www.vivo-book.com
125
Birdən akula geri qayıdıb suya cumdu, itirdiyi qan izini
tapıb yenidən suyun üzünə çıxdı, qayığı və ona bağlanmış
yekə balığı izləməyə başladı. O arabir izi itirir,
lakin güclə
hiss edilən zəif qoxunu təzədən tapıb şikarını qarabaqara
təqib edirdi. Mako cinsindən olan bu yırtıcı çox nataraz idi,
çox da sürətlə üzürdü. Okeanda sürətdə ona çatan ayrı balıq
yoxdu; o sanki elə yalnız üzməkçün yaranmışdı! İyrənc
cəhəngindən savayı qalan hər yeri gözəl idi. Qılınc-balıq
kimi onun da beli abı, qarnı gümüşü rəngdə,
dərisi hamar,
həm də olduqca möhkəm idi. Heyvərə ağzı nəzərə
alınmazsa, hər cəhətdən qılınc-balığa oxşayırdı, hündür bel
pəri suyu ləpələndirmədən asanlıqla yarırdı. Ağzında səkkiz
cərgə köndələninə düzülmüş möhkəm dişləri vardı.
Bunlar
başqa yırtıcıların dişlərinə əsla bənzəmirdi; caynaq kimi
əyilmiş bu dişlər hərəsi barmaq
böyüklüyündə olurdu və
həqiqətən də onun dişləri qocanın barmaqlarından yekə, həm
də ülgüc kimi iti idi. Mako köpəkbalıqları, elə bil, dənizdəki
başqa balıqlar üçün qənim yaranmışdı. Cəld üzdükləri qədər
də qüvvətli olan bu yırtıcıların hər cəhətdən üstünlükləri
vardı; düşmənlərindən heç biri bu cəhətdən onlara çatmırdı.