Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə112/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   108   109   110   111   112   113   114   115   ...   130

Aydındır  ki,  burada  Azərbaycan  ədəbiyyatının  “tarixi-genetik 
bütövlüyündən”  söz  açılarkən  əsas  diqqət  Füzuli  yaradıcılığına  yö-
nəldilir, “epiqonçuluq” anlayışı altında da məhz Füzuli yaradıcılığının 
təsiri  altına  düşməyə  eyham  vurulur.  Ən  başlıcası  isə,  Anar  dahi 
Füzuliyə  bir  növ  “tərəf-müqabil”  kimi,  eyni  zamanda  onun  ənənələ-
rinin davamçısı kimi təqdim edilir.  
Anarın  “Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi”  kimi,  birbaşa  Fü-
zuli  ilə  yaradıcılıq  bağlılığı  kontekstində  yazılmış  əsərinin  təhlili  – 
çağdaş nəsrdə Füzuli izlərinin axtarılmasına yönəlmiş fəaliyyətin baş-
lanğıc  nöqtəsini  təşkil  etdiyindən,  hər  şeydən  öncə,  bu  əsərin  Füzuli 
irsindən alınmış uyğun poetik örnəklərlə müqayisəli şəkildə nəzərdən 
keçirək. 
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı on səkkiz fəsil və 
epiloqdan ibarətdir. Bu on səkkiz fəslin hər birisi və epiloqun özü də 
Füzulinin  zirvə  yaradıcılığı  örnəklərindən  –  “Leyli  və  Məcnun” 
poemasından və Türk divanından epiqraflarla açılır.  
İlk on fəslin epiqrafında Füzulidən yalnız bir beyt verilir. Sonra 
isə  sanki  Anar  Füzuli  sehri  qarşısında  duruş  gətirə  bilməyərək,  on 
birinci  fəsildə  tam  iki  beyti  epiqraf  verir.  Sonra  isə  sanki  özünü 
toparlayaraq, Füzuli sehrinə təslim olmaq istəmir və sonrakı üç fəsildə 
yenə birbeytlik epiqraflara qayıdır. Ancaq bu “dözüm” ona ucuz başa 
gəlmir və  on beşinci  fəsildə  sel  kimi  üzərinə  tökülən Füzuli möcüzə-
sindən yaxa qurtara bilməyən (və əslində qurtarmaq istəməyən) Anar, 
“Leyli və Məcnun”dakı məşhur mürəbbedən tam iki bənd (dörd beyt!) 
epiqraf  verərək,  bir  növ  dərindən  nəfəs  alır...  Və  sanki  Füzuli  qarşı-
sında  müqavimətin  faydasızlığını  anlayaraq,  bu  işin  başını  buraxır, 
nəinki  hər  bir  fəsildə  iki  beyt,  epiloqda  isə  tam  səkkiz  beyt  epiqraf 
verir,  hətta  on  beşinci  fəslin  süjetində  Təhminənin  dilindən  də  Füzu-
linin bir beytini səsləndirir... 
Füzuli  poemasından  fərqli  olaraq,  Anar  öz  romanında  klassik 
ədəbiyyatın forma əlamətlərindən olan ənənəvi giriş hissələrinə, eləcə 
də  “Saqinamə”yə  yer  verməmiş,  əsərə  epiloq  yazdığı  halda,  proloq 
yazmamışdır.  Halbuki,  dərindən  diqqət  yetirdikdə,  birinci  fəslin  baş-
lanğıcı bir növ bu çatışmazlıqları kompensasiya etməkdədir. Bu fəslin 
epiqrafında  verilmiş  beyt  həmin  bölmənin  daxili  məzmununu  ehtiva 
edir. “Leyli və Məcnun” poemasındakı Leyli dilindən verilmiş: 
 
Yar rəhm etdi məgər naləvü əfğanımıza, 
Ki qədəm qoydu bu gün külbeyi-əhzanımıza (4, 128). 
 


mətləli qəzəldən götürülmüş həmin beyt belədir: 
 
Bu vüsala yuxu əhvalı demək mümkün idi, 
Əgər olsaydı yuxu dideyi-giryanımıza (4, 128). 
 
Bu   fəsildə  Anarın  öz  qəhrəmanı  Zaurun  psixoloji  portretini  və 
əhvalını  verməsi,  həqiqi  mənada  Füzuli  üslubuna  yaxın  bir  tərzdə 
gerçəkləşdirilmişdir.  Fəslin  elə  birinci  cümləsindən  bu  üslubun  xoş 
şirinliyini  və  orijinal  ürəyəyatımlığını  duymaq  mümkündür.  Həm  də 
maraqlıdır ki, Anar əsəri üç nöqtədən sonra kiçik hərflə başlayır ki, bu 
da təsvir olunan hadisənin nəhayətsizliyinə işarə kimi nəzərə çarpır: 
“...amma qəfilcən sükut çökdü. Yuxunun seyrək toranlığı içində 
Zaur, hətta bir qədər təəccübləndi  də. Axı  necə  oldu  ki,  böyük otelin 
bütün  hay-küyü,  yad,  özgədilli  danışıqların  hənirtisi,  haradansa  çox 
uzaqlardan eşidilən musiqi sədaları, liftin hərəkəti – bütün başqa səslər 
–  qəfilcən  qeyb  oldu  və  bütün  bu  tanış  səslərlə  birlikdə  okeanın  da 
uğultusu kəsildi” (5, 144). 
Romanın  elə  başlanğıcından  yazıçının  yaratdığı  lirik-psixoloji 
vəziyyət, oxucuda bir “yuxu əhvalına” hazırlıq ərsəyə gətirməyə, onu 
röya  dünyasına  səyahətə  çıxarmağa  xidmət  edir  ki,  bu  da  özlüyündə 
Füzuli  beytinin  hadisələri  necə  yönləndirdiyini  göstərir.  Başqa  bir 
tərəfdən,  romanın  kiçik  hərflə  başlamasını  da  Füzuli  yaradıcılığı  ilə 
bağlamaq mümkündür; belə ki, dahi şairin öz əsərlərini qələmə aldığı 
ərəb əlifbasında böyük hərflər sadəcə yoxdur və dahi sələfin istedadlı 
xələfi  də  bununla  öz  babasının  yazı  üsulunu,  xəttini  də  yüksək  qiy-
mətləndirdiyini  göstərməyə  nail  olmuşdur.  Axı  böyük  mətləbləri  də 
kiçik hərflə başlamaq mümkündür!  
Beləcə,  Füzuli  kontekstində  yuxu  ilə  ayıqlığın  arasında  biz 
Zaurun  gah  sərt  məişət  aləminə  düşdüyünü,  gah  da  romantik  situasi-
yanın  qanadlarında  ülvilik  aləminə  səyahət  etdiyini  görürük  və  bu 
görüntülər  zamanı  Füzuli  aurası  heç  vaxt  bizi  tərk  eləmir.  Həm  də, 
necə ki, Füzuli öz qəfil keçidləri ilə bizi heyrətdə qoyur, Anar da yuxu 
ilə ayıqlığı qəfil əvəzləmələri ilə marağımızı həmişə ayaqda saxlamağı 
bacarır. Zaur özlüyündə gələcək ailə “planlamasını” düşündüyü, otelin 
həyətində  neçə  dənə  çətir  olduğunu  hesabladığı  bir  vaxtda  romanın 
növbəti abzası qəfilliyi ilə heyrət doğurmaya bilmir və bu heyrətdə bir 
Füzuli “heyrət, ey büt” çaları da olmamış deyil: 
“Bu  iyi  yuxuda  duydu  və  yuxuda  da  dərk  elədi  ki,  yuxudadır, 
ayılmayıb.  Amma  yuxuda  da  tanıdı  bu  iyi.  Bu  iy  tək  bircə  idi, 
təkrarsız idi. Afrikanın iyi kimi. Amma bu, Afrikanın iyi deyildi” (5, 


148-149). 
Beləcə,  əsərin  qadın  qəhrəmanının  hələ  adı  çəkilməzdən  öncə 
onun  təkraredilməz  ətri  gəlir  və  bu  ətir  o  qədər  sənətkarlıqla  təqdim 
olunur ki, oxucu sanki onu öz burnunda hiss edir və bu duyğudan es-
tetik həzz alır. Sanki böyük Füzulinin qəzəlindəki bu beyt qulaqlarda 
səslənir: 
 
Dedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın? 
Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər! (6, 121). 
 
Füzulinin əksər beytlərində olduğu kimi, bu beytində də ən azı 
iki məna qatı var: birincisi – üzdədir, yəni şair aşiqlərin əhvalını kimin 
pərişan  etdiyini  soruşur  və  səba  yeli  sevgilinin  sünbül  saçının  qıvrı-
mını göstərərək deyir ki, aşiqlərin əhvalını pərişan edən budur. İkinci 
məna qatında “bu” sözü işarə əvəzliyi kimi deyil, “xoş ətir, gözəl iy” 
anlamında  işlədilmişdir.  Həmin  mənanın  səba  yeli  ilə  bağlanması 
estetik və semantik təsiri daha da gücləndirir. Məlum olur ki, aşiqlərin 
əhvalını pərişan edən – səba yelinin gətirdiyi sevgilinin saçının ətridir. 
Necə ki, uzaq Afrikada burnuna gələn iy Anarın qəhrəmanı Zauru dəli 
eləyir, eləcə də, səba yelinin qabağına qatıb bütün dünyanı dolandırdı-
ğı sevgili saçının ətri aşiqləri təbii halından çıxarır, onları dəli-divanə 
eləyir.  
Bu  Füzuli  əhvalı  bütün  roman  boyu  davam  edir  və  əsərdəki 
Füzuli-Anar  tandemi  sələf-xələf  münasibətlərinin  yüksək  sənətkarlıq 
örnəyi kimi nəzərə çarpır. Bu isə, Füzuli təsirinin təkcə poeziyamızda 
deyil, çağdaş nəsrimizdə də çox güclü olması və bu təsirin ciddi araş-
dırmaya ehtiyac duyulması həqiqətini bir daha təsdiqləyir. 
Aydındır ki, romanın Füzuli yaradıcılığından təsirlənməsi təkcə 
epiqraf  kimi  “Leyli  və  Məcnun”  poemasından  və  şairin  Türk  diva-
nından gətirilən Füzuli beytləri ilə sona çatmır. Füzulinin ruhu bütöv-
lükdə romanın üzərinə çöküb, desək, yəqin ki, yanılmarıq. Örnək üçün 
elə əsərin birinci fəslinin başlanğıcından bir abzası nəzərdən keçirək: 
“Zaur ağır-ağır göz qapaqlarını qaldırdı, otağın qatran kimi qatı 
qaranlığında  bir  an  gerçəklik  hissini  itirdi  –  bilmədi  haradır  bura, 
hardadır özü? Ancaq bir an” (5, 145). 
Anar “anının”  poetikasını  müxtəsərcə  dilə  gətirən Rahid  Ulusel 
də məhz bu anın  gözəlliyini  və möhtəşəmliyini  nəzərdə  tutmuş  olsun 
gərək: “...Anar çağı ilə bütöv, dolğun, ahəngdar görünür. Anar nəsrin-
də  Zaman  –  saat  kimi  çıqqıldayır,  hər  anın  –  əbədiyyət  qədər  zəngin 
və ləzzətli olduğu duyğusu yaradılır” (3,  14). 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə