Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Maddi resursların qənaətlə istifadəsi edilməsi yolları



Yüklə 0,68 Mb.
səhifə42/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   38   39   40   41   42   43   44   45   ...   106
iqtisadiyyat nmf

2. Maddi resursların qənaətlə istifadəsi edilməsi yolları
Material dəyərlərinin fiziki hərəkətinin həyata keçirilməsi, ehtiyatların formalaşması və saxlanması, eləcə də, loqistikanın informasiya təminatının relallaşdırılması üçün müxtəlif texniki vasitələr tələb olunur. Bu vasitələr, onlardan istifadə üsulları, bu vasitələrin iş qabiliyyətini təmin edən sistemlər loqistika proseslərinin infrastrukturunu təşkil edir. O, loqistikanın əsas funksiyalarının-material dəyərlərinin nəqli, manipulyasiyası, ehtiyatların formalaşması, saxlanması və qorunması- iqtisadi cəhətdən səmərəli və fasiləsiz həyata keçirilməsini təmin etməlidir.
Loqistika proseslərinin infrastrukturuna aşağıdakı texniki vasitələr qrupu daxil ola bilər:

  • müəssisələr arsında, eləcə də müəssisə daxilində malların yerdəyəşməsini (hərəkətini) təmin edən nəqliyyat vasitələri;

  • ehtiyatların yığılmasını, saxlanmasını təmin edən binalar, anbar qurğuları, eləcə də əsas anbar funksiyalarının yerinə yetirilməsini təmin edən anbar avadanlıqları;

  • məhsulların saxlanması, eləcə də nəqli və manipulyasiyası məqsədi ilə onların qablaşdırılması;

  • informasiyaların işlənməsi vasitələri (texniki qurğular və sistemlər, eləcə də tətbiqi proqram təminatı).

Loqistika proseslərinin infrastrukturunun kompanentlərinin qeyd edilən təsnifatı şərtidir və bu zaman loqistikanın aşağıdakı vəzifələrinin reallaşdırılması əsas kriteriya kimi götürülmüşdür:

  • material dəyərlərinin yerdəyişməsi (hərəkəti)-bunun üçün lazım olan nəqliyyat və manipulyasiya vasitələri;

  • malların anbarlaşdırılması-bunun üçün tələb olunan binalar, anbar qurğuları, anbar avadanlıqları;

  • malların saxlanması-bu məqsədlə onların qablaşdırılması;

  • loqistika proseslərinin idarə edilməsi üçün informasiyaların işlənməsi - bu funksiyanı yerinə yetirən informasiya vasitələri (texnikası).

Ayrı-ayrı ölkələrin iqtisadiyyatında, eləcə də qlobal sistemlərdə malların fiziki hərəkəti proseslərinin fasiləsizliyinin əsas şərti, bütün nəqliyyat-anbar zəncirindəki çoxlu sayda texniki parametrlərin qarşılıqlı uyğunluğu hesab edilir. Bu zəncirin əsas həlqələri kimi aşağıdakılar qəbul edilir:

  • yük yerləri və onlarla əlaqədar qablaşdırma;

  • anbar qurğuları və istehsal binaları;

  • yükləmə-boşaltma işləri;

  • malların anbarlara yığılması üçün avadanlıqlar;

  • malların daxili və xarici nəqli vasitələri;

  • yüklərin manipulyasiya vasitələri.

Loqistikanın texniki infrastrukturunun qeyd edilən həlqələrinin uyğunlaşdırılması və əlaqələndirilməsi üçün dövlət və beynəlxalq standartlara uyğun normativlər müəyyən edilir. Bu zaman əsas standartlaşdırılan element yük yeri və onun ölçüləri hesab edilir.
Loqistika proseslərinin infrastrukturu onun qarşısında duran əsas vəzifələri yerinə yetirməklə yanaşı, eyni zamanda, loqistika proseslərinin gedişinə, ələlxüsus onların fasiləsizliyinə, etibarlılığına, xərclərin miqdarına da təsir göstərir. Bu zaman, təbiidir ki, maliyyə aspekti əsas şərtlərdən biridir. Loqistika infrastrukturunun texniki vasitələri seçilərkən təkcə kapital xərcləri və onların səmərəliliyi deyil, müəssisənin yekun fəaliyyətinə təsir edən operativ istismar xərcləri də nəzərə alınmalıdır.
Loqistika proseslərinə kifayət qədər əsas fondlar və əmək resursları cəlb edilir. Çox zaman bu amillər bir-birindən asılı olur. Nəql, manipulyasiya və s. proseslərin mexanikləşdirilməsi, avtomatlaşdırılması çoxlu kapital qoyuluşu ilə yanaşı, əmək məhsuldarlığının yüksəlməsinə, işçilərin sayının isə azalmasına səbəb olur. Belə vəziyyət minimum loqistika xərcləri müqabilində loqistika xərclərinin fasiləsiz və etibarlılığını təmin edilməsini zəruri edir. Bunun üçün loqistika proseslərinin infratsrukturunun bütün kompanentlərinin dəqiq müəyyən edilməsinə və hər kompanent üzrə fəaliyyətin səmərəli həyata keçirilməsinə nail olmaq lazımdır. Loqis-tika proseslərinin infrastrukturunun bütün kompanentləri şəkil 5.5-də göstərilmişdir.
Loqistika proseslərinin nəqliyyat infrastrukturu əsasən iki vəzifənin yerinə yetirilməsini təmin etməlidir: material dəyərlərinin fasiləsiz hərəkətini və nəqliyyat xərclərinin minimum səviyyəsini Loqistika proseslərinin nəqliyyat infrastrukturuna beş nəqliyyat növü daxildir:

  • dəmir yolu;

  • avtomobil;

  • boru kəməri;

  • çay və dəniz;

  • aviasiya.

Ölkə daxilində nəqliyyat daşımalarının ümumi həcminin çox hissəsi birinci üç nəqliyyat növünün payına düşür. Dəniz nəqliyyatı əsasən beynəlxalq ticarətin həyata keçirilməsində istifadə edilir. Aviasiya nəqliyyatı yükdaşımalarda yardımçı rol
oynayır.
Anbar və manipulyasiya infrastrukturuna aşağıdakılar daxildir:

  • anbar avadanlığı;

  • daxili nəql və manipulyasiya üçün texniki vasitələr;

  • anbar avadanlıqları - yükləmə-boşaltma, nəzarət-ölçü, yanğın əleyhinə, qalaqlayıcı və s.

  • digər texniki vəsaitlər (informasiya texnikası və s.).

Anbar avadanlıqları malların saxlanması, qorunması və manipulyasiyası proseslərini təmin edən daimi infrastrukturu təşkil edirlər. Onlar çoxnövlülük, çoxsaylı texniki və istifadə parametrləri ilə xarakterizə olunurlar ki, bunlara da aşağıdakılar aid edilir:

  • görünüş və qabarit (ölçülər);

  • konstruktiv parametrlər- əsas ölçülər (uzunluğu, eni, hündürlüyü, daşıyıcı elementlərin yerləşməsi, yüklənmənin həddi və s.);

  • istifadə parametrləri-ümumi, anbar, manipulyasiya, nəqliyyat və s. sahələri, buraxılış qabiliyyəti (material dəyərlərinin hərəkət intensivliyi);

  • digər əsas parametrlər- avadanlıqlar, kondisionerlər, yanğın əleyhinə sistemlər.

Daxili nəql və manipulyasiya üçün texniki vasitələr malların hərəkət sürətinə, manipulyasiya və nəql poseslərinin məhsuldarlığına aktiv təsir etməklə yanaşı yüklərin qorunmasında, onların istehlak dəyərlərinin itirilməsinin qarşısının alınmasında mühüm rol oynayırlar. Bu kompanentlər istehsal prosesinin həyata keçirilməsinə də ciddi təsir göstərirlər.
Daxili nəql və manipulyasiya vasitələrinə aşağıdakılar aid edilir:

  • qaldırıcı vasitələr;

  • transportiyorlar;

  • arabalar və digər təkərli vasitələr.

Bu qrupların hər biri ayrı-ayrı növlərə və tiplərə ayrılırlar. Daxili nəql və manipulyasiya vasitələri seçilərkən yalnız onların texniki parametrləri deyil, həmçinin inteqrasiya sistemlərində işləmək qabiliyyətləri, kapital və istismar xərcləri, malların hərəkəti və saxlanması üzrə əməliyyatların sinxronlaşdırılmasını təmin edən məhsuldarlığın normativ parametrləri nəzərə alınmalıdır.
Anbar avadanlıqları - müxtəlif maşınlar, aparatlar, qurğular, ölçü cihazları, təşkilati-texniki vasitələr və s. material ehtiyatlarının anbarlaşdırılması və qorunması, eləcə də anbar-manipulyasiya funksiyalarının yerinə yetirilməsi üçün istifadə edilir. Bu avadanlıqları aşağıdakı əsas qruplara ayırmaq olar:

  • malların anbarlaşdırılması üzrə avadanlıqlar-rəflər, asılqanlar, bunkerlər, altlıqlar və xüsusi qurğular;

  • nəzarət-ölçü cihazları- qorunma şərtlərinə nəzarət etmək üçün qurğular (məsələn, termometrlər), qorunan ehtiyatların miqdarını və keyfiyyətini müəyyən etməyə imkan verən avadanlıqlar (tərəzilər, səviyyə ölçənlər və s.);

  • ventilyasiya və kondisionerləşdirmə üçün aparatlar- qapalı anbarlarda havanın isidici, soyuducu, quruducu (və ya nəmləşdirici) qurğuları;

  • yanğın əleyhinə avadanlıqlar- idarə edilən və ya avtomatlaşdırılmış həyəcan siqnalı sistemi, yanğın söndürmə vasitələri (su xətləri, köpük generatorları və s.) və s.

  • anbarlaşdırma və manipulyasiya üçün köməkçi avadanlıqlar- yüklərin bərkidilməsi üçün avadanlıqlar, həcmlər, altlıqlar və s. ;

  • informasiyaların işlənməsi prosesində istifadə edilən təşkilati-texniki avadanlıqlar: kalkulyatorlar, hesab maşınları, kartotekalar, kataloqlar və s.

Texniki tərəqqi nəticəsində yeni növ anbar və manipulyasiya texnikaları yaradılır. Onlar anbar təsərrüfatı sisteminin etibarlı işini təmin edir, əl əməyini aradan qaldırır və beləliklə də anbar və nəqliyyat işçilərinin əmək məhsuldarlığının artırılmasına şərait yaradır.
Maddi məhsulların hərəkəti, nəqli çox vaxt onların qablaşdırılmasını tələb edir. Ümumiyyətlə qablaşdırmanın aşağıdakı funksiyaları vardır:

  • istehsal;

  • marketinq;

  • istehlak;

  • loqistika.

Qablaşdırmanın istehsal, marketinq və istehlak funksiyaları haqqında isqtisadi ədəbiyyatlarda geniş məlumatlar verilmişdir. Qablaşdırmanın loqistika funksiyalarının da önəmli rolu vardır, çünki bir çox hallarda onlar nəql, manipulyasiya, anbar və s. əməliyyatların nəticələrini müəyyən edirlər.
Qablaşdırmanın loqistika funksiyaları arasında ilk növbədə aşağıdakıları qeyd etmək olar:

  • qoruyucu;

  • anbar;

  • nəql;

  • manipulyasiya;

  • informasiya;

  • utilizasiya.

Malların hərəkət yolu boyunca onların qorunması qablaşdırmanın əsas funksiyasıdır. Malın məhv olması və ya xarab olması nəticəsində dəyən ziyan çox vaxt qablaşdırmaya çəkilən xərcdən çox olur. Buna görə də qablaşdırmanın qoruyucu funksiyası malın texniki və istifadə xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilməlidir.
Qablaşdırmanın anbar, nəql və manipulyasiya funksiyaları malların nəqli, yükləmə-boşaltma və s. proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə bağlıdır. Qablaşdırma müəyyən standartlara cavab verməli, anbarlaşdırmanı asanlaşdırmalı, yük yerlərinin formalaşdırılmasına imkan verməlidir və s.
Qablaşdırma təkcə marketinq xarakterli olmayan informasiya daşıyıcısı kimi də istifadə edilir. Bu informasiya anbar və manipulyasiya proseslərində istifadə edilir (məsələn, bir yük yerinin çəkisi, bir qabda olan malların sayı, məhsulun indeksi və s.). Bu tipli informasiyalar malların düzgün qorunmasında, onların hərəkətinin idarə edilməsində, manipulyasiyasında mühüm rol oynayır.
Qablaşdırmanın utilizasiya funksiyası da loqistika prosesləri ilə əlaqədardır, ona görə ki, dəfələrlə istifadə edilən qabların utilizasiyası da loqistikanın bir bölməsidir və tullantıların loqistikası adlanır.
Loqistika proseslərinin səmərəliliyi xeyli dərəcədə malların hərə-kətini əks etdirən informasiya axınının fasiləsizliyindən, informasiyaların konkretliyindən, məzmunundan, strukturundan, vaxtında ötürülməsindən və s. asılıdır. Başqa sözlə, müəssisədə loqistika proseslərinin səmərəli idarə edilməsi, onun ayrı-ayrı təşkilati bölmələrində, eləcə də idarəetmənin bütün səviyyələrində, dəqiq və operativ informasiyaların olmasından asılıdır.
Son illər informasiya texnologiyasının sürətli inkişafı səmərəli informasiya sistemlərinin yaradılmasına və tətbiqinə geniş imkanlar açmışdır. Kompyüter texnologiyasına əsaslanan müasir informasiya sistemləri məlumatların qəbulu, toplanması, işlənməsi, ötürülməsi və istifadəsi proseslərinin səmərəli təşkilinə imkan verir.
Məlumatların işlənməsinin bütün sistemlərində informasiya texnikasından istifadə edilməsi vəziyyətin keyfiyyətcə dəyişməsinə şərait yaradır. Təbiidir ki, bu, bir çox funksiyaların informasiya axını ilə əlaqədar olduğu loqistika proseslərinə də toxunur. Məlumdur ki, loqistika proseslərinin informasiyadan asılı olan funksiyaları aşağıdakılardır:

  • alıcıların və satıcıların sənədlərinin, müqavilələrin, sifarişlərin və mal göndərilməsinin, əmtələrin satışının, xərclərin uçotu və qarşılıqlı uçotu;

  • planlaşdırmaya (məsələn, malların istehsal və satış fəaliyyətinin) və planların yerinə yetirilməsinə (məsələn,sifarişlərin yerinə yetirilməsinə) nəzarətin təşkili;

  • təhlilə yardım (məsələn, alıcıların tələbatının ödənilmə səviyyəsinin, alıcıların imkanlarının, xərclərin səviyyəsinin və s. təhlili);

  • «Üfiqi» (məsələn, alıcı ilə ticarət nöqtəsi, anbarla satıcı arasında) və «şaquli» (məsələn, mərkəzi anbarlarla yerli anbarlar arasında) informasiyaların sürətlə ötürülməsi əsasında operativ fəaliyyətin təmin edilməsi;

  • qərarların optimallaşdırılmasının müxtəlif metodlarının tətbiqi üçün şərait yaradılması yolu ilə qərarların qəbulu prosesinə yardım edilməsi;

  • malların fiziki hərəkətinin idarə edilməsi.

Reallaşdırılan funksiyanın xarakterindən asılı olaraq loqistikada istifadə olunan informasiya sistemlərini aşağıdakılara ayırmaq olar:

  • usot-hesabat;

  • məlumatlandırma və qərarların qəbulu;

  • proseslərin (məsələn, anbar əməliyyatlarının) idarə edilməsi;

  • loqistikanın bütün funksiyalarını idarə edən inteqral sistem.

Tətbiqi və istifadəsi sadə olduğundan uçot-hesabat sistemi daha geniş yayılmışdır. Bunlardan başqa, bu sistemin avadanlıqlara, proqram təminatına tələbləri nisbətən sadədir, ona görə də bu sistemin yaradılması xərcləri nisbətən azdır. Bununla yanaşı, son zamanlar məlumatlandırma və qərarların qəbulu sisteminin istifadəçilərinin sayı durmadan artmaqdadır, baxmayaraq ki, bu sistemin yaradılması çoxlu xərc tələb edən daha mürəkkəb texnikanın tətbiqini, mürəkkəb proqram təminatını tələb edir. Bu sistemi əsasən iri müəssisələr tətbiq edirlər, çünki küllü miqdarda material dəyərlərinin fiziki hərəkəti prosesinin fasiləsiz idarə edilməsi və optimal qərarların qəbulu, çoxsaylı informasiyaların tez və dəqiq işlənməsini tələb edir. Belə müəssisələr bahalı informasiya sistemlərinin tətbiqi üçün kifayət qədər maliyyə imkanlarına malik olurlar.
Son zamanlar loqistika proseslərinin idarə edilməsi üçün qlobal informasiya şəbəkəsi olan internetdən istifadə də geniş yayılmışdır. İnternetdən istifadə loqistikanın aşağıdakı funksiyalarının tez və səmərəli reallaşdırılmasına geniş imkanlar açır:

  • nəql etmə (maşın parkının bölgüsü, park üzərində fasiləsiz nəzarət, «boş» hərəkətlərin qarşısının alınması və s.);

  • saxlama, qoruma;

  • alıcı və satıcı arasında əlaqələrin lazımi səviyyədə saxlanması (kontragentlərin anbarlarında ehtiyatların vəziyyətinə nəzarət etmək üçün);

  • ehtiyatların lazımi səviyyədə saxlanması (onların saxlanması qayğısının satıcının üzərinə qoyulması);

  • sifarişin verilməsi və mal göndərilməsinin təmin edilməsi (sifarişlərin verilməsi və mal göndərilməsi qaydalarının sadələşdirilməsi);

  • müştəriyə xidmət.

Biznesin idarə edilməsini asanlaşdırmağa imkan verən təşkilati texnikanın, xüsusən də mobil telefonların və elmi kalkulyatorların inkişafında böyük tərəqqinin olduğu da qeyd edilməlidir. Onlardan istifadə kompyüterlərdən kənarda biznes-qərarların qəbulu üçün kifayət qədər geniş imkanlar yaradır.
Qeyd edildiyi kimi, istehsal prosesinin təşkili və həyata keçirilməsi üçün müəssisə bazarlardan müxtəlif xammal, material, detallar, komplektləşdirici hissələr, yanacaq, enerji və s. almalıdır. Bu material dəyərlərinin alınması zərurəti təchizat funksiyasını istənilən müəssisənin əsas funksiyasına çevirir. Təchizat istehsalın inkişafına əsaslı, bəzən-həlledici təsir göstərir.
İstehsalın formalaşmasında və inkişafında təchizatın xüsusi rolu aşağıdakılarla izah edilə bilər:

  • istehsalın fasiləsiz həyata keçirilməsi tələb olunan xammal, material, enerji, xidmət təminatının səviyyəsindən asılıdır;

  • istifadə olunan xammalın, materialın, yanacağın, enerjinin, kənar xidmətlərin dəyəri müəssisənin fəaliyyət xərclərinin əsas hissəsini təşkil edir; burada xərclərin azaldılması üçün, demək olar ki, həmişə imkanlar mövcuddur;

  • dövriyyə vəsaitlərinin xeyli hissəsi, xüsusilə də material ehtiyatlarının, yarımfabrikatların strukturu təchizat prosesinin təsiri ilə formalaşır;

  • məhsulların istehsalı və xidmətlər göstərilməsi proseslərinin ixtisaslaşma səviyyəsinin dərinləşməsi təchizatın strukturunda hazır detalların, elementlərin, hissələrin xüsusi çəkisini yüksəldir, bu amil həm də, təchizat prosesinin əhəmiyyətini artırır;

  • məhsulun keyfiyyətinin təminatı strategiyasının reallaşdırılması satıcılarla sıx əlaqə yaratmadan mümkün deyildir.

Qeyd edilənlərlə yanaşı təchizat prosesinin loqistikası ilə əlaqədar olan, eləcə də müəssisənin iqtisadiyyatına güclü təsir edən digər səbəbləri də göstərmək olar. Onlara aşağıdakılar aiddir:

  • xərclərin aşağı salınması, alıcılara xidmət səviyyəsinin yüksəldilməsi, müəssisənin bazarlarda mövqelərinin güclənməsi məqsədi ilə material və informasiya axınlarının yüksək dinamikasının təmin edilməsi;

  • loqistika proseslərinin təchizat dairəsinin texniki infrastrukturuna çoxlu miqdarda əsas vəsaitlərin-binaların və anbar qurğularının, nəqliyyat vasitələrinin, malların saxlanması və manipulyasiyası üçün maşın və avadanlıqların-cəlb edilməsi;

  • təchizat ilə əlaqədar olan, fiziki və informasiya funksiyasını yerinə yetirən bölmələrə çoxsaylı işçilərin cəlb edilməsi;

  • saxlanma, qorunma xərclərinin artmasına səbəb olan material ehtiyatlarının toplanması.

Qeyd edilən amillər nəticəsində təchizat prosesi müəssisənin bütün fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Eyni zamanda bu amillər müəssisənin rəqabət qabiliyyətini yüksəldir. Buna görə də onlara xüsusi diqqət yetirilməlidir.
Müəssisəriin bir çoxunda tələb olunan xammal və materialların strukturu kifayət qədər mürəkkəbdir. İstifadə üçün texniki hazırlıq və emal dərəcəsinə görə xammal və materialların geniş spektri mövcuddur ki, bu da təchtzatın planlaşdırılmasına və reallaşdırılmasına müvafiq yanaşma tələb edir.
Təchizatın həyata keçirilməsində oxşar yanaşmaların tətbiq edildiyi aşağıdakı material dəyərləri qruplarını göstərmək olar:

  • müəssisədə texnoloji proseslərin (fasiləli və fasiləsiz) həyata keçirilməsi gedişində emal ediləcək ilkin xammal və materiallar (hər yerdə istifadə edimlə bilən və ya xüsusi sifarişlə hazırlanan);

  • emal üçün nəzərdə tutulan yarımfabrikatlar;

  • son məhsul istehsal edən müəssisələr üçün hazır komplektləşdirici elementlər;

  • xüsusi hissələr və yığılmış vahidlər;

  • ümumi təyinatlı materiallar (məsələn, dəftərxana ləvazimatları);

  • bərk, maye, qaz yanacağı; istilik, elektrik və digər enerji.

Qeyd edilən qruplar üzrə təchizat proseslərinin həyata keçirilməsi üçün müxtəlif müqavilələrin və razılaşmaların imzalanması, bəzi hallarda, məsələn istilik, elektrik enerjisinin alınması üçün müvafiq texniki infrastrukturun yaradılması lazımdır. Bu zaman uzunmüddətli müqavilələrin və razılaşmaların imzalanması, onların detallarına qədər dəqiqləşdirilməsi məqsədəuyğundur.
Təchizat zamanı özündə həm əşya, həm də informasiya proseslərini əhatə edən çoxsaylı funksiya və vəzifələri bir-birindən ayırmaq lazımdır. Bu proseslərin əsas məzmunu istənilən müəssiənin əsas fəaliyyət xüsusiyyətlərindən irəli gələn suallara cavab tapmaqla müəyyən edilə bilər. Öncə aşağıdakı suallara cavab tapmaq lazımdır:

  • tələb olunan material dəyərləri (məsələn, yarımfabrikatlar, enerji) müəssisədə istehsal edilməli, yoxsa satın alınmalıdır;

  • nə qədər almaq lazımdır (materiallara olan tələbatın və ehtiyatların idarə edilməsini təmin etmək üçün);

  • haradan almaq lazımdır (satınalmanın mənbələrinin və satıcıların müəyyən edilməsi üçün).

Son zamanlar loqistikanın təchizat fazasında təchizatın marketinqi ayrıca fəaliyyət növü kimi geniş yayılmaqdadır. Təchizat marketinqinin predmeti konkret xammalın, materialın, yarımfabrikatın və s. alınması üçün qərarların hazırlanması və qəbulu hesab edilir.
Rəqabət mübarizəsində müəssisənin üstünlük qazanması üçün təchizat marketinqinin fəaliyyətinin artması ona gətirib çıxarmışdır ki, son illərdə bu fəaliyyət növü ciddi təhlil edilir və sistemləşdirilir. Nəticədə, bir sıra təchizat strategiyası standartları flormalaşmışdır. Bu standartlar aşağıdakı doqquz qrupda toplanmışdır:

  • satıcıların sayından asılı olaraq material dəyərlərinin axtarışı strategiyası-dörd strategiya: bir satıcı; alınan malın vahid satıcısı (inhisarçı); iki satıcı; çoxsaylı satıcılar;

  • təchizat obektini nəzərə alan təchizat strategiyası-iki alternativ strategiya: ayrı-ayrı elementlərin alınması; komplektlərin alınması;

  • coğrafi əhatə zonası nəzərə alınmaqla fərqləndirilən təchizat strategiyası-əsasları bunlardır: lokal satınalma; ölkə (dövlət) daxili satınalma və qlobal satınalma;

  • satıcının yerləşdiyi yeri nəzərə alan strategiya-iki strategiya: xarici satıcılar; daxili satıcılar;

  • satışın (mal göndərilməsinin) vaxtını nəzərə alan strategiya: anbarlara mal göndərilməsi; konkret iş yerlərnə mal göndərilməsi;

  • təchizat subyektini nəzərə alan təchizat strategiyası: fərdi və kollektiv təchizat;

  • satıcı və alıcılar arasındakı əlaqələrin xarakterini nəzərə alan dəyərlərin axtarışı strategiyası: əvvəllər qiymət və keyfiyyət rəqabəti strategiyası üstünlük təşkil edirdi, XX əsrin 80-ci illərinin sonlarından etibarən isə sıx əməkdaşlığı, hətta kontragentlərin tərəfdaşlığını nəzərdə tutan loqistika ideyaları üstünlük təşkil etməyə başlamışdır.

  • təchizatın marketinqi strategiyası: malın axtarışı; mal göndərilməsinin kanalları; satıcılarla əlaqə; təchizatdan əvvəlki və sonrakı xidmətlər; qiymət;

  • İnternetdən istifadə etməklə təchizat strategiyası: müəssisənin konkret funksiyasının (məsələn, marketinq funksiyasının) həyata keçirilməsi üçün internetdən istifadə.

Material dəyərlərinin təchizatı üçün öncə satıcıların siyahısını təttib etmək lazımdır. Bu məqsədlə kataloqlardan, prays-vərəqələrdən, reklam materiallarından və s. istifadə etmək olar. Bunlardan əlavə müvafiq məlumatlar istehsalçılar haqqında xüsusi tərtib edilmiş siyahılardan, sərgilərdən və yarmarkalardan da əldə edilə bilər.
Təchizatın və ehtiyatların toplanmasının minimum xərclərlə həyata keçirilməsi məqsədi ilə konkret satıcı seçilərkən müxtəlif kriteriyalar tətbiq edilir, bu zaman həm də təchizat və istehsalın loqistika proseslərinin fasiləsizliyinin təmin edilməsi vəzifəsi də həll edilir. Təbiidir ki, təchizat xərclərinin səviyyəsinə malların qiyməti xeyli təsir göstərir (onun keyfiyyəti nəzərə alınmaqla). Son təchizat xərcləri həmçinin nəqliyyat xərclərinin səviyyəsindən, bu xərclərin, eləcə də yüklərin sıgorta xərclərinin və s. kim tərəfindən ödənilməsindən də asılıdır.
İnkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə təchizat zamanı satıcılar seçilərkən aşağıdakı kriteriyalara üstünlük verilir: malların keyfiyyəti, mal göndərilməsinin fasiləsizliyi, satıcının maliyyə vəziyyəti, satıcının imici və onun yerləşdiyi məkan. Əgər maraqlı müəssisə satıcı ilə ilk dəfə olaraq kontakt yaradırsa, onda yuxarıdakı kriteriyaların qiymətləndirilməsi üçün ya, ilkin olaraq, malların sınaq alqısı həyata keçirilir, yaxud da belə məlumatlar digər alıcılardan, xüsusi analitik mərkəzlərdən əldə edilir.
Təchizat mənbələri seçilərkən nəzərə almaq lazımdır ki, təchizatın loqistika prosesi müəssisənin fəaliyyətinin iqtisadi nəticələrinə xeyli təsir göstərir. Bu, təchizat prosesinin daimi təhlil edilməsini tələb edir ki, onun da nəticəsində müəssisəni maraqlandıran aşağıdakı kimi bir çox vacib suallara cavab tapmaq mümkün olur:
Əmtəənin alınan partiyasının həcmi nə qədər olmalıdır? Bu zaman belə bir suala cavab vermək tələb olunur ki, istehsalın minimum tələbatından aşağı həcmdə mal almaq olarmı? Bu, ehtiyatların orta səviyyəsinin azalmasına və təchizata əlavə xərclərin sərf edilməsinə gətirib çıxara bilər. Bəlkə istehsalın minimum tələbatından artıq həcmdə mal almaq, bu yolla qiymətdə endirimə nail olmaq (beləliklə də ümumi təchizat xərclərini azaltmaq) daha münasibdir?
Təchizatın ölçüsü necə olmalıdır- sifarişə uyğun olaraq dəqiq sayda (nisbətən baha), yoxsa malların ümumi kütləsində (nisbətən ucuz)?
Əlavə xərc ödəməklə malların kiçildilmiş ölçülərdə göndərilməsini tələb etmək, yoxsa onları mövcud ölçülərlə almaq?
Malların göndərilməsinin dəqiq vaxtını və həcmini müəyyən etməli (bu əlavə xərclər tələb edir), yoxsa təxmini vaxt və həcmlə kifayətlənməli?
Satıcını harada axtarmalı-istehsalçılar, yoxsa topdansatıcı ticarət təşkilatları arasında?
Təchizat mənbələri müəyyən edilərkən nəqliyyat vasitələrinin və daşıyıcıların seçilməsinə də (əgər malların göndərilməsini satıcı həyata keçirmirsə) diqqət yetirmək lazımdır. Bu zaman aşağıdakılara fikir verilməlidir:

  • daşıyıcının seçilməsinə (özünün və ya cəlb edilən nəqliyyat vasitəsindən istifadəyə, nəqliyyat xərclərinə, nəqliyyat şərtlərinə, nəqliyyat vasitələrinə, mal göndərilməsinin fasiləsizliyinə və s.);

  • malların nəql olunmağa yararlığına (nəqliyyat şəraitinə davamlılığa, konkret nəqliyyat ünsürlərindən, məsələn, konteynerlərdən istifadə imkanlarına);

  • nəqliyyat növünün seçilməsinə (nəqliyyat şərtlərinə, nəqliyyat növlərinin kombinələşdirilməsinə, məsələn-dəmiryol, avtomobil, keyfiyyətə qarşı tələblərə, daşınmanın vaxtlı-vaxtında həyata keçirilməsinə).

Təchizatın loqistika proseslərinin əsas funksiyalarından biri alınan malların müəssisəyə çatdırılmasıdır. Bu, alınan xammal, material dəyərlərinin keyfiyyəti qorunmaqla, minimum xərclərlə müəssisəyə çatdırılması ilə bağlı müxtəlif vəzifələrin reallaşdırılmasını nəzərdə tutur. Satın alınan malların müəssisəyə çatdırılması ilə bağlı əsas hərəkətlərə aşağıdakılar aid edilə bilər:

  • sifarişin hazırlanması və onun alıcıya ötürülməsi-sifariş, satıcı tərəfindən onun dürüst yerinə yetirilməsi üçün, lazım olan informasiyaları özündə əks etdirilməlidir; sifariş alınandan və təsdiq edildikdən sonra müqaviləyə çevrilir, satıcı üzərinə satış predmetini (predmetlərini) sifarişçiyə göndərmək, sifarişçi üzərinə isə - onları almaq və haqqını ödəmək məsuliyyəti qoyur;

  • verilmiş sifarişlərin uçotunun aparılması və onların yerinə yetirilməsinə nəzarət- kompyüter baza göstəricilərinin hər yerdə istifadə edilməsi nəticəsində bu prposes tamamilə avtomatlaşdırılmışdır və istənilən anda sifarişin yerinə yetirilməsinin vəziyyətini, gecikmələrin səbəblərini və s. müəyyən etmək mümkündür;

  • daxil olmuş malların manitorinqi, onların kəmiyyət və keyfiyyətinə nəzarət-müqavilə şərtlərindən hər hansı kənarlaşma (miqdarca, həcmcə azlıq, keyfiyyətin aşağı olması, lazımi sənədlərin olmaması və s.) aşkar edildikdə təchizat xidməti dərhal müvafiq reklomasiya hazırlamalı və onu satıcıya göndərməlidir;

  • alınan malların haqqının ödənilməsi-yükləri müşayət edən sənədlərin alınması və imzalanması ilə yanaşı təchizat xidmətinə, satıcı mal göndərilməsi şərtlərini pozduğu halda ona cərimə kəsmək səlahiyyəti verilir.

Qeyd etmək lazımdır ki, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasında, onun səmərəliliyinin yüksəldilməsində təchizat xidmətinin çox vaxt loqistiklər adlandırılan işçilərinin böyük rolu vardır. Müasir şəraitdə təchizat xidməti əməkdaşları qarşısında xarici dil bilmək, kompyüterdə işləmək bacarığı ilə yanaşı, yüksək mənəvi tələblər də qoyulur. Müəssisənin rəhbərləri başa düşürlər ki, material dəyərlərinin alınması külli miqdarda xərclər tələb edir, menecerlər isə məhsul istehsalının bütün fazalarında qərarların qəbul edilməsi prosesində iştirak edəcəklər.
Müasir iqtisadi sistemlərdə (xüsusilə də inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə) məhsulların istehsal etdikləri yerlərdən son istehlakçıya çatdırılmasının çoxlu müxtəlif kanalları mövcuddur. Ancaq buna baxmayaraq, pərakəndə satış nöqtələri hələ də əhalinin əsas alış məntəqələri olaraq qalmaqdadır. Əmtəə kütləsinin istehsalçıdan pərakəndə satış nöqtələrinə çatdırılmasının müxtəlif loqistik həlli məhz bu amillə əlaqədardır. Əmtəələrin istehsalçıdan pərakəndə satış nöqtələrinə çatdırılmasının ənənəvi kanalları şəkil 5.5-də göstərilmişdir.
İnkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə sənaye məhsulunun istehsalı və pərakəndə satış arasında distribusiya (satış) şəbəkəsi hərəkətin aşağıdakı kanalları və pillələri formalaşır:
 İstehsalçının anbarı. Bir çox illər boyunca bu malların hərəkətinin başlanğıc həlqəsidir. Bu məhfum altında bazar həm məhsulların mərkəzi anbarı, həm də regional anbarlar birləşdirilir. Mallar istehsalçının anbarlarına iri həcmdə daxil olur və sonradan alınan sifarişlərə uyğun paylanır. Ancaq XX əsrin 70- ci illərindən başlayaraq ona alternativ kanalların inkişafı nəticəsində bu kanalın rolu azalmaqdadır.

  • Pərakəndə satış mağazalarına birbaşa çatdırılma. Bir qayda olaraq bu kanal bütün nəqliyyat vasitələrindən istifadə edilməklə mal göndərilməsi zamanı istifadə edilir.

  • Pərakəndə satış anbarı. Distribusiyanın bu kanalı XX əsrin 70-ci illərindən etibarən super və hipermarket şəbəkələrinin geniş yayılması ilə əlaqədar olaraq inkişaf etməyə başlamışdır.


İSTEHSALÇI

Mərkəzi anbar

Müəssisənin mərkəzi topdansatış anbarı

Vasitəçi

Vasitəçi



Regional topdansatış anbarı

Mərkəzi topdansatış anbarı




Pərakəndə satışı

Pərakəndə satışı

Pərakəndə satışı

S E R V İ S



Pərakəndə satışı

Şəkil 5.5. Əmtəələrin istehsalçıdan pərakəndəsatış şəbəkəsinə çatdırılması kanalları.



  • Topdansatış anbarı. Topdan ticarət bir çox illər ərzində loqistika zəncirinin birləşdirici həlqəsi rolunu oynamışdır. Son illər əmtəələrin distribusiyasının başqa formalarının inkişafı ilə əlaqədar olaraq bu kanalın rolu azalmaqdadır.

  • Broker. Başqalarının adından və başqalarının hesabına alqı-satqını həyata keçirən vasitəçi. Ümumi halda o, əmtəələrin fiziki hərəkəti ilə deyil, bu prosesin təşkili ilə məşğul olur. Broker müxtəlif marketinq hərəkətlərini yerinə yetirir.

  • Vasitəçi. Əsas vəzifəsi pərakəndə ticarətin kiçik nöqtələrinin təchizatı ilə

məşğul olmaqdan ibarət olan vasitəçi. Kiçik həcmli malların alınması pərakəndə ticarətlə məşğul olan iri ticarət mərkəzlərini (supermarket, hipermarket) maraqlandırmır.

  • Servis firması rolu oynayan vasitəçi. Son illər Qərb ölkələrində bu tipli vasitəçilərin əhəmiyyəti və rolu artmaqdadır. Mal göndərilməsi ilə yanaşı bu vasitəçilər satılan mallara müxtəlif servis xidmətləri də göstərirlər.

  • «Kiçik» vasitəçi. Distribusiyanın bu kanalı XX əsrin 80-ci illərindən geniş yayılmağa başlamışdır. Belə firmalar kiçik əmtəə partiyalarının təcili (bir qayda olaraq, sonrakı günə) çatdırılması ilə məşğul olurlar.

Qeyd edilənlərlə yanaşı tələb olunan əmtəəni, pərakəndə ticarət şəbəkəsindən yan keçərək, birbaşa istehlakçıya çatdıran distribusiya kanalları da mövcuddur. Onlara ilk növbədə aşağıdakılar aiddir:

  • öncədən verilmiş sifariş əsasında əmtəənin poçtla göndərilməsi (belə sifarişlər universal kataloqlardan, son zamanlar isə İnternetdən istifadə etməklə verilir);

  • əmtəənin istehsalçıdan istehlakçıya birbaşa göndərilməsi (distribusiyanın bu forması epizodik xarakter daşıyır və əsasən kütləvi informasiya vasitələrində verilən reklamlara əsaslanır).

Ayrı-ayrı sənaye sahələri və əmtəələr yalnız onlara xas olan distribusiya kanallarına malik olurlar, ona görə də seçim imkanı kifayət qədər yüksəkdir.
İstənilən istehsal müəssisəsi üçün distribusiya kanallarının seçilməsi olduqca vacibdir. Bu məsələnin həlli zamanı müəssisələr iki əks meyllə qarşılaşırlar. Birinci meyl ondan ibarətdir ki, distribusiya şəbəkəsi nə qədər geniş olsa, əmtəələr bir o qədər çox alıcıya çatdırıla bilər. İkinci meyl-distribusiya xərclərinin azaldılmasına nail olmaqdan ibarətdir. Ona görə də uyğun distribusiya kanallarının seçilməsi zamanı müvafiq xərclər daxilində satışdan alınacaq gəlirlərin məbləğləri müqayisə edilməli və onun əsasında qərarlar qəbul edilməlidir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə