Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   14   15   16   17   18   19   20   21   ...   161

 
39
dağıtmaq olmaz, nöşün ki, orda o qədər siçovul, siçan var ki, bağlasalar a, ya 
söksələr o dəyirmanı, bütün şəhəri basar... Düzdü, alə, bu xəbər? 
Molla Əsədulla bu sözləri çox ciddi deyirdi, amma bu sözlərdən sonra 
Balaniyazdan başqa məhəllə kişilərinin hamısının sifətinə yenə bir təbəssüm qondu 
və hamı da həmin təbəssümlə Balaniyaza baxdı. 
Balaniyaz: 
– Ələdi... – dedi. – Əl-əlbət ələdi! Bu siçovul-siçan ki, var, bunnarnan 
mübarizə aparmaq, vayna eləmək çox ağır bir məsələdi. Orda, o dəyirmanda elə 
siçovullar var ki, pişiklər qorxurlar onnardan, görəndə qaçıb gizlənirlər.  
Molla Əsədulla:  
– Pay atonan! Alə, sən özünnən muğayat ol!.. – dedi, yenə gözlərini əlində 
çevirdiyi təsbehə dikdi və yalnız bundan sonra mollanın da sifətindən yüngül bir 
təbəssüm keçdi.  
Balaniyaz isə eyni ciddiliklə, hətta bir balaca lovğalıqla:  
– Mənnən arxeyin olginə! – dedi. 
Tələbə Murad İldırımlı Balaniyaza baxırdı; Balaniyaz, əlbəttə, «Əzizimin 
cəfası» romanını oxumamışdı və heç vaxt da oxumayacaqdı, amma Balaniyaz, 
əslində, xoşbəxt adam idi, çünki onun o romanı oxumağa ehtiyacı yox idi, yəni 
ömrünü siçanlarla mübarizəyə həsr etmiş bu adam o romanı oxuya bilməməyinin 
əzabını çəkmirdi... Balaniyaz Xədicə arvada oxşamırdı, amma o dəqiqələrdə 
Balaniyazda eynilə anasının yatağındakı o xırda gül naxışlı balıncın, o ağ gecə 
köynəyinin sadəliyi və təmizliyi var idi və elə bunun özündə də Siçan Balaniyaz 
tələbə Murad İldırımlıdan artıq bir məxluq idi– hər halda, o aprel günü, o həyətdə, o 
məhəllə kişilərinin arasında tələbə belə hiss edirdi. 
Qəbiristanlığa gedənlər isə belə bir pis xəbərlə geri qayıtdılar ki, Tülkü Gəldi 
Qəbiristanlığında yer yoxdu və yazıq Xədicə arvadı orada dəfn etmək mümkün 
olmayacaq.  
Molla Əsədulla:  
– Mən süzə dedim də!.. – dedi. – Onnardan yer almaq olar?..  
Bu xəbər gedib məhəllə arvadlarına da çatdı və Xədicə arvadın evinə 
toplaşmış arvadlar təzədən kövrəlib ağlamağa başladılar. Kişilərin sifətində bayaqkı 
o təbəssümdən əsər-əlamət qalmamışdı: 
– Alə, belə də iş olar? Ölümüzü basdırmağa yer tapmırıq...  
– Neyniyək? Aparıb qoca arvadı çöldə basdıraq? 
– Alə, onu təzə qəbiristanlığa aparsaq a, o çölün düzünə, bilirsən ruhu necə 
qarğış eliyəcək bizə?!  
– Alə, belə də xarabaxana olar? Dünyada hansı ölkədə adam yer tapmır ki, 
dədə-baba qəbiristanlığında ölüsünü basdırsın? 
– Alə, belə də hökumət olar?  
Bu vaxt çörəkçi Ağabalanın arvadı, yazıq Xədicə arvadın evinin 
pəncərəsindən həyətə boylandı və belə bir məqamda abır-həyanı yaddan çıxarıb 
oğluna tərəf qışqırdı:  
– Alə, kişi döyülsüz süz? Bu arvada nöş yer tapmırsız orda?  
Çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu bu qədər kişinin içində anasının 
ö cürə qışqırmağından və bu cürə sözlər deməyindən daha artıq pərt oldu və 
gözləriylə qəzəb qığılcımı saça-saça:  


 
40
– Sən öləsən!– dedi. – Gedib soxasan bıçağı oradakilərin ciyərlərinə... 
Molla Əsədulla çörəkçi Ağabalanın oğluna baxdı: 
– Alə, – dedi. – Sən onnarın ciyərinə bıçaq soxa bilərsən? 
– Nöş soxmuram? Lap başlarını da kəsərəm!  
Molla Əsədulla sağ əli ilə təsbeh çevirə-çevirə sol əlini havada yellədi: 
– Ay-hay... Onnarnan bu boyda Sovet hökuməti bacarmır. 
– Nöş bacarmır? Istəsə, bacarar. 
Bəs nöş istəmir, alə? Istəsin də... 
Çörəkçi Ağabalanın oğlu hirslə yerindən qalxdı, amma Molla Əsədulla 
həmişəki təmkininə yaraşmayan bir sərtliklə: 
– Otur!.. – dedi və dərhal da səsi mülayimləşdi. – Otur, bala, otur... Sən onnarı 
tanımırsan... Onnarnan hərbə-zorba danışmaq olmaz, nə Allah tanıyırlar, nə də 
hökumət. Ya gərək maya qoyasan, ya da gərək adamın olsun... Ya da ki... – Molla 
Əsədulla gözlərini bir-bir məhəllə kişilərinin sifətində gəzdirib Xosrov müəllimdə 
saxladı. – Ya da ki, bir az belə savaddı-zaddı danışasan onnarnan...  
– Savaddı adam sən!  
– Yox e-e-e. Orda mənim ağzıma baxan kimdi? Alə, onnarda müsəlmançılıq-
zad qalıb begəm? Yenə, heç olmasa, tanımadıqları adam olsun, rusca-zadcada ki
danışan olsun... Mətbuatdan-zaddan bir az görürsən ki, çəkinirlər... 
Molla Əsədullanın bu sözlərindən sonra, məhəllə kişilərinin hamısı başlarını 
çevirib Xosrov müəllimə baxdı, çünki hamı bilirdi ki, bu uzun, arıq və qaradinməz 
adam əvvəllər müəllimlik edib, rus dilindən dərs deyib və indinin özündə də həmişə 
qəzet oxuyur. Təkcə Balaniyaz Xosrov müəllimə baxmırdı, gözləriylə həyətin künc-
bucağını axtarırdı. Xosrov müəllim məhəllə kişilərinin baxışları altında özünü, elə 
bil ki, daha artıq naqolay hiss etdi və o da öz növbəsində tələbəyə baxdı. Molla 
Əsədulla Xosrov müəllimin bu baxışını tutdu və tələbə Murad İldırımlıya 
müraciətlə:  
– O arvad sənin xətrüvü ələ çox istəyirdi ki!.. – dedi, sonra açıq-aşkar bir 
hirslə Balaniyaza baxdı.  
Balaniyaz tələsik Molla Əsədullanın sözlərini təsdiq etdi: 
– Bəli!.. Əl-əlbət, belə idi!.. 
Molla Əsədulla:  
– Görürsən? – dedi. – O arvad, Allah ona rəhmət eləsün, sənün xətrüvü 
bunnan... – Molla Əsədulla əli ilə Siçan Balaniyaza işarə etdi, – bunnan... az 
istəmirdi...  
Siçan Balaniyaz yenə də gözləri ilə həyətin künc-bucağını axtarırdı, eyni 
zamanda başını tərpədə-tərpədə Molla Əsədullanın da sözlərini təsdiq edirdi: 
– Əl-əlbət!.. Əl-əlbət!..  
Birdən-birə o yazıq Xədicə arvadın tum kisəsi tələbənin yadına düşdü və 
tələbə fikirləşdi ki, yəqin bir neçə gündən sonra Balaniyaz o kisədəki tumu aparıb 
evdə uşaqlarına verəcək və uşaqlar da o tumu ləzzətlə çırtlayacaqlar, heç nənələrini 
yadlarına da salmayacaqlar. O tum kisəsi də, o balaca taxta kətil də, Xədicə arvadın 
özü də yalnız bu həyətin, bu qapı-bacanın yadında qalacaq və bir vaxt gələcək ki, 
buldozerlər bütün bu məhəlləni də söküb-dağıdacaq... 
Molla Əsədulla təzədən üzünü çörəkçi Ağabalanın oğluna tutdu: 
– Sən otur... – dedi. – Qoy bunnar getsin. Allah kərimdi...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə