Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə61/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   57   58   59   60   61   62   63   64   ...   83

¹2(3)    èéóí 2012 
 
132 
  Bəsid mənbəyini  İşıqlı dağlarından, Miyan dərədən,  Şükratazdan, Kummucadan çıxan 
bulaqlardan götürürdü. Bu kiçik bulaqlar dərələrdə birləşib iri bir suya dönür, sonra gəlib Bəsidə 
tökülürdülər. Bəlkə elə buna görə  də  Bəsidin suyu belə dadlı idi. Onun yan-yörəsindən çoxlu 
bulaqlar çıxardı. Və bizim kənd-paranın adamları bu bulaqların suyundan içər, çay qoyardılar. 
Amma biz uşaqlar elə çox vaxt Bəsidin suyunu ovuclayıb ləzzətlə içərdik. Ya da eləcə dizlərimizi 
yerə qoyub əyilər, çayın suyundan ağzımızla horttadardıq. Bunun da ayrı ləzzəti vardı. 
 Bir dəfə Haşım babamla Məşədiismayıllı  kəndindəki su dəyirmanına gedirdik. (Bizim 
kənddəki dəyirman uçub-dağılmışdı. Babamın ildə iki dəfə dəyirmanda dən üyütməyi vardı – deyirdi 
ki, dükan ununun dadı-tamı olmur, gərək hərdən dişimizi dəyişək. Özü də elektrik dəyirmanını 
sevməzdi, dəni yandırır, unundan tam gəlir deyərdi. ) Babam ata iki çuval dən yükləmişdi, məni də 
mindirmişdi arasına, özü də atı almışdı yedəyinə. Çinar meşəsi ilə bir xeyli gedəndən sonra bərk 
susadım və aşırılıb atdan düşdüm. Ovcumu qoşalayıb çaydan su içəndə babam acıqlandı: 
  -Çay suyu içilməz, a gədə! Qarnın ağrıyacaq... Bir az yuxarıda Kinav adlı bulaq var, hövsələ 
elə, ordan doyuncan içərsən. 
 -Niyə çaydan su içmək olmaz ki? 
 Kişi papağını  əlinə alıb dayandı, atın dəhnəsini ağzından araladı, cilovu başına dolayıb 
göylüyə buraxdı və dedi: 
 -Su murdarlıq götürməz deyiblər. Hər  şeyin təmizləndiyi, pak olduğu yer sudu. Amma bu 
insan ki, var, çox nanəcib varlıqdır.  Əvvəllər tualet-zad olmazdı, camaat kol-kosa gedərdi.  (Biz 
buna ayaqyolu deyərik )Yaxşı elədilər ki, ayaqyolu tikdilər, axı o, təmizlikdi, mədəniyyətdi, ayıb 
örtəndi. Amma day ayaqyolunu gətirib bu dumduru çayın üstə tikməzlər ki! Sənnən aşağı gör neçə 
kənd var, gör neçə min insan bu çaydan barınır? Bax, bunu qanmırlar... O səbəbdən də çayın suyu 
içilməz deyiblər... Mən Bakıya gedəndə  nə çay içə bilirəm, nə su... O vaxt rəhmətlik Haçı 
Zeynəlabdın Tağıyev Bakıya Şollar suyunu gətizdirmişdi. Amma bu bəs eləmədi, Sovet hökuməti 
Kürün suyunu gətirdi. Bakılıların ağzının ləzzəti  elə onnan getdi. Şəhərin natəmizliyi burdan 
başladı elə bil... Hələ o Xəzərin başına nə oyun açırlar? Yazıq dəniz dönüb olub kanalizasiya... 
Deməyim odu ki, çalış çiy su içmə, içəndə də bulaqdan iç, belə çay suyu içərsən, xəstələnərsən... 
səni ağırlaşdırar. 
 -Hafiz müəllim deyir ki, harda çay var, orda xeyir-bərəkət var. 
 -Hə, hə, orası elədi. Çay dirrik, əkin-biçin deməkdi. Dəmyədə bir olanda, suluda on olar. 
Əzəldən sulu torpaqlar üstündə dava gedib. Bax, bu Bəsidin sağ-solunda on iki türk kəndi, üç də 
erməni kəndi var. Niyə bu çayın başına yığışıblar? Həmən o sulu torpaxlara görə... 
 -Türk nədi, baba? 
 -Həəəə, çayın suyunu adamlar batırdığı kimi, bizim millətimizin adın da özümüz 
zibilləmişik. Erməni bizə ömründə azərbaycanl deməz, eləcənə tork deyər. Bir-birinnən hansı 
millətdən olduxlarını da belə soruşarlar: hayes, torkes? Yanı ermənisən, türksən? Biz də gah 
özümüzə azərbaycanlı, gah musurman, nə bilim day nələr deyirik... Gör hardan gəlib, hara çıxdıq? 
Xüləs, yolçu yolda gərək. Bir də Bəsidin suyun heylə içmə...  
   
PİRŞAĞA ÇİMƏRLİYİNDƏ 
      Hərdən öz səsini eşitmək üçün susmaq lazım gəlir. 
 
 
Mövlana 
 
Noyabrın  əvvəlləridir. Ermənistandan qaçqınlar axın-axın Bakıya gəlirlər. Kamil tətil 
komitəsinin üzvü kimi hər gün mitinqlərə gedir. Dünən evə üçrəngli bayrağımızı gətirmişdi. Mən, 
otaq yoldaşım Aslan (indi mənim otaq yoldaşım da var, hərəmiz ayda iyirmi beş manat kirayə pulu 
veririk), Səkinə  və Kamil bu sehrli bayrağın tamaşasına durmuşuq.  İnanmazsınız, mən nə hallar 
keçirirəm. On altı yaşın içində olan, həmişə qızıl bayrağa, Leninə şeir deyən, SSRİ-ni doğma ölkəsi 
bilən bir yeniyetməyə birdən-birə göy, qırmızı, yaşıl rəngli bayraq göstərib deyirlər ki, bu, sənin 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
133
bayrağındır. Adamın ağlı çaşar, vallah! Amma mən çaşmadım, nədən ki, Haşım bəyin, bu 
hökumətlə bağrı heç vaxt badaş olmayan birinin nəvəsiydim. Fransadakı  həmkəndlisinə Erkək 
Mayparanın adından məktub yazan, Qromıkoya meydan oxuyub Hafiz müəllimi kekebenin 
çəngindən qurtaran adamın nəvəsiydim...  
Kamil nə düşünürsə, hazırlaşın, deyir, sıxıldım bu siyasi hoqqalardan. Gedək Pirşağı 
çimərliyinə, bir az əsəblərimiz sakitləşsin. Aslan  işi olduğunu deyib harasa əkilir. Mən də boyun 
qaçırmaq istəyirəm. Kamil gülür və Səkinəyə deyir ki, az, mənim iki kupalnikim var, birin də qoy 
Xosrovçün. Daha burcutmağa yer qalmır. Qarpız, yer-yemək və bir şüşə  də araq götürüb minirik 
elektrik qatarına. Mən ilk dəfədir ki, bakılıların tramvay dediyi bu qatara minirəm.  
 
*  *  * 
 Soyunmaq istəmirdim. Birtəhər gəlirdi mənə. Burda hamı darbalaqda – çimərlik geyimində 
olsa da, mənə Səkinənin yanında soyunmaq ağır gəlirdi. Amma onun bir göz qırpımında soyunub 
ağ maya bədənini düzün ortasında qoyması  məni nə  qədər heyrətləndirsə  də, bir o qədər də 
cəsarətləndirdi. Gedib daldalanacaqda soyundum. Səkinənin verdiyi darbalağı geyib gəldim dənizin 
qırağına. Artıq Kamillə Səkinə sudaydılar. Mən onların sarmaş-dolaş üzmələrinə, zarafatlaşıb  bir-
birinə su çiləmələrinə baxa bilmirdim. İllah da Səkinənin ağca bədəni, lifçiyinə sığmayıb yandan-
böyürdən pırtlayıb çıxan quzu quyruğu kimi tər döşləri əhdimi kəsirdi. Mən onu bu vəziyyətdə bir 
az da görsəydim, yəqin havalanardım. Onunçün də baş götürüb üzü yuxarı getməyə başladım. Onlar 
heç mənim getməyimi görmədilər də, yaxud görsələr də üstünü vurmadılar. 
  Təxminən iki yüz addım gedib girdim suya. Dəniz soyuq idi, ya mənə soyuq gəldi bilmirəm. 
Dişim-dişimə  dəyirdi. Bir az üzsəm də, ağzıma  şor su doldu, urəyim bulandı. Geri qayıtmaq 
istədim, ayağım boşa getdi, gördüm boğuluram. Bir anlıq nə edəcəyimi bilmədim. Yenə acı su 
qarnıma doldu. Başa düşdüm ki,  deyəsən boğuluram. Elə bil qulağıma səs gəldi: “Qorxma, geriyə 
üz. Ayağının altı boşdu. Suya bir təkan vursan, çıxassan ordan.” Dənizdə belə batarğanların 
olduğunu hələ bilmirəm axı. Əl-qol atıb geriyə üzməyə cəhd etdim və nəhayət, ayağım quma dəydi. 
Bildim ki, mənim hələ bu nəhəng dənizi tanımağıma çox var. Elə ilk görüşdəcə anladım: onunla 
zarafat etmək olmaz.  
 Sahildə oturdum. Sonra ilıq qumun üstünə uzanıb göyə baxmağa başladım. Göyün 
içərilərində bir az Xəzərin rənginə çalan ənginliklərin üzərindən   yun darayan qadınların əlindən 
küləyin aldığı əlçimlərə oxşayan ağımtıl buludlar uçuşurdu. O əlçim buludlara qoşulub kəndimizə 
uçmaq keçdi könlümdən. Qəhər boğazımı biçdi, gözlərim alışıb yandı. Yad bir əl uzanıb girdi 
içimə, sıxdı ürəyimi. Üzümü yaş quma söykəyib hönkür-hönkür ağladım. Bu vaxt yad, kobud kişi 
səsi (eynən boğulanda eşitdiyim səsdi) gəldi qulağıma:  
 -“Dur ayağa, ağlama. Kişi möhkəm olar.” 
 -“Sən kimsən?” 
 -“Dədənəm” 
 -“Mənim dədəm yoxdur. Bildin, çıx, get!” 
 -“Hirslənmə. Mənim savadım-zadım olmuyub, amma bildiyim biləmdədi. Sən heç kimə 
girəvə vermə. Amma allahın sənə  qıydığına da üz çevirmə. Mən bı dünyada bir allah günü 
görmədim, amma gördüyüm də göyərmədi. Bəxtinə üz çevirmə.” 
 Bu yad adamın səsində bir mərhəmlik duydum. Amma son sözləri mənə şallaq kimi dəydi. 
Yanıb-yaxıldım. 
 -“Sonra da Kummucayamı quylanım?” 
 -“Taledən qaça bilməzsən. Nə yazılıb, o da olacaq. Mənim vaxtım azdı. Gedirəm. Buralar 
qarışıqlıqdı, gözlə özünü.” 
 Gözümü qaldırıb baxdım, yaşlı bir kişinin başımın üstündə durduğunu gördüm. Əlində 
bişmiş qarğıdalı sütülüylə dolu bir bağlama tutmuş kişi mehriban bir səslə dedi: 
 -Qalx, oğlum, qalx ayağa. Yaş qumda uzanma, soyuqlayarsan. 
  Bir az aralıda isə Kamil əl eləyib qışqırırdı: 
 -Xostan, gəl də, yemək yeyirik... 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə