____________________Milli Kitabxana_____________________
325
lınmışdır. İndi biz ayağa qalxmış şəhərimizin qiyamçılarına kömək etməliyik.
Onların başçıları general Cavad bəy Şıxlinski və polkovnik Cahangir bəy
Kazımovdu. Allah-taala onlara kömək olsun.
Müəzzin sözünü qurtaranda meydan adamla dolmuşdu. Tərpənməyə yer yox
idi. Birdən izdihamın aşağı hissəsi dalğalandı. Camaat general Cavad bəy
Şıxlinski ilə polkovnik Cahangir bəy Kazımovu çiyinləri üzərinə alaraq meydan
boyu gəzdirdi.
Sevincdən gözləri yaşaran Pişnamazzadənin təklifi ilə xalq milli hökumətin
bərpası uğrunda son damla qanına qədər vuruşacağına and içdi.
4
Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və
dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin
gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha
yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına
topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri
çox sakitcə və ağayana cavab Verdi:
- Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq,
səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti
yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.
- Səhv edirsiniz. Bu quldurlar bir anın içində əsgərlərimizi həbs edib şəhəri
ələ keçiriblər, - deyə komendant yarıhirsli ona cavab verdi.
- Bakıya məlumat vermisinizmi?
- Hələ yox.
- Əgər öz gücümüz çatmasa, Bakıya bildirəcəyik və onlardan kömək
istəyəcəyik.
- Müsəlmanların bir məsəli var: "Ehtiyat igidin yaraşığıdır". Əvvəlcədən
tədbir görmək lazımdır.
Bolşevik komandirləri dərhal qüvvələri səfərbərliyə almaq üçün hissələrə
adamlar göndərdilər. Lakin hər yerdə vahimə və başıpozuqluğa rast gəldilər.
Onlar dəmiryol vağzalında təcili qərargah düzəltdilər və səhərə yaxın azacıq
mürgülədilər. Mayın 26-da səhər tezdən dəmiryol vağzalının başı üzərində
şrapnel mərmiləri şappıldadı və
____________________Milli Kitabxana_____________________
326
çarpanalar dolu kimi ətrafa səpələndi. Alayuxulu və özlərinə arxayın olan rus-
bolşevik zabitləri özlərinə gəlincə üsyançıların süvari dəstələri ətrafı üzüm
bağları və dirrik olan yol ilə gələrək bir göz qırpımında vağzalı tutdular. Və onlar
axşama qədər dəmiryolunu əldə saxladılar. Lakin 20-ci diviziyanın komandiri
Velikanovun Qazaxdan gətirdiyi zirehli qatarların köməyi ilə bolşeviklər
stansiyani yenidən ələ keçirdilər.
Çayın sağ sahilində gecə yarıdan keçmiş canlanma başladı. Ordunun süvari
və piyada hissələri, nizami erməni qoşunları və erməni başipozuqları birləşərək
körpüyə doğru hərəkət etdilər. Onlar səhər açılanda gözlənilmədən çayı keçib,
şəhərin üsyan etmiş müsəlman hissəsini qəfildən yaxalamaq və yuxulu camaatı
qılıncdan keçirmək istəyirdilər. Usyançılar isə çayın sol sahilində səngərlər
qazmış və ayıq dayanmışdılar. Üsyan başçıları, generallar, zabitlər və əsgərlər
sahil boyu ehtiyatla gəzinirdilər. Şəhərin erməni hissəsində balaca bir hərəkət
olan kimi qərargaha xəbər verirdilər.
Əmrah özünü qərargaha yetirdi və general Cavad bəyə xəbər verdi ki,
Gəncənin 2-ci hissəsində nəsə bir hərəkət var. Yavərin dediyi bu sözləri eşidən
Cahangir bəy də dərhal sıçrayıb ayağa qalxdı və onlar bir göz qırpımında həyətə
çıxıb atlarına mindilər və başa düşdülər ki, bu il çayın suyu həddindən artıq
daşqın olduğundan yeganə keçid ancaq körpüdən ola bilər. Dağlardan baş alıb
gələn çayın qıjqoy suyu sahilləri yalayırdı.
Cavad bəy Əmraha əmr etdi zabitlərə çatdırsın ki, hazır olsunlar.
Dan yeri qızarıb günəşin ilk şəfəqləri pəncərələrdə oynarkən körpünün
üstündə hücum edənlərlə üsyançılar qarşılaşdılar. Qılınclar havada oynadı.
Səngərlərdən pulemyotların şaqqıltısı eşidildi. Hər iki tərəfin süvariləri döş-döşə
gəldi. Aradan yarım saat keçməmiş körpünün üstü, çayın axarı insan cəsədləri ilə
doldu. Aldığı yaradan, yaxud müvazinətini saxlaya bilmədiyindən körpünün
məhəccərindən suya düşən atların kişnərtisi bir-birinə qarışdı. Qılınc cingiltisi və
güllə səslərindən qulaq tutuldu. Körpünü ortaya qədər gələn düşmənlərin önündə
Əmrah da at belində qılıncla çarpışırdı.
Onun körpünün üstünə nə vaxt gəlməsindən, qılıncını sıyırıb nə vaxt
vuruşmağa başlamasından xəbəri yox idi. Gözlərini qan örtdüyündən heç nə
görmürdü. Bircə onu bilirdi ki, qılıncı havada fırlanır, nəyəsə dəyir, nəyisə
doğrayır.
____________________Milli Kitabxana_____________________
327
Birdən Əmrahın önündə at belində az qala bütün korpünü tutacaq qıllı
papaqlı, enli bir kürək göründü və bu kürəyin qılıncı havada parıldadı. Əmrahın
atı şaxə qalxıb kişnədi. Əmrah da qılıncını hərlədi. Nə qədər çarpışdıqlarını
bilmədi. Bir o yadında qaldı ki, alnında kəskin ağrı hiss etdi, üz-gözünü qan
bürüdü. Onu da dərk etdi ki, son anda qılıncı nəyi isə xırçıltı ilə kəsdi, onun
gözünün qabağında dayanan qıllı papaqlı sifət dığırlanıb suya düşdü, qarşısını
kəsən at da, adam da yoxa çıxdı.
Gözünü açanda özünü bir ağacın dibində başı sarıqlı gördü. Bir də onu
öyrəndi ki, düşmən geri oturdulmuş, körpü üsyançıların əlindədir.
Bundan sonra üsyançılarla bolşeviklərin ciddi və qanlı döyüşləri başladı.
Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək
istəyən bolşevikləri əzərək geri oturtdular. Beləliklə, mayın 25-dən 30-dək qanlı
çarpışmalar davam etdi və şəhər üsyançıların ixtiyarında oldu.
Bolşeviklər vəziyyətin ciddiliyini və ağırlığını görərək Bakıdan, Gürcüstan
sərhədlərindən, hətta Ermənistandan öz hərbi qüvvələrini Gəncəyə çəkib
gətirdilər.
Bakıdan yeni zirehli qatar və canlı qüvvə, P.V.Kurışkonun komandası altında
18-ci süvari diviziya, Gürcüstan sərhədindən qaubiçnı divizion və daha dörd
zirehli qatar, Ermənistan sərhədindənsə daha bir polk – 179-cu polk gətirildi. Ən
dəhşətlisi isə, Gəncəyə hücum edən mütəşəkkil rus-bolşevik ordusuna yenə də
bolşevik bayrağı altında çıxış edən 3000 nəfərlik nizami daşnak hərbi
birləşməsinin və onlara qatılmış ətraf və Gəncə ermənilərinin qoşulması idi.
Bütün qüvvələr Gəncədəki 20-ci diviziyanın komandiri Velikanova tabe
edildi. Düşmən şəhərin ətrafla əlaqəsini kəsmək üçün Xaçbulaq yolundakı
Balçılı kəndinin həndəvərindəki yeganə keçidi Kurışkonun 18-ci süvari
diviziyasının köməyi ilə qanlı döyüşlərdən sonra tutdu. Və mayın 29-da şəhərə
növbəti hücum başladı. Günortadan sonra şimaldan və şimal-qərb səmtindən
hücum edən 178 və 179-cu atıcı polklar şəhərin ucqar küçələrinə daxil oldular və
qanlı küçə döyüşləri başladı. Lakin az sonra həmin polklar gəncəlilərin
qabağında duruş gətirməyib geriyə - öz əvvəlki mövqelərinə çəkildilər. Onlar
belə müqavimətlə üzləşəcəklərini güzləmirdilər. Şəhərin erməni hissəsindən
hücum edən birləşmələrin də burnu ovuldu. Üsyançılar onları suları seldən
qabarmış, qıjıltı ilə axan Gəncə çayını keçməyə qoyma-
Dostları ilə paylaş: |