Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə10/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   6   7   8   9   10   11   12   13   ...   185

33

Sonra  işlə  bağlı  arzusunu  Hüseyn  bəy  Mirzəcamalova 

açdı. 

“Sənin  kimi  adamlara  ehtiyacımız  çoxdu,  –  Hüseyn  bəy 



onu arxayın saldı. –Elə lap bu yaxınlarda Fətəli xan müraciət 

eləmişdi, nazirliyinə bir neçə dil bilən protokol şefi lazımdı. 

Günü bu gün səni tövsiyə elərəm...”

 Elə səhəri gün də Fətəli xanın razılığı alındı, nazirlikdə 

işə başladı. 

 Deyəsən, həyatı qaydasına düşmüşdü. Hələ ki, Hüseyn 

bəyin evində yerləşmişdi, daha doğrusu, köhnə dostu kirayə 

tutmağa qoymamış, Yusif Vəzir də inad eləməmişdi - yaxın 

müddətdə  mənzil  məsələsinin  həll  olunacağına  söz 

vermişdilər. Aşqabada, Mir Abdullaya məktub göndərmişdi 

ki,  yayın  axırlarında  gəl,  Bakıda  universitet  açılır,  gəl, 

təhsilini davam etdir. 

 Axır  ki,  uzun  məşəqqətlərdən  sonra  könlünə  yatan  işlə 

məşğul  olmasından  zövq  alırdı. Arada  qələm  yoldaşlarının 

yarat mağa hazırlaşdıqları təşkilata – “Yaşıl qələmlər” cəmiy-

yətinin  yığıncağına  da  getdi.  Məmməd  Əmin  bəy  də 

cəmiyyətə  üzv  olmaq  fikrindəymiş,  amma  işi  çox  olduğun-

dan gəlməmişdi; Seyid Hüseyni orda gördü, kitabları barədə 

yazdığı isti sözlərə görə təşəkkür elədi, Mirzə Cəlillə ilk dəfə 

həmin yığıncaqda rastlaşdı; Hüseyn Cavidlə tanış oldu, hətta 

Goranboyun Borsunlu kəndindən gəlmiş yeniyetmə oğla nın 

–  Mikayıl  Rəfizadənin  “Əfkari-mütəllimin”  məcmuəsindəki 

yazılarını oxuyub dərrakəsinə heyranlığını bildirdi...

Ceyhun  bəy  Əlimərdan  bəy  Topçubaşovun  başçılıq 

elədiyi  nümayəndə  heyətilə  Paris  Sülh  konfransındaydı, 

“Azərbaycan”  qəzetinin  redaktorluğu  Üzeyir  bəyə  həvalə 

olunmuşdu. Hərdən axşamlar yolunu onun yanından salır-

dı, xatirələrini, qayğılarını bölüşürdülər...

Amma bu rahatlığı heç bir ay da çəkmədi: adı Fransaya 

səfir  göndəriləcək  adamların  arasında  çəkilməyə  başladı. 

Buna  qəlbən  razı  deyildi,  üstəlik,  hələ  Əlimərdan  bəy 



34

Parisdəydi,  iki  ölkə  arasındakı  məsələləri  yoluna  qoyurdu. 

Az  sonrasa  hökumət  başçısı  Nəsib  bəy  Usubbəyli  Yusif 

Vəziri  yanına  çağırıb  İstanbul  elçiliyini  təklif  elədi:  indiki 

vəziyyətdə  ölkənin  xarici  siyasətində  İstanbul  başlıca  yeri 

tutur,  dünyayla  təmas  orda  qurulur,  bu  missiyanı  da  artıq 

müəyyən  təcrübəsi  olan  Yusif  Vəzir  yerinə  yetirə  bilər.  Bu 

vaxtacan  Sultan  hansı  səbələrdənsə  Bakıya  diplomatik 

nümyəndə göndərməmiş, Osmanlı məmləkətilə Azərbaycan 

Cümhuriyyəti arasındakı məsələlərlə əsasən Əlimərdan bəy, 

sonra da Həsən bəy Zərdabinin oğlu Səvfət bəy məşğul ol-

muşdular,  nəhayət,  bu  yönümdə  rəsmi  qərar  qəbul  eləmək 

lazım idi.

Ürəyindən Bakıda qalmaq, diplomatik sahədə olmasa da, 

maarif,  mədəniyyət,  lap  elə  ədliyyə  idarələrindən  birində 

çalışamaq keçirdi. Amma təhsilliydi, bir neçə aylıq da olsa, 

diplomatik təcrübəsi vardı, üstəlik, subay idi, əsərlərilə tanı-

nırdı.  Nəsib  bəyin  təzyiqi  qarşısında  duruş  gətirə  bilmədi, 

hələ  Bakıda  özünə  düz-əməlli  yurd-yuva  qurmamış  İstan-

bula  getməli  oldu.  Bu  da  qismət  idi,  Vaxtilə  ulu  babası 

Əliməmməd  ağaya  nəsib  olmayan  şərəf  indi  onun  bəxtinə 

çıxırdı...

...Bir  müşavir,  iki  katib,  üç  əməkdaş,  bir  kuryerlə  Bakı-

dan  yola  düşəndə  qəlbində  hər  şeyin  yaxşı  olacağına  ümid 

vardı. Müşaviri Cahangir bəy Qayıbov Qafqaz müftisi Mirzə 

Hüseyn  Qayıbzadənin oğlu, general-mayor  Əmir  Kazım 

Mirzə Qovanlı-Qacarın kürəkəniydi. Müşavirinə etibar eləyə 

bilərdi, bu sarıdan arxayın idi. 

Osmanlı məmləkətindənsə hey həyəcanlı xəbərlər gəlirdi. 

Bakının  erməni-bolşevik  dəstələrinin  əlindən  alıb  Milli 

Hökumətin baş şəhərinə çevirən, sonrasa Mudros anlaşma-

sına  görə,  ingilislərə  təhvil  verən  türklər  indi  özləri  çətin 

gündəydilər, Sevr anlaşması imzalanmış, İstanbulun müttə-

fiq  qoşunlar  tərəfindən  rəsmən  işğal  olunmuş,  üstəlik,  ölkə 

hər  tərəfdən  təhdid  altında  qalmışdı.  Qatarla  Tiflisə,  ordan 



35

Batuma  getdiyi,  heyətilə  limanda  iki  ay  gəmi  gözlədiyi 

müddətdə,  az  qala,  hər  gün  ovqatını  təlx  eləyən  xəbərlər 

eşidirdi. 

Əlbəttə,  belə  vaxtda  İstanbula  səfarətxana  göndərməyin 

nə  dərəcədə  məqbul  olduğu  barədə  də  düşünürdü.  Amma 

Nəsib bəy dəlil-sübutunu belə söyləmişdi: 

“Biz  bütün  vəziyyətlərdə  istiqlalımızın  qorunmasına, 

döv lə timizin  tanınmasına  çalışmalıyıq.  Əlimərdan  bəyin 

heyəti  də  Parisə  yola  düşür  ki,  səsimizi  dünyaya  çatdırsın. 

Çox çətin dönəmdən keçirik, əzizim Yusif, dəyanətli, səbirli, 

düşüncəli olmalıyıq”.

Şübhəsiz,  belədi,  amma  belə  vəziyyətdə  dəyanət,  səbir, 

düşüncə  neynəsin?  İşğal  olunmuş  şəhərdə  səfarət  necə 

fəaliyyət  göstərəcəkdi?  İngilislər  Qalata,  Şişli,  Peranı  tut-

muşdular;  fransızlar  şəhərin  günbatan  səmtini  nəzarətdə 

saxlayırdılar;  italyanlar  Anadolu  yaxasında  yerləşmişdilər; 

üstəlik,  aralarında  Ayasofya  məbədinin  təzədən  kilsəyə 

çevrilməsi barədə çəkişmə başlamış, pravoslav, katolik, yu-

nan-pravoslav,  Roma-katolik  inanclar  üz-üzə  dayanmışdı, 

bir-birinə  güzəştə  getmək  istəmirdilər,  hamısı  belə  hesab 

eləyirdi  ki,  ittifaq  daxilində  üstünlüyünü  sübuta  yetirmək 

məhz bu məsələnin öz xeyrinə həll olunmasından asılıdı.

 Bununla yanaşı, gələn xəbərlərdən belə nəticə hasil olur-

du  ki,  əsl  təhlükə  ingilislər,  fransızlar,  italyanlar  yox,  gün-

batanda yunanlar, günçıxanda ermənilərdi; yunanlar bütün 

Trakiyaya,  üstəlik,  İstanbul  da  daxil  olmaqla  Anadolunun 

yarısına,  ermənilərsə  Qars,  Ərdahan,  Ərzurum,  Sivas,  Ela-

zığ, Van, Bitlis, hətta Diyarbəkirə göz dikmişdilər. Bu da az-

mış  kimi,  müttəfiqlər  yeni  sultan  Vəhidəddini  məcbur 

eləmişdilər ki, üç il əvvəl baş verən erməni-türk hadisələrini 

araşdırmaq üçün hərbi tribunallar yaratsın, təhqiqatlar apa-

rıb,  günahkarları  cəzalandırsın.  Nəticədə  yüz  iyirmi  nəfər 

həbsə alınmış, əsas canisə Tələt Paşa elan olunmuşdu.

 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə