Nizami muradoğlu söZÜn məMMƏd araz


Şairin şeirlərində paremioloji vahidlər



Yüklə 1,27 Mb.
səhifə7/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
1   2   3   4   5   6   7   8   9   10   11

3.2. Şairin şeirlərində paremioloji vahidlər

Azərbaycan şifahi xalq ədəbiyyatının incilərindən olan atalar sözləri, məsəllər, deyimlər sadəcə adi cümlələrdən iba­rət deyildir, bunlar daha çox ahəngdar, bəzən vəznli, ölçülü, zərif, incə poetik yükü olan deyimlərdir. Bu cür deyimlər in­sanın təfəkkür qabiliyyətini inkişaf etdirir, zövqünü oxşayıb, es­tetik duyğular yaradır. Məmməd Arazın şeirlərində rast gəldiyimiz bu tipli deyimlər şeirin bədii siqlətini artırmaq, es­tetik gözəlliyini yaxşılaşdırmaq, fikrin obrazlı şəkildə ifa­dəsinə xidmət edir. Məsələn, qonşu haqqında deyilmiş “Qon­­şunun başı şişdi, qayğısı bizə düşdü” (25,216) atalar sö­zündə ritm, qafiyə, obrazlı deyim tərzi göz qabağındadır. Məm­məd Araz bu fikri “Qonşu” şeirində daha da qüv­vət­ləndirərək belə işlətmişdir:

Arvadı ağladı, yığıldıq yasa,

Biz ona rəhmət də deyib baş əydik.

Həyət qol çırmadı, düşmən də olsa,

Yenə qonşumuzdu, dəfn etməliydik.


Sükut bir səs yaydı ürəyimizə:

Diri görmüşdükmü ölən adamı?

Öləndə tanıdıq qonşuymuş bizə,

Otuz il qonşumuz olan adamı... (17, 122)

“Göz gördü, könül sevdi” və ya “Könül sevən göyçək olar” poetik ifadəsi xalq yaradıcılığında nə qədər cazibədar və gözəldirsə, Məmməd Araz poeziyasında da, o qədər gö­zəldir, mənalıdır. Müqayisə edək.

Bayatıda:

Başımda külahım var,

Ürəyimdə ahım var.

Göz gördü, könül sevdi,

Mənim nə günahım var (72, 98).

Məmməd Araz isə “İki səs” (1956) şeirində “Könül se­vən göyçək olar” ifadəsini belə işlətmişdir:

Könül sevdiyini sevəsən gərək,

Kiçik bir şeir də könül varıdır.

Bu axşam bayırda at çapan külək,

Sanki xəyalımın qanadlarıdır (17, 50).

Yaxud, şair 1957-ci ildə yazdığı “Toy həsrəti” şeirində yenə də “könül sevən” motivinə çox həssaslıqla yanaşmışdır:

Könül sevməyəni sevə bilmərəm,

Könlümə yad deyil nə şadlıq, nə qəm.

Kədərə düşmənəm, sevincə həmdəm.

Sən mənim həmdəmim olandan bəri (17, 58).

Azərbaycan poeziyası və folklorun qarşılıqlı əlaqələri şeirimizi təkcə məzmunca tamamlamayıb, həm də ona yeni mündəricə verib, etik və estetik cəhətdən daha da zən­gin­ləş­dir­mişdir (4; 28; 115; 118; 140). Məmməd Araz poeziyasını da yeni istiqamətdə öyrənmək, onun daxili məzmun və məna çalarlarını aşkarlamaq, xalq həyatının dərin kökləri ilə bağlı­lı­ğını göstərmək, folklor qaynaqları ilə birlikdə gözəlliyini duy­maq aktualdır. Şairin yaradıcılığında folklorun təzahür for­maları geniş və rəngarəngdir. Müəllif ən kiçik həyat deta­lı­nın təsvirindən tutmuş, ən böyük bədii faktın təsvirinə qə­dər milli həyat materialına, folklor örnəyinə söykənir. Səməd Vurğuna hərs etdiyi «Sən tələsmədin» şeirində Məmməd Araz «Asta gedən, usta gedər» xalq deyimini (25,72) aşa­ğıdakı formada, yeni məzmunda belə mənalandırmışdır:

Tələsən atlılar yolda qalacaq,

Aramla gedənlər çox getdi ancaq.

Görməyə tələsdi səni bağça-bağ,

Bənövşə üzəndə tələsmədin sən (17, 77).

Yenə də Səməd Vurğuna həsr olunmuş «Müqəddəs mə­­zar» şeirində dünyanın vəfasızlığı, faniliyi haqqında folk­lor qaynaqlarından gələn “Dünya bir pəncərədir, hər gələn baxar gedər” (124,7) fikrini şair özünəməxsus deyim tərzi ilə oxucuya çatdırmağa çalışıb:

Günahkar görürəm torpağı, yeri,

Ömrümüz özü də sirli aləmdir.

Nədənsə insanın əzəldən bəri,

Gəlişi sevincdir, gedişi qəmdir.


Yox-yox kədərlənmə, ürək, ey ürək,

Onun söz mülkündən kədər uzaqdır,

Bir də ki, dünyaya gələn gedəcək,

Ölümə yalvarma, ümid nahaqdır (17, 82).

Məmməd Arazın “Deyirlər ki”… şeirindən daha bir bən­də nəzər salaq:

Bir küncü də isindirməz tək nəfəs,

Hər quşun da yuvası var, tayı var.

Bəs bir evin qayğısından qaçan kəs,

Bir ölkənin qayğısını nə duyar? (17, 119)

Şeirdə fikir, məzmun xalq yaradıcılığında min illərdir sabitləşmiş «Tək əldən səs çıxmaz» (25,599), “El bir olsa dağ oynadar yerindən, güc bir olsa zərbi-kərən sındırar” (25, 302) deyimlərinin oxşarıdır. Yeri gəlmişkən, deməliyik ki, bu fikri xalq şairi Bəxtiyar Vahabzadə də «Kösəvin ikisi çöldə də ya­nar, biri ocaqda da alışa bilməz» (149,137) kimi ifa­də et­mişdir. “Tufarqanlı Abbas” dastanında da eyni fikir­lə­rin səs­lən­məsi gəldiyimiz qənaətin təsirini bir qədər də artırır:

Abbas deyər: - Kamal gərək dərindən,

Əqlimi oynatdın, çıxdı sərimdən.

El bir olsa, dağ oynadar yerindən,

Söz bir olsa zərbi – kərən sındırar (54, 368).

Xalq poeziyasının bütün janrlarında qələmini sınayan Məmməd Araz yeri gəldikcə qarğış və jarqon tipli deyimləri də şeirinə gətirmiş, maraqlı poetik nümunələr yaratmağa nail ol­muşdur. “Kəndə işıq gəldi” şeirində işıq, nur paylayan kənd mon­tyorunun duyğuları qələmə alınmışdır. Montyor istəyir ki, kənddə hamının evində, həyətində işıq yansın. Ancaq ax­şam­la­rın birində görür ki, evlərdən birində işıq yan­mır. Məlum olur ki, oğlu müharibədən qayıtmayan ana dün­yadan köç­müş­dür, onun evində işıq yandıranı yoxdur. Mont­yor həyətə işıq çə­­kib, həyəti, evi işıqlandırır, ancaq ev-eşik sahibsiz, kimsə­sizdir:

Yel əsdi, dil açdı sanki ağaclar,

Hər yarpaq telində bir səda dindi:

Qonağı - küləklər, sahibi - quşlar,

Çırağı da aydı bu evin indi (17, 134).

Montyor qonşudan “bu evin sahibi hanı?” - deyə so­ru­şur. Qonşuluqda yaşayan qarı nənənin montyora cavabı əsl mənada xalqın yaratdığı deyim formasındadır:

Bir qarı hay verdi: “Dava salanın,

Yaxşısının evi beləcə qalsın” (17, 134).

“Evin yıxılsın, ev yıxan” qarğışının izləri görünən de­yimlə şair müharibənin törətdiklərini, yurdları işıqsız, evləri sahibsiz qoyanların bəşər tarixində necə mənfur rol oyna­dıq­larını göstərmək istəmişdir. Oğlunun ölüm xəbərinə inanma­yan ana ömrü boyu oğlunun yolunu gözləyir, ölməmişdən evin açarını qonşuya verir ki, oğlu qayıdanda ona versinlər, oğ­lu evinə sahib çıxsın. Ancaq “Evi yıxılmışlar bu evi yıx­mış­lar”, daha onun sahibi heç vaxt gəlməyəcəkdir. Şair hə­min qarğışı “Bir almanla tanış oldum” şeirində də işlət­miş­dir. Leninqradda (indiki Sankt Peterburqda) 1961-ci ildə şair bir alman zabiti ilə tanış olur. Yaşlaşmış alman zabiti Böyük Vətən müharibəsi illərində Leninqrad vuruşmalarında iştirak edib, çox evləri xaraba qoyub, çox anaların sinəsinə dağ çə­kibdir. İndi bu şəhərə turist kimi gəzməyə gələn alman zabi­ti­nin vicdanında oyanış əmələ gəlibdir, öz günahlarını xatır­layır, günahlarını ağrı kimi sinəsinə yığır, öz-özünü ittiham edir, çünki onun özünün də evi xarabalığa dönüb, ailəsi, uşaq­ları məhv olubdur. Şair burada da “evin yıxılsın, ev yı­xan” qarğışını ustalıqla işlədə bilmişdir:

Çox analar ağlatmışdım yəqin ki, mən də,

Yüz ocaqda od sönmüşdü hər qumbaramdan.

Öz xarabam sordu məndən geri dönəndə:

“Hanı evin, uşaqların, ay evlər yıxan?” (17, 126)

Bu tipli qarğış və deyimlərə “Ona” şeirində də rast gəl­mək mümkündür. Həyatın burulğanında özünü itirmiş, artıq gəncliyi, gözəlliyi araq, siqaret düşkünlüyünün qurbanı ol­muş qadını düz yola qaytarmaq istəyi ilə deyilən şeirin iki bəndinə diqqət verək:

İndi xatirələr odunda qızın,

Yeri, öz qəbrini öz əlinlə qaz.

Yeri, unutma ki, alovla buzun,

Küləklə dumanın dostluğu tutmaz.

Yeri gözlərimdən silinsin əksin,

Aynadan silinən ləkələr kimi.

Yeri, baxışlarım səni əritsin

Günəş əritdiyi kölgələr kimi... (17, 201)

Nənələrin sinəsindən süzülüb gələn “Boyunu yerə so­xum”, “Yerə girəsən səni” kimi qarğış və deyimlər, yaxud “Bu­zu gün əridər, insanı xəcalət”, “Yolunu azdın, özünə qə­bir qazdın” kimi atalar sözləri şeirin ruhu ilə bir eynilik, oxşarlıq içərisində deyilmi? “Ona” şeirində bədii təsvir va­si­tə­lərinin canlı xalq danışığı və aforizmlərlə zənginliyi eyni kökdən qidalanan Səməd Vurğunun şeiriyyətini xatırladır. Sə­məd Vur­ğu­nun “Vaqif” dramında Xuramanın vəfasızlıq və xə­yanətini görəndən sonra Vaqifin ona dediyi sözlər yada düşür:

Get, get, vəfasızsan bu dünya kimi,

Görünmə gözümə bir röya kimi (154, 114).

İstər “Vaqif” dramındakı Xuramanın surəti, istərsə də Məmməd Arazın “Ona” şeirinin qəhrəmanı olan qadın - hər ikisi gözəlliklərinin qurbanı olan talesiz, ictimai həyatdan baş çıxara bilməyən, keçici eyş-işrətin məngənəsində sıxılıb su­yu süzüləndən sonra atılan bədbəxtlərdir. Belələri haq­qında söylənilmiş “Gedər bu gözəllik, sənə də qalmaz”, “Ge­dər bağlar qorası, qalar üzlər qarası” (25, 451) deyimləri çox böyük tərbiyəvi əhəmiyyətə malikdir. Qara rəng adətən bəd rəng kimi qiymətləndirilir. Üz qaralığı, təbii ki, üzün rən­gi­nin qaralığından deyildir. İnsanın əməllərinə görə üz qaralığı qazanması heç də yaxşı əlamət olmayıb, bir utanc yaradan, bir mənəviyyatsızlıq damğası kimi qiymətləndirilir. Ancaq Məmməd Arazın şeirlərində qara rəng həmişə utanc gətirəsi rəng kimi dəyərləndirilmir. Bəzən qara rəng bizə zövq verən, müsbət keyfiyyətlər aşılayan, əzəmət, vüqar, qürur rəmzi kimi də təsvir edilir. “Qara kişmişi cibə tökərlər, ağ ayranı itə” ata­lar sözündən də göründüyü kimi rənglər şərti olaraq rəmz­lən­di­rilmişdir. “Utanma, qara qız” şeiri yuxarıda sada­la­dı­ğı­mız xa­rakterik cizgiləri ilə yadda qalır. Pambıq tarla­sın­da, ta­xıl zə­mi­sində gecə-gündüz çalışıb qaralmış qızın zəh­mə­ti çox adam­ların üzünü ağartmışdır. Şairlə görüş zamanı qara qız uta­nır, şairə yaxınlaşmaq istəməsə də, şair üzünü ona tutub deyir:

Yaxın gəl, qara qız,

Gəl əl tut.

Əlini - qolunu bağlayan,

Cürətini saxlayan,

Adətlər varsa da, unut.

Gül görüm, qara qız,

Gözünün şəfəqi,

Üzündə səyrisin (17, 189).

Daha sonra Məmməd Araz bir məşhur xalq məsəlinin əksini də söyləyib, qara qızın gözəlliyini, mənəvi saflığını daha dolğun boyalarla oxucuya çatdırmağa çalışır. Məşhur el məsəlində ağ, nazik dərili gözəlin təsviri məqsədi ilə, “qara üzüm giləsi yesə, boğazından keçəndə görünər” deyilibdi. Şair həmin deyimi fərqli şəkildə ifadə etmişdir:

Utanma, qara qız!

Çörəyi gözəllik,

Olanlar utansın.

Bir xalq məsəlinin

Əksini deyim mən,

Boğazında görünər

Ağ üzüm yesən.

Qaralıqda şöhrət

Yanaşı olur bəzən.

Ağlıqda da nifrət,

Yanaşı olur bəzən (17, 189).

Şair, demək olar ki, xalq yaradıcılığından gələn deyim­lə­rə həmişə novatorcasına yanaşıb, bəzən də özü yeni de­yim­lər yaratmışdır. Hətta Məmməd Arazın elə şeirlərinə rast gəl­mək olur ki, az qala hər bəndində aforizmə, xalq məsəlinə çev­rilə biləcək, yaxud o qədər dərin təsir bağışlayan deyim­lər­­lə zəngin olur. Məsələn, “İnam” şeirindən bir neçə beytə nəzər salaq:

Bir bala ceyranın gözündən duru,

Bulaq da sel vaxtı bulana bilir! (17, 192)

Və ya:


Bir damcı böhtanın gürşad gücü var,

Bəzən özülündən yıxır bir evi (17, 192)

Və ya:

Mən bu məsəlimi danan deyiləm,



Şair gözəlliyin göz dustağıdır! (17, 192)

Və ya:


Həmişə evcanlı, ailəcanlı,

Kişilər xoş gəlir çox qadınlara... (17, 193)

Yeddi bəndlik “İnam” şeirində bu qədər aforizm sə­viyyəli deyimlərin işlədilməsi Məmməd Arazın böyük sənət­karlıq xüsusiyyətlərinin bariz göstəricisidir. Məmməd Araz həmişə sözə ehtiyatla yanaşmış, bədii təsvir vasitələrini ye­rin­də işlətməklə lakonik, yığcam, lakin çox mənalı və dəyərli poeziya nümunələri yarada bilmişdir.

Bu anlamda üç bəndlik “Vədəsiz çiçək” (9, 196) şeiri də dediklərimizə nümunə kimi qiymətləndirilə bilər. Şeirin son iki bəndi, demək olar ki, tamamilə aforizmləşmiş fikir­lərdən ibarətdir:

Yağdır ünvanıma sözün var nə ki,

Bir ömrün ikinci baharı yoxdur.

Neyləyim, məhəbbət evinin də ki,

Əldən-ələ keçən açarı yoxdur.

Sən indi vədəsiz qar altdan çıxan,

Məsum bir çiçəyə bənzərsən, gülüm.

Dərməsəm qorxuram soldura tufan,

Əlimdə solarsan, dərərsəm, gülüm (17, 196).

Xalq adət-ənənələrinin tanıdılması, gələcək nəsillərə ötü­­rülməsi baxımından “Cümə günləri” (17, 220) şeirinin ədə­­biyyatımızda özünəməxsus yeri vardır. Hələ uşaqlıqdan əc­­dadlarımızın ruhu haqqında bizə valideynlərimiz tərə­fin­dən təlqin edilən fikirlər Məmməd Araz qələmi ilə poe­tik­ləş­di­ril­miş, yadda qalan, insanın mənəvi paklığa aparan yolda bə­ləd­çisinə çevrilən bu şeir ürəkləri ehtizaza gətirir. Şair ana­sının cümə günləri xüsusi səliqə-səhmanla samovarı qay­na­dıb, dad­lı xörəklər bişirməsini xatırlayırdı. Cümə günü is­la­mi dün­ya­görüşdə müsəlmanların istirahət günü, xoş günü hesab olunur. Belə günlərdə vəfat etmiş əcdadlarımızın ruh­la­rı deyilənlərə görə, evlərə gələr, övladlarına baş çəkərlər. Odur ki, əcdad­la­rın ruhu inciməsin deyə, həmin günləri ev­lərdə bir xoş əhvali-ruhiyyənin olması zəruri sayılır. Hətta de­yərlər ki, həmin günləri evin hər bucağına salavat çevir­mək lazımdır, çünki, adətən, ruhlar künclərdə dayanıb evdə­ki­lərə nəzarət edərlər. Ev­də yaxşı iyli xörəklər bişib, yaxşı söhbətlər gedəndə ruhlar da razı qalır, evi qoruyurlar. Ək­si­nə, xoşagəlməz hadisələr baş verərsə, ruhlar küsüb gedər, bir daha geri qayıtmazlar. Məm­məd Araz da uşaqlıqdan ana­sın­dan eşidib gördüklərini maraq­lı bir dillə poeziyaya gətirmişdir:

Anam cümə günü yır-yığış elər,

Samovar odlayar, ocaq qalardı.

Elə bil, o günün çayı ətirli,

Xörəyi daha da tamlı olardı...
“Ruhu əcdadların - deyərdi anam:

-Bizə qonaq gəlir cümə günləri.

Onları ehsanla qarşılamasam,

Küsərlər, bir daha dönməzlər geri.


Onlar xoş söhbəti, xoş üzü sevir,

Dava-dalaş olsa, çıxıb gedərlər,

Tüstüsüz ocağı, işıqsız evi,

Dağıdıb gedərlər, yıxıb gedərlər” (17, 220).

İndi də sahibsiz evlərdə işıq yandırmaq, halva çalıb iyi çıxartmaq adəti qalıbdır. Xüsusilə də Novruz bayramı ərə­fə­sin­də mütləq bu tədbirlər həyata keçirilir. Bir evin, bir yur­dun övladları harda yaşadıqlarından asılı olmayaraq bu ərə­fədə əc­dadlarını yada salar, doğma yerlərə qayıdar, evlərində ocaq qa­layıb, işıq yandırar, ətirli, dadlı xörəklər bişirərlər, hə­­yat-ba­cada təmizlik işləri aparıb, sökülüb dağılan yerləri təmir edər, abadlaşdırarlar. Bu inanclar yurda, elə bağlılıq, əc­dad­la­rın ruhuna hörmət əlaməti olaraq yaşadılan ən ülvi adət­lə­ri­miz­dən sayılır. Şair şeirin sonunda bu inama bağlılığı anası dün­yadan köçəndən sonra daha dərindən hiss etdiyini bildirirdi:

Qəribə gəlsə də mənə o inam,

Anam bu dünyadan köçəndən bəri, -

Özüm də bilmədən harada olsam,

Evə tələsirəm cümə günləri... (17, 220)

Məmməd Arazın “Fəlsəfə müəllimi” (17, 213) şeirinin ilk bəndində də atalar sözündən yaradıcı bəhrələndiyi nəzəri cəlb edir. “Elmsiz adam meyvəsiz ağac kimidir”, yaxud “elm­siz adam – ruhsuz cəsəd” (25, 312) atalar sözünün ifadə etdiyi məna çaları şeirin ideya-məzmunu ilə, demək olar ki, eyniyyət təşkil edir:

Ağıldır hökm edən göyə, torpağa,

Elmsiz, biliksiz, qanadsız quşuq.

Ancaq dünyaya tək dərs oxumağa,

İmtahan verməyə doğulmamışıq (17, 213).

Bu səpkili, elmlə, biliklə bağlı fikri Nizami Gəncəvi də əsərlərində işlətmişdir:

Elmsiz, biliksiz cahanda heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz (56, 123).

Bununla bərabər Məmməd Araz şeirin birinci bəndinin ikinci beytində insanı həm də real həyat ilə yaşamağa səs­ləyirdi. Şair qeyd edirdi ki, həyatın rəngarəngliyi məhəbbət fəlsəfəsi ilə bağlıdıır. Bu qədim fəlsəfəni isə sevənlər, mə­həb­bət odunda yananlar, məhəbbət atəşini ilıq günəş vannası kimi qəbul etməyi bacaranlar bilirlər. Şeirin ikinci bəndi bütövlükdə birinci bəndin ikinci beytinin açılışına həsr edil­mişdir. Ümumiyyətlə, Məmməd Arazın xalq yaradıcılığı xə­zinəsindən faydalanmasının özünəxas yolları və üsulları var­dır. Şairin istifadə etdiyi atalar sözləri, məsəllər, afo­rizm­lər, onun yaradıcılığına nə qədər rövnəq verirsə, eyni zaman­da müəllifin özünün yaratdığı çoxlu ifadələr vardır ki, onlar da aforizm səviyyəsinə qalxaraq folklorumuzun zəngin­ləş­mə­sində əhəmiyyətli rol oynayır. Hətta bəzən elə ifadələrə rast gəlmək olur ki, onun folklordan şairin yaradıcılığına gəl­di­yini, yaxud şairin yaradıcılığından folklora keçdiyini ay­dın­laşdırmaq üçün xeyli araşdırma aparmaq tələb olunur. Məsə­lən, “Dünya sənin, dünya mənim, dünya heç kimin…” ifa­dəsi Məmməd Arazın məşhur “Dünya sənin, dünya mənim” şeirindən folklorumuza keçmişdir. Həmin ifadə eynilə indi xalq dilində bir zərb-məsəl kimi tez-tez işlədilməkdədir. 70-80-ci illərdə bu ifadə o qədər aktuallaşdı ki, Məmməd Araz yaradıcılığından xəbəri olan da, olmayan da bu ifadəni iş­lətməyə başladı, yəni bu ifadə həqiqi mənada xalqın mənə­vi qidasına çevrildi. Şeir 1976-cı ilin may-iyun aylarında ya­zılmışdı. Sonradan bu ifadə 1985-ci ildə çap olunmuş, Azər­baycanın əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseyn­za­də­nin topladığı, filologiya elmləri namizədi Hamid Qasım­za­də­nin tərtib etdiyi “Atalar sözü” kitabına daxil edilmişdir. Ki­tabı vərəqləyirik, 289-cu səhifədə “Dünya sənin, dünya mə­nim, dünya heç kimin” ifadəsi artıq atalar sözü kimi öz yerini tutubdur. Budur Məmməd Araz dühasının böyüklüyü! Şair bu ifadəni şeirində o qədər dərin fəlsəfi fikirlər ilə zən­ginləşdirib ki, nəinki şeir oxunduqda, eləcə də bu ifadə bir zərb-məsəl olaraq səsləndikdə Məmməd Arazın surəti xəya­lı­mızda canlanır, yada düşür. Bundan başqa da Məmməd Arazın yaratdığı çoxlu ifadələr vardır ki, artıq çoxdan dili­mizdə atalar sözü, zərb-məsəllər kimi məşhurlaşıbdır. On­lardan bir neçəsini göstərək:

1. İti bazarında atından baha,

Mən belə dünyanın nəyindən küsüm.


2. Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.


3. Sən bizi kiçiklər kinindən qoru,

Fil tutur, şir tutur hörümçək toru.


4. Yadıma bir sözüm, bir misram düşür:

Çırağı anaymış ata yurdunun.


5. Gedir yal davası, sümük davası,

Gedir vurhavurla çəpik davası.

Gedir milyonçunun qəpik davası,

Çürük fikirlərin çürük davası...

Dünya düzəlmir ki, düzəlmir, baba!

6.Gəlir qulağıma bir səs dərindən:

“Qoru sən özünü həndəvərindən!

Bir dinlə zamanın sevdiyi səsi:

Tülkü qaqqıltısı, qurd mələrtisi!..”
7.Yüz dəfə yusalar, assalar belə,

Namərd əlidirsə, o, təmiz deyil.

Bizimlə baş-başa yatsalar belə,

Biz onlar deyilik, onlar biz deyil.


8.Ağarmaz qarası ağ ləkələrin,

Unutmaz bu dağlar bu səsi, qardaş!

Binası “dağılmaz” səksəkələrin,

Binəsi dağıldı, binəsi, qardaş!


9.Bu əsrin vədləri bir qırıq tikə,

Nə yeyən görübdü, nə görən yeyib.

Bu qırıq tikəni ona göz dikən-

Qazanan yeməyib, götürən yeyib.


10.İlahi, kardımı, kordumu dünya!

Bu ağ həqiqəti görmürmü dünya?!


11.Tamah var – daş kəsən mişardan iti,

Gödən var – bir qara yarğandan dərin.


12.Söz nadan dilində qəpiyə dəyməz,

Dəyməz, su üzündə köpüyə dəyməz.


13. İnsanın başında şeytan papağı,

Şeytanın başında insan papağı.


14. Nəhrləri döndər belə haqqa sarı,

Haqq qapısın açmır, atam, haqq açarı.


15. Pulsevən çox olar, yoxsa gülsevən,

Zəvzəyən artıqdı, ya kövşək çalan?


16. Ağıl dəyirmanı nağıl üyütməz.

Nağıl dəyirmanı nə desən, udar.


17.Nə qədər çaydaşı çaylağı ovsun?

Çay bezər - sel təzə daş gətirməsə.

Bəlkə ovçuluqdan doyar da ovçu,

Hərdən torbasını boş gətirməsə.


18.Çox gözlü var torpağına kor baxır,

Dan yerinə bəbəyində tor baxır.

Yüz də çevir, min də ələ torpağı,

Namərdinən mərd yanaşı göyərdi.


19. İnsan ömrü oxşayırsa bir yaza,

Ailədir onun gülü, çiçəyi,

Arvad əli toxunmayan bir masa

Yağış görməz bir səhraya bənzəyir.


20. Gödənə göz dikən ağlın qudurdu,

Bilmədin haqq-nahaq ata malıdır.

Yıxdığın payını yıxıldı, durdu,

Növbə yıxanındır - yıxılmalıdır.

Şairin şeirlərində dədə-babalardan qalan ədəb qayda­ları, milli adət-ənənələr, böyüyə hörmət, kiçiyə sayğı, yol-ər­kan gözləmək, oturub duranda, danışanda yerini bilmək, ağ­saq­qalı, ağbirçəyi eşitmək və s. kimi yüksək mənəvi dəyərlər də əks olunmuşdur. “Yol böyüyündür, su kiçiyin” deyimində olan fikir oxşarlığına Məmməd Arazın “Kəhər at” şeirində rast gələ bilirik:

Mən yola çıxsam da dörd qanadlı tək,

Babalardan qalma bir adət idi,

Özündən böyükdən qabağa keçmək

Ədəb qaydasında qəbahət idi (17,300).

Hələ qədimlərdən “əldən tutmaq, Əlidən qalıb”, “yıxı­lana dayaq olmaq”, “yaxşılıq etmək”, “təmənnasız yaxşılıq etmək” kimi insani keyfiyyətlər dədə-babaların, nənələrin öyüd-nəsihətlərində uşaqkən hər bir türk övladına təlqin edi­lirdi. Məmməd Araz da yeri gələndə bu cür ibrətamiz ifa­də­ləri, xalq hikmətlərini şeirinə gətirmiş, insanın daxili alə­mini zənginləşdirən poetik lövhələr yaratmışdır. “Bir ömür yolun­da” (19, 75) şeirində bu haqda oxuyuruq:

Dağda yıxılanda dağdan yapışdım,

Enmədim kiçiyin kiçik dizinə.

Əldən yapışanda haqdan yapışdım,

Əldən yapışmadım əlim isinə (19, 76).

Məmməd Arazın poeziyasında odun, suyun müqəddəs­li­yinə inam, ocağa, axar suya tapınma kimi qədimdən gələn adətlər, əfsunlar, alqışlar da mühüm yer tutur. Respub­lika­mı­zın bir sıra bölgələrində, o cümlədən Naxçıvan MR-da mü­qəd­dəs yerlərlə, ocaq başı, ağır seyid evləri ilə bağlı çoxlu əfsanə, nağıl, rəvayətlər var. Yüz illərlə insanların şüurunda ocaq başı, ocaq, od, ev, seyid evləri və s. haqqında for­ma­laş­mış mülahizələrə görə bu yerlərə pənah gətirən heyvanlara, quşlara, ilanlara qarşı qayğı göstərilər, onları öldürməzlər. Hey­vanlara ot, quşlara dən, ilanlara duz yedirtmək adətləri indi də qalmaqdadır. Şərur rayon Dizə kənd sakini ( hazırda Ba­kı şəhərində yaşayır, 72 yaşında) Mirhəbib Miryasin oğlu Seyidovun dediklərindən: “Babam ağır seyid idi. Ona görə də deyirdilər ki, bizim ocağa həmişə çöl heyvanları gələrdi, evimizi ziyarət edərdilər. Bu günə qədər çöl heyvanlarının bi­zim ocağa gəlməsi hələ də davam edir. Bir dəfə mən özüm bir sürü ovun həyətimizə gəlməsinin şahidi olmuşam” (120, 199).

Məmməd Araz oda, ocağa inamla bağlı “Ata ocağı” (18, 80) şeirində belə yazıbdı:

Burda neçə nəsil baş əyib oda,

Nənələr əl basıb ocaq daşına.

Burda dəyməyiblər ilanlara da,

Pənah gətirəndə ocaq başına (18, 81).

Folklordan gələn ənənələrə və nənələrimizin söyləmə­lə­rinə görə pis yuxunu, giley-güzarı axar suya deyəndə insan yüngülləşər, rahatlıq tapar. Məmməd Araz da nənəsindən, ba­basından eşitdiklərini şeirlərinə gətirmiş, gələcək nəsillərə ərməğan etmişdir. “Atamın kitabı” poemasının “Su ilə söh­bət” hissəsində şair yazırdı:

Nənəm deyib, babam deyib bu misalı:

“Axar suya yuxunu de sübh çağı!”

Səhər bulud qanadını yerə salır,

Paklığını səhər alır su dodağı.

Bəd yuxunu alıb yuyar,

parçalayar,

Yaxşı səmtə,

Yaxşı yönə haçalayar (20, 157).

Yaxud, “Çoban çörəyi, çoban ürəyi” (18, 82) şeirində çörək bişirən qadının bu inamla gileyini sulara deməsini şair belə təsvir edir:

Düzənlərin yovşan ətri axa qanında,

Örüşündə həmsöhbəti küləklər ola,

Gileyini suya deyə, sular apara,

Yaz yaylağa, qış qışlağa vüqar apara (20, 83).

Ümumiyyətlə, Məmməd Araz yaradıcılığında xalq hik­məti xəzinəsinin inciləri ilə tez-tez rastlaşırıq. Şair əsasən xalq hikməti xəzinəsindən atalar sözü, məsəllər və deyimlərə yaradıcı şəkildə yanaşır, şeirin ruhuna uyğun olaraq bəzən qısaltmalar, yaxud əlavələr etməklə ümumi məzmunu saxla­yırdı. Beləliklə də, biz folklorda və Məmməd Araz yaradı­cı­lı­ğında rast gəldiyimiz hikmətli sözlərin qarşılıqlı əlaqəsini nəzərdən keçirək:
Folklorda: Məmməd Arazda:

Arifə bircə işarə də bəsdir

(27, 33). Xalq seçib, inam nə, şikayət nədir

Bu, bəlkə arifə bir işarədir (20, 98).


At kimindir? – Minənin, Dünən onunkuydu, bu gün mənimdir,

Qılınc kimindir? – Bağlayanın Atalar deyib ki, at minənindir

(25, 74). (20, 118).

Eşşəyə minmək bir eyib, Düşünür: “Xamırım belə yoğruldu,”

Düşmək iki (26, 81). Çağrışla məzardan qalxan olmayıb.

Sinəm ki, tənələr hədəfi oldu -

Minmək bir ayıbdır, düşmək bir ayıb

(20, 123).

Hər enişin bir yoxuşu, Bil ki, hər yoxuşun bir enişi var,

Hər yoxuşun bir enişi var Sanma vəzifələr şöhrət üçündür

(25, 653). (11, 117).
Yalan ayaq tutar, Yalan ayaq tutsa, düz yetməz ona,

doğru bir yana qalar. Atını dörd nala çapasıdır o.

(Yalan ayaq tutar, Yol tapsa ədalət salonlarına,

amma yeriməz) (27, 173). Bir əldən yüz alqış qapasıdır o

(19, 78).
Sənə güvəndiyim dağlar, Sənə də qar yağdı, güvəndiyim dağ!

Sənə də qar yağarmış (27, 173). Sən də ərənidin, a yaşıl yamac!

(10, 27).
İlanın ağına da lənət, qarasına Nə dona girsə də ilandır, ilan.

da (25, 361). lənət ağına da, qarasına da (13, 31).


İt ilə yoldaş ol, Qurdunan yoldaş ol, çomağı bərk tut;

çomağı yerə qoyma(25,366). Göz qırpdın qapacaq o üzə gülən

(13, 31).
İt qaya kölgəsində yatar, Qaya kölgəsində itlər gizlənər,

Elə bilər öz kölgəsidir Qaya kölgəsində itlər yallanar

(25,366). (22, 41).

Qeyd etmək lazımdır ki, Məmməd Araz şifahi xalq ədə­biyyatının hikmət xəzinəsindən adət-ənənələrimizi əks etdirən bu sözləri əsərdəki hadisələrlə əlaqələndirərək yerli-yerində, əsərin məzmununa uyğun şəkildə işlətmişdir. İstifa­də olunan hər paremioloji vahid şeirdə ifadə olunan bədii fik­rin təsir gücünü artırmaqla yanaşı səslənməsində də, bir ahəngdarlıq yaratmış, bədii estetik gözəlliyini artırmışdır. De­mək olar ki, insanın mənəvi aləminin saflaşmasında sti­mu­­la çevrilən bu tipli deyimlər ilə şairin təlqin etdiyi bədii fikrin sintezi Məm­məd Araz poeziyasının əsasını təşkil edən amillərdəndir. Şairin şeirləri özünəməxsusluğu və orijinallığı ilə müasir Azərbaycan poeziyasının uğuru kimi qiymət­lən­di­rilir.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə