______________Milli Kitabxana_____________
330
ORTA ASİYA XALQLARI
E.ə. I minilliyin ortalarında Orta Asiyada əkinçi və köçəri
sak və massaget tayfaları yaşayırdı. Bu tayfalar haqqında fars və
yunan mənbələri məlumat verir. Yunan tarixçisi Herodot
massagetlərin Xəzər dənizi və Sırdərya çayı arasında, sakların isə
Amudəryadan şərqdə Pamir və Tyan-Şan dağlarına qədər olan
ərazidə yaşadıqlarını qeyd edirdi. Onlar əsasən köçəri həyat
keçirirdilər. Sak və massagetlərin həyat tərzi iskitlərin (skiflərin)
həyat tərzinə yaxın idi. Onların bir hissəsi oturaq həyat tərzi
keçirirdi. Bu xalqlarda dəmir alətlərin və suvarma sisteminin
yaranması ilə sinifli cəmiyyət meydana gəldi. Artıq e.ə. VI-IV
əsrlərdə Orta Asiyada Xarəzm, Baktriya, Margiana (Səmərqənd),
Soqd, Parfiya və s. kimi dövlətlər yarandı. Bu dövrdə Orta Asiya
İran (Əhəməni) dövlətinin hücumuna məruz qaldı. E.ə. 512-ci ildə
I Dara Aral dənizinin şimalında sakları məğlub etdi. Əhali
işğalçılara qarşı müqavimət göstərirdi. Şirak adlı bir sak İran
ordusunu susuz səhraya aparmış, özü və İran ordusu məhv
olmuşdu.
Makedoniyalı İsgəndər İranı məğlub edəndən sonra Orta
Asiyaya hücum etdi. E.ə. 330-327-ci illərdə burada müharibə
apardı. Soqd hökmdarı Spitamen kiçik dəstələrlə İsgəndərin
qoşununa hücum edib ona tələfat verirdi. Spitamen tutuldu, boynu
vuruldu, başı İsgəndəriyyəyə göndərildi. Soqd əyanı Oksiart
alınmaz qalaya çəkildi. Lakin İsgəndərin 300 döyüşçüsü divarı
aşıb qalaya daxil oldular. Oksiart məğlub oldu. İsgəndər onu
Soqda satrap təyin etdi, onun gözəl qızı Roksana ilə evləndi.
İsgəndərin ölümündən sonra Orta Asiya Selevkilər dövlətinə daxil
oldu. E.ə. III əsrin ortalarında Baktriya və Parfiya Selevkilərdən
ayrıldı. Yeni Yunan-Baktriya çarlığı yarandı. Buraya Baktriya,
Soqd, Fərqanə və başqa ərazilər daxil oldu. Orta Asiya xalqlarının
azadlıq mübarizəsi və köçərilərin hücumu nəticəsində e.ə. 140-
130-cu illərdə Yunan-Baktriya çarlığı dağıldı.
______________Milli Kitabxana_____________
333
İSKİTLƏR (SKİFLƏR)
Yunan tarixçisi Herodotun məlumatına görə, iskitlər
(skiflər) Dunay çayının dənizə töküldüyü yerdən Don çayına
qədər bütün Şimali Qara dəniz sahillərində yaşayırdılar. Şimali
Qara dəniz sahillərində və şimali Qafqazda yaşayan xalqları
yunanlar iskit (skif), Orta Asiya və Cənubi Qafqaz, Yaxın Şərqdə
yaşayanları farslar saklar, assurlar aşquz, işquz adlandırmışlar.
Skiflər e.ə. VII əsrdə kimmerləri məğlub edib Dunay çayından
Don çayına qədər ərazidə, yəni Qara dənizin şimalında
məskunlaşmış və eramızın III əsrinə kimi burada yaşamışlar.
Skiflər Dərbənd keçidi vasitəsilə Azərbaycana və Yaxın Şərqə
yayılmışlar. Onlar Kür və Araz çayları arasında skif çarlığı
yaratmış, burada böyük siyasi qüvvəyə çevrilmişlər. Midiyalıları
da öz hakimiyyətləri altına almışlar. Lakin 593-cü ildə Midiya
hökmdarı Kiaksar onların ağalığına son qoydu. Onların bir hissəsi
Şimali Qafqaza çəkildi, bir hissəsi isə yerli əhali ilə qaynayıb
qarışdı.
E.ə. 512-ci ildə İran şahı I Dara Qara dənizin şimal
sahillərində yaşayan iskitlərin (skiflərin) üzərinə hücum etdi.
Onlar I Daranı aldadıb tələyə saldılar və onu məğlub etdilər. Bu
qələbədən sonra iskitlərin (skiflərin) siyasi birliyi möhkəmləndi.
E.ə. IV əsrin ortalarında Dunay çayından Don çayına qədər
ərazidə hökmdar Ateyin başçılığı altında İskit (skif) çarlığı
yarandı. Atey dövlətin ərazisini qərbə doğru genişləndirməyə
başladı, nəticədə Makedoniya hökmdarı II Filipplə üz-üzə gəldi.
E.ə. 339-cu ildə baş vermiş döyüşdə skiflər məğlub oldular, 90
yaşlı Atey öldürüldü. Makedoniyalı İsgəndərin Frakiyadakı
canişini Zopirion e.ə. 331-ci ildə Skif dövlətinə soxuldu, lakin
skiflər onu məğlub etdilər. E.ə. II əsrdə sarmatlar skiflərə qalib
gəldilər. Onlar Krıma sıxışdırıldılar. III əsrdə Ostqotlar Skif
dövlətinin varlığına son qoydular.
Skiflərin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, sənətkarlıq
və ticarət olmuşdur. Əkinçi skiflər taxıl əkməklə bərabər
sarımsaq, sodan və s. becərirdilər. Onlar istehsal etdikləri taxılın
bir hissəsini yunanlara satırdılar. Köçəri skiflər qoyun, keçi,
donuz, qaramal, at və s. bəsləyirdilər. Evləri arabalarda yerləşirdi,
______________Milli Kitabxana_____________
334
qadın və uşaqlar arabalarda yaşayırdılar. Skif kurqan qəbirləri
zənginliyi ilə adamı heyran edir. Arxeoloji qazıntılar zamanı
Küloba, Soloxa, Çertomlıq və s. kurqanlardan çoxlu döyüş
ləvazimatı, mis, gümüş, qızıl qablar, zərgərlik məmulatı və s.
tapılmışdır. Böyük kurqanlarda çar, onun arvadları, xidmətçiləri
dəfn olunmuş, oraya çoxlu döyüş ləvazimatı, qiymətli əşyalar
qoyulmuşdur. Skiflər böyük ərazidə yayılmalarına baxmayaraq
onların dəfn adətləri, dini inamları və mədəniyyətləri ümumi
cəhətlərə malik idi. Onlarda çoxallahlılıq yayılmışdı. Onlar
özlərinə məxsus incəsənət nümunələri yaratmışlar. Skif
kurqanlarından çoxlu incəsənət nümunələri tapılmışdır. “Skif-
Sibir” incəsənət nümunələri hesab edilən “heyvani üslubda”
hazırlanmış fiqurları, rəsmləri, daşdan yonulmuş insan heykəlləri
bu baxımdan daha çox maraqlıdır. Qara dəniz sahillərində yaşayan
skiflərin mədəniyyətlərində yunanların təsiri duyulur.