Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə12/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   8   9   10   11   12   13   14   15   ...   52
Mühazirə Psixologiya

Dünyagörüşü, əqidə və ideallar. Şəxsiyyətin dərk olunan davranış motivləri içərisində dünyagörüşü, əqidə və idealların da özünəməxsus yeri və rolları vardır. Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqqında müəyyən baxışlar sistemi insanın dünyagörüşünü təşkil edir. Dünyagörüşünün formalaşması insanın ona müvafiq davranış tərzini həyata keçirməsinə təkan verir. Dünyagörüşü tarixi xarakter daşıyır. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və s. dünyagörüşünə malik ola bilirlər. İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu zaman şəxsiyyətin tamlığını təmin edir.
Əqidə – şəxsiyyətin onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq olaraq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemidir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyən və təsəvvür etmək imkanı verir, onu şərtləndirir.
İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri hesab olunur. İdeal insanın nail olmağa can atdığı ən yaxın məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv ola bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı mübarizədə qorxmaz edir, onun iradəsinə möhkəmlik, xarakterinə qüvvət bəxş edir. Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və ya digər bir şəxsiyyəti özünə ideal qəbul etmək və bununla kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir müsbət təsir göstərə bilməz. Əsl və həlledici cəhət seçilən idealın fəal olması, mütərəqqi və müsbət ideal uğrunda, ona çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik olmaqdır.
4. Şəxsiyyətin mənlik şüuru. İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir.
Psixoloji ədəbiyyətda «mənlik şüuru» dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini» başa düşür, anlayır. Öz məni haqqında subyektiv təəssürat ilk növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə və gələcəkdəki eyniliyini anlayır.
İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzunmüddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz «mən»ini kəşf etməsi sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz «mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır. Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır. «Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi yer tutur. İnsan öz-özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.
Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «ideal mən» və «sosial mən» obrazlarını aid etmək olar.
«Real mən» dedikdə insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur. Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa elə də qiymətləndirir. Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını başqalarından gizlədə bilir.
«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada insanın özü haqqında idealları xüsusi yer tutur. «İdeal mən» obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. İnsan daima öz «ideal mən»inə nail olmağa can atır.
«Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada insan həmişə özünə başqalarının gözü ilə baxır. «Sosial mən» obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu necə görürlər? O, özünü başqalarına necə göstərmək istəyir? Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər? Məhz buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün «sosial mən»indən çıxış edir. Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi. Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, keyfiyyətlərini, qabiliyyətlərini, özünün başqa adamlarla münasibət sistemindəki yerini qiymətləndirməsindən ibarətdir. Özünüqiymətləndirmə insanın özünüdərketməsi ilə sıx bağlıdır. Bu baxımdan insanın mənlik şüurunun formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur. Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, estetik, intellektual, emosional və s. növlərindən istifadə olunur. Lakin təcrübə göstərir ki, bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur. Bütün hallarda özünüqiymətləndirmədə emosional çalar üstünlük təşkil edir.
Özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni adam olduğuna, mən-mənə qiymət verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin təsiri qaçılmaz olur.
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirməyə imkan vermişdir: 1) Adekvat özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2) Qeyri – real yüksək özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən bu cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın özündən bədgümanlığı ilə nəticələnir. Ona görə də bu cür adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-real aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün keyfiyyətlərini, imkanlarını layiq olduğundan aşağı qiymətləndirir. Qeyri-real yüksək və qeyri-real aşağı özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır. Məsələn, öz imkanlarını qeyri-real yüksək qiymətləndirən şagird və ya tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi yaranır. Nəticədə nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz imkanlarını qeyri-real aşağı qiymətləndirən şagird və ya tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi olmur, nəticədə onlar mövcud imkanlarını təzahür etdirə bilmirlər. Ona görə də ən cüzi nailiyyətlə kifayətlənməli olurlar.
Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur. Başqa sözlə iddia səviyyəsi fərdin qarşısına qoyduğu məqsədin çətinlik dərəcəsi ilə müəyyən olunan şəxsiyyətin arzuolunan özünüqiymətləndirmə (mən obrazı) səviyyəsindən ibarətdir.
İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini sərbəst şəkildə seçərkən özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur: bir tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aşağı salmaq. Müvəffəqiyyət əldə edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı isə iddia səviyyəsini müvafiq şəkildə aşağı salır.
Şəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə özünü aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq. İmtahana zəif hazırlaşmış tələbə 5 qiymət almağa cəhd göstərir və verilmiş 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə görə həmin qiyməti ala bilmədikdə ruhdan düşməyəcəkdir. O eyni zamanda 3 qiymətə layiq görüldükdə də o qədər sevinməyəcəkdir. Çünki bu məqsədə nail olmaq o qədər də çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı artırmaqla yaxşı qiymət almaq üçün ona neçə misal verilməsini istədiyini təklif etməklə onun iddia səviyyəsini müəyyənləşdirmək mümkündür. Bu sadə model göstərir ki, şəxsiyyət öz iddialarının səviyyəsini müəyyən edərkən özü üçün müəyyən perspekti saxlamağa çalışır. Buna görə də o, elə tapşırıq və məqsədlər seçir ki, onlar nə həddindən artıq çətin, nə də həddindən artıq asan olsun.
Aparılmış tədqiqatlar göstərmişdir ki, iddia səviyyəsinin formalaşması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqcadan görməklə, həm də hər şeydən əvvəl, keçmiş müvəffəqiyyət və uğursuzluqların ağıllı surətdə, bəzən isə dumanlı dərk olunan şəkildə nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən edilir. Məktəblinin tədris işində, dərnəkdə məruzə üçün mövzu, ictimai tapşırıq və s. seçərkən iddia səviyyəsinin formalaşmasını izləmək olar.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə