0
E.S.CƏFƏROV
RADİOBİOLOGİYA
1
E.S.CƏFƏROV
RADİOBİOLOGİYA
Magistrlər üçün dərs vəsaiti
Dərs vəsaiti AMEA ‐ nın Rəyasət heyətinin 31.10.2012‐ci il
tarixli № 6/4 saylı Qərarına və Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin 30.01.2014‐cü il tarixli № 97 saylı Əmrinə
əsasən çap olunmuşdur
B A K I – 2014
2
Elmi redaktor : AMEA ‐ nın akademiki, Əməkdar elm xadimi,
kimya elmləri doktoru, professor A.A.Qəribov.
Rəyçi : 1. BDU‐nun “Bitki fiziologiyası” kafedrasının müdiri, Əməkdar elm
xadimi, ABŞ ‐ ın İllinoys Akademiyasının həqiqi üzvü, biologiya
elmləri doktoru, professor N.A.Qasımov.
2.
Bakı Dövlət Universitetinin biofizika və molekulyar biologiya
kafedrasının professoru, fizika ‐ riyaziyyat elmləri doktoru
R.İ. Xəlilov.
3. AMEA – nın Radiasiya Problemləri Institutunun “Enerji
qənaətedici radiasiya prosesləri” laboratoriyasının müdiri,
kimya elmləri doktoru, professor İ.İ.Mustafayev
Cəfərov E.S. Radiobiologiya. Dərs vəsaiti.
Bakı, “Elm” nəşriyyatı, 2014, 324 s.
İSBN 978‐9952‐495‐35‐5.
Dərs vəsaitində Radiobiologiyanın yaranma və bir elm kimi formalaşma tarixi
xronoloji ardıcıllıqla verilmiş, əsas radiobioloji anlayışlar və onların vahidləri haqqında
ətraflı məlumatlar verilmiş, radiasiya dozimetriyası, radiasiya səviyyəsinə nəzarət üsulları,
təbii və süni radiasiya mənbələri şərh edilmişdir. Ayrıca fəsildə təbii radiasiya fonu, onun
biosfer üçün əhəmiyyəti və orqanizmlərin normal böyümə və inkişafında roluna dair
məlumatlar öz əksini tapmışdır. Vəsaitdə radiasiyanın bioloji təsirinə, kiçik dozalı radiasiya
probleminə, kiçik dozalı radiasiyanın stimullaşdırıcı təsirinə, radiohəssaslıq və
radiorezistentlik problemlərinə xüsusi diqqət verilmişdir. Başqa bir fəsildə isə
radionuklidlərin torpaqda və “torpaq ‐ bitki” zəncirində miqrasiya xüsusiyyətlərinə dair
məlumatlar toplanmışdır. Təqdim olunan material həm də müəllifin özünün apardığı
tədqiqatların nəticələri ilə zənginləşdirilmişdir.
Dərs vəsaiti radiobiologiya, radioekologiya, radiologiya, biofizika, molekulyar
biologiya ixtisaslarını seçmiş tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsaitdən bu sahədə
çalışan müəllim və mütəxəssislər, həmçinin də radiobiologiya və radioekologiyanı sərbəst
öyrənənlər istifadə edə bilərlər.
© “ Elm” nəşriyyatı, 2014
3
ÖN SÖZ
Yaşadığımız mühitin radioekoliji vəziyyətinin günbəgün pisləşməsi bu gün
təkcə bu sahənin mütəxəssislərini deyil, həm də geniş ictimaiyyəti narahat edir. Heç
kəsə sirr deyil ki, bütün canlılar, o cümlədən də bizim hər birimiz kosmik radiasiyanın,
yer qabığının üst təbəqələrində paylanmış və həm canlı orqanizmlərin, həm də onların
qida məhsullarının tərkibinə daxil olan radioaktiv elementlərin yaratdığı təbii radiasiya
fonunun fasiləsiz təsirinə məruz qalır. Əlavə olaraq, insanların texnogen fəaliyyəti,
nüvə partlayışları, AES – lərdə (məsələn, Boyük Britaniyanın Uindskeyl, ABŞ‐ın Tri Mayl
Aylend, Ukraynanın Çernobıl, Yaponiyanın Fukusima AES‐lərində) və müxtəlif atom
sənayesi müəssisələrində baş verən qəzalar planetimizin ayrı – ayrı ərazilərində
radiasiya fonunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Ona görə də bu
gün əhali arasında, haqlı olaraq, fəaliyyətdə olan və tikilməsi planlaşdırılan AES‐lərə
qarşı açıq‐aşkar etiraz edənlərin sayı kifayət qədərdir. Həmçinin də atom sualtı
qayıqlarında baş verən qəzalar, nüvə poliqonları ərazilərində yaranmış mürəkkəb
ekoloji vəziyyət, radioaktiv tullantıların daşınması və basdırılmasının yaratdığı
problemlər və bu kimi çoxlu sayda digər hallar əhalinin bir qismində psixoloji gərginlik
və bəzən də hətta kiçik radiasiya səviyyəsinə qarşı belə qorxu hissləri (radiofobiya)
yararmışdır. Qeyd edək ki, yaxın vaxtlara qədər radiasiya səviyyəsinə nəzarət etməyə
imkan berən dozimetrik – radiometrik cihazlar yalnız radisiya ilə əlaqəsi olan az
sayda insanları maraqlandırırdısa, bu gün bu cihazlara sahib olmaq istəyində olanlar
kifayət qədərdir və əhalinin istifadəsi üçün müxtəlif tip məişət dozimetrlərinin işlənib
hazırlanması və istehsalı ilə onlarla dövlət müəssisələri məşğul olur.
Əgər ionlaşdırıcı şüalanmanın ekstremal təsirə malik olmasını və ətraf mühitin
digər çirkləndiriclər ilə birgə təsir şəraitində onun sinerqetik effektlər (birgə təsirin
ayrı‐ayrı faktorların təsirinin cəmindən çox olması kimi fenomenlər) yarada bilməsini
nəzərə alsaq, onda belə şəraitlərin canlı təbiətin ekoloji vəziyyətinə və insanların
sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilməsinə heç bir şübhə qalmaz. Nəhayət,
məlumdur ki, bu gün ionlaşdırıcı şüalanmadan çoxlu sayda xəstəliklərin müalicəsində,
diaqnostik və terapevtik vasitə kimi geniş istiifadə olunur. Ona görə həm sadalanan
halların yaratdığı problemlərin dərk edilməsi, həm də radiasiya terapiyasından geniş
istifadəyə və yeni texnologiyaların işlənib hazırlanmasına olan yüksək təlabat əhalinin
bu sahədə müəyyən biliklərə malik olması zərurətini yaratmışdır. Bu baxımdan,
hazırlanan vəsait mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də çoxlu sayda elmi və
sosial məsələlərlə diktə olunmuşdur.
Dostları ilə paylaş: |