56
Məclisin sədrinə göndərilir.
Milli Məclisdə ikinci oxunuşda baxılmasına azı beş gün qalmış qanun layihəsi onun
təşəbbüsçüsünə göndərilir.
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdikləri qanun layihələri
təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır. Belə qanun
layihələrində dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparıcı daimi komissiyanın
nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzəçi daimi komissiyada layihəyə baxılmasının
nəticələri haqqında məlumat verir.
Layihənin ikinci oxunuşda müzakirəsi bir qayda olaraq qanun layihəsi təşəbbüsçüsünün
və ya onun nümayəndəsinin çıxışı ilə davam edir.
Daha sonra, ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul
edilməsi barəsində protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul edilməzsə,
qanun layihəsi qəbul edilməmiş sayılır. Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra
Milli Məclisin iclasına sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə
etirazların olub-olmamasını öyrənir.
Bundan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilir. İkinci oxunuşda qəbul
edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan
qaldırılması və redaktə edilməsi üçün aparıcı daimi komissiyaya qaytarılır.
Bu iş başa çatdıqdan sonra aparıcı daimi komissiya üçüncü oxunuş üçün hazırlanmış
qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihəsinə üçüncü
oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır.
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 19-cu maddəsinə
əsasən, üçüncü oxunuş zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin
üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz. Müstəsna hallarda Milli
Məclisin iclasında iştirak edən deputatların əksəriyyətinin tələbi ilə üçüncü oxunuşda olan
qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər.
Qanunların
qəbulunda
sonrakı
mərhələ
-
qanunun
sanksiyalaşdırılması,
promulqasiyası və dərc edilməsidir. Qanunun sanksiyalaşdırılması dövlət başçısının onun
rəsmi mətninə imza atması ilə həyata keçirilir. Əks halda dövlətin başçısı imza atmaqdan
imtina edir və ona «veto» qoyur.
Azərbaycan Respublikasının Konstitusiyasının 97-ci maddəsinə əsasən qanunlar
qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə
57
imzalanmaq üçün təqdim edilir.
Konstitusiyanın 110-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti
qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun
Azərbaycan Respublikasının Prezidentinin etirazını doğurarsa, o, qanunu imzalamayıb, öz
etirazı ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə
qaytara bilər. Konstitusiya qanunları Azərbaycan Respublikası Prezidenti tərəfindən
imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikası Milli Məclisi 83 səs çoxluğu ilə
qəbul edilən qanunları 95 səs, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu
ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidentinin qaytardığı qanunu Milli Məclisin sədri
müvafiq aparıcı daimi komissiyanın və ya xüsusi yaradılmış komissiyanın rəyinə göndərir.
Həmin komissiya məsələyə 10 gün müddətində baxır, aşağıdakı qərarlardan birinin qəbul
olunmasını təklif edir:
-
qanun Azərbaycan Respublikasının Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul
edilsin;
-
Azərbaycan Respublikasının Prezidentinin qanunun məqsədəuyğun olmaması
barədə təklifi qəbul edilsin;
-
qanun qəbul edilmiş redaktədə saxlanılsın.
Bu barədə Prezidentə dərhal məlumat verilir.
Təkrar baxılma Prezidentin nümayəndəsinin çıxışı ilə başlanır.
Yuxarıda (Konstitusiyanın 110-cu maddəsi) qeyd etdiyimiz formada, təkrar
səsvermədən keçən qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq, Azərbaycan
Respublikasının Prezidentinə göndərilir.
Qanunun dərc olunması qanunvericilik prosesinin ən son mərhələsidir. Dərc olunma -
qanunun mətninin rəsmi olaraq nəşrindən ibarətdir.
4. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya
statusunun əsasları
Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində
də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.
İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın
Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət orqanları
arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis olunmuş prezidentlik
institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü nəzəriyyəsindən götürmüşdür.
58
Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII əsrdə Monteskyö tərəfindən irəli
sürülmüşdür. Monteskyö hakimiyyətin bölgüsü nəzəriyyəsini irəli sürərkən o nöqteyi-
nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq
ola bilməz».
Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından
asılı olaraq tətbiq olunmuşdur.
Prezidentlik institutu dövlətçiliyimizin inkişafı tarixində qısa müddəti əhatə edir.
Respublikamızda prezidentlik institutu 1990-cı ilin may ayında təsis edilmişdir, sonradan, yəni
1991-ci il iyunun 26-da Azərbaycan Respublikası Ali Soveti tərəfindən «Azərbaycan
Respublikası Prezident seçkiləri haqqında» qanun qəbul edilmişdir. Lakin respublikamızda
prezidentlik institutunun tətbiqindən sonra bu institutun nəzəri və tarixi, həmçinin, ali
hakimiyyət orqanlarına əhəmiyyətli təsirinin mahiyyətini açan xüsusi tədqiqat aparılmamışdır.
Bununla belə, respublikamızda prezidentlik institutu müasir konstitusion təcrübəni, milli
ənənələri, bütün dünyada, habelə Müstəqil Dövlətlər Birliyi üzvləri ölkələrində siyasi reallıqları
nəzərə almaqla daha əlverişli modeli seçməklə tətbiq edilir. Məlumdur ki, ölkədə baş verən
islahatların müvəffəqiyyəti birbaşa siyasi rejimdən asılıdır. Bununla əlaqədar olaraq müasir
dövr üçün mühüm əhəmiyyət prezident institutuna verilir.
Respublikamız keçmiş SSRİ respublikaları içərisində prezident institutunu ilkin olaraq
təsis etmişdir. Əlbəttə, prezident institutunun səmərəliliyinin artırılmasında prezidentin şəxsi
keyfiyyətləri də mühüm əhəmiyyət kəsb edir.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş «Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında» Konstitusiya Aktında dövlət hakimiyyətinin hakimiyyətin bölgüsü
prinsipinə əsaslanması təsbit edilmişdir. 13-cü maddənin III hissəsində deyilirdi: «Ali icra
hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası prezidentinə
məxsusdur».
Buradan göründüyü kimi, ali icra hakimiyyətinin dövlət başçısı - prezidentə məxsusluğu
artıq hakimiyyət orqanları arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsini zəruri edirdi. Bu da
öz növbəsində yeni Konstitusiyanın qəbulu ilə həyata keçirilməli idi.
Məlumdur ki, 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edildi. Konstitusiyanın 8-ci
maddəsi «Azərbaycan dövlətinin başçısı» adı altında verilmişdir. Burada deyilir: «Azərbaycan
dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir». Həmçinin Konstitusiyanın 7-ci
maddəsinin 3-cü hissəsində və 99-cu maddəsində qeyd olunur ki, «Azərbaycan
Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur».
Konstitusiyanın bu müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının
Prezidenti həm dövlət başçısıdır və həm də icra hakimiyyəti prezidentə mənsubdur.
Dostları ilə paylaş: |