Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

_____________Milli Kitabxana_____________ 
149 
 
 
* * * 
 
Allah, Allah, bu dilbəri-simbər 
Hansı bəxtəvərin cananəsidir? 
Dağıtdı başımdan əqlü huşumu, 
Bu necə dəryanın dürdanəsidir? 
 
Hər kim görsə camalını aşikar, 
Ixtiyarı gedib olur biqərar, 
Görəsənmi, yarəb, hansı dilfikar, 
Bu şəm’i-rüxsarın pərvanəsidir? 
 
Özü şirin, sözü şəhdü şəkərriz
Işvəsi dilrüba, qəmzəsi xunriz, 
Yanağı bərgi-gül, zülfü dilaviz, 
Dəhanı mirvari xəzinəsidir. 
 
Xəcil etmiş üzü şəmsi-xavəri, 
Hilal edib qaşı bədri-ənvəri, 
Nə yalqız eyləmiş məni-sərsəri, 
Çoxlar Məcnun kimi divanəsidir. 
 
Yolum düşsə xərabati-xərabə, 
Deyərəm ərzimi cami-şərabə. 
Nəbatiyə neylər bu bir qürabə, 
Yeddi dərya onun peymanəsidir. 


_____________Milli Kitabxana_____________ 
150 
 
 
* * * 
 
Genə gözüm düşdü bir məhcəmalə, 
Ağ üzündə qara müşkin xalı var. 
Həlqə-həlqə olub zülfi-müşkini, 
Lovhəşəllah, əcəb qəddi-dalı var! 
 
Yanaqları lalə, gözlər badami
Bağrımı qan etdi lə’li-gülfami, 
Nə oldular, yarəb, Xosrovi-nami, 
Xosrovü Şirinin min məqalı var. 
 
De gəlsin saqiyə, qursun büsatı, 
Mürəttəb eyləsin bəzmi-nişatı, 
Tez olun, yandırın şəm’i-simatı, 
Döşəyin məclisə hər nə qalı var. 
 
Səfheyi-rüxsarı bədri-münəvvər, 
Döşənib üstünə zülfi-müənbər, 
Dişlərin mirvari, dəhanı şəkkər, 
Ləblərinin əcəb dadlı balı var. 
 
Gəzəsən aləmi cümlə sərtapa, 
Tapılmaz bir belə sərvi-dilara. 
Dəyməz bir muyinə, həqq bilir, haşa, 
Hər nə bu dünyanın mülkü, malı var. 
 
Yəhərləyin görüm əsbi-gülguni, 
Bivəfa görürəm çərxi-gərduni, 
Bir dəxi seyr edim tərfi-hamuni, 
Divanə könlümün yüz məlalı var. 
 
Mən dedim bəs Xançobani cavandı, 
Bir igid oğlandı, bəbri-jəyandı, 
Demə ki, qocalıb, qəddi kəmandı, 
Indi gördüm saqqalının çalı var. 


_____________Milli Kitabxana_____________ 
151 
 
 
* * * 
Genə mövcə gəlib dəryayi-çeşmim, 
Bir-birə toxunub ümmanə döndü. 
Zövrəqi-cismimi verdi qərqabə
Təlatüm eyləyib tufanə döndü. 
 
Ümidim çox idi yetəm dildarə, 
Deyəm ərzi-halım o nazlı yarə, 
Əcəl fərmanından dönmək nə çarə, 
Yetmədim, ümidim hirmanə döndü. 
 
Nə faidə keçən günü saymaqdan, 
Ölüm yeydir yarsız diri qalmaqdan, 
Nə iş bitər bica külüng çalmaqdan, 
Mey tükəndi dəxi, peymanə döndü. 
 
Heç igid düşməsin yarından cüda, 
Mənim tək qalmasın zarü binəva. 
Bəs ki, gecə-gündüz dedim: ya xuda, 
Ciyərim od tutub büryanə döndü. 
 
Nəbati, nalə qıl, getdi dildarın, 
Sovuldu güllərin, soldu gülzarın, 
Nə durmusan, nədir bu intizarın, 
Dur köç eylə, vəslin hicranə döndü?! 


_____________Milli Kitabxana_____________ 
152 
 
* * * 
Genə Leyli, Leyli çıxmış seyranə, 
Aşiqin axtarır dilində Məcnun. 
Yanında bir neçə işvəli qızlar, 
Gəzir çöldən-çölə, hamun bəhamun. 
 
Hər zaman oturur bir bulaq üstə, 
Qabağında şərab, məzəsi püstə, 
Gül tək əldə tutub, göz dikib dosta, 
Günüzlü badədən sağəri-məşhun. 
 
Dərər, dəstə bağlar yaxşı gülləri, 
Dodaq altdan gülər şirin dilləri, 
Əfşan eylər hərdəm üzə telləri, 
Heyran-heyran baxar didəsi pürxun. 
 
Gahi rəqsə gəlib oynar məstanə, 
Gahi cuşə gəlib olur divanə
Gahi bülbül kimi gəlir əfğanə, 
Ağlar, ağlar, oxur əbyati-mövzun. 
 
Nəbati, əbsəm ol, sığın mövlayə, 
Qul olub əbəsə düşmə səhrayə, 
Qəvvas tək qutə vur bir bu dəryayə, 
Cəhd qıl tapasan bir dürri-məknun. 


_____________Milli Kitabxana_____________ 
153 
 
 
* * * 
Səba, bu ərzimi yetir səyyadə, 
Söylə, bağışlasın xudayə məni. 
Taqətim kəsilib künci-qəfəsdə
Mürəxxəs eyləsin bir ayə məni. 
 
Əgərçi bilirəm çoxdur günahım, 
Dəxi ondan özgə yoxdur pənahım, 
Deginən: ümidim vardır ki, şahım 
Əfv etsin ayeyi-vəfayə məni. 
 
Gecələr sübhədək işim nalədir, 
Ağlamaqdan gözüm qan piyalədir, 
Canım bütün qara dağlı lalədir, 
Yetirsin Zəmzəmi-səfayə məni. 
 
Məlamət çəkməkdən yetişdim canə, 
Əridi ürəyim, döndü al qanə, 
Səba, ərzim budur şahi-cahanə, 
Dəxi çox salmasın sədayə məni. 
 
Nəbati, Məcnun tək gahi ağladın, 
Uşaqlar yığıb dəstə bağladın, 
Gahi qələndər tək özün dağladın, 
Axır ki, gətirdin hərayə məni. 


_____________Milli Kitabxana_____________ 
154 
 
 
* * * 
Sevdiyim, gözlərin aldı canımı, 
Yağı qəmzələrin qanımı tökər, 
Düşsə hər kim, dəxi çıxmaz torundan, 
Görüm bu zülfdür ya ki, müşki-tər? 
 
Başına örtübdür tirmeyi-abi, 
Qaşları başlayıb nazü itabi, 
Aman, saqi, gətir ol meyi-nabi
Bu cəlladın qılıncından əlhəzər! 
 
Xəcil etdi üzün güli-əhməri, 
Oda yaxdı zülfün müşkü ənbəri, 
Şərməndə eylədi lə’lü gövhəri, 
Görüm bu qönçədir, ya tüng-şəkkər? 
 
Bu necə nərgizdir, bu necə gözdür? 
Bu necə lalədir, bu necə üzdür? 
Bu necə şəkərdir, bu necə sözdür? 
Nə belə lə’l olur, nə belə gövhər. 
 
Nəbati, gül gəldi, açıldı lalə, 
Çəkginən bülbül tək gülşəndə nalə, 
Sənə qurban, saqi, dur, ver piyalə, 
Salginən canıma meydən bir şərər. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə