Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   32   33   34   35   36   37   38   39   ...   121

110 
 
Ədalət cavab verməmiş, zabit bıçağı ilə  ağacı  kəsib  Ədalətə  tərəf uza-
dırdı! Ağac kəsiləndə Ədalətdən odlu hıçqırıq çıxırdı. Özünü dəhşət almış, 
gözləri böyümüş uşaq yerindəcə donub qalır və bilmirdi ki, nə etsin. Əlcəkli 
zabit "səhvini" anlayıbmış kimi, ağacı böyrü üstə tutur, şərq adəti ilə ikiəlli, 
peşkəş təqdim edən kimi bir vəziyyət alır və: 
- Buyurun! - deyirdi. 
Ədalət canavara tuş gəlmiş quzu kimi naçar nəzərlərlə aşağıdan yuxarı 
zabitə baxırdı. Zabit badam şivini əlinə alıb, qızın çılpaq baldırlarına döyür, 
qışqırırdı: 
- Haydı, meymun balası! 
Uşaq ağlayıb qaçanda əlcəkli zabit qəhqəhə  çəkib durur, təpiyini yerə 
vurub uşağı hədələyir, baxanlar gülüşürdülər. 
Ədalət gözlərindən almaz yaşlar tökərək, başıaşağı  dərəyə qaçırdı. 
Yenicə göyərən çəmənləri, yoncalıqları ayaqlayaraq, kollardan, hasarlardan, 
arxlardan ötərək, yaralı bir quş kimi çırpınaraq qaçırdı. O, birbaş şəhərə yol 
almışdı, atasının dalınca gedirdi. Əlindəki badam şivini bərk-bərk tutub 
ehtiyatla aparırdı. Aparırdı ki, atasına göstərsin, böyüklərə şikayət etsin. 
Bu yerlər - bağçalar, kövşənlər körpə  qızın həmişə oynadığı, çiçək 
yığdığı, sünbül dəstələdiyi, quş yuvası axtardığı, quzu otardığı, çırpı 
topladığı yerlər idi. İndi isə  Ədalət heç nə düşünmürdü. Cənuba, uzaqda 
ağaran qarlı dağlar arxasına,  şəhər yoluna doğru üz tutaraq qaçırdı. 
Anasından qalma köhnə başmaqlar çoxdan ayağından çıxmışdı. Soyuqda 
gah qızaran, gah göyərən balaca ayaqları keyimiş kimi, nə daş, nə tikan, nə 
palçıq hiss edirdi. Qız hərdən hıçqırığını boğaraq: "Atacan!" - deyə fəryad 
edir,  əlindəki ağaca baxırdı. Uşağı bu kökdə görən kəndlilər müşavirin 
qorxusundan ona yanaşmasalar da, ağaclar arxasından haylayır, uşağı 
saxlamaq istəyirdilər. Ədalət qulaq asmır, yoluna davam edirdi. 
Bütün ümidləri puça çıxmış, müşavirin, mübaşirin,  ərbabın, məh-
kəmələrin qapısından naümid olan, əl üzən Ağarza həmin bu axşam da 
həmin yolla kəndə qayıdırdı. O buradan gedəndə cibində pul, əlində ərizə, 
ürəyində ümid aparmışdı. Qayıdanda isə bunların hamısını itirmişdi. Ancaq 
ürəyindən daş kimi asılan və get-gedə ağırlaşan bir intiqam hissi gətirmişdi. 
  
 
  


111 
 
Qəribədir, ürəyini ağrıdan bu hiss ona nələr deyir, nələr öyrədirdi? O, 
uzun və qayım addımları ilə  kəndə doğru yaxınlaşdıqca qəlbi tərpənir və 
tərpəndikcə  də sanki ondan çox sirlər soruşurdu: "Sən Kəmərlidə yenəmi 
qalacaqsan! Yenədəmi müşavirlə üz-üzə gələcəksən? Bağça yerində dikələn 
daş binalar sənə göz dağı deyilmi?" Sonra öz-özünə sual verirdi: "Əlimdən 
nə  gələr? Odur, göz qabağındadır. Neçələri həbsdə, sürgündə çürüyür. Bu 
gəlmə zabitlər ərbaba köməyə gəliblər. Kəndlini soyub-talamağa gəliblər". 
Ağarza fıkirləşirdi ki, olub keçəni yaddan çıxarsın, dağların döşünü bel, 
kərki ilə qaraldıb bir-iki batman arpa səpməklə güzəran keçirsin, yeganə 
balası  Ədaləti böyüdüb başa çatdırsın. Görürdü ki, yox, o, müşavirin 
zülmünü heç cürə unuda bilməyəcək. O görürdü ki, cəllad  əli ilə  kəsilib 
atılan o igid badam ağacları qalxıb baş-başa veriblər, bir sirr kimi onun 
qarşısında dayanıb sual edirlər, təkidlə soruşurlar: "Bizim günahımız nə idi? 
Bizi bahara həsrət qoyanlardan sorğu-sual olacaqmı?" 
Ağarza ürəyində onlara cavab verirdi: "Yox, ey mənim bərəkətli 
ağaclarım, sizin qatilinizdən sorğu-sual edən olmadı. Mən  şəhərdə qapı 
qalmadı döydüm, məhkəmə qalmadı dəydim, oxum daşa dəydi..." 
Ağarza bu sözü min bir nisgil və ürək ağrısı ilə deyirdi. Birdən başını 
qaldırıb ucadan əlavə etdi: "Ancaq mənim oxum qurtarmamışdır. Mənim bir 
oxum, bəlkə də axırıncı oxum lap hədəfə dəyməlidir. Şikayətdən haray yox 
imiş. Mən öz gücümə güvənməliyəm!" 
Onun bu sözlərini qabaqda gələn, titrəyərək, qorxaraq, kollara sığınaraq 
gələn Ədaləti eşidirdi. Birdən: 
- Atacan! - deyən Ədalətin səsi eşidildi. 
Ağarza yuxu görürmüş kimi döyüküb dayandı,  ətrafını dinlədi. Addım 
səsləri yaxınlaşırdı. Uşaq səsi təkrar olundu: - Atacan! 
- Qızım, Ədalət! 
- Ay ata! 
- Can, qızım, haradasan? 
- Ata, səni axtarıram. Badam ağacımı da kəsdilər. Məni döydülər, ata! 
Uşaq qaranlıqda özünü atasının qucağına atdı. Ağarza badam şivini 
qızının  əlindən alıb  şəfəqdə ona baxdı, uşağın yalın ayaqlarını qoltuğunda 
sıxdı. Xəcalətdən başını  aşağı saldı. Axı o, qızına söz vermişdi:  şəhərdən 
belə qayıtmayacaq, hədiyyələri ilə Ədaləti sevindirəcəkdi. 
  


112 
 
Nəvazişli bir səslə qızına dediyi sözlər atanın qulağında təkrar səsləndi: 
"Qızım, Allah qoysa, məhsulun alıcısı olsa, bu dəfə əlimə pul gəlsə, ərbabın 
borcunu, xumsu, zəkatı  çıxandan sonra, taxıldan artıq qalsa... sənə bir cüt 
təzə başmaq alacağam, qotazlı başmaq. Lap onun özündən alacağam ki
bayramda geyəsən!.." 
Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. 
Ədalət müşavirin adamlarından gördüklərini ağlaya-ağlaya, yanıqlı dildə 
kəsmə-kəsmə danışdı. 
Gözü təmiz yay göylərinin dərinliklərinə dikildiyi halda Ağarza 
Ədalətin məsum, məzlum səsini bir fəryad kimi eşidirdi. Eşidir, ancaq 
cavab vermirdi. O bilmirdi uşağına nə ilə və necə təsəlli versin. Onun gözü 
şimalda parlayan və gur işığı ilə diqqətləri çəkən qızıl ulduza dikilmişdi. 
Ata şəhadət barmağı ilə göstərərək, Ədalətə təsəlli verirdi: 
- Görürsən, qızım! Biz o ulduzun dalınca getməliyik, onun işığı və gücü 
bizə də nicat verəcəkdir. Qalx gedək! 
Ata-bala əl-ələ verib qaranlıq çöllərdən parlaq şimal ulduzuna doğru yol 
aldılar. 
 
1953 
 
 
 
GƏRƏK OLAR 
 
Elə düşüb ki, qonşum işdən gələndə  mən işə gedirəm. O, gündüzlər 
işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin 
birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi 
var, ancaq Mürsəllə yaxın  əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, 
bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir. 
İlk dəfə  mən onu müharibədən  əvvəl küçəmizdəki on bir nömrəli evə 
köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, 
ya ümumşəhər yığıncaqlarında görüşüb  əhvallaşırıq. Yaxın münasibətimiz 
olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, 
bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş  nəzakət 
qaydalarına riayət üçün edilən və  qəlib  şəklinə düşmüş müxtəsər və 
mülayim sual-cavabdan ibarət olur: 
- Salam! 
- Əleykəssalam! 
  
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə