www.vivo-book.com
91
Əslində, qocanın halı dediyi qədər də yaxşı deyildi:
kəndir kürəyini kəsir, ağrı və sancılar onu incidirdi. Amma
yenə özünə təsəlli verdi: “Eh,
mən bundan betərini
görmüşəm. Sağ əlimin yarası yüngüldür,
sol əlim də daha
qıc olmur. Ayaqlarımsa lap möhkəmdir. O ki qaldı yeməyə,
hə, bax bu məsələdə ümumiyyətlə, naşükürlük etmək olmaz,
çünki yemək sarıdan mənim vəziyyətim balığınkından qat-
qat yaxşıdır, heç müqayisə ediləsi deyil”.
Hər tərəf qaranlıq idi. Sentyabrda gün batan kimi
zülmət əlbəəl çökür. Qoca köhnə taxtaya söykənib dinçini
alırdı; çalışırdı ki, mümkün qədər çox dincəlsin. Başını
qaldırıb səmanı bəzəyən seyrək ulduzlara tamaşa elədi.
Rigel bürcündəki ulduzların adını bilməsə də, hamısını
bircə-bircə tanıyırdı: tezliklə çox-çox uzaqlarda sayrışan
dostlarının hər birini görəcəkdi.
– Qarmaqdakı balıq da mənim dostumdur, – qoca dedi.
– Hələ ömrümdə bu yekəlikdə balığa rast gəlməmişəm. Nə
görmüşəm, nə də eşitmişəm. İntəhası
mən onu
öldürməliyəm. Yaxşı ki, biz insanlar ulduz ovuna çıxmırıq;
çox şükür ki, onları öldürməyə səy etmirik!