Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Quranın təhrifinə dair qeyri-şiə hədisləri



Yüklə 497,65 Kb.
səhifə3/8
tarix16.11.2017
ölçüsü497,65 Kb.
#10504
1   2   3   4   5   6   7   8

1. 4. Quranın təhrifinə dair qeyri-şiə hədisləri

Məlum olduğu kimi, Sələfilik İbn Teymiyyə (1263-1328), Vəhhabi sələfiliyi isə Məhəmməd ibn Əbdülvəhhabla (1703-1792) başlayan bir cərəyandır. Sələfilik əslində Əhli-sünnənin Əhli-hədis firqəsinin təhrif edilmiş forması olsa da, təməl fərqlərinə və hətta sünnilərə qarşı yönələn təkfirçi fikirlərinə görə müstəqil firqə hesab olunur. Lakin sələfilər mötəbər hədis toplusu kimi yalnız İmam Əhməd ibn Hənbəlin əl-Müsnəd və ya İmam Malikin əl-Müvəttə kitablarını deyil, həm də digər səhih və sünən əsərlərinə istinad etdiklərindən, biz də bu araşdırmada onların hamısına müraciət edəcəyik.

Əl-Kafinin hədislərini araşdırarkən belə mənbələrdə yer almış bəzi hədislərə işarə vurub, ayrıseçkilik etmədən onların da təhriflə bağlı olmadığını söylədik. Aşağıda qeyd edəcəyimiz rəvayətlər isə təhrifdən başqa yozumu olmayan qeyri-şiə rəvayətləridir. Bəzi Əhli-sünnə alimləri də bunu etiraf etsələr də, sələfilərdən fərqli olaraq, biz bu növ rəvayətlərin mövcudluğuna görə heç bir firqə və ya məzhəbi Quranın təhrif olunduğunu söyləməkdə ittiham etmirik. Lakin şiələri bunda ittiham edən vəhhabilər bu rəvayətlərin hər biri üçün cavab verməlidirlər. Çünki onlar vahid xəbəri – qeyri-mütəvatir hədisi etiqadda höccət sayırlar.

Xatırladaq ki, burada hədis və ya rəvayət dedikdə hədis toplularında qeyd olunmuş əsər, moquf və məqtuları – qeyri-məsum sözlərini də nəzərdə tuturuq.

Buxari və Əhmədin səhih bilərək qeyd etdiyi, Süyutinin Əbdürrəzzaq, Əhməd və İbn Hibbana istinadla yazdığı hədisə görə, Xəlifə Ömər həm rəcm (daşqalaq), həm də “atalarınızdan üz çevirməniz küfrdür” ayəsinin Qurandan olduğunu və Peyğəmbərin vaxtında oxunduğunu bildirmişdir. (Buxari. Əs-Səhih, 8/168, h: 6830; Əhməd, 1/451, h: 391; Süyuti. “Əd-Durr əl-mənsur”, 1/258) Rəcm “ayə”sinin Qurandan olduğunu Müslim, Tirmizi, Malik, İbn Macə və Əbu Davud da Ömərə istinadla qeyd etmişlər. (Müslim ibn Həccac. Əs-Səhih, 3/1317, h: 1691; Tirmizi M. Əs-Sünən, 3/90, h: 1432; Malik ibn Ənəs. Əl-Müvəttə, 5/1201, h: 3042; İbn Macə M. Əs-Sünən, 2/853, h: 2553; Əbu Davud S. Əs-Sünən, 4/144, h: 4418) Başqa bir rəvayətə görə, o, xilafəti zamanı rəcm (daşqalaq) ayəsinin Qurana düşmədiyinə görə təəssüf edərək deyirmiş ki, insanların tənəsindən qorxmasaydım, onu Qurana əlavə edərdim. (Buxari, 9/69, h: 7169; Malik, 5/1203, h: 3044; Əbu Davud, 4/144, h: 4418)

Göründüyü kimi, xəlifə bəlli cümlənin məhz ayə olduğunu deyir, Peyğəmbər dönəmində oxunduğunu bildirməklə, sonradan Qurandan çıxarıldığına təəssüflənməklə və onu Qurana daxil etmək istəməsi ilə oxunuşunun nəsx edilmədiyini – yəni Allahın əmrilə Qurandan çıxarılmadığını düşünürmüş. Sələfi İbn Kəsirin şagirdi olmuş görkəmli quranşünas Zərkəşinin (1344-1392) fikrincə, bu rəvayətdən sözügedən ayəni Qurana yazmağın öz-özlüyündə problemsiz olduğu başa düşülür. Çünki xəlifəyə mane olan amil xalqın tənəsi olmuşdur. (Zərkəşi, 2/36) Hədisin səhih olduğu təqdirdə, sələfilər iki haldan birini qəbul etməlidirlər: ya xəlifə haqlıdır və əlimizdəki Quran təhrif olunub, ya da haqlı deyil və o, bilmədən olsa belə, bu ayənin Qurandan çıxarıldığını düşünürmüş.

Bəzi mənbələrin məlumatına əsasən, “atalarınızdan üz çevirməniz küfrdür” ayəsinin yazıldığı xurma yarpağı Aişənin evində olub və onun qoyunu yarpağı yeyib. (İbn Əsir M. “Ən-Nihayə fi ğərib əl-hədis və əl-əsər”, 2/87) Başqa bir rəvayətdə isə Aişə deyir ki, rəcm və böyük adama 10 dəfə süd vermək ayələrinin yazıldığı vərəq mənim evimdə yatağın altında idi. Peyğəmbər xəstələnəndə başımız ona qarışdı və bir heyvan (qoyun, keçi) evə girib onu yedi. (Əhməd, 43/342-343, h: 26316) Xəlifə Ömərdən nəql olunan və Quranın təhrif olunduğuna dəlalət edən başqa bir rəvayətdə isə onun Quranın bir milyon iyirmi yeddi min hərfdən ibarət olduğunu söylədiyi göstərilir. (Süyuti C. Əl-İtqan, 1/242) Halbuki əlimizdəki Quranın bütün hərfləri bu rəqəmin təxminən üçdə biri qədərdir.

Müslimin rəvayətinə görə, Əbu Musa Əşəri (yəqin ki, Bəsrənin valisi olduğu zaman) bir gün şəhərin qiraətçilərini öz yanına çağırdı. O, 300 qiraətçinin toplaşmasından sonra söhbət edərək dedi: “Biz uzunluqda və məzmununun sərtliyində Bəraət surəsinə bənzər bir surə, həmçinin Müsəbbihat surələrindən birinə bənzər bir surə oxuyurduq”. Əşəri daha sonra həmin iki surənin hər birindən xatırladığı kiçik bir hissəni əzbər oxudu. (Müslim, 2/726, h: 1050) Rəvayətdən aydın görünür ki, Əşəri qocaman səhabə kimi yeni qiraətçilərə bir zamanlar Quran kimi oxuduqları və mövcud Quranda yer almayan surələrdən danışır. Bu isə Peyğəmbərdən sonra Quranın təhrif olunduğunu göstərir. Xatırladaq ki, rəvayətdə nəsxdən söhbət getmir və belə bir iddia üçün mütləq dəlil olmalıdır.

Vəhhabilərin etimad etdiyi məşhur rəvayətçi və səhabələrdən olan Abdullah ibn Ömər deyir: “Kimsə bütün Quranı öyrəndiyini söyləməsin. Quranın çoxu əlimizdə deyil”. (Süyuti C. Əl-İtqan, 3/81-82) Süyuti öz kitabında bu mövzuda çoxlu rəvayət nəql edir. Aişədən nəql olunan rəvayətdə deyilir ki, Əhzab surəsi Peyğəmbərin dövründə 200 ayə oxunurdu, Osman yazanda isə indikindən artığı tapılmadı. (Süyuti. Əl-İtqan, 3/82; Qurtubi, 14/113) Hüzeyfə deyir ki, bir gün Ömər ibn Xəttab məndən soruşdu: “Əhzab surəsi nə qədərdir?” Mən cavab verdim ki, 72, ya da 73 ayə. Ömər dedi: “O, Bəqərə surəsi kimi idi və onda rəcm ayəsi də vardı”. (Süyuti. “Əd-Durr əl-mənsur”, 6/559) Eyni fikir İkrimə (Yenə orada) və Übəy ibn Kəbdən (Əhməd, 35/134, h: 21206-21207) də nəql olunmuşdur. Onlar Əhzab surəsinin Peyğəmbərin dövründə Bəqərə surəsi qədər, ya da daha artıq olduğunu bildirmişlər. İbn Teymiyyənin şagirdi olmuş sələfi təfsirçi İbn Kəsir (1301-1373) bu hədisin Nəsainin qeyd etdiyi sənədini “həsən” – yaxşı kateqoriyasına aid etmişdir. (İbn Kəsir İ. Təfsir, 6/375)

Göründüyü kimi, vəhhabilərin ən mötəbər saydıqları mənbələrdə Əhzab surəsinin əslində Bəqərə surəsi qədər olduğuna dair çoxsaylı rəvayətlər mövcuddur. Bəzi Şiə ədəbiyyatında görünən oxşar rəvayətlər də qeyri-şiə təriqi ilə nəql olunan və qeyri-şiə mənbələrindən yol tapanlardır. Bununla belə, çox qəribədir ki, Məhəmməd ibn Əbdülvəhhab bunda da şiələri ittiham edərək yazır: “Onlar deyirlər ki, Əhzab surəsi Ənam surəsi qədər olub və Osman Əhli-beytin fəzilətlərinə dair hissələri çıxarıb”. (Məhəmməd ibn Əbdülvəhhab. “Ər-Rədd əla ər-Rafizə”, 1/14)

Uzun olduğu iddia olunan başqa bir surə də Bəraət surəsidir. Süyuti və Zərkəşinin yazdığına görə, Maliki məzhəbinin başçısı Malik ibn Ənəs deyirmiş ki, Bəraət surəsi Bəqərə surəsi kimi uzun idi və əvvəlində “Bismillah” da vardı. (Süyuti. Əl-İtqan, 1/226; Zərkəşi, 1/263) Hüzeyfə ibn Yəman isə deyirmiş ki, siz Bəraət surəsinin yalnız dörddə birini oxuyursunuz. (Hakim Nişaburi M. Əl-Müstədrək, 2/361)

Buxarinin nəql etdiyi, Sələfi hədisşünası Albaninin də səhih saydığı hədisdə İbn Abbasın Ali-İmran surəsinin 159-cu ayəsinə “bəzi” sözünü artıraraq qiraət etməsi göstərilir. (Buxari M. “Səhih əl-ədəb əl-müfrəd”, 1/114, h: 115) Yaxud Ömər ibn Xəttab Həmd surəsinin 7-ci ayəsini “Siratə mən ənəmtə ələyhim ğayril-məğzubi ələyhim və ğayrizzallin” şəklində oxuyurmuş. (İbn Əbu Davud, 159-161) İkinci xəlifədən daha bir rəvayətə görə, onun müshəfində Müddəssir surəsinin 41-ci ayəsi yox imiş və o, “Cənnət bağlarında bir-birindən günahkarlar haqda soruşacaqlar. Sizi cəhənnəmə salan nə oldu?” (Müddəssir/40-42) ayələrini belə oxuyurmuş: “Cənnət bağlarında soruşacaqlar ki, ey filankəs, səni cəhənnəmə salan nə oldu?” (İbn Əbu Davud, 163)

Başqa bir rəvayətə görə, Übəy ibn Kəbin topladığı Quranda Həfd və Xəl adlı iki qısa surə də olub və hətta Ömər ibn Xəttab namazın qünutunda onları oxuyurmuş. Oxşar rəvayətlər digər səhabələrdən də nəql olunub. Hətta Ənəs onun Quran ayəsi olduğuna dair Allaha and içmişdir. (Süyuti. “Əd-Durr əl-mənsur”, 8/695-697) Süyuti başqa bir kitabında Übəy ibn Kəbin topladığı Quranda yer alan 116 surənin adlarını qeyd etmişdir. Süyutinin rəvayətinə görə, Abdullah ibn Məsud əlimizdəki Quranın son iki surəsini Qurandan hesab etməyərək onun 112 surədən ibarət olduğunu bildirirmiş. (Süyuti. Əl-İtqan, 1/226) Daha maraqlısı budur ki, Abdullah ibn Məsud son iki surəni öz Quranından silir və Qurandan olmadığına israr edirmiş. (Əhməd, 35/117, h: 21187) Bu hərəkətindən isə onun Quranı toplayan heyətin qərarı ilə razılaşmadığı ortaya çıxır. O, həm də etirazla deyirmiş: “Məni kimin qiraətinə tabe olmağa çağırırsınız?! Peyğəmbərin səhabələri bilirlər ki, mən onların arasında Allahın kitabına ən elmli şəxsəm”. (Müslim, 4/1912, h: 2462) Xatırladaq ki, Quranı toplayan heyətin başçısı gənc səhabələrdən olmuş Zeyd ibn Sabit idi. Abdullah həmçinin deyirdi ki, mən Peyğəmbərin ağzından 70 surə öyrənəndə Zeyd ibn Sabit uşaqlarla oynayırdı. (İbn Əbu Davud, 74)

Ən qəribəsi odur ki, səhih kitablarının rəvayətinə görə, Peyğəmbər Abdullah ibn Məsud və Übəy ibn Kəbi ən yaxşı dörd qiraətçidən ikisi kimi təqdim etmiş və Quranı onlardan öyrənməyi tapşırmışdı. (Buxari. Əs-Səhih, 5/28, 6/186, h: 3760, 4999; Müslim, 4/1913-1914, h: 2464) Halbuki onların biri mövcud Qurana iki surə artırır, biri isə ondan iki surə çıxarır. Yəni mövcud Quran Peyğəmbərimizin təkidlə təqdim etdiyi iki Quran müəlliminin heç biri tərəfindən təsdiqlənməmişdir; təbii ki, sələfilərin mötəbər hədis kitablarına əsasən.

Quran təhrifinə dair başqa bir məsələ “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə bağlıdır. Şiələr bugünkü Quranda Tövbə surəsindən başqa bütün surələrin əvvəlində mövcud olan bu ayələri Qurandan sayır və hər surənin əvvəlində Allah tərəfindən nazil olduğunu söyləyirlər. Buna ilk dəlil mövcud Quranda uyğun şəkildə yerləşdirilməsidir. Belə ki, ayə olmadığı təqdirdə surələrin əvvəlinə artırılması təhrif olardı. Lakin hamının qəbul etdiyi kimi, Quran təhrif olunmayıb və olunmayacaq. Bu baxımdan, sələfilərin Quranın 113 ayəsini onun tərkib hissəsi deyil, əlavə hesab etmələri, eyni zamanda digərlərini təhrif düşüncəsində günahlandırması əsla başadüşülən deyil. Bunu qiraət fərqləri ilə izah edənlərə isə xatırlatmaq istəyirik ki, burada söhbət hansısa ayə və ya sözlərin fərqli oxunuşundan deyil, 113 ayənin tamamən Qurandan çıxarılmasından gedir.

Bu başlığı Misirin əl-Əzhər universitetinin şəriət fakültəsinin dekanı və görkəmli əhli-sünnə mütəfəkkirlərindən olmuş Məhəmməd Məhəmməd əl-Mədəninin (1907-1968) sözü ilə bitirmək istəyirik: “Deyirlər ki, şiələr Quranın azaldığını düşünürlər. Allaha sığınırıq! Əslində, bizim kitablarımızda olduğu kimi, onların kitablarında da belə rəvayətlər var və hər iki firqənin tədqiqatçıları onları zəif saymış, rədd etmişlər. Nə İmamiyyə, nə Zeydiyyə şiələri, nə də Əhli-sünnə mənsubları belə bir etiqada malikdirlər. Kim istəyirsə, Əhli-sünnə məzhəbindən olan Süyutinin əl-İtqan kitabına baxıb çoxlu səhifələri tutmuş belə rəvayətləri görə bilər”. (Mədəni M. “Rəccə əl-bəs”, 382)


1. 5. “Abdullah ibn Məsud” problemi

Qeyri-şiə hədisşünaslar qədimdən Abdullah ibn Məsudun bu əməlinin Quranın təhrifini qəbul etmək demək olmadığını isbatlamaq üçün cox cəhdlər etmişlər. Baqillani iddia edirdi ki, zəif və ya ən azı vahid hədislərlə onun belə bir etiqada malik olduğunu söyləmək olmaz. Səhabəni uyğun ittihamdan uzaqlaşdırmaq üçün onlarla dəlil və ehtimal irəli sürən Baqillaniyə görə, bu rəvayətlərin səhih olduğunu qəbul etsək belə, deməliyik ki, İbn Məsud son iki surənin Quran və vəhy olmasına deyil, Quranda yazılmasına etiraz etmişdir. (Baqillani M. Əl-İntisar, 1/318) Lakin Səhih-Buxarini şərh etmiş ən güclü hədisşünaslardan olan İbn Həcər Əsqəlani deyir: “Bu, yaxşı yozumdur, lakin qeyd etdiyim səhih və səlis hədis bunu açıq-aşkar rədd edir. Belə ki, hədisdə onun “bu iki surə Allahın kitabından deyildir” söylədiyi qeyd olunur”. (İbn Həcər Ə. “Fəth əl-bari”, 8/743)

Quranın son iki surəsinə dair bu hədislər qeyri-şiə alimləri arasında əməlli-başlı problemə çevrilmişdir. İbn Həcər bu barədə Nəvəvinin, İbn Həzmin və Fəxr Razinin də görüşlərini qeyd edərək onların hər üçünün Abdullah ibn Məsuda dair bu iddiaları yalan hesab etdiyini yazır. Lakin təbii ki, İbn Həcər kimi bir hədis alimi Səhih adlandırdığı kitabda yer almış hədislərin yalan olmasını qəbul etmir. O, Fəxr Razinin fikrini bu şəkildə qeyd edir: “Əgər bu iki surənin İbn Məsudun dövründə mütəvatir şəkildə Qurandan sayıldığını desək, onları inkar edəni kafir bilməliyik; əgər qeyri-mütəvatir şəkildə Qurandan sayıldığını desək, Quranın bəzi hissələrinin qeyri-mütəvatir olduğunu qəbul etməliyik. Bu, bərk düyündür”. İbn Həcər sonra yazır ki, bu iki surənin İbn Məsudun dövründə mütəvatir şəkildə Qurandan sayıldığını, lakin İbn Məsudun fikrincə, mütəvatir olmadığını ehtimal etsək, düyün açılmış olar. (Yenə orada) İbn Teymiyyə də problemi bu şəkildə həll etməyə çalışmışdır. (İbn Teymiyyə Ə. “Məcmu əl-fətava”, 12/493)

Lakin bu həllin əsassızlığı da aydın görünür. Necə ola bilər ki, son iki surə bütün böyük səhabələr tərəfindən Qurandan sayılsın, amma İbn Məsud onların bu fikrindən xəbərsiz olsun və nəticədə həmin surələrin mütəvatir şəkildə Quranın tərkib hissəsi sayılmasını bilməsin?! Hədis və tarix qaynaqları sübut edir ki, vahid Quran kitabı ətrafında kifayət qədər ciddi dartışmalar getmiş və İbn Məsud da bu polemikaların içində olmuşdur. Onun səhabələrin uyğun icmasından xəbərsiz olduğunu düşünmək absurddur. Əslində, bəzi müsəlman alimlərinin bütün bu cəhdləri göstərir ki, sözügedən hədislərdəki iddianı qəbul etmək Quranın təhrif olunduğuna gətirib çıxarır.

Biz İbn Məsudun uyğun mütəvatirlikdən və hətta icmadan xəbərsiz olduğuna inanmasaq da, onun xəyanət deyil, səhv etdiyini qəbul edirik. Məşhur Əhli-sünnə alimi İbn Həcər Əsqəlaniyə, Sələfizmin banisi İbn Teymiyyəyə və bugünkü bəzi vəhhabilərə görə, Abdullah ibn Məsud həqiqətən bu səhvə yol verib, lakin bu onun ictihadıdır və küfrünə səbəb olmur. Əslində, çox tolerant və mütərəqqi yanaşmadır, İslamın sülh, sevgi və şəfqət ruhuna tam uyğundur. Lakin nə üçün onlar bu qaydanı ancaq özlərinə sərf edəndə tətbiq edirlər? Nə üçün müqəddəs saydıqları səhabəni təmizə çıxarmaq üçün bu qaydaya üz tutur, amma Şiənin hansısa qoluna mənsub olan hansısa alim belə bir söz deyəndə nəinki ictihad etdiyini söyləmir, hətta belələrinin sözünü bütün Əhli-beyt davamçılarına aid edib hamısını kafir sayırlar, təkfir təkfir dalınca gəlir? Halbuki Şiə alimlərinin çox böyük əksəriyyəti belə hədisləri ya təhriflə əlaqələndirmir, ya da kökündən zəif sayaraq qəbul etmirlər. Təəssüf doğuran heç bir məntiqə sığmayan bu ikili standartdır.
1. 6. Təhrif mövzusunda Nəsx anlayışı

Yuxarıdakı nümunələrin Quranın təhrifinə dəlalət edən qeyri-şiə hədislərinin yalnız bir hissəsi olduğunu iddia etsək, yanılmarıq. Biz yalnız əsas hədis kitablarından və Qurana dair bəzi əsərlərdən yalnız bəzi nümunələri qeyd etməyə çalışdıq. Biz də Ehsan Zəhir kimi rəvayətlərin sayını artırmaq istəsəydik, heç şübhəsiz, minlərlə hədis toplaya bilərdik. Sələfi təfsirçi Alusinin dediyi kimi, “bu barədə hədislərin sayı-hesabı yoxdur”. (Alusi M. “Ruh əl-məani”, 1/26) Lakin biz kəmiyyətin hər hansı əhəmiyyət daşıdığını düşünmürük. Bizcə, Şiə və ya Əhli-sünnə mənbələrində yer almış təhrif hədisləri ya mənanın, ya surələrin düzülüşünün dəyişdirilməsinə, ya əlavə təfsirlərin çıxarılmasına, ya qiraət fərqlərinə aiddir, ya uydurmadır, ya da uzaqbaşı hansısa səhabənin səhvi və yanlış ictihadı. İndi isə görək hər bir fürsətdə Şiə alimlərini aşağılayan sələfilərin özləri bu barədə nə deyirlər.

Sələfilər yuxarıda qeyd olunan və olunmayan hədislərin təhriflə bağlı olmadığını, sözügedən cümlələrin əslində əvvəlcə Quranda yer aldığını, sonra isə oxunuşlarının nəsx edilərək Qurandan çıxarıldığını bildirirlər. Nəsx Quran ayəsinin qüvvədən düşməsidir. Bəzi ayələr başqa ayələrin gəlişi ilə nəsx olmuş, hökmləri qüvvədən düşmüşdür. Bu zaman birinci ayəyə mənsux (nəsx olunan), ikinci ayəyə isə nasix (nəsx edən) deyilir. Quran-kərimdə bu haqda buyurulur: “Biz hər hansı bir ayəni (yaxud: ilahi əlaməti) nəsx edir (qüvvədən salır) və ya unutdururuqsa (yaxud: təxirə salırıqsa), ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk”. (Bəqərə/106)

Müsəlmanların icmasına görə, Quranın bəzi ayələri nəsx olmuş, yəni hökmləri qüvvədən düşmüş və yeni hökmləri ehtiva edən yeni ayələr gəlmişdir. Lakin bununla belə, mənsux – yəni hökmü qüvvədən düşmüş ayələr Qurandan çıxarılmamış, öz yerində qalmışdır. Nümunə üçün deyək ki, Mücadilə surəsinin 13-cü ayəsi 12-ci ayəni nəsx edərək hökmünü qüvvədən salmış, eyni zamanda nəsx olmuş ayə Qurandan çıxarılmamışdır.

Mahiyyətindən göründüyü kimi, nəsx bəzi müstəsna yerlərə aiddir və onun çoxluğu müqəddəs kitabın etibarına xələl gətirə bilər. Bir tərəfdən, tez-tez hökmünü dəyişmək Allahın məqam və hikmətinə uyğun deyil, digər tərəfdən, belə bir kitab ziddiyyətlə dolmuş, ayələri bir-birini inkar etmiş olar. Məşhur Əhli-sünnə alimi Zərkəşinin yazdığına görə, Quranın 6 surəsində nasix, 40 surəsində mənsux, 31 surəsində isə həm nasix, həm mənsux ayə vardır, Maidə surəsinin 105-ci ayəsinin isə sonu əvvəlini nəsx etmişdir. (Zərkəşi, 2/33-35) Bəzən isə fərqli şəraitə aid olan “Sizin dininiz özünüzə, mənim dinim özümə” (Kafirun/6) ayəsinin “Müşrikləri öldürün” (Tövbə/5) ayəsi ilə nəsx olunduğunu bildirmişlər. (Zərkəşi, 2/31) Halbuki nəsxin iddia olunduğu ayələrin bəzisi ümumi şəkildə gəlmiş ayələrdən istisnalar, bəzisi ümumi və mütləq aələrin təfsilatı, bəzisi fərqli şəraitlərə xas hökmlərdir.

Əksər Əhli-sünnə və Sələfi alimləri nəsxin 3 növdən ibarət olduğunu iddia etməklə onların sayını qat-qat artırmışlar: 1. Həm hökmün, həm oxunuşun nəsx olunması; 2. Oxunuşun qalıb, hökmün nəsx olunması; 3. Hökmün qalıb oxunuşun nəsx olunması. Əksər Şiə və bəzi Əhli-sünnə alimləri isə nəsxin yalnız 2-ci qismini qəbul edir və nazil olmuş ayənin heç bir halda Qurandan (oxunuşdan) çıxarılmadığını bildirirlər.

Bu kiçik yazıda geniş araşdırma imkanımız olmasa da, qeyd etməliyik ki, oxunuşun nəsx olunduğuna, başqa sözlə desək, hər hansı ayənin Peyğəmbər tərəfindən Qurandan çıxarıldığına yetərli dəlil yoxdur. Buna yeganə səbəb isə Quranın təhrifinə dəlalət edən və yuxarıda qeyd etdiyimiz qeyri-şiə rəvayətləridir.

Hökm qala-qala oxunuşun nəsxi iddiasında olanlar bəzən müsəlmanların imtahana çəkilməsini bunun səbəbi kimi göstərmişlər. Guya bununla ümmətin itaətkarlıq dərəcəsi bilinmiş olur: əsl möminlər yuxu ilə övladını qurban kəsməyə qalxan İbrahim kimi müti olub, əminliyə çatmadan zənn əsasında Allahın hökmünə əməl etsinlər. (Zərkəşi, 2/37) Halbuki əvvəla, İbrahim boynuna düşənə tam əmin idi və buna zərrəcə şübhəsi yox idi. İkincisi, zənn əsasında hərəkət etməyi dəfələrlə yasaq edən (Ənam/116, 148; Yunus/36, 66; Hucurat/12; Nəcm/23, 28) Allahın eyni zamanda zənn olunan hökmlərin yerinə yetirilməsini, zənnə əsaslanaraq günahkar insanların daşqalaq edilməsini gözləməsi nə dərəcədə məntiqə uyğundur?!

Süyuti isə hökm qala-qala oxunuşun nəsxinin fəlsəfəsini belə açıqlayır: “Bununla bağlı ağlıma gözəl bir fikir gəldi: Bunun səbəbi ümmətə güzəştdir. Yəni hökmü qalsa da, Quranda yazılışı və oxunuşu məşhur olmasın, çünki bu (daşqalaq hökmü) ən ağır və sərt hökm, ən şiddətli cəzadır. Bu nəsxdə (hökmü) gizlətməyin müstəhəb olmasına işarə vardır”. (Süyuti. Əl-İtqan, 3/86-87)

Göründüyü kimi, sələfilərin bəzi sələfləri nə bu hədislərin zəifliyini söyləyə bilirlər, nə də sözügedən səhabələrin səhvə yol vermələrini. Onlar çxış yolu kimi yalnız oxunuşun nəsxi amilindən istifadə etməyə çalışır və buna özlərindən müxtəlif səbəblər də göstərirlər. Bunun nə qədər “uğurlu” olduğu isə göz önündədir.

Necə qəbul etmək olar ki, Allah-Taala bir ayəni nazil etsin, həmin ayə Quranın tərkib hissəsi kimi oxunsun, sonra isə buyursun ki, bu ayənin hökmünə əməl edin, amma onu Qurandan çıxarın. Maraqlıdır, hökmə dəlalət edən mətni – ayə və ya hədisi yox etdikdən sonra hökm nəyə əsaslana bilər?! Hikmət sahibi olan Allah haqda belə bir söz söyləmək olarmı?! Yuxarıda Xəlifə Ömərin Quranın bir milyon iyirmi yeddi min hərfdən ibarət olduğunu söylədiyinə göstərən hədisi qeyd etdik. Bu rəvayəti Təbərani kitabında gətirmiş, Süyuti də rəvayətçilərinin siqə - etimadlı şəxslər olduğunu yazmışdır. Lakin çox qəribədir ki, Süyuti onu da oxunuşun nəsxi ilə əlaqələndirmişdir. (Yenə orada, 1/242-243) Yəni Quranın üçdə ikisi nəsx yolu ilə çıxarılmış və yalnız üçdə biri qalmışdır!

Əslində isə, əvvəla, bu cümlələrin Quran ayəsi olduğuna dair vahid hədislərin özlərindən başqa dəlil yoxdur. İkincisi, onlar həqiqətən ayə olmuşdursa, oxunuşları nə vaxt nəsx olunmuşdur? Əgər Peyğəmbərin dövründə nəsx olunmuş və Peyğəmbərin göstərişi ilə Qurandan çıxarılmışdırsa, bunu isbat etmək lazımdır; əgər rəvayətlərin zahirindən də göründüyü kimi, Peyğəmbərdən sonra Qurandan çıxarılmışdırsa, bu, təhrifdən başqa bir şey deyil.

“Oxunuşun nəsxi” nəzəriyyəsi Quran sözünü, əsassız olaraq, vahid xəbərlə isbatlama cəhdi olsa da, məsələ burasındadır ki, yuxarıda qeyd etdiyimiz nümunələrin əksərində nəsxə dəlalət edən vahid hədis belə yoxdur. Bəzi rəvayətlərdə müəyyən ayələrin Quranda yer almaması açıq şəkildə nəsxlə əlaqələndirilmiş, vahid hədis həddində olsa da, nəsxə dəlalət edən bir söz deyilmişdir. Məsələn, Ənəsin rəvayətinə görə, “Bir məunə” hadisəsində şəhid olanlar barədə Quran ayələri nazil olmuşdu, sonra isə nəsx oldu. (Buxari. Əs-Səhih, 4/21, h: 2814; Müslim, 1/468, h: 677) Lakin vəziyyət o qədər ifrat həddə çatıb ki, nəinki mütəvatir və nəinki vahid hədis olmadan, hətta hədisin özündə nəsxə qarşı işarə ola-ola yenə də uyğun rəvayətlərin məzmununu oxunuşun nəsxinə aid etməkdədirlər. Bu isə çox primitiv və olduqca qeyri-elmi yanaşmadır. Yuxarıda Abdullah ibn Məsudla bağlı ən böyük alimlərin rəyində də gördük ki, onlar bu yolu tutmayıblar və ümumuiyyətlə, bu, mümkün də deyil.

Yaxud rəcm ayəsinə nəzər salaq. İbn Teymiyyə deyir ki, bu ayənin hökmü qalıb, tilavəti nəsx olub. (İbn Teymiyyə. “Məcmu əl-fətava”, 20/398-399) Halbuki qeyd olunan hədislərdə nəinki buna heç bir işarə yoxdur, üstəlik, ikinci xəlifə bu ayənin Peyğəmbərin dövründə həm oxunduğunu, həm də ona əməl olunduğunu bildirir. O deyir ki, xalqın tənəsindən qorxmasaydım, ayəni Qurana əlavə edərdim. (Buxari. Əs-Səhih, 9/69, h: 7169; Malik, 5/1203, h: 3044; Əbu Davud, 4/144, h: 4418) Süyutinin yazdığına görə, Quran toplanan vaxt Ömər bu ayənin də Qurandan olduğunu bildirərək kitaba salınmasını təklif etmiş, lakin ikinci şahid tapmadığına görə təklifi nəzərə alınmamışdı. (Süyuti. Əl-İtqan, 1/206)

Göründüyü kimi, nə bu hədislərdə, nə də uyğun tarixi hadisələr zamanı kiminsə rəcm ayəsinin Quranda olub nəsx edildiyini söyləməsi qeyd olunmamışdır. Xəlifə Ömərin onu Qurana əlavə etmək istəməsi də sübut edir ki, ortada nəsx söhbəti yox imiş. Burada iddia olunan nəsx isə həm bu hədisləri, həm də xəlifəni ittihamlardan qorumağa hesablanmış dəlilsiz iddiadır. Mümkün deyil ki, ayə nəsx olsun, mütəvatir həddində çoxlu səhabələr bunu bilsinlər, amma Peyğəmbərin yerində oturmuş bir xəlifə üstündən 15 il keçəndən sonra da bunu bilməsin. Bu da inandırıcı görünmür ki, ayə nəsx olsun, Allahın əmrilə Qurandan çıxarılsın, amma xəlifə onu Qurana yazmaq istəsin, Allahdan qorxduğuna görə deyil, yalnız xalqın qınağını nəzərə alıb, bu işdən vaz keçsin. Əslində isə, sələfilər ya belə rəvayətləri yanlış sayıb kənara qoymalı, ya da dildə məsum saymadıqları xəlifənin və digər belə səhabələrin bəzi sözləri səhvən Quran ayəsi ilə qarışdırdıqlarını qəbul etməlidirlər. Heç bir əsas olmadan bu rəvayətləri “oxunuşun nəsxi” qrupuna aid etmək isə Allahın kitabına müdaxilədən başqa bir şey deyil.

Aişədən nəql olunan hədisdə deyilir: “On dəfə məlum əmizdirmə ilə məhrəm olurlar” ayəsi Quranda var idi. Sonra isə beş dəfə əmizdirmə ayəsi ilə nəsx oldu. Lakin bu ayə Peyğəmbər vəfat edəndə də Quranın tərkib hissəsi kimi oxunurdu”. (Müslim, 2/1075, h: 1452; Nəsai Ə. Əs-Sünən, 6/100, h: 3307; Malik, 4/877, h: 2253) Bəli, nəsxin iddia olunduğu digər ayələrdən fərqli olaraq, burada birinci ayənin nəsx olunduğu açıqca bildirilir. Lakin bu da açıq göstərilir ki, ayənin nəsx olunması Qurandan silinməsi demək deyil və o, nəsx olunmasına baxmayaraq, Peyğəmbərin ömrünün sonuna qədər Quran ayəsi kimi oxunurdu. Bu hədisin səhihliyini İbn Teymiyyə də təsdiqləmişdir. (İbn Teymiyyə. “Məcmu əl-fətava”, 34/41, 59). Ancaq maraqlıdır ki, əlimizdəki Quranda nəinki mənsux (nəsx olunmuş), heç nasix (nəsxedən) ayə də yoxdur. Nəsx olduqdan sonra və Peyğəmbərin ömrünün sonuna qədər oxunan bir ayəni Allahın hökmü və Peyğəmbərin icazəsi olmadan Qurandan çıxarmaq təhrif deyilsə, bəs nədir?! Xatırladaq ki, bəzi Əhli-sünnə alimləri rəvayətin “bu ayə Peyğəmbər vəfat edəndə Quranın tərkib hissəsi kimi oxunurdu” hissəsinə diqqət çəkib onu “ciddi irad” hesab etmişlər. (Nəhhas Ə. “Ən-Nasix və əl-mənsux”, 64) Odur ki, ya bu rəvayət rədd edilməli, ya da möminlər anasının səhvə yol verdiyi söylənməlidir. Üçüncü variant Quranın həqiqətən təhrif olunmasıdır ki, qəti əqli və nəqli dəlillərə görə imkansızdır.

Biz yuxarıda Übəy ibn Kəbin “Peyğəmbərin dövründə Əhzab surəsi Bəqərə surəsi qədər, ya da daha artıq idi və onda rəcm ayəsi də vardı” fikrini qeyd etdik. Sələfilərin sevimli təfsirçisi İbn Kəsir bu hədisin Nəsainin qeyd etdiyi sənədini “həsən” – yaxşı kateqoriyasına aid edərək yazır: “Bu hədisə görə, o zaman Quran ayələri olmuş, sonra isə həm mətni, həm də hökmü nəsx olunmuşdur”. (İbn Kəsir, 6/375.) Təsəvvür edin, bir surənin dörddə üçü - 213 ayəsi nəsx olub, amma əvvəla, rəcm ayəsindən başqa bir ayədən xəbəri olan yoxdur; ikincisi, bir surədə bu qədər ayənin nəsx olunduğuna dəlil yoxdur; üçüncüsü, bu ayələri Qurana yerləşdirməkdə Hikmətli Allahın məqsədi qaranlıq qalır. Onları əvvəldən Quran kimi deyil, başqa bir formada Peyğəmbərə çatdıra bilməzdimi? Bu qədər ayənin nəsx olmasının özü Quran haqda ziddiyyətli fikirlər yaradıb, onun təhrifinə səbəb olmazmı? Dördüncüsü, onlar hansı ayə və hökmlərlə nəsx olunmuş, əvəzlənmişlər? Çünki nəsx ayəsinə əsasən, nasix ayə gəlmədən heç bir ayə nəsx edilə bilməz. Beşincisi, bir “həsən” hədislə Allahın nazil etdiyi kitaba 213 ayə səviyyəsində müdaxilə etmək hansı elmi normalara sığır?! Və altıncısı, bu hədisin harasında onların oxunuşunun nəsx edildiyi göstərilir?! Əslində, bu hədislə Quran arasında ziddiyyət var və ziddiyyətin həlli üçün əsassız kəşflər düşünmək yox, ya güclü arqumenti olan çıxış yolu tapmaq, ya da hədisi divara çırpmaq lazımdır.

Doğrudur, nəsx Allah tərəfindən, təhrif isə bəşər tərəfindən olur. Amma ürəyimiz istəyən yerdə hansısa ayənin nəsx olunduğunu deyə bilərikmi?! Bəs buna dəlil lazım deyil?! Axı adını nəsx qoyanda problem həll olmur. Hansısa ayənin nəsx olunduğunu mütləq sübut etmək lazımdır. Çıxılmaz vəziyyətdə qaldıqda “nəsx olub” demək isə heç bir məntiqə sığmır. Hər hansı ayə Qurandan çıxarılmalı idisə, Peyğəmbərin özü tərəfindən çıxarılmalı idi. Bu rəvayətlərdə isə onların Peyğəmbərin sağlığında oxunduğu bildirilir.

Oxunuşun nəsx olunması fikri digər mənbələrdən bəzi Şiə mənbələrinə də keçmiş görünür. Əslində isə, Seyid Mürtəza (Mürtəza. Əz-Zəriə, 1/428), Şeyx Tusi (Tusi M. “Ət-Tibyan fi təfsir əl-Quran”, 1/13) və Fəzl Təbrisi (Təbrisi F. “Məcmə əl-bəyan”, 1/338) kimi alimlər bunu nəzəri cəhətdən mümkün saysalar da, həyata keçdiyinə dair əsaslı nümunə tapmamışlar. Mürtəza isə açıq-aşkar bildirir: “Hökm qala-qala oxunuşun nəsx olunmasına (ayənin Qurandan çıxarılmasına) dair misal dəqiq deyil, vahid hədislərdəndir. O da budur ki, (rəcm ayəsi) Qurandan olmuş, sonradan oxunuşu nəsx edilmişdir. Həm hökmün, həm də oxunuşun nəsxinə dair misal - Aişədən nəql olunan on dəfə əmizdirmə hədisi - də vahid hədisdir”. (Mürtəza. Əz-Zəriə, 1/429)

Qarşılığında, bu növ nəsxi Əhli-sünnə alimlərindən də qəbul etməyib məsələni uyğun rəvayətlərin rəddi ilə həll edənlər var. Qazi Əbu Bəkr Baqillaniyə görə, bəzi alimlər bu nəsxi qəbul etməyib, Quran ayələrinin vahid hədislərlə nəsxinin imkansız olduğunu bildirirlər. (Zərkəşi, 2/39-40) Əbu Cəfər Nəhhas (vəfatı: 949) isə rəcm ayəsi barədə rəvayətin səhih olduğunu bildirməklə yanaşı, hökmünün Quran hökmünə çatmadığını və bəlli cümlənin ayə deyil, Peyğəmbər sözü olduğunu yazmışdır. (Nəhhas, 61) Sübhi Saleh (1926-1986) həm hökmlə birgə, həm də hökm qala-qala oxunuşun nəsx olunması fikrini “qəribə cəsarət”, belə düşüncəyə sahib olanları isə “nəsx aşiqləri” adlandırıb kəskin surətdə tənqid edir və İbn Zəfərin (1104-1172) Yənbu kitabından belə bir sitat gətirir: “Vahid hədis (hansısa sözün) Quran ayəsi olduğunu isbat edə bilməz”. (Sübhi Saleh İ. “Məbahis fi ülum əl-Quran”, 265-266) Oxunuşun nəsxi nəzəriyyəsinə irad bildirən Əhli-sünnə alimlərinə misal olaraq, Şovkani, Rəşid Rza, Rafei və digərlərinin, eləcə də Mustafa Zeydin “ən-Nəsx fi əl-Quran əl-kərim”, Əli Həsənin “Fəth əl-mənnan fi nəsx əl-Quran”, Məhəmməd İsmayıl Şəbanın “Nəzəriyyə ən-nəsx”, Cavad Musanın “ər-Rəy əs-səvab fi ən-nasix və əl-mənsux” kitablarının adlarını çəkmək olar.

Bütün deyilənlərə əsasən, çoxlu ayələrin oxunuşunun nəsx olunduğuna dair iddia heç bir dəlilə əsaslanmayan fərziyyədir və əsrlər ötməsinə baxmayaraq, sübut olunmamış fərziyyə kimi də qalmaqdadır. Hədisləri Quranla ölçməli olduğumuz halda uzaqbaşı güman və zənn yaradan vahid hədislərlə Qurana müdaxilə etmək, hansısa cümlələrin Quran vəhyi olduğunu söyləmək, həqiqətən, təhlükəli bir hal və müqəddəs kitabımıza qarşı hörmətsizlikdir. Biz bu iddianı rədd etməklə kiminsə küfrünü isbatlamaq fikrində də deyilik. Allaha şükür olsun ki, bizdə təkfirçilik xəstəliyi yoxdur və bunu nəinki küfrə, heç xəyanətə də səbəb bilmir, ən pis halda səhv və xəta hesab edirik. Mənsux ayə olduğu iddia edilən cümlələrdə heç bir ambisiya ehtimalının olmaması da bunun yalnız səhv olduğunu təsdiqləyir.

Sözügedən cümlələrin Allah kəlamı və Quran vəhyi olmamasına başqa bir dəlil də onların mətninin zəifliyidir. Quranın ədəbi-bədii incəliklərinə vaqif olan heç kim çox bəsit, uyğunsuz, bəzən isə hətta qrammatik səhvi olan bu cümlələrin Allah kəlamı olmadığına şübhə etməz. (Ətraflı məlumat üçün bax: Bəlaği M. “Ala ər-Rəhman fi təfsir əl-Quran”, 1/20-24) Əslində, Qurani-kərimin nəsx olmuş azsaylı ayələri kitabdan çıxarılmamışdır və əlimizdəki Quranda mövcuddur. Bunu tarixi faktlardan əlavə, bəzi hədislər, o cümlədən Buxarinin qeyd etdiyi bir hədis də sübut edir. İbn Zübeyr Osmandan Bəqərə surəsinin 234-cü ayəsi haqda soruşur ki, nəsx olunmuş bu ayəni nə üçün Qurana yerləşdirmisən? Osman isə belə cavab verir: “Ey qardaşım oğlu! Mən Quranın heç bir hissəsini yerindən tərpədə bilmərəm”. (Buxari. Əs-Səhih, 6/29, h: 4530)

Beləliklə, hər hansı ayənin oxunuşunun nəsx olunduğuna, Qurandan çıxarıldığına dəlil yoxdur. Bəzi sələfilərin bu növ nəsxi qəbul edib digər tərəfdən özlərini az qala Quran fədaisi kimi aparmaları isə yalnız istehzalı təbəssüm doğura bilər.


Yüklə 497,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə