Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   2   3   4   5   6   7   8   9   ...   14

reallıqdır. Məsələn, «Sarı gəlin» mahnısını götürək. Mahnıda nəzərə çarpdırılan əsas məsələ təbiətin ölüb- 

dirilməsi ilə bağlı mifik görüşlərin, əkin-biçinə köməyini əsirgəməyən, bu işləri himayə edən Günəşin 

simasında substantivləşən məhsuldarlıq ilahəsinin keyfiyyətlərinin qabardılması ilə bağlıdır. Ümumi ideya 

nədir? Qədim insanın həyatında əkinçilik məşğuliyyəti ilə əlaqədar olan təsəvvürlərin kortəbii qüvvələrlə 

bağlı olması və ümumiləşdirilmiş məhsuldarlıq ilahəsinin 

yaranmasına ehtiyac. Aydın görünür ki, Sarı gəlin obrazı - məhsuldarlıq ilahəsinə çevrilənə qədər bir neçə 

mərhələni keçmişdir: təfəkkürdə obrazlaşdırılıb, insan kimi təsəvvür edilib və məhsuldarlığın artmasına 

xidmət edən (bu ideyalılıqdır) ilahənin yaranmasına səbəb olub. Demək, qədim insanın təsəvvüründə 

əvvəllər məhsuldarlıq ilahəsi olmayıb. Mifdə ideyalılıq ona xidmət edib ki, fikirlərdə belə bir ilahənin 

olmasını sübut etsin. Sarı gəlin bu mahnıda mifoloji simvoldur. 

Yuxarıda dediklərimiz mif ilə simvolun qarşılıqlı əlaqəsinə həsr olunmuşdur. Mifi, yoxsa simvolu ilkin 

saymaq lazımdır? Mifi ilkin saysaq, simvolu onun nəticəsi hesab etsək, məsələnin mahiyyətindən uzaq 

düşmüş olarıq. Mif haqqındakı təriflərdə o, şüurun vahid bölünməz (sinkretik) universal forması, yarandığı 

dövrün dünyanı hissetmə və qavrama üsulu haqqında təlimi kimi izah edilir, poetik uydurma hesab edilir. 

Mif maddidir, mifin yaranmasına xidmət edən ideya isə qeyri-maddidir. Simvol ideya şəklində qədim 

insanın şüurunda obrazlaşmış təbiət hadisələrinin bədii inikasıdır. Təbiət hadisələrinin insan beynində 

yaratdığı fantastik əksolunmalar insan praktikasının məhdudluğundan irəli gələrək müəyyən deformasiyaya 

uğrayır və «ümumi ideya ilə ən adi hissi obrazın birbaşa maddi eyniyyəti»nə - mifə çevrilir [Bu barədə bax: 

152, 153, 154, 155]. 

Mifoloji şüurun məhsulu olan mif yaradıcılığını qiymətləndirərkən onu kol- lektiv şüurun məhsulu hesab 

edirlər. Ancaq mifoloji təfəkkür də kollektiv şüurun məhsuludur, çünki bu təfəkkürün sahibi olan qədim 

insanlar da kollektiv şəkildə yaşayırdılar. Onlar da günəşi, torpağı, bitkini, odu, suyu, kökünü ondan hesab 

etdikləri heyvanı da müqəddəsləşdirirdilər. Bu təfəkkür nisbətən xaotik şəkildə olsa da, hər halda mifoloji 

təfəkkür sistemini əmələ gətirirdi. Bu təfəkkür də kollektivə məxsus idi. Kollektiv haqqında tərifdə deyilir 

ki, o, cəmiyyətin bir hissəsi olan, birgə fəaliyyətin ümumi məqsədlərinə tabe olan insan qrupudur [35]. 

Hər bir xalqın tarixi onun keçmiş olduğu ictimai-siyasi proseslərdə əks olunur. Tarixdə elə bir millət tapmaq 

çətindir ki, onun soykökünün, etnik-milli 

təfəkkürünün söykəndiyi hikmətli dəyərlər olmasın. Bu dəyərlər sistemi onun (yəni qəbilə və ya tayfanın) 

sonradan mənəvi cəhətdən inkişaf etməsinə, birliklər içərisində öz yerini tutmasına kömək edir. Bu dəyərlər 

sisteminin mahiyyəti nədir? İnsan dünya ilə ilk təmasında onun üçün anlaşılmaz olan təbiət hadisələri ilə 

rastlaşır. İldırımın niyə çaxmasını anlamayan ibtidai insan onu hansısa ilahi qüvvənin yaratdığı fövqəlgüc 

kimi qəbul edir, öz şüurunda obrazlaşdırır. Yaxud gur yağışların, güclü daşqınların səbəbini öz içində 

yaratdığı su allahının ona qəzəblənməsində axtarır, özünün hər hansı qəbahətində görür, öz «səhvini» 

yenidən təkrar etməmək üçün ona sitayiş etmək məcburiyyətində qalır. Ona qurbanlar verir və s. Beləliklə

insan özünə bütöv inamlar sistemini yaradır. Hətta özünə təlqin edir ki, onun bütün həyatı öz allahları 

tərəfindən idarə olunur. Ümumiyyətlə, ibtidai insanın yaşadığı mühit elə olmuşdur ki, öz ilkin qeyri-adiliyi 

ilə onda özünə qarşı münasibət formalaşdırmışdır. Bu vaxta qədər müasir mifologiyada söhbət ancaq qədim 

insanın ilk mifoloji təsəvvürlərindən, onu necə və hansı şəkildə qavramasından, qəbul etməsindən getmişdir. 

Problemin öyrənilməyən ikinci tərəfi də vardır. Bu da ondan ibarətdir ki, mifoloji dünyagörüşünü tək ibtidai 

insan yaratmayıb, onu əhatə edən maddi aləm, təbiət də həmin prosesdə iştirak etmişdir. Bu münasibətləri 

ayırd edən zaman onların heç birinə azacıq da olsa üstünlük vermək olmaz. Qüvvələr nisbəti həmişə bərabər 

götürül- məlidir. Bu fikirdən çıxış edərək belə bir fərziyyə yürütmək olar ki, qədim insanın mifoloji dünyası 

ilə onu əhatə edən təbiət arasında üzvi vəhdət olmuşdur. İctimai şərait ibtidai insanın təfəkkürünü 

formalaşdıran ən vacib şərtlərdən biridir. Onun yaşadığı mühiti nəzərə alsaq, insanın ilkin yaşayış tərzi vəhşi 




heyvanın yaşayışından çox da fərqlənməmişdir. Bu da təbii sayılmalıdır. O, odun istisini görəndən sonra 

ondan istifadə etməyi öyrənmişdir. Təsadüfən əlindəki ət parçasının odun üstünə düşdüyünü, bişəndən sonra 

ləzzətli daddığını görürsə, hər dəfə belə etməyi üstün tutur. Ümumiyyətlə, antik keçmişdə insan - təbiət 

münasibətlərində təsadüfilik də mühüm rol oynamışdır [118]. Qədim insan heç görmədiyi bir şeylə 

rastlaşanda bu, onun üçün möcüzəli görünmüşdür. Möcüzə onun şüuru ilə predmet arasında fantastik əlaqə 

yaradıcısına çevrilmişdir. O, ilk dəfə gördüyü hadisə və predmeti öz duyğuları ilə qavramağa çalışmış, şüuru 

bəsit olduğu üçün bu qavrama duyğuda fövqəltəbiiliyə çevrilmiş və nəhayət, obrazlarda təcəssüm 

olunmuşdur. Predmet və hadisələrin mifoloji şüurda dərk edilməsi zamana uyğun olaraq həqiqilik 

mahiyyətini daşımışdır. Yəni indiki zamana və təhkiyə zamanına nisbətdə bizim mifoloji adlandırdığımız 

hər hansı bir şey öz zamanında həqiqət olmuş, dövrə uyğun bilik sistemini təşkil etmişdir. 



 

1.2.Mifoloji şüurun struktur səviyyələri 

Mifoloji şüurun strukturu animizmdən, fetişizmdən, totemizmdən və antropomorfizmdən təşkil olunur. 

Mifologiya bir elm sahəsi, tədqiqat növü kimi alimlərin nəzərini XYIII əsr- dən cəlb etməyə başlayıb. 

Mifologiyanı tarixi formada qəbul edən italyan filo- sofu J.Viko olmuşdur. «Millətlərin ümumi təbiəti 

haqqında yeni elmin əsasları» əsərində Viko inkişafın 4 dərəcəsini göstərirdi: 1. Təbiətin canlandırılması və 

ilahiləşdirilməsi; 2. Təbiətin tabe edilməsi və dərinləşdirilməsi; 3. Allahların ümumi-siyasi mənada şərh 

edilməsi; 4. Allahların insanlaşdırılması və onların alleqorik mənalarının itirilməsi. XYIII əsrdə şotland 

filosofu Adam Fergüsson da bəşər tarixini vəhşilik, barbarlıq və sivilizasiyadan ibarət üç dövrə bölürdü 

[214, s.6]. E.Taylor isə etnoqrafiyaya «ibtidai animizm» anlayışını gətirmişdir (animus - ruh). Onun animist 

nəzəriyyəsinə görə ibtidai insanlar ölüm və yuxugörmə haqqında fikirləşəndə bunu öz daxilindəki hər hansı 

bir substansiya ilə əlaqələndirmişlər ki, sonradan ruh adlandırılan bu substansiya istənilən vaxt öz bədənini 

tərk edə və ya qayıda bilərmiş. İnsan ruhu ilə bağlı olan bu təsəvvürlərdən ayrıca mövcud olan ruh haqqında 

anlayış, təbiət hadisələrinin canlandırılması, bitkilərin və heyvanların fərqləndirilməsi yaranmağa 

başlamışdı. Özünün animist nəzəriyyəsində dilin mənşəyini etnoqrafikvə tarixi materiallarla 

aydınlaşdırmağa çalışan müəllifanimizmin yer üzünün hər yerində yayıldığını göstərir [214, s.14], 

animizmlə bağlı olan digər ibtidai dini təsəvvürləri - fetişizmi (cansız cisimlərin, bütlərin fövqəladə 

qüvvəsinə inanmaq) dinin mənşəyi hesab edərək bunları bir-birindən ayırmır. C.Kokyara da animizmi dinin 

ilkin forması, dinin özünü insan təfəkkürünün ilk ifadəsi, ibtidai insanların fikirlərini isə universal tarixin 

birinci səhifəsi hesab edirdi [169, s.411]. 

E.Taylorun animist nəzəriyyəsinə görə qədim ibtidai insanın dünyagörü- şündə çoxlu ruhlar hökmranlıq 

edir. Bu ruhlar onun həyatını idarə edir. Öz funksiyalarına görə onları xeyirxah və bədxah ruhlara bölmək 

olar. Qədim insanın təsəvvüründə ona sağlamlıq gətirən xeyirxah ruhlardır. Hətta onlar insana sağlamlıq 

gətirən ruhlara həsr edilən sağlıq mətnləri (bu ruhları şərəfləndirən müqəddəs mətnlər - alqışlar) qoşmuş və 

onun və ya onların sağlığına müəyyən içkilər içməyi də həyata keçirirlərmiş. E.Taylor bu ruhlarla bağlı olan 

görüşləri Afrika qəbilələri içərisində toplamışdır. Bu qəbilələrdə asqırmaq sağlamlığa olan münasibət kimi 

onun diqqətini cəlb etmişdir. Onlar elə düşünüblər ki, onları asqırdan xüsusi sağlamlıq ruhları vardır. Xəstə 

adam asqıranda elə düşünüb ki, əcdad ruhu onu sağaltmaq üçün onun qəlbinə daxil olub. «Mən onu 

şərəfləndirməliyəm, çünki o, məni asqırmağa məcbur edib». Asqırmaq sağlamlıq əlamətidir, ona görə də 

xəstəyə «sağlam ol» deyilir [214, s.83]. Molla Nəsrəddinin adı ilə bağlı olan bir lətifədə də «Mən nə vaxt 

asqırdım, sağlam ol, Molla» fikri aşılanır. Müsəlman asqıranda «Ya səbrli Allah», «Allaha şükür olsun» 

ifadələrini söyləyir ki, bu da bilavasitə Allahdan öz sağlamlığı üçün səbir diləməkdir. Qədim xalqların bədii 



Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə