Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Arktika səhralarının landşaftları



Yüklə 0,75 Mb.
səhifə10/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
dunya land. - копия 2018

Arktika səhralarının landşaftları, bilavasitə qütb buzlaqları ilə qonşuluqda olmaqla periqlyasial (buzlaqyanı) xarakterə malikdir. Burada hər yerdə daimi donuşluq sahələri inkişaf etmişdir və onun qalınlığı yüz metrlərlə ölçülür, mövsümi ərimənin dərinliyi (fəal qatın) bir neçə desimetrdir. Çatların və poliqonal qruntun əmələ gəlməsi donuşluqla əlaqədardır.
Vegetasiya dövrünün qısa olması və aşağı temperatur, daimi donuşluq, güclü küləklər, qar korraziyası, soliflükasiya, qeyri-bərabər rütubətlənmə – bütün bu amillər floranın kasıb olmasına və bitki örtüyünün zəif inkişafına təsir edir. Arktik səhralar zonasında borukimilərin yalnız 50-60 növü məlumdur: hündürlüyü 5-10 sm olan şaxtaya davamlı (kriofit) artktik və arkto-alp otlar, çox vaxt döşəkkimilər (lalənin növləri Papaver, darı-Draba), həmçinin fippisiya-Phippsia algida, qırtıc-Poa abbreviata və s.). Bu bitkilər tək-tək və ya qrup halında, əsasən poliqonların çatlarında bitir, buna görə də onların kök sistemləri bir-birinə qarışmır (Александрова, 1983). Poliqonların səthi şibyə və göy-yaşıl yosunlardan ibarət nazik pərdə ilə örtülmüşdür. Kol formalı şibyələrə rast gəlinir, mamırlar azdır, ancaq nə kladoniy (maral mamırı), nə də sfaqnumlu mamırlar yoxdur. Arktik landşaftlarda yalnız minerallaşmış bataqlıqlardır, onlarda torf əmələ gəlmir. Frans-İosif Torpağındakı qütb səhralarının fitokütləsi təxminən 16 s/ha təşkil edir ki, borukimilərin payına yalnız 22% düşür (tundrada 80-90%) (Александрова,1977). Bitkilərin yerüstü hissəsi üstünlük təşkil edir (tundrada yeraltı). Qütb səhralarının bitki örtüyü haqqında etibarlı mənbə yoxdur. Yəqin ki, o 10 s/ha-dan əhəmiyyətli dərəcədə aşağıdır.
Heyvanat aləmi də həmçinin kasıbdır. Ağ ayının həyatı, digər quşlar kimi dənizlə trofik əlaqəlidir. Lemminq və şimal maralına Şpitsbergen, Yeni Torpaq və Şimal Torpağı adalarında hələ rast gəlinir, ancaq Frans-İosif Torpağında isə onlar yoxdur. Arktik səhralarda nə sürünənlər, nə də suda-quruda yaşayanlar yoxdur. Məməlilər və quşlar üçün əsasən köçəri və fəsli miqrasiya xarakterikdir. Onurğasızların, xüsusən də ikiqanadlı həşəratların (derqun ağcaqanadları və s.) biokütləsi əhəmiyyətli dərəcədə çoxdur.
Aşağı temperatur, mikrobioloji fəaliyyətin və üzvi qalıqların parçalanmasının son dərəcə zəif olması ölü üzvi qalıqların toplanmasına şərait yaradır. Küləyin təsiri ilə onlar qruntun çatlarında və xırda çökəkliklərdə toplanır ki, bu torpaq örtüyünə mozaik təsvir verir. Humus təbəqəsi poliqonların çatlarında formalaşır. Torpaq profili qısaldılmış və zəif seçilir. Tez həll olan duzlar və karbonatlar qələviləşirlər. Çat-çat olduğuna görə torpaqlar yaxşı aerasiya olunur və gillənmə baş vermir. Reaksiyası neytrala yaxındır (pH = 6,4 – 6,8), uducu kompleks əsaslarla doymuşdur (96-99%).
Subarktiknın və ya tundranın landşaftları Arktika landşaftlarından cənubda, sirkumpolyar vəziyyətdə yerləşərək Avrasiya kontinentinin şimal qurtaracağında aydın seçilən zona əmələ gətirir. Onlar Arktika landşaftlarına çox yaxındır: zəif istilik təminatı, uzunmüddətli sərt qış, çoxillik donuşluq, meşəsizlik, bioloji məhsuldarlığın aşağı olması. Cəm günəş radiasiyası 70-dən 80 kkal/sm2·ilə qədər artır. Əks olunan və effektiv şüalanma itkisi böyükdür, ancaq buna baxmayaraq illik radiasiya balansı 10-20-kkal/sm2-ə qədər artır, şərqdə isə bundan da yuxarı olur. Yayda temperatur rejiminə soyuq okean çox təsir göstərir. Yay izotermləri və tundra zonasının sərhədi ümumi əlamətlərinə görə Şimal Buzlu okeanın sahil xəttinin konturunu tamamlayır. Burada ən isti ayın temperaturunun son dərəcə yüksək enlik qradiyenti müşahidə olunur: cənubdan şimala doğru hər 25-30 km hərəkət etdikcə temperatur 10C aşağı düşür (bu hadisə boreal enliklərə nisbətən 20-30 dəfə tez baş verir). Okeanın soyuqlaşdırıcı təsiri enlik effektini kəskin gücləndirir və bu landşaft zona və yarımzonalarının tayqadan arktik səhralara qədər tez-tez əvəzlənməsinə səbəb olur.
Tundrada 3 yarımzona fərqləndirilir: şimali (və ya arktik tundra, Arktika səhralarına keçid), tipik və cənubi. Həmçinin subarktik landşaftların istilik təminatına və yay termik şəraitinə görə bir-birindən fərqlənən 3 yarımtipi vardır. Ən isti ayın orta temperaturu, uyğun olaraq, 30-60C, 70-100C və 100-120C təşkil edir. Qışda enlik üzrə temperatur fərqləri nəzərə çarpmır, uzunluq üzrə isə özünü kəskin göstərir. Atlantik okeanından uzaqlaşdıqca qış temperaturları aşağı düşərək Şərqi-Sibir tundrasında minimuma çatır və yalnız Sakit okean sahillərində bir qədər artır. Bu da iqlimin kontinentallığında nəzərə çarpacaq dərəcədə kontrastlıq yaradır. Atlantiksahili tundrada kontinentallıq aşağıdır (N.N.İvanovun şkalasına görə 4-5-ci pillə), halbuki Şərqi-Sibirdə bu göstərici ən yüksək qiymətə yaxınlaşır (9-10-cu pillə).
Arktika ilə müqayisədə subarktikada, hava kütlələrində rütubət tutumu artır və yağıntının miqdarı şimaldan cənuba, həmçinin daxili kontinental rayonlardan şərqə və xüsusən qərbə doğru artır. Adətən burada il ərzində 300-400 mm yağıntı düşür ki, bu da son dərəcə aşağı buxarlanma şəraitində izafi rütubətlənməyə səbəb olur.
Tundranın kontinental rayonlarında qalınlığı 300-400 m və yuxarı olan çoxillik donuşluq sahələri inkişaf edib. O, torpağı soyudur və biokimyəvi prosesləri zəiflədir, səth sularının filtrasiyasına mane olur və bataqlıqlaşmaya gətirir, çayların qruntla qidalanmasının və onların erozion fəaliyyətinin kəskin qarşısını alır. Donuşluq ilə bir sıra spesifik geomorfoloji proseslər və relyef formaları – termokarst və s. əlaqədardır. Termokarst relyef formaları yeraltı buzların əriməsi nəticəsində qruntun çökməsi ilə baş verir; iri poliqonal, xırda poliqonal, soliflükasion relyef formaları da bu qəbildəndir.
Tundrada axının illik layı orta hesabla 200-300 mm təşkil edir. Axın əmsalı 0,5-0,6-ə yaxındır. Axın rejimi son dərəcə qeyri-bərabərdir. Əsas qidalanma mənbələri - kəskin yaz daşqınlarına səbəb olan əriyən qar sularıdır. Çoxillik donuşluqla əlaqədar qrunt axını cüzidir, buna görə də yayda çaylar kiçilir, qışda isə onlarda axın demək olar ki, kəsilir. Kiçik göllərin çox olması termokarst hadisələr ilə əlaqədardır. Bərk axın modulu adətən 10 t/km2·ildən yuxarı olmur, çayların bulanıqlığı 20 q/m3-dən aşağıdır. İon axını də məhz bu vəziyyətdədir; çay suları çox az minerallaşmışdır (15-30 mq/l).
Denudasiya və eroziya adətən qalın çoxillik donuşluq qatı və rütubət tutumlu mamır çiminə, axar suların fəaliyyətinin qısa dövrünə, atmosfer çöküntülərinin intensivliyinin zəifliyinə, çaylarda və yarğanlarda qar örtüyünün uzun müddət qalmasına, həmçinin çoxsaylı göllərin axına tənzimləyici təsirinə görə zəifləmişdir.
Yayda istilik çatışmazlığı, güclü külək və qar örtüyünün qeyri-bərabər paylanması ilə səciyyələnən uzun qış, donuşluq - bütün bunlar biotanın həyat fəaliyyətini limitləşdirir, ancaq Arktika ilə müqayisədə subarktikada vegetasion dövrün istiliklə təminatı və davametmə müddəti artır. Bitki örtüyündə yerüstü təbəqədəki istilikdən istifadə etməyə və qar örtüyünün qoruyucu funksiyasına uyğunlaşan alçaqboylu kriofit formalar üstündür. Arktika səhralarından fərqli olaraq tundradakı bitkilərin kök sistemi torpağı bütün profil boyu yararaq birləşir. Hipoarktik (tundra və şimali tayqa üçün tipik olan) növlər xarakterikdir: alçaqboylu kollar - qütb tozağacıları (Betula nana, B. exilis, B. middendorffii) və söyüdləri (Salix lanata, S. glauca və s.), kolluqlar - cır mərsin (Vaccinium uliginosum), mərsin (V. Vitis – idaea), qarğagözü (Empetrum hermaphroditum), ladan ağacı (Ledum decumbens), taxılkimilərin bəzi növləri, qumotu, tüklücə, mamır, şibyə yayılmışdır. Daha çox rütubətlənən çatlar boyunca adətən, hidrofit otlar və mamırlar, poliqonların valları boyu, tirələrdə isə kolluqlar (tipik və cənubi tundrada), tüklücə, mamırlar müşahidə olunur. Daxili poliqonların çox vaxt batıq səthlərində qumotu, tüklücə, mamırdan ibarət bataqlıq bitkiləri inkişaf edir. Bircinsli (poliqonal deyil) qumotu-tüklücəli və qumotulu bataqlıqlara rast gəlinir; çay dərələrində taxılkimilər, qumotu və müxtəlif otlardan ibarət çəmənlərdir, adətən bataqlıqlaşmışdır. Hər bir yarımzona üçün bitki örtüyünün özünə məxsus xarakterik əlamətlər xasdır.
Arktik tundradan (orta hesabla təxminən 50 s/ha) cənubi tundraya doğru (200-300 s/ha-dək) fitokütlə ehtiyatları tədricən artmağa başlayır. Yeraltı fitokütlə yerüstü fitokütləni üstələyir. Arktik tundrada fitokütlənin illik artımı təxminən 10 s/ha olduğu halda, cənubda 25-40 s/ha-a çatır. Buradakı bitkilər kül elementlərinin (1,5-2,0%) azlığı ilə fərqlənirlər. Bitkilər tərəfindən mənimsənilən elementlər arasında azot, sonra isə kalium, kalsium, silisium, maqnezium üstünlük təşkil edir.
Tundranın heyvanat aləmi həyat şəraitinə görə Arktika ilə bir çox oxşar cəhətlərə malikdir: soyuq iqlim, yem çatışmazlığı və sığınacaqların olmaması və s. Bir çox heyvanlar, xüsusən quşlar qışda tundranı tərk edirlər. Onurğalılardan ancaq tülkü, lemminq, ağ bayquş (Şimal-şərqi Sibirin dağlarında sünbülqıran, marmot, otyığan gəmirici) qalır. Yem çatışmazlığı dövründə tülkü və bayquş meşə-tundraya köç edir. Şimal maralı da qış fəslində cənuba miqrasiya edir. Suda yaşayan quşların çoxu burada yuva qurmur. Buna səbəb su səthinin buzdan azad olduğu günlərin sayının az olmasıdır (60-80 gün). Heyvanların sayı ildən-ilə çox tərəddüd edir. Lemminqin sayının kəskin 2-3 illik tərəddüdü tülkü, yırtıcı və digər quşlara təsir edən qida zəncirinin pozulmasına gətirib çıxarır. Bəzən havanın kəskin soyuması yuva quran vaxtı quşların məhvinə gətirir. Nəticədə zookütlədə kəskin tərəddüd müşahidə olunur. Tipik tundra üçün onun orta kəmiyyəti 70-90 kq/ha təşkil edir ki, onun da böyük hissəsi onurğasızların payına düşür. Lakin gəmiricilərin kəskin artması onun kütləsini 30-40 kq/ha-a çatdıra bilər; sututarlarda (yayda) quşların biokütləsi 160 kq/ha-a yaxınlaşır, ayrı-ayrı hallarda 300 kq/ha qeydə alınmışdır.
Meşə-tundranın landşaftları tundra və tayqa arasında keçid zolağını əmələ gətirir. Bu zolağın sərhədləri adətən qeyri-müəyyəndir ki, bu da meşə-tundranı qonşu zonalardan ayırmaqda çətinlik törədir və onun taksonomik vəziyyətində müxtəlif mübahisələrə səbəb olmuşdur. B.N.Qorodkov və L.S.Berq onu tundraya aid etmişdir, indi isə bəzən onu sərbəst zona kimi ayırırlar və ya şimali tayqanın bir hissəsi ilə «tundra-meşə» zonası ilə birləşdirirlər (Пармузин,1979). Burada meşə-tundra landşaftlarına sərbəst boreal-subarktik (keçid) tiplərin qrupu kimi baxılır.
Meşə-tundrada illik radiasiya balansı 22-24 kkal/sm2, tundraya nisbətən yayı daha isti və davamlıdır, lakin okeandan uzaqlaşdıqca qış temperaturlarının aşağı düşməsinə və kontinentallığın güclənməsinə səbəb olur. İl ərzində orta hesabla şərqdə 350-400 mm, qərbdə 500-600 mm yağıntı düşür ki, bu da ifrat rütubətlənməyə səbəb olur. Şərqi Avropa tundrasında çoxillik donuşluq fasiləli, Sibir tundrasında isə daimidir. İfrat rütubət donuşluqla əlaqədə olaraq intensiv bataqlıqlaşmaya gətirir. Torfun qalınlığı 2-3 m (cənubda 5 m-ə qədər) olan təpəlikli torfluqlar tipikdir. Axının illik layı 300 mm və yuxarıdır, ancaq Şərqi Sibirdə 200 mm və daha aşağı enir. Axının kəskin maksimumu qar əriyən vaxt, yayda müşahidə olunur.
Meşə-tundra üçün soliflükasiya və termokarst (Sibir meşə-tundrasında termokarst göllər bəzi yerlərdə ərazinin yarısını və bəzən çox hissəsini tutur), həmçinin xırda qırıntı fraksiyalarının aparılması ilə müşayiət olunan intensiv mexaniki aşınma, kifayət qədər fəal səthi, bəzi hissəsində xətti denudasiya tipikdir. Meşə-tundranın torpaqları həm tundra, həm də şimali tayqa ilə oxşar cəhətlərə malikdir. Ancaq tundra ilə müqayisədə podzollaşma və torfəmələgəlmə güclənir. Torpaq örtüyü qarışıqdır. Turş, doymamış tundra torflu-qleyli torpaqlar üstünlük təşkil edir. Çoxillik donuşluq sahələrinin olmadığı daha yüngül drenajlı qruntda tundra qleyli-podzollaşmış (tundra bitkilərinin altında) və qleyli-podzollu (redina və seyrək meşələrin altında) torpaqlar, yaxşı aerasiya olunan qumlu və çınqıllı süxurlarda tundra illüvial-humuslu torpaqlar və ya podzollaşmış qonuraltı (yerniklərin altında) və illüvial-alümo-dəmir-humuslu podzollar inkişaf etmişdir. Sonuncular turş və ya çox turş reaksiyalıdır, qleylənmə müşahidə olunmur, podzol və illüvial horizontlar aydın seçilir. Bütün bu torpaqlar təpəliklərin qalıq donuşluq-torflu və torflu-bataqlıq torpaqları ilə kompleksdə yayılmışdır.
Meşə-tundranın bitki örtüyündə tipik tundra qrupu eynilə ona oxşar qrupla, ancaq tək-tək ağaclar, onların qrupları və redinalarla, aşağı yarusda tundra kollarından, mamırlardan, şibyələrdən ibarət seyrək meşəliklə qarışır. Meşə-tundrada ağac örtüyü seyrəkdir (seyrək meşələrdə kök sistemləri qapalıdır) və çox qırılmışdır. Ağacların hündürlüyü 5-7 m-dən yuxarı deyil. Bayrağaoxşar formalar, nazik budaqlar, yuxarı hissəsinin quruması, aşağı budaqların inkişafı, zəif boyatma xarakterikdir. Atlantiksahili meşə-tundrasında ağac yarusu əyrigövdəli tozağacı (Betula tortuosa) və adi şam (Pinus sylvestris), şərqə doğru - Avropa (Picea abies) və Sibir (P. obovata) küknarı, Qərbi Sibirdə Sibir qara şamı (larix sibirica), bəzən Sibir küknarı, Şərqi Sibirdə Qmelin qara şamından (L. gmelinii) ibarətdir. Çay dərələrində ağaclar bəzən qapalı hündür meşələr əmələ gətirir.
Meşə-tundranın heyvanat aləmi tundraya nisbətən daha zəngindir. Burada maral, boz ayı, ağacdələn, dovşan, quşlardan Sibir xoruzu, qarabağır kimi tundra nümayəndələrinə rast gəlinir. Yayda çoxlu sayda quşlar, xüsusən də suda üzən quşlar uçub gəlir. Qışda tundradan bura şimal maralı və tülkü miqrasiya edir. Onurğasızlardan qansoran həşəratlar daha çoxdur.
Meşə tundra qruplarının biokütlə ehtiyatı ağac örtüyünün inkişafından asılı olaraq ərazi daxilində çox tərəddüd edir. 400-600 s/ha olan göstərici daha tipikdir. Meşə-tundra bitkilərinin məhsuldarlığı növ tərkibinə görə tundradan bir o qədər də çox deyil (50-60 s/ha). Yerüstü fitokütlə yeraltı fitokütləyə nisbətən üstünlük təşkil edir. Çürüntü əsas etibarilə kolların və mamırların məhv olmasından əmələ gəlir, buna görə də tundra və meşə-tundrada biogen dövran əsas əlamətlərdə bircinslidir (Родин, Базилевич, 1965).
Təbii proseslərin fəsli siklində qış fazası daha uzun sürür (160-200), lakin vegetasiya dövrü 100-130 günə qədər artır. Atlantiksahili rayonlardan kontinental rayonlara doğru qışın davametmə müddəti artır, vegetasiya dövrü isə azalır. Yazın 1-ci fazası olan qarərimə orta temperatur 50C-i keçdikdən sonra başlayır (kontinental rayonlarda mayın ilk günlərində, Kola yarımadasında demək olar ki, 1 ay qabaq). Su hövzələri buzdan azad olur, torpağın üst qatı əriyir, ilk köçəri quşlar görünməyə başlayır. 2-ci yaz fazası «yazın canlanması» vegetasiya dövrünün ilk əlamətlərinin bərpası ilə xarakterizə olunur. Fenoloji indikator kimi qızılağacın (qərbdə) və tüklücənin (şərqdə) tozlanması götürülür. Həşəratların bəzilərində canlanma müşahidə olunur. Yarpaqəmələgəlmə və fotosintezin başlanması «yazın qızğın vaxtı» temperatur 50C-dən keçdikdən sonra başlayır (qərbdə mayın sonu, kontinental rayonlarda iyunun əvvəli, kəskin kontinental rayonlarda iyunun ortalarında). Hündürgövdəli və cırtdan tozağacı, qara şam yaşıllaşır, kol və otların çoxu çiçəkləyir, quşların əraziyə köçməsi yekunlaşır.
Yayın başlanmasının fenoloji əlaməti itburnu və moruğun çiçəkləməyə başlaması, temperaturun artıq 100C-ni keçməsi ilə şam və sidr meşəliyinin tozlanmasıdır (iyulun 1-ci dekadasının sonu). Yay 2 aydan az müddətə davam edir. Yayın 1-ci yarısı ilin nisbətən isti ayıdır, buna baxmayaraq iyulun sonu avqustun əvvəlinə qədər fəsli donuşluq sahələri qalır. İyulda ağaclarda, kollarda və kolluqlarda cavan budaqların böyüməsi dayanır, barvermə dövrü başlayır, ot bitkilərinin çox hissəsi çiçəkləyir, quşların balaçıxarma dövrü qurtarır, cırcırama, göyün (böyənək) görünməyə başlayır. Yayın II yarısında sarı böyürtkəndən (iyulun sonu) cır mərsinə (avqustun sonu sentyabrın əvvəli) qədər giləmeyvəlilərin meyvələri yetişir. Payız fazası (avqustun sonu sentyabrın əvvəllərindən sentyabrın ortalarına oktyabrın əvvəlinə qədər) ağcaqayının, sonra isə qara şamın (iynələri) yarpaqlarının kütləvi əlvan rəngə boyanması, quruda yaşayan köçəri quşların uçub getməsi, onurğasızların həyat fəaliyyətinin dayanması (donması) ilə xarakterizə olunur.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə