Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   ...   6   7   8   9   10   11   12   13   14

Ruhun müqəddəsliyinə inanan insan hər şeydə ruh olmasını qəbul edirdi. «Buna uyğun olaraq miflərdə və 

mərasimlərdə nəinki ruhlar, eləcə də təbii stixiyalar (məsələn, qışın qoca qarı şəklində, Ayın oğlan və Günün 

qız görünüşlü, lalənin vaxtilə gözəl-göyçək bir qız və s. kimi təsəvvür olunması kimi) insan biçimində 

düşünülmüş, insana xas olan bir sıra xüsusiyyətlər canlı-cansız, bilinən bütün varlılara, təbiət əşyalarına da 

aid olunmuşdur» [37, s.39]. 

Antropomorfizmin bir xüsusiyyəti də zoomorf varlıqların canlı insan kimi təsəvvür olunmasında aşkar edilir. 

Miflərdə, əfsanələrdə qurd insana dönə bilir və əksinə. Demək olar ki, totem sayıla bilən bütün heyvanlar 

danışmaq qabiliyyətinə malik olur. Bu fakt isə mərhələlərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu göstərir. 

Antropomorfizmin bir sıra xüsusiyyətlərindən mifin poetik dilində istifadə olunmuşdur. Mifdə dağlar danışa 

bilən, kədərlənə bilən, heyvanlar dil açıb yol göstərə bilən mifologemlər kimi diqqət çəkir. Bu da mifin təsir 

gücünü artıran amil olmuşdur. Şəxsləndirmə, alleqoriya, mübaliğələr, metaforalar mifdə istifadə olunan 

bədii simvollardır. 

Animizm, totemizm, antropomorfizm və fetişizmin folklorda tipik forması inkarnasiya, reinkarnasiya və 

inisiasiyadır. Animizm, totemizm, antropomorfizm və fetişizmin son nəticəsi isə folklorda qurban motivi və 

qurbankəsmə ilə tamamlanır. 

Azərbaycan folklorunda az öyrənilmiş məsələlərdən biri, bəlkə də birincisi inkarnasiya, reinkarnasiya və 

inisiasiya problemləridir. Folklorşünaslıqda problemə aid baxışlar müxtəlifdir. Çünki bu problemin kökündə 

bilavasitə totemizm dayanır. Buna görə də problemə yanaşma aktuallıq kəsb edir. Bu problemin ayrı-

ayrılıqda folklor mətnləri ilə əlaqəsi öyrənilsə də, onların bir-biri ilə üzvi vəhdətdə tədqiqinə fikir 

verilməmişdir. Halbuki problemi tək-tək deyil, birlikdə öyrənmək bu prosesin əhatə etdiyi bəzi məsələlərin, 

məsələn, totemizmin silsiləli tədqiq edilməsini asanlaşdıra bilər. Məsələn, folklorda inkarnasiya hadisəsinin 

necə əks olunmasının kompleks yanaşmadan kənarda öyrənilməsi ciddi nəticə verməz. Çünki inkarnasiya 

özünün əks prosesi ilə birbaşa bağlıdır. Ona görə də bu iki hadisəni eyni vaxtda tədqiq etmək mifologiya 

üçün mühüm nəticələrin əldə olunmasına kömək edər. İnisiasiya isə reinkarnasiyadan sonrakı mərhələ olub 

geniş tədqiq xüsusiyyətlərinə malikdir. 

İnkarnasiya və reinkarnasiya prosesi totemizmlə birbaşa bağlıdır. Totemizmin isə alt paleolit dövründə (e.ə. 

XII - X minilliklər) yarandığını söyləyirlər (S.P.Tolstov, D.E.Xaytun, S.A.Tokarev və b.). Folklor üçün ani 

olan dövr tarix üçün minilliklərlə ölçülür. Alt paleolit dövrü qədim insan nəslinin yaşadığı geoloji dövrdür. 

Totemizmin yaranması da qədim insanların mağara həyatı bağlı olub özünü heyvandan ayıra bilmədiyi 

çağlarla bağlıdır. İnkarnasiya da bilavasitə totemizmlə ilişgili olduğundan bu dövrə aid materiallar qədim 

Asiya, Afrika, Avstraliya, Qvineya və Okeaniya qəbilələrinin etnoqrafiyasının öyrənilməsi zamanı aşkar 

olunmuşdur. Azərbaycan folklor mətnlərində də inkarnasiya olunmuş totem heyvan və quşlara rast gəlinir. 

Məsələn, «Məlik Cümşüdün nağılı»nda Mürği-Xəndan yarı insan, yarı quş kimi təsəvvür olunur [46, s.23]. 

Totemizmlə məşğul olanların (C.Freyzer, E.Taylor, Spenser, E.Meletinski və b.) fikrincə, totem o heyvandır 

ki, ona sitayiş edənin ruhu həmin heyvandadır. Bu fikri inkişaf etdirərək onu demək olar ki, qədim insan öz 

ruhunun onda olduğunu güman etdiyindən totemi (heyvanı) insan şəklində (bədəni insan, başı heyvan) 

təsəvvür edir [194, s.166]. 

Azərbaycan mifologiyasında, xüsusən nağıllarda quşlar zoomorf, xeyirxahlıq edən hamilər kimi yer 

almışdır. Nağıl və dastanlarda quşlar qəhrəmanların soykökünü təyin edən mifik obrazlardır. «Kitabi-Dədə 

Qorqud» dastanlarında quşlarla qəhrəmanların genetik əlaqələrini təyin edən prof. İ.Vəliyev yazır ki, qızın, 

qadının quş timsalında xatırlanması, Qazan xanın «ağ sunqur quşu erkəyində bir köküm var» deməsi onların 

ana tərəfdən təmsilçisinin quş olmasını göstərir [123, s.44]. 

Azərbaycan nağıllarında pəri quşlar da inkarnasiya edərək qız cildinə düşə bilir. Yaxud əfsanələrdə müəyyən 



həya, utancaqlıq üzündən qız, qadın reinkarnasiya edərək göyərçinə və başqa quşlara çevrilə bilirlər. 

Totemizmin obyekti totem əcdadı və onunla bağlı olan təsəvvürlərdir, subyekti isə kollektiv içində müəyyən 

ərazidə yayılmış insan nəslidir. 

Totemizm qəbilə quruluşu ilə bağlıdır. Qəbilənin yox olması və ya birləşərək tayfa əmələ gətirməsi ilə 

totemik nizam da dəyişərək əcdad kultuna keçir. Hami ruhlar, tayfanın müqəddəsləri haqqında təsəvvürlər 

formalaşır [217, s.391]. Tayfanın qəhrəmanları, qəhrəmanlıq fenomeni haqqında baxışlar dəyişir. Qeyd 

etmək lazımdır ki, qəhrəman kultu qəbilə quruluşunun dağılması ilə, totem yaradıcının əcdad törədiciyə 

keçməsi ilə yaranan bir kultdur. Yeni kult mifoloji allahlara etiqadın artdığı dövrdə inkişaf etməyə başlayır. 

S.A.To- karev yunan dilində yazılmış kitabədə «qəhrəman» sözünün «rəhmətə gedən» sözünə uyğun 

gəldiyini yazır. O bu terminə uyğun qəhrəman tipinə Heraklı yaxın sayır, onu əfsanəvi əcdad, əsilzadələrin 

sülaləsinin başçısı hesab edir (eynilə Oğuz da bu cürdür) [217, s.393]. O, dinin varislik formasından 

danışarkən totemizmin və erkən qəbilə kultu kimi inisiasiyanın rolunu qeyd edir [218, s.50]. 

Problemin şərhinə keçməzdən əvvəl qeyd edək ki, totemizm xalqların həyatında böyük bir mərhələni təşkil 

edir. Bütün türk xalqları da bu mərhələni özlərinə məxsus şəkildə keçmişlər. Totemə yanaşmada, xüsusən 

qurda münasibət, onun totem, yoxsa yaradıcı, demiurq olması müəyyən mülahizələrə gətirib çıxarmışdır. 

Bu mülahizələrə münasibət bildirmədən qısaca onu deməyi lazım bilirik ki, boz qurdun aid edildiyi Oğuz 

xanın şəxsiyyətində öküzün də rolu diqqəti cəlb edir. Burada həm qurd, həm də öküz əcdad heyvandır. 

Tarixdə tək Oğuz xan deyil, Çingiz xanın, Teymurun da kökündə əcdad heyvanların durduğu söylənilir. 

Çingiz xan, Oğuz xan və başqa şəxsiyyətlərin həyatı ilə bağlı əfsanələrdə onların əcdad heyvanlarla əlaqəsi 

gözə çarpmaqdadır. Bu əfsanələrdə işığın heyvan şəklində təzahür etməsi və qəhrəmanın doğulmasında 

iştirakı xatırladılır. Prof. A.Nəbiyev «Oğuz Kağan» dastanında qurdun şüa şəklində enməsini belə 

mənalandırır: «Bu, mifoloji təsəvvürdə - insan və qurd rastlaşmasında qurdun tanrıçılıq funksiyasını yox, 

bərq vuran günəş şüaları altında görünən siluetin simvolizmidir» [101, s.174]. Deməli, qurd Oğuz üçün 

fetişdir, onu özü üçün düşərli hesab edir. Məhz fetiş olandan sonra qurdun totem olması funksiyası bu 

dastanda görünür. Oğuz xanın dünyaya gəlişini izləməmişdən əvvəl türk soyunun yaranmasında qurdun 

demiurqluğuna nəzər salmaq lazımdır. Bizə belə gəlir ki, demiurqluq qurdun qazandığı ikinci funksiyadır və 

totemik əcdaddan törəmədir. Totemin də özününkünü qorumaq xüsusiyyəti vardır. Bir əfsanədə Aşina 

tayfasının çoxalıb artmasında əsas səbəb qurdun əcdad olması göstərilir. Əfsanədə bu tayfadan sağ qalan 

əlləri, ayaqları kəsilmiş bir uşağın dişi qurd tərəfindən aparılıb mağarada bəslənilməsi və bu qurddan 10 

uşağın doğulması, başqa qadınlarla evlənməsi və yayılması söylənilir. Əfsanədə uşağın əllərinin, ayaqlarının 

kəsilməsi onu heyvana, əcdada yaxınlaşdırır, o da özünü heyvan kimi hiss edir. Belə olanda uşaqla qurd 

arasında olan cismani bənzəyiş, yaxınlıq qurdun mavi olması ilə əcdad uşağın göy türk olması arasında daha 

çox üzə çıxır. Hər ikisi mavi göydən gəlmə hesab edilir (insanın kosmos mənşəli olması məsələsi) və 

müqəddəslik qazanır. Bu uşaq hələ Oğuz deyildir, lakin Oğuzun dünyaya gəlməsində ikinci bir törədici ilə 

birləşərək iki əcdadlılığın başlanğıcını qoyur. J.P.Roux iki heyvanın evlənməsindən söz açır. Çingiz xanın 

ailə kökənində olan Borte Çino ilə vəhşi dişi keyik olan Koa Maral (Çingiz xanın anası) birləşərək iki 

əcdadlılığın nümunəsi kimi diqqəti çəkir [142, s.153]. Əski düşüncədə Yer ilə Göyün evlənməsi Göyü təmsil 

edən qurdla Yeri təmsil edən keyik arasında izdivacın baş tutmasına qədim türkləri, monqolları 

inandırmışdı. Qurd mavi və boz olduğuna görə Göyü, maral isə (keyik) torpağın simvolu kimi düşünülürdü. 

İki əcdadlılıq Oğuz xanın da tarixi keçmişində qalmaqdadır. Qurd və öküz (inək) Oğuzun dünyaya 

gəlməsində iştirak etmişdir. Bu əfsanələrdə diqqəti çəkən işığın qurd şəklinə düşməsi, inkarnasiya 

prosesidir. İşıq (şüa) eyni zamanda ruhdur və qurda çevrilərək Oğuzun dünyaya gəlişinə səbəb olur. Totemin 

bu cür təsəvvür olunması ibtidai təfəkkürün məhsulu olan totem əcdadla bağlıdır. S.P.Tolstov totemizmin 

mərhələlərini belə təsvir edir: 1. Totem əcdadı; 2. Totem qohum rolunda çıxış edir; 3. Totem əcdad, qohum 

deyil, kollektivin ümumi inancıdır [231, s.139]. 



Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə