MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


I FƏSİL MÜƏLLİMİN PEDAQOJİ USTALIĞI VƏ ONUN MAHİYYƏTİ



Yüklə 1,25 Mb.
səhifə3/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

I FƏSİL

MÜƏLLİMİN PEDAQOJİ USTALIĞI VƏ ONUN MAHİYYƏTİ

1.1. Müəllim peşəsi, cəmiyyətdə müəllimin rolu və vəzifələri
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir”.
Ömər Faiq Nemanzadə
İslam dininin banisi, ulu peyğəmbərimiz Məhəmməd (s.ə.s.) başqalarına elm öyrətməyi dini vacibatlardan üstün tut­muş, alimin mürəkkəbinin şəhi­din qanına bərabər olduğunu de­miş­dir. Dini vacibat­ları müsəlmançılığın əsas əlamətləri he­sab edən pey­ğəmbərimizin bu kəlamları olduqca dərin məna və əhə­­miyyət kəsb edir. Hikmət bundadır ki, əgər dini va­ci­bat­lar yal­­nız onu yerinə yetirənlər üçün xeyirli­dirsə, başqalarına elm öy­­­rətmək, başqaları üçün xeyirli işlər görmək, yeni nəsli gələ­cə­­yə hazırla­maq kimi bir işlə məşğul olmaq bütün cə­miy­yə­tə xid­­­­mət etməklə həyat sürmək və yaşamaqdır. Belə bir həyat mü­­­­əllimə məxsusdur. Ərəb dilindən dilimizə tərcümə edəndə “öy­­­rə­dən” mənasını verən “Müəllim” sözü özündə çox dərin mə­nalar və hikmətlər birləşdirən müqəddəs bir kəlamdır. Müəl­lim dedikdə biz yalnız dərs deyən, sinfə girib-çıxan, məktəbdə ça­­­lışan adamları düşünmürük. Bu kəlam göz önünə müdrik, hə­ya­­­­­tı dərindən bilən, gözəl mənə­viy­yata və əqidəyə malik, “el için­də pak oturub, pak duran” (Aşıq Ələsgər), yaşından asılı ol­ma­­yaraq ağsaq­qal, gəncliyə nümunə ola bilən kamil bir insan gə­­tirir. Məhz buna görədir ki, xalqımız həmişə müəl­lim adını hör­­mətlə tutmuş, ona dərin məhəbbət və ehtiram bəsləmişdir. Hör­mətli, nəcabətli adamlara “müəllim” deyə müraciət etmiş və bu gün də edirlər.

Özünün bir çox çıxışlarında müəllimə, onun əmə­­yinə dərin hörmətini ifadə edən xalqımızın ümum­­milli lideri H.Ə.Əliyev demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər biri­mi­zə təhsil, bilik verən, bu səviyyəyə çatdıran məktəbdir, mək­təbdə təhsil verən müəllimdir”1.

Bu kəlamlar müəllimə verilən böyük qiymətdir, onun həqi­qi və ha­lal qiymətidir.

Saraya gecikənlərin heç birini əfv etməyən Əmir Teymu­run vəziri bir gün gecikir. Teymur qəzəb­ləndik­də vəzir deyir ki, şah sağ olsun, mən gələndə gördüm ki, müəllimim qa­baq­­da yolla gedir. Arxamın ona tərəf düşməməsi üçün onu ötüb, keçə bilmədiyim­dən gecikdim. Teymur vəzirinin bu hə­rəkətinə görə onu bağışlayır. Çünki o, özü də müəllimə bö­yük hörmət bəsləyirdi. Elə bu hörmətin nəticəsi idi ki, vəsiyyət et­mişdir ki, öləndə onu müəlliminin qəbri üstündə tikdirdiyi məq­bərədə, onun ayaq tərəfində dəfn etsinlər.

Müəllim öyrədəndir, tərbiyə edəndir. Buna görə də gələcək cəmiyyətin necəliyi də çox vaxt müəllim­dən asılı olur. Doğru deyilmişdir ki, məktəbi, müəl­lim­ləri güclü olan xalq və millət güclü olar.

Müəllim bu gün yaşayır və fəaliyyət göstərir. Ancaq onun fəaliyyəti gələcəyə doğru yönəlmiş fəaliy­­­yət olur. O, bugünkü işi ilə gələcəyi qurur, gələ­cək cəmiyyəti hazırlayır. Bu baxım­dan, onun əməyi, işi xalq üçün, onun gələcəyi üçün sərf olunan şərəfli əməkdir.

Müəllim əməyini başqa sahələrdə fəaliyyət göstə­rən in­san­la­­rın hamısının işindən ən gərəkli və lazımlı hesab edən ümum­mil­li liderimiz H.Əliyev Azərbaycan müəllimlərinin XI qurul­ta­yına təbrik məktubunda (24 sentyabr 1998-ci il) demiş­dir: “Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində mü­əl­limlərin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Azərbay­can mü­əlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbay­ca­nı­mızı çi­çəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çe­vir­mə­yə qadir, müstə­qil­­lik ideyalarına sadiq, özünü vətənin azadlığı na­minə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qav­­rayaraq müasir tələblərə cavab verən, sağlam əqidəli, milli ruh­­lu nəsil yetişdirmək”.1

Müəllimin cəmiyyətdə böyük rolu vardır. O, gənc nəsli hə­ya­ta hazırlayır, on­la­ra elmlərin əsaslarını öyrədir, bir sıra zə­ruri keyfiyyətlər aşılayır və onlarda dünya­­gö­rüş formalaşdırır. Buna görə də müəllim peşəsi həm də məsuliyyətli peşədir. Bu əmək­də məsuliyyətsizlik, laqeydlik və səriştəsizlik cəmiyyətdə elə de­for­ma­siya­la­ra səbəb olur ki, sonradan onları heç nə ilə dü­­­­zəlt­mək mümkün olmur.

Qədim Roma pedaqoqu M.F.Kvintilian müəllimi yüksək təh­silli, təmkinli, nümu­nəvi şəxs hesab etmişdir. O yazırdı ki, mü­əllim uşaqları sevməli, onları diqqətlə öyrənməli, mükafat və cəzanı tətbiq etməyi bacarmalıdır. Tərbiyədə nümunəyə bö­yük qiymət verən Kvintilian uşaqları pis yoldaşların təsirindən uzaqlaşdırmağı lazım bilirdi. Dahi Azərbaycan şairi, böyük mü­­­təfəkkir N.Gəncəvi təlim-tərbiyə işində müəl­limin roluna xü­susi əhəmiyyət vermiş və müəllimi geniş bilikli, saf əx­laqlı bir şəxsiyyət kimi təsvir etmişdir. Görkəmli şair M.Füzuliyə gö­­rə insanın tərbiyəsi ilə ən təcrübəli adamlar məşğul olma­lı­dırlar.

Dahi çex padaqoqu Y.A.Komenski müəllimi gah fəal hey­kəl­taraş ilə, gah “ağıl zülmətini dağıtmağa, bütün fikirlər və əməl­lər üzərinə işıq saçmağa ehtirasla can atan saf və sədaqətli maarif xadimi” ilə, gah hər gün göyü hər tərəfdən işıqlandıran gü­nəşlə, gah da böyük axar çayla müqayisə edir, məktəbi in­san­­­lıq emalatxanası, müəllimi isə kamil ustad adlandırırdı. Ko­men­ski yazırdı: “Müəllim əməkdə və geyimdə sadəliyin, fə­aliy­yətdə gümrahlıq və əməksevərliyin, davranışda təvazö­kar­lıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nü­mu­nəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır”. Gör­kəmli al­man pedaqoqu A.Dis­ter­veq deyirdi ki, yaxşı dərs deyən mü­əl­lim, yaxşı da tərbiyə edir. O, müəllimi bütün maşını hərə­kətə gətirən qüvvənin mənbəyi hesab edir və deyirdi ki, müəl­lim bu ma­şına can və hərəkət verməyi bacarmalıdır.

Müəllim cəmiyyətdə ən inanılmış, etibar edilmiş şəxsdir. Cə­miyyət müəllimə inanır və ona etibar edir. Böyük rus peda­qoqu K.D.Uşinski yazırdı: “Əgər biz həkimlərə öz sağlamlığı­mı­zı etibar ediriksə, müəllimlərə uşaqlarımızın əxlaqını, ağlını, ruhunu və bütün bunlarla bərabər öz vətənimizin gələcəyini etibar edirik”.1

Müəllim bu etibarı özünün biliyi, dünyagörüşü, mənəviy­yatı, öyrədə bilmək bacarığı, erudisiyası və pedaqoji ustalığı ilə doğrultmalı, cəmiyyət üçün layiqli vətəndaşlar hazırlamalıdır.

Pedaqoji fəaliyyət bəşər mədəniyyətinin ixtisaslı mütəxəs­sis­lər tərəfindən kiçik nəslə öyrədilməsinə istiqamətlənən fə­aliy­­yətdir. Müəllim bu prosesdə özünün dərin biliyi ilə şa­gird­lə­rinə elmə yiyələnməyin yollarını öyrədir, onları gələ­cək hə­ya­­­ta hazırlayır. Buna görə də pedaqoji fəaliyyət uşaqların hər bi­ri­nin intellektual, mənəvi və fiziki inki­şafı, cəmiyyətdə fəal hə­yat mövqeyi tutmağa hazırlanmasını nəzərdə tutur. Bu işdə müəllimlərin üzərinə böyük vəzifələr dü­şür.

Pedaqoji fəaliyyət məqsədyönlü fəaliyyətdir. Onun məq­sə­­­­­di gənc nəsli elm­lə­rin əsasları ilə silahlandırmaq, onlar­da dün­­­­yagörüş formalaşdırmaq, milli və ümum­bəşəri dəyərlər tər­biyə etməkdir. Bu strateji məqsədə təlim, tərbiyə və təhsilin müx­tə­lif istiqamətləri üzrə konkretləşdirilmiş vəzifələrin həya­ta ke­­çirilməsi ilə nail olunur.

Pedaqoji fəaliyyətin mərkəzində şagird şəxsiyyətinin for­ma­laşması dayanır. Bu məqsədə nail olmaq üçün həm tər­bi­yə olu­nanların fəaliyyəti (fəallığı, motivləri, münasibətləri və s.), həm də tərbiyəçilərin xüsusiyyətləri (peşəkarlığı, həvəsi, məsu­liy­yəti və s.) əsaslı rol oynayır.

Pedaqoji fəaliyyətdə az əhəmiyyət kəsb etməyən məsələ­lər­dən biri bu fəaliyyətin məqsəd və məzmunu arasında vahid­li­­yin təmin olunmasıdır. Bu təminat məqsəddən nəticəyə kimi bö­yük bir yolun–prosesin bir-biri ilə elə əlaqəsini, bağlı­lığını tələb edir ki, burada həll edilən bütün vəzifələr məhz məqsədin reallaşmasına xidmət etmiş olsun. Təbii ki, belə bir məqsəd bö­yü­­­­­­yən nəslin savadlı, elmli, geniş dünyagörüşlü, saf əqidəyə ma­­­lik, yaradıcı düşünə və fəaliyyət göstərə bilən vətən­­daşlar ki­mi tərbiyə edilməsindən ibarətdir. Belə bir ali məqsədin real­laş­­ması isə müəllimdən dərin bilik, öyrətmə bacarığı, yeni pe­da­­qoji təfəkkür tələb edir.

Müəllimlik fəaliyyəti təlim-tərbiyə məqsədilə bir şəxs tərə­fin­dən başqasına (adamlar qrupuna) edilən pedaqoji təsir­dir. Bu tə­si­rin güclü, nəticəyönümlü təsir olması müəllim qarşısın­­­da pe­­daqoji fəaliyyətə maraq, uşaqlara məhəbbət, onlarla işləmək arzusu, uşaq kollektivini təşkil etmək bacarığı, onlara rəh­bərlik ba­carığı, aydın, emosional, inandırıcı nitq, tələbkar­lıq, obyek­tiv­lik, doğruçuluq, ədalətlilik kimi xüsusi tələblər qoyur.

Elmi pedaqogikanın banisi Y.A.Komenski yazırdı ki, öz pe­şəsini, tədris etdiyi fənni sevməyən müəllim cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni se­-vən, daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəs­lənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylar­dan axıdılan sularla deyil, məktəblinin şüurunda gizlən­miş id­­rak bulağını açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətdə gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır.

Müəllimin peşə fəaliyyəti çoxcəhətli bir prosesdir. O, tək­cə öyrətmir, həm də tərbiyə və inkişaf etdirir. Bu xüsusiy­yət­lər va­hid istiqamətdə bir-birini tamamladıqda müəllim üzərinə dü­şən vəzifələri müvəffəqiyyətlə yerinə yetirə bilir və yaxşı müəl­lim kimi özünü göstərir. Bu cəhətdən müəllimin qarşısında aşağıdakı bir sıra vəzifələr durur:

• şagirdləri elmlərin əsasları haqqında biliklərlə möhkəm və dərindən silahlandırmaq, onların təfəkkürünü inkişaf etdir-mək;

• şagirdlərin mənəvi inkişafının yüksək səviyyəsini təmin etmək, vətəndaş tərbiyəsinə nail olmaq;

təhsilin və tərbiyənin metod, vasitə və formalarını daim təkmilləşdirmək;

• yenilikləri izləmək və tətbiq etmək, yaradıcılıq axtrışları aparmaq, öz üzərində daim çalışmaq və s.

Müəllim ziyalı–işıqlı şəxsiyyət olmalıdır. O, öz ixtisasını yax­şı bilir və onu yaxşı öyrədirsə, lakin cəmiyyətin siyasi, so­si­al, iqtisadi həyatında fəal iştirak etmir, öz bilik ziyası ilə kim­lə­ri­­sə, nələrisə işıqlandıra bilmir, xalqın dərdinə biganə qa­lır­sa, onun həllinə öz köməyini vermirsə, ziyalı adını doğrulda bil­mə­­yəcəkdir. Buna görə də o, məktəb və öz ixtisas çərçi­vəsinə qa­­pa­nıb qalmamalı, cəmiyyətin həyatında yaxından iştirak et­mə­lidir.

Azərbaycanın görkəmli xalq yazıçısı Süleyman Rəhimov “Ecazkar dəzgah” adlı məqaləsində yazırdı: “Xalq müəllimi gə­rək yüksək sənətkar olsun, yamaqçı bir peşəkar olmasın. Müəl­lim gərək öz vəzifəsinin aşiqi olsun, yüksək qayəli vətən­daş ol­sun, yaradıcı sənətkar olsun. Xalq müəllimində öz xalqı­na xid­­­mət etmək qayəsi onun üçün bir ülviyyət olsun, mənəvi məbəd­gah olsun”.1

Gələcək cəmiyyətin necəliyinin müəyyən mənada müəl­lim­­dən asılı olduğunu dərk edən hər bir müəllim öz fəaliy­yə­ti­nin xalqına, millətinə xidmət olduğunu da anlamalı və gə­ləcək cəmiyyətin məhz onun əlləri ilə qurulacağından fərəh duy­ma­lıdır.




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə