsidir. Onun yuxarıda qeyd etdiyimiz yeni kitabı Əşrəf
Veysəllinin böyük yaradıcılıq uğurudur.
Hər şeirindən, hər misrasından yenilik və təravət duyulan bu
kitabı birnəfəsə oxuyub ürəyimdə qələm dostuma “Əhsən”!-
dedim. Və qənaətim bu oldu ki, indiyədək yazdığı şeirlərə, dərc
363
etdirdiyi kitablara bələd olmayanların da Əşrəf Veysəllini bir
şair kimi sevməsinə tək bu kitab bəs edər.
Unudulan kəndlərimizin acı taleyindən bəhs edən “Nağıllar-
da qalan dünyam” lirik poeması da, müxtəlif illərin bəhrələri
olan şeirlər də (“Boş beşiyin laylası”, “Meydanım”, ”Əli
Kərim”, “Nə var”, “Dünya”, “İnsanam”, ”Vətən”və s.) dedik-
lərimizə sübutdur.
Şairin yeni kitabından nümunələr gətirməli olsam, buna nə
qeydlərimin, nə də qəzet səhifəsinin həcmi imkan verər. Bunun-
la belə “İnsanam” şeirinin son misralarına diqqət yetirin:
Polad əzələmdir məğrur qayalar,
Büllur bulaqlardan sinəm pay alar.
Öləndə məzarda basdırmayalar,
Gərək bu torpağa əkələr məni.
Əşrəf Veysəllinin “Ayrılığın üzü dönsün” kitabı ön söz əvəzi
kimi “Mən niyə yazıram bu yazıları” şeiri ilə başlanır:
Əridə-əridə odlu qəlbimi,
Dünya öz işində qalacaqdısa,
Kainat milyon il əvvəlki kimi,
Köhnə havaları çalacaqdısa,
Mən niyə yazıram bu yazıları?
Mən isə bu qeydlərimi sözardı əvəzi kimi “Sən gərək yaza-
san bu yazıları” şeirimlə tamamlayır, qələm dostuma uzun
ömür, xoşbəxt həyat və yeni yaradıcılıq uğurları diləyirəm:
Ürəklərdə buzu əritmək üçün,
Ölən arzuları diriltmək üçün:
Qarabağa qoşun yeritmək üçün,
Sən gərək yazasan bu yazıları.
Dostları ilə paylaş: |