114
ZƏHƏR
(ixtisarla)
Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi
Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu
dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər
qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz
kədərə qalib gəlmək niyyətilə papağının dalını qaldırıb: “Çərşənbə günündə, çeşmə
başında gözüm bir alagöz xanıma düşdü”, – deyirdi. “Qaşını oynatdı, gözündən güldü”,
– deyirdi, özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bu gün meşəbəyi meşə ilə
vidalaşmağa çıxmışdı.
Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o, ayrılıqdan, ölüm-
dən danışan bu bayatını dərhal unutmağa çalışdı. Səhərdən-axşamacan, bəzən hətta gecə
yarısınacan çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası
indi çiynini üzüb salırdı. Yayın otuz-otuz beş dərəcə istisində belə geyməyə adət etdiyi
çəkmələri indi, bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı.
Lakin meşəbəyi dərhal bunları da unutmağa çalışdı.
Papağını bu dəfə arxaya itələyib yəhərdə qamətini düzəltdi, şeh və xəzəl qoxusu ilə
dolu havada dərindən nəfəs aldı, altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy
ürgənin dərisi işıldayan, dolu, qüvvətli çiyninə və dalğalı yalına baxdı.
– Belə-belə işlər, ay göy ürgə! Belə-belə işlər! – deyə altmış yaşında birinci dəfə
burada öz-özünə danışmağa başladı:
– Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir iki gün. Üç deyən gün lent kəsilir,
şlüz açılır,
su gəlir, meşəmiz qalır suyun altında...
• Özünü ədəbiyyat üfüqlərində doğan
bir günəş adlandıran yazıçı İsa
Hüseynov
böyük mütəfəkkir, görkəmli
dil və fikir ustası kimi yazdığı əsərləri
ilə daim ədəbiyyatımızda yaşayacaqdır.
Elçin
İSA HÜSEYNOV
(1928 – 2014)
Yada salın
–
Təbiəti sevən, onu dəyərləndirən xeyirxah insan obrazlarının
yaradıldığı hansı əsərləri xatırlayırsınız?
– Həmin əsərlərin yazılmasına səbəb, sizcə, nədir?
Düşünün
– “Təbiət onu sevən xeyirxah insanların birgə səyi ilə qoruna
bilər” fikrini doğru saymaq olarmı?
Oxuda aydınlaşdırın
– Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
•••
I
•••
115
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Göy ürgənin yerişi meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz
talanın ortasında birdəncə büdrədi.
Meşəbəyinin oğlunun biri raykom katibi idi. Bir oğlu Bakıda oxumaqda idi. Onilliyi
bu il qurtarmış sonbeşiyi isə indi artıq başa çatmaqda olan bənd tikintisində işləyirdi.
Bütün atalar kimi, o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdəcə büdrəməsi, üstəlik
də, bir-iki kərə öskürməsi meşəbəyini narahat etdi. Lakin qarşıdakı böyük itki bu nar-
ahatlığı da tezcə unutdurdu.
Meşəbəyi cilovu
tərpədib iri, qabarlı əli ilə ürgənin çiynini şappıldatdı.
– Büdrəmə, büdrəmə! Fikir eləmə, qadan alım! – dedi. – Bəndi çəkənlər, meşəni
suyun altında qoyanlar mənim öz balalarımdır. Deyirlər, su daha əfzəldi. Suyumuz olsa,
deyirlər, ilan mələyən düzlərdə yüz belə meşələr salacağıq.
Elə bilirsən, salmayacaqlar?
Salacaqlar, ay göy ürgə, salacaqlar... O günü, o dövranı biz də görəcəyik. Yüz yaşında
at belinə qalxıb meşəbəyilik eləməyənin atasına lənət!
Meşəbəyi yenə papağının dalını qaldırdı. Yenə oxumağa başladı:
Ay duman, gəl keç bu yerlərdən,
Bu yerlər təzə bar eyləsin.
Həm gözlərim görsün səni,
Həm könlüm nübar eyləsin...
Çox düşünmədən, bədahətən aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra
yenə
də ömründə birinci dəfə burada, kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi:
– Aşıq Abbas dağ adamıydı, dağlardan danışırdı, mən aran adamıyam, arandan da-
nışıram. Abbas deyirdi: “Könlüm qubar eyləsin”, mən deyirəm: “Könlüm nübar ey-
ləsin!” Hansımız yaxşı deyirik, ay göy ürgə?
Ürgə bir də büdrədi. Meşəbəyi bir də təəccübləndi:
– Əşi, sənə nə oldu, ay zalım balası! – deyə birdən hirslənib qışqırdı, – nə olub, sən
də bir yandan kefimizə soğan doğrayırsan! Allahın, bəndənin hayıfını səndən alaram,
atamın goru haqqı!
Ürgəyə hətta bir şallaq çəkdi. Lakin əvvəllər meşəbəyi əlini tərpətməmiş yerindən
oynayan ürgə indi heç diksinmədi də. Onun yalnız qulaqları qımıldandı, bir də çiyninin
dərisi titrədi.
Meşəbəyi köksünü ötürdü.
– Dərdimə şərik çıxırsan, nədi, ay Allahın heyvanı!
Ürgə başını endirib yavaş-yavaş addımlayırdı.
Meşəbəyi də başını sinəsinə əydi. Çiyinləri sallandı, beli donqarlandı. Doğrudanmı,
göy ürgə onun dərdinə şərik çıxırdı?
– Belə-belə işlər... Belə-belə işlər, ay göy ürgə, – deyə o, asta, yorğun səslə təkrar
etdi. Və daha səsini çıxarmadı.
Meşədə qəribə sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi heç
ürgənin ayaqlarının tappıltılarını da eşitmirdi. İndi o, ürəyində oxuyurdu: “Nələr gəldi,
nələr getdi bu dünyadan, bu dünyadan”, – deyirdi.
Birdən ürgə dayandı.
Meşəbəyi diksinib qabağa, sonra ətrafına baxdı.
Uzaq mənzilli yola çıxanda göy ürgə, adətən, tanış adama-filana rast gəlməsə, dayan-
mazdı.
Lakin meşəbəyi ətrafda lal-dinməz ağaclardan başqa, heç nə görmədi.
Göy ürgənin bir xasiyyəti də vardı: belində yəhərin tapqırı açılanda və ya qırılanda
dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi.
Meşəbəyi əlini tapqırlara atdı, bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu?
O, yəhərdən yerə atıldı.