Mövzu: “Azərbaycan dilində işgüzar və akade


MƏDƏNI NİTQƏ VERİLƏN BAŞLICA TƏLƏBLƏR



Yüklə 1,16 Mb.
səhifə16/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   12   13   14   15   16   17   18   19   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

5.MƏDƏNI NİTQƏ VERİLƏN BAŞLICA TƏLƏBLƏR
Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. Müasir dövrümüz gənc nəslin qarşısında yüksək nitq mədəniyyətinə yiyələnmək vəzifəsini qoyur. Dövlət qurumlarından dəfələrlə narazılıq eşidilmişdir ki, gənclərimiz, xüsusən Bədən Tərbiyəsi və İdman Akademiyasının Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında öz gücü, iradəsi, dözümlülüyü ilə fərqlənərək medallar qazanmış tələbə və məzunları efir və ekran qarşısında, dövlət başçısı Prezidentə məlumat verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük çıxış edir, 4-5 cümlədən ibarət fikrini gözəl, rəvan, səlis dillə ifadə etməkdə çətinlik çəkirlər, yüksək idman nəticələri ilə bütün dünyanı heyran qoymuş çempionlarımız öz rabitəsiz və sönük çıxışları ilə dinləyiciləri çox təəccübləndirirlər. Doğrudanmı səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Hələ eramızdan əvvəl yunan və Roma natiqlik məktəblərinin görkəmli nümayəndələri Diogen və Demetriy nitqin beş keyfiyyətini - təmizliyini, aydınlığı, yığcamlığı, məqsədəuyğunluğu və gözəlliyini əsas sayaraq mədəni nitqi müəyyənləşdirən məziyyətlərin həlledici olduğunu önə çəkirdilər.
NİTQİN DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni düzgün nitq formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. Hadisələr, faktlar, onların səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməməli, reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara, layiq olmayan təriflərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli, düzgün nitq ifadə olunan fikrin həqiqiliyindən, doğrudürüstlüyündən çox asılıdır. Tarixi reallığı düzgün qiymətləndirə bilməyən natiqin, mühazirəçi, məruzəçi, icmalçının çıxışı dil normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nitqin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, aforizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Deməli, nitqin düzgünlüyü dedikdə cümlələrin qrammatik cəhətdən düzgün qurulması, sözlərin yerliyerində işlədilməsi, fikrin aydın, dəqiq, məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa düşülür.
NİTQİN DƏQİQLİYİ. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin aydın izahı dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər. Dəqiq nitq deyildikdə sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki, bunlar nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks etdirməsinə şərt sayılır. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin göstəricisidir. Məlumdur ki, söz anlayışa uyğun yaranır və fikir ifadə edir. Əlbəttə, o, ifadə etdiyi fikrə uyğun olmalıdır. Nitqin məntiqliyi, ardıcıllığı, izahın uyarlığı fikrin aydın ifadəsinə köklənmişdir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin semantik mənasını, sinonimliyi, çoxmənalığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir. Dilimiz respublikamızın müstəqillik qazanması ilə, həqiqi mənada dövlət statusu almasından, bütün sahələrdə qeyd-şərtsiz tam və yeganə ünsiyyət vasitəsi kimi hərtərəfli işlənməyə başlamasından bəri bədii, elmi və publisistik yazıların, mətbu orqanların dili də, radio-televiziya verilişlərində, teatr tamaşalarında aktyor və diktorların, müəllim, şagird və tələbələrin nitqi də dəqiqləşmiş, düzgün işlədilməkdə sistem şəklini almışdır.
NİTQİN AYDINLIĞI. Aydınlıq ifadə üsuludur, ifadə olunan fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Bunların içərisində aydınlıq ən vacib üslubi keyfiyyət kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. İnsan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar. Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlıdır. Bura danışanın sözlərin mənasını, işlənmə məqamlarını yaxşı bilməməsi, zəngin söz ehtiyatına mükəmməl yiyələnməməsi daxildir. Məsələn, danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yaxşı atlar vardı. Sənə müvəffəqiyyət uğurları arzulayıram. Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s. "Aydın nitq aydın təfəkkürün, düşüncənin məhsuludur", "Dili dolaşıq şəxsin fikri də dolaşıq olur" - cümlələrinin təsdiqinə Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasında Məşədi İbadın Rza bəyə dediyi bir replikasında aydın görünür: - "A kişi, sən elə qəliz danışırsan ki, "Tarixi-Nadiri" yarıya qədər oxumuşam, mən başa düşə bilmirəm. Bu yazıqlar haradan başa düşsünlər? "Biz tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub öyrənməklə, izah edib misallar gətirməklə məhdudlaşmamağa çağırırıq. Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik yazıları da oxuyub təhlil etməli, biliklərini artırmağa xidmət edən bədii ədəbiyyatla, oçerklərlə, həyatın hər sahəsinə aid müxtəlif materiallarla bir vətəndaş kimi tanış olmalıdırlar. Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanları aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır: 1) Nitqin aydınlığına nail olmaq üçün danışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 2) Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır; 4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməli, "bunun" əvəzinə "munun", "gətirdi" əvəzinə "gətdi", "gəl gedək" əvəzinə "gə gedəy", "ona görə" əvəzinə "oa gora", "nə üçün" əvəzinə "nöşün" və s. deyilməməlidir. 5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə (Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd göstərilməlidir. Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı şivə qüsurlarını düzəltməlidir, yəni nitqin səs mədəniyyətinə yiyələnməlidirlər.
NİTQİN TƏMİZLİYİ. Mədəni nitqə verilən tələblərdən biri də onun təmizliyi hesab olunur. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Nitqin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin ümumi mədəniyyəti, savadı və dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Nitqin təmizliyinin pozulmasının bir neçə ümumi səbəbi vardır: 1.Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer verilməsidir. Xalqın böyük hissəsi canlı danışıq dilində danışsa da, müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da uşaqlıq illərində ailəsinin, yaxud yaşayış yerinin danışıq tərzinin təsiri altında dialekt danışığına meylli olur.
NİTQİN YIĞCAMLIĞI. Mədəni nitqin keyfiyyətlərindən olan yığcamlıq müxtəsərlik və qısalıq anlamındadır. İnsanlar adi danışıqdan tutmuş mühazirə, məruzə, çıxışlara, eləcə də bədii əsərlərə qədər yığcamlıq tərəfdarı olub uzunçuluğun, sözçülüyün əleyhinədirlər. Fikri əhatə etməklə qısa demək bacarığı bu da istedad əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlamamağı, başqalarını yormamağı tələb edir. Əbəs yerə deyildir ki, indi insanların vaxtını qiymətləndirmək, uzunçuluq etməmək naminə mühazirəyə əvvəlcədən bir saat, məruzəyə on dəqiqəyə qədər, çıxışlara iki-üç dəqiqə vaxt reqlamenti planlaşdırılır. Nitqin yığcamlığını həmişə vacib amil hesab etmişlər. Yığcam nitq insandan dərin bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz ehtiyatı tələb edir. "Sözlər az, fikir geniş, məna dərin" olsun deyən sənətkarlar da, "uzun sözün qısası" fikrini bəyan edən atalar sözü də, "uzunçuluq eləmə" kimi xalq tövsiyəsi də göstərir ki, vaxt almamaq, eyni fikri oxşar cümlələrlə təkrar eşitdirməmək üçün ən yaxşı üsul fikri qısa və aydın ifadə etməkdir.
NİTQİN SADƏLİYİ. Nitqin sadəliyi onun aydınlığından, asan, anlaşıqlı, təbii və düzgün olmasından asılıdır. Sadə nitq ümumxalq danışıq dili elementlərindən, bəsit cümlələrdən, elmi və ya bədii üslubdan qaçmaq anlamında yox, fikrin asan qavranılmasına kömək edən, əşya və hadisələrin mahiyyətini yığcam və dəqiq verən ifadə tərzi kimi başa düşülür. Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu,yalançı pafosdan, ger- 113 çəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin günəşi, dağın ciyəri, kadr potensialı, horizontal xətt və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır. Anlaşılmayan və ya az anlaşıqlı, lakin konkretlik və təbiilikdən uzaq söz birləşmələri, mürəkkəb konstruksiyalar anlaşılmazlıq yaradır, məfhumun canlandırılmasını mümkünsüz edir və nitqin asan başa düşülməsini çətinləşdirir.
NİTQİN AHƏNGDARLIĞI. Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlıq gözlənilməklə materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlb etmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur. NİTQİN ZƏNGİNLİYİ. Zəngin söz ehtiyatına malik natiq yalnız dilin incəliklərinə bələdlik nəticəsində öz nitqini rəngarəng qura bilir. Nitqin zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu deyil, rəngarəngliyidir. Natiq öz fikirlərini daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələrdən, ibarələrdən, məcazların müxtəlif növlərindən istifadə hesabına nitqini maraqlı qurur, onların asan dərk edilməsi ilə dinləyicilərə xoş təsir bağışlayır. Deməli, nitqin zənginliyi dilin ifadə və təsvir vasitələri hesabına başa gəlir. Nitqin zənginliyi dil strukturundan, xüsusən aktiv söz ehtiyatının kəmiyyət və keyfiyyətindən asılı olan məsələdir. Nitqin zənginliyi bütün üslublar üçün vacib olsa da, bədii üslubda o daha yüksək, elmi və publisistik üslublarda nisbətən aşağıdır. Səbəbi də onunla izah edilir ki, bədii əsərlərdə yazıçının dilin bütün laylarında işlənən sözlərdən istifadə etmək hüququ var, 120 amma elmi və publisistik üslublarda mövzu ilə əlaqədar sahə sözləri və terminlər çoxluq təşkil edir. Bədii əsərdə yazıçının söz ehtiyatı zəngin olduğu üçün o, hadisələri dəqiq, incə, ifadəli, obrazlı və orijinal üsulda ifadə imkanına malikdir. O, sözlərin leksik-semantik zənginliyindən tutmuş intonasiya və ritm incəliklərinə qədər bütün dil vasitələrinə müraciət etməkdə azaddır. Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin təkrar olunmadan kəmiyyətcə çoxluğudur. Geniş dünyagörüşünə, mükəmməl savada, daimi mütaliəyə malik şəxsin söz ehtiyatı kəmiyyət və keyfiyyətcə çox zəngin olur. 3Nitqin formaları: şifahi və yazılı nitq. Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə. Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir. Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir. Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır. Obrazlılıq nitqin bütün təzahür növlərində özünü göztərir. Bədii nitq isə yalnız bədii ədəbiyyata xas xüsusiyyətdir. Nitqin bədiiliyi estetik kateqoriyadır. Nitqin bədiiliyini təyin etmək üçün vahid meyar yoxdur. Yazılı və şifahi nitq Nitqin iki forması var:bunlardan birincisi həm funksional,həm də tarixilik baxımından ilkin,qədim və əsas olan şifahi nitq,ikincisi törəmə,yardımçı olan yazılı nitq. Nitq mədəniyyətindən söhbət gedəndə,adətən,onun (nitqin) şifahi forması nəzərdə tutulur,yazılı nitq bu anlayışa daxil edilmir.Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması,dil vahidlərinin məqsədəuyğun,dəqiq,ahəngdar,aydın məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı.Nitq mədəniyyəti problemi bunlarla yanaşı,əyani,konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcə bağlıdır.Dil sisteminin həm şifahi,həm də yazılı formalarında ədəbi dil normalarının gözlənilməsi dilin hərtərəfli inkşafı,onun sosial funksiyasının genişlənməsi baxımından başlıca şərtdir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə