Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
41
Dostum Vaqif Məmmədov yorulmaz tədqiqatçı, tarixçi alim 
kimi də xeyli araşdırmalar aparmışdır. Onun “Sədərək harayı”, 
“Sədərək şəhidləri”, ”Unutsaq unudularıq” kitablarındakı poetik 
dillə verilmiş şeirləri müqəddəs torpaqlarımızın qəhrəmanlıq 
məskəni olduğunu, Vətən uğrunda şəhid olmuş ərənlərimizin 
mübarizlik məktəbi keçdiyini gənclərimizə təlqin edir. 
“Diz çökürəm bu qeyrətin önündə” şeiri 19 yanvar 1990-cı 
ilin qanlı-qadalı günlərində Naxçıvan əhalisinin birliyindən, düş-
mənə qarşı amansızlığından, soyuq, şaxtalı səngərlərdə əsgər-
lərimizin vətən uğrunda döyüşlərindən böyük qürur hissi ilə 
yazırdı: 
 
Mərd igidlər al qana and içdilər, 
Cavan yaşda canlarından keçdilər. 
“Vətən” deyib ürəklərə köçdülər, 
Bir şam kimi alışanda, sönəndə, 
Diz çökürəm bu qeyrətin önündə. 
 
Vaqif müəllim istedadlı şair kimi bu torpağın bütün gözəl-
liklərini, təbii sərvətlərini, mərd, mübariz insanlarını poetik dillə 
verməyi bacaran tarixçi olmuşdur. Onun bu istedadı “Sədərək 
qalası”, “Şərurum”, “Bura  Naxçıvandır”, “Ordubad lövhələri”, 
“Qarabağ”, “Gəmiqayada düşüncələr” silsiləsindən olan şeirləri 
Vaqif müəllimin Vətən torpaqları, onun tarixi abidələri, hər 
dərəsi, dağı, çayı, bulağı haqqında tədqiqatçı bir alimin poetik 
dillə yazılmış araşdırmaları və həyat salnaməsidir. 
Şair Vaqif Məmmədovun müxtəlif mövzulu lirik şeirləri ilə 
yanaşı “Zəfər”, “Xatın harayı”, “Şəruru axtarıram”,  “Rionidə 
yanan ulduz kimi” poemaları da geniş oxucu auditoriyalarında 
böyük sevgi və məhəbbətlə qarşılanır. 
Böyük ürək sahibi, geniş dünyagörüşlü, hərtərəfli istedada 
malik Vaqif müəllim universitetimizdə və respublikamızda 
sayılıb-seçilən alim, şair, təcrübəli pedaqoq olmaqla yanaşı, həm 
də gözəl publisistik əsərlər müəllifidir. Əsərlərində elmi düşüncə 
ilə müxtəlif yönlü araşdırmaların sintezi oxucunu düşündürür, 


Vaqif Məmmədov xatirələrdə 
 
42
onun maraq  dünyasının tələblərinə cavab verir və axıradək bu  
yazıları oxumağa məcbur edir. İstedadlı şair, “Əməkdar mədə-
niyyət işçisi”, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin 
üzvü, gözəl tarixçi alim Vaqif Məmmədovun əsərləri və həyatı 
gələcək nəsillər üçün əsil ziyalılıq nümunəsidir. Sən həmişə 
bizim yaddaşımızda, qəlbimizdəsən. “Karvanım tez getdi” 
demə, sənin yazdıqların, yaratdıqların sənsiz də olsa, sənin söz, 
sənət karvanını, gələcək nəsillərə qədər apara biləcəkdir.  
 
Sinəsi dağlıyam mən, 
Qolları bağlıyam mən, 
Karvanım tez getsə də, 
Bu elin oğluyam mən- 
 
deyən Vaqif qardaşım, Siz öz insani keyfiyyətlərinizlə, Vətən 
nəğməli, Sədərək haraylı, sevgi təranəli, Qarabağ yanğılı, vətən-
daş çağırışlı şeirlərinizlə bu elin, bu torpağın, bu diyarın əziz, 
sevimli, unudulmaz, qeyrətli bir oğlu kimi həmişə qəlblərdə, 
könüllərdə yaşayacaqsınız.  
Allah sənə rəhmət etsin, VAQİF müəllim! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
43
Sədaqət Həsənova 
Filologiya elmləri doktoru, 
professor 
 
VAQİF MƏMMƏDOV HAQQINDA 
DÜŞÜNDÜKLƏRİM 
 
“Vaqif Məmmədov” deyəndə gözlərim önündə sakit, ifallı, 
mərifətli və mədəni bir insanın surəti dayanır. Mən Vaqif müəl-
limi hər dəfə görəndən, salamlaşıb söhbət edəndən sonra, nədən-
sə belə düşünərdim: görəsən o, kiməsə pislik edə bilər? Görəsən 
o, pis danışa bilər və ya pis düşünə bilər? Və öz-özümə cavab 
verirdim: Yox! 
Vaqif müəllimin NDU-da nəşriyyatın direktoru olduğu ilk 
zamanlarda bir dəfə mən ehtiyatla onun yanına getdim. Bu 
ehtiyatın iki səbəbi var idi. Əvvəla, yeni vəzifəyə keçmiş insanın 
fərqli olacağını düşünürdüm. İkincisi, bir məqalənin çapını xahiş 
edəcəkdim, lakin gecikdirmişdim. Və o məqalənin çapı önəmli 
idi. Vaxtında təqdim etmədiyim üçün müsbət qarşılanacağıma 
inamım yox idi. Lakin Vaqif müəllim məni o qədər səmimiyyət 
və mehribanlıqla qarşıladı ki, düşündüklərimə görə utandım. 
Həmin zamandan sonra əvvəllər ancaq salamlaşıb keçdiyim iş 
yoldaşımız Vaqif müəllimlə ünsiyyətim gücləndi və mən onu 
gözəl bir dost kimi qəbul etdim. Vaqif müəllimlə söhbət, onun 
səbirlə insanı dinləməyi adamın qəlbinə rahatlıq gətirirdi.  
Nədənsə, mən həmişə Vaqif müəllimi gördükdən sonra ağlı-
ma qəribə fəlsəfi fikirlər gəlirdi. Mənə elə gəlirdi ki, Allah insan-
lara vəzifəni iki cəhətdən qismət edir. Birinci, həmin insan vəzif-
əyə layiqdir, niyyəti təmizdir, bu işdə adamlara köməyi dəyəcək. 
İkinci, layiq deyil, ona vəzifə verilir ki, iç üzü tanınsın, xisləti üzə 
çıxsın, hörmətdən düşsün. Vaqif müəllim birincilərdən idi. Onu 
həmişə kiməsə kömək edən, yaxşı yol göstərən görmüşəm. O 
sadə adamın sadə, lakin işgüzarlıq tələb edən bir vəzifəsi var idi. 
O, bu işi insanlıq vəzifəsi səviyyəsinə qaldırmışdır. Onun insan-
lığı həyatı boyu daşıdığı vəzifələrdən qat-qat böyük olmuşdur. 


Vaqif Məmmədov xatirələrdə 
 
44
İnsanlar həyatdan köçdükdən sonra qeyri-ixtiyari dalınca 
rəhmət oxuyurlar. Bu, müsəlmanlığın etik qaydalarından biridir. 
Lakin bir şey həqiqi bir gerçəklikdir ki, Vaqif müəllim rəhmətini 
sağlığında qazanan adamlardandır. 
Vaqif müəllim az danışardı. Özü dediyi kimi, öz sözlərini 
misralarla deyərdi. O, müəllim kimi də, şair kimi də təvazökar 
və düzgün adam idi. Sözübütöv, dürüst, təmkinli və mehriban 
idi. Arxivlərdə çalışmağı tələb edən tarixi bir elmi iş yazmışdı, 
çox zəhmət   çəkmişdi, lakin heç vaxt gileyini eşitmədik. Vaqif 
müəllim hiylədən, riyadan, yalandan çox-çox uzaq olan təbii bir 
insan kimi yaddaşlarda qalıb. Onun insanlarla ünsiyyət və rəftarı 
xarakterinə uyğun olaraq gözəl idi. Təəssüf ki, bu gün onun 
haqqında keçmiş zaman anlayışı yaradan “idi” ilə danışırıq. Bir 
tərəfdən də, taleyimizdən razı qalırıq: nə yaxşı ki, həyatda Vaqif 
müəllim kimi adamlar olub və var, nə yaxşı ki, belə adamlar 
içərisində dostumuz, tanışımız, iş yoldaşlarımız olub. Bu, bizim 
Allah tərəfindən verilən mükafatımızdır. Yaxşı adamlarsız 
dünya heç nəyə dəyməz.  
Vaqif müəllimin dünyaya, insanlara, hadisələrə, ümumiyyət-
lə, həyata baxışı özünə xas idi. Axı o, şair idi. Dünyanın söz de-
yənləri çoxdur. Sözün də meydanı genişdir. Bu meydanda at sə-
yirdən çox olub. Kiminin atı büdrəyib meydandan çıxıb, kiminin 
atı baş sallayıb ağır-ağır, yorğa gedib, kimininki şahə qalxıb, daha 
geniş meydana yiyələnib. Nəticədə, o meydana girənlərin hamısı 
söz adlı sirli, sehrli bir aləmə düşüb. Azərbaycan xalqının da söz 
mülkü uca, geniş və möhtəşəmdir. Əlinə qələm alanların hərəsi bu 
mülkə bir daş qoyub. Hərə sözə bir cür baxıb. Vaqif müəllim 
gözəl bilirdi ki, sözə ehtiyatla yanaşmaq lazımdır. Və o, deyirdi: 
“Söz var açıb deyir, söz var, danıram”. Onun poetik dilində 
“yarpaqlar nisgildən ağlayır”, “ağaclar ruhları saxlayır”: 
 
Şehmi, göz yaşımı axan, süzülən? 
Yarpaqlar nisgildən ağlayır, bəlkə? 
Sibir tayqasında səf-səf düzülən 
Ağaclar ruhları saxlayır bəlkə? 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə