206
Yayın qızmarında, qışın qarında,
Gözəllik sərgisi açar bu yerlər.
Qızıl nəğmələrin qanadlarında,
Qızıl ulduzlara uçar bu yerlər.
Ömrünü-gününü hey zaman-zaman,
Şərqilər ömrünə qatar bu dağlar.
Nəğmə işığında qalxar yuxudan,
Nəğmə işığında yatar bu yerlər.
207
ÜSTÜNƏ
Könlüm quşu qanadlanıb köç eylər,
Haralardan haraların üstünə.
Yuxum ərşə çəkildikcə gecələr
Fikrim qonar oraların üstünə.
İstəyimin yuvasına qar düşər,
Ürəyimə neçə qalmaqal düşər.
Yay gəlməmiş azar vurar, xal düşər
Meynəmdəki qoraların üstünə.
Dərdimizi baxıb görən oldumu,
Qapımızı açıb girən oldumu?
Xan çobana xəbər verən oldumu
Sellər cumdu Saraların üstünə.
Unüm yetməz bir də o şən çağlara,
Əlim çatmaz o möhtəşəm dağlara...
Ümidimi tənzif kimi bağlaram
Sinəmdəki yaraların üstünə.
***
2013
208
EHTİYACI VAR
Yurd yurda qovuşsa böyüyər Vətən,
Yurdunun yurduma ehtiyacı var.
Ay dərdin aldığım, bərk tut əlimdən,
Dərdinin dərdimə ehtiyacı var.
Yurd üçün döyüşüb ölən əsgərin
Yeri də Vətənin gözü üstədir.
Yurdu qarış-qarış bölən kəslərin
“Bir qulaqburdum” a ehtiyacı var.
İstərəm arayıb seçəm dağları,
Köçsəm də qoynuna köçəm dağların.
Düşmən caynağına keçən dağların
Möhtəşəm orduma ehtiyacı var.
Qarabağ!-Dağların maralıdır o,
Ağır ellərindən aralıdır o.
Gör neçə yerindən yaralıdır o,
“Təcili yardım”a ehtiyacı var.
***
2011
209
QALXIRAM “DƏDƏ GÜNƏŞ”Ə
Bir yanıqlı ney səsi tək
Axıram “Dədəgünəş”ə.
Öz ömrümün zirvəsi tək
Çıxıram “Dədəgünəş”ə
Günəş şəfəqləri kimi,
Ulduzların zəri kimi,
Fikrət Sadıq şeiri kimi,
Yaxınam “Dədəgünəş”ə.
Könlüm közümün üstədi,
Ömrüm sözümün üstədi.
Əlim gözümün üstədir,
Baxıram “Dədəgünəş”ə.
Çağlayıram çaylar kimi,
İnləyirəm neylər kimi.
Gözlərimi göylər kimi
Sıxıram “Dədəgünəş”ə.
Çəkilibdir yerim göyə,
Qoy könlümü verim göyə.
“Ərgünəş”i görüm -deyə
Qalxıram “Dədəgünəş”ə.
***
210
ÇƏKİR
Çox da qəm eyləmə, ey dəli könlüm,
Qəmi qəm gətirir, dərdi dərd çəkir.
Şivlər pöhrələnib üzə gülüncə
Köklər qar altında nə zillət çəkir.
Nə ağac bar verər, nə də gül açar,
Üstündən qara gün sovuşmayınca.
Bir nəsil ağ günə qovuşmayınca
İynəylə gor qazır, müsibət çəkir.
Gözəl Qarabağın acı həsrəti
Ömrümü talayır, könlümü didir.
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.
***
1994
211
YADIMDAN ÇIXIB
Tapdığım kəlmənin, dediyim sözün
Axırı -əzəli yadımdan çıxıb.
Bu dünya gözümdən elə düşüb ki,
O dünya gözəli yadımdan çıxıb.
Sönmüş ocaqlarda qor gəzirəm mən,
Üzümü gor görsün, gor gəzirəm mən.
Özümü dəfn üçün yer gəzirəm mən,
Atamın məzarı yadımdan çıxıb.
Topxana meşəsi qatıb başımı,
Yetim bənövşəsi qatıb başımı.
Vətənin Şuşası qatıb başımı,
Qubası, Qusarı yadımdan çıxıb.
Qaldımı, əbədi qalan qalıqdı,
Nə dosta arxadı, nə arxalıqdı.
Xar olmuş Qarabağ xarabalıqdı,
Gülşəni-gülzarı yadımdan çıxıb.
Alışan bağrımın başıdı həsrət,
Yorğun gözlərimin yaşıdı həsrət.
Elə qatıbdır ki, başımı həsrət,
Öz başım, öz əlim yadımdan çıxıb.
***
11.02.2006
212
QARABAĞA TƏRƏF
Həsrət dəniz, xəyal yelkən
Üzür Qarabağa tərəf.
Yurd-yuvasız tərlan könlüm,
Süzür Qarabağa tərəf.
Dözdükcə səbrim daralır,
Üstümü boran-qar alır.
Gözümün kökü saralır,
Gözü Qarabağa tərəf.
Qara yellər qalxan kimi,
Qara günlər sıxan kimi,
Əydi günəbaxan kimi,
Bizi Qarabağa tərəf.
Ah, gözlədim sən gəlmədin,
Çox gözlədim sən gəlmədin.
Pıçıldadım son kəlməni,
Sözü Qarabağa tərəf.
Yuva qurduq ahın altda,
Bir “yetim segahın” altda.
Ölürük Allahın altda
Üzü Qarabağa tərəf.
***
25.09.2007
Dostları ilə paylaş: |