Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

_______________ Milli Kitabxana _______________ 
129 
 
Gözü dağlı çölü mil-mil gəzərdi, 
Nil rəngində axan Nilə bənzərdi. 
Nə suya quş kimi dimdik vurardı, 
Nə də ilan kimi dil çıxarardı. 
Qıvrılıb qəlbindən vurulmuş kimi
Ötməzdi qanadı sınmış quş kimi. 
Alışıb yanardı beyni, damağı, 
Sanki əriyirdi bir piltə yağı. 
Şam kimi sönsə də o birdən-birə, 
Yenə də qoymazdı yanını yerə. 
 
MƏCNUNUN QARĞA İLƏ SÖHBƏTİ 
 
Açdı gözlərini yuxudan səhər, 
Sarı köynək geydi o mavi göylər. 
Güldü o sarı gül, o göylər qızı, 
Dünya başdan-başa geydi qırmızı. 
Məcnun xəzan görmüş gül kimiydi, ah! 
Gözündə ağlardı gülüzlü sabah. 
Bu sonsuz sulara od düşən zaman 
O da gəmisini çəkirdi sudan. 
Günəşdə yandıqca əli, ayağı, 
Nəfəsdən düşmüşdü günorta çağı. 
Çılpaq qaldığından o, kölgələr tək 
Oturdu bir ağac kölgəsində tək. 
O hündür ağacın kölgəsində, bax, 
Sular axışırdı şırıldayaraq. 
Göy kimi, girdə bir hovuz ki, vardı, 
Suyu kövsər kimi parıldayardı. 
Onun dövrəsini almışdı otlar, 
Yaşıl geyinmişdi o yerdə bahar. 
Ciyəri istidən kababa dönən 
O sudan doyunca içərək həmən, 
Kar kimi, lal kimi dinib danışmaz, 
Ayaq saxlayaraq dincəldi bir az. 
O yaşıl çəmənə heyran qalmışdı, 


_______________ Milli Kitabxana _______________ 
130 
 
O gözəl ağacı seyrə dalmışdı. 
Budaqda qaraca bir qarğa vardı, 
Gözü çıraq kimi işıq salardı; 
Gözəllər saçı tək qaraydı rəngi, 
Baxdıqca oxşardı qəlbi, ürəyi. 
Saleh bir quş idi o yazıq qarğa, 
Salehilər kimi geymişdi qara
91
 
Sakitcə durmuşdu budaqda o quş, 
Sanki mina üstə şəvə oturmuş. 
Məcnun fikrə getdi görəndə onu, 
Duydu qəlblərinin bir olduğunu. 
"Sən, ey yas libaslı, aç, söylə barı, 
Nədir əynindəki bu yas paltarı? 
Nədəndir, gecənin rəngi var səndə? 
Qara günlərəmi düşmüsən sən də? 
Qəmə mən yanıram, alışansa sən, 
Mənim əvəzimdə qara geymisən. 
Ürəyin yanıqlı deyilsə bu dəm 
Nədən qaralmısan, ey dərdli həmdəm? 
Sinən yanmamışsa, zavallı qarğa, 
Sinəsi dağlıdan qaçma uzağa. 
Zənci rəngi yağır sənin rəngindən
Bəlkə də, soyğunçu hindu kimisən. 
Bəlkə də, mən şaham, sən mənə çətir, 
De, nədən qarasan? Açıq söylə bir. 
Canana rast gəlsən, ərz elə ki, mən 
Onun həsrətiylə düşmüşəm əldən. 
Mənim dadıma çat, yetiş amandır, 
Dadıma yetməsən halım yamandır. 
Demişdin, əlindən tutaram bir dəm, 
Qorxuram bu həsrət gözümdə öləm. 
Bir göz kor olarsa, ey nazlı nigar, 
Tutiya verməyin nə mənası var. 
Canavar quzunu aparsa əgər, 
Çobanın hay-küyü nə fayda verər. 
Sel ki, bir binanı dibdən uçurar, 
Poladdan olsa da neyləsin divar. 


_______________ Milli Kitabxana _______________ 
131 
 
Bir əkin yerini vursa quraqlıq, 
Yağışın mənası qalarmı artıq? 
Məcnun dil oxunu atır uzağa, 
Budaqdan-budağa uçurdu qarğa. 
Məcnun danışdıqca coşub daşırdı, 
Qarğa da uçmağa hazırlaşırdı. 
O söhbət açdısa əfsanələrdən, 
Qarğa dərdlə uçdu durduğu yerdən. 
Gecə qarğa kimi geyindi qara, 
Yarasa göz açdı qaranlıqlara. 
Göydə çıraq kimi yandı ulduzlar, 
Qarğa gözü kimi parladı par-par. 
Məcnun çıraq kimi söndü, qaraldı, 
Sanki gözlərini qarğa apardı. 
Yanan bir şam-kimi o sinə dəftər 
Göz yaşı tökürdü səhərə qədər. 
 
 
QARININ MƏCNUNU LEYLİNİN QAPISINA 
APARMASI 
 
O göylər pərisi günəş yananda, 
Səhər pərdəsindən baş qaldıranda 
Hər baxış bəzənib durdu bağ kimi, 
Hər göz də parladı, bir çıraq kimi. 
Məcnun da qaçırdı qarğa kimi tək
Bir şam axtarırdı pərvanələr tək. 
Basıb köç yolunda tikanlıqları, 
Qaçırdı cananın yurduna sarı... 
Canan qoqusunu havadan duydu, 
Bir anlıq əlini köksünə qoydu. 
Elə bil, canlandı ölmüş bir bədən, 
Dayanmış bir ürək çarpdı yenidən. 
Uzaqdan bir qarı göründü bu dəm, 
Yanınca gəlirdi bir talei kəm. 
Zəncir vurulmuşdu o divanəyə, 
O da şadlanırdı, xoşbəxtəm deyə... 


_______________ Milli Kitabxana _______________ 
132 
 
Qarı çox sürətlə addım atırdı, 
Boynu zəncirlini çəkib dartırdı. 
Məcnun o əsiri gördüyü zaman 
Qarıya and verib dedi: "Bir dayan, 
Kimdir yanındakı bu zəncirli kəs? 
Neçin zəncirlidir bu divanə şəxs?" 
Qadın cavab verdi: "Düzünü desəm, 
Divanə deyildir, bu talei kəm, 
Mən dulam, bu da bir kasıb insandır, 
Bunun da, mənim də günümüz qandır. 
Ah, bizi salmışdır yoxsulluq əldən
Bunu zəncirlərə bağladım ki, mən 
Əsir sifətində gəzdirim barı, 
Gəzib dolandırım bu obaları, 
Gəzək şəhər-şəhər, həm ölkə-ölkə, 
Bir ovuc yem tapam evimə, bəlkə. 
Bundan əlimizə düşənləri biz 
İkicə hissəyə bölək tər-təmiz. 
Bir toz da qalmasın haman ruzidən, 
Nə tapsaq, bölüşək biz onları tən". 
Məcnun, qol-qanadı sınmışlar kimi, 
Yıxıldı qarının ayağına ki: 
"Aç onun boynundan o zənciri sən
Gəl mənim boynuma bağla əlinlən. 
O divanə deyil, divanə mənəm, 
Çünki mən layiqəm zəncirə bu dəm. 
Hayana istəsən, al apar məni, 
Üzü qaralıqla gəzdir ölkəni. 
Bu işdən əlinə nə düşsə hər gün, 
Yalnız sənin olsun onlar büsbütün". 
Qadın bu şikarı görüncə həmən, 
Nə qədər şad oldu bu təsadüfdən. 
Atıb yoldaşını, çox razı qaldı, 
Zənciri Məcnunun boynuna saldı. 
Qadın zəncirlədi yazıq Məcnunu, 
Boynuna ip salıb apardı onu. 
Gəzdirdi aşiqi o diyar-diyar, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə