Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   12   13   14   15   16   17   18   19   ...   161

 
35
bütöv və dəqiq sadalayırdı və bir-birləri ilə mərcləşmiş tələbələr bəzən höcət edəndə 
(misal üçün, Boris Nikandroviç Ponomoryov, yoxsa Boris Nikolayeviç 
Ponomoryov?) gəlib həqiqi cavabı Murad İldırımlıdan öyrənirdilər, özüylə isə, 
maraqsız adam olduğu üçün heç vaxt mərcləşmirdilər. Tələbələr Murad İldırımlının 
rəhbərlərin adını və vəzifəsini belə yaxşı bilməyini də, əslində, onun paxıllığı ilə 
yozurdular.  
Həmin sentyabr səhəri Bakı dəmiryol vağzalı əllərində Sov. IKP MK Siyasi 
Bürosunun üzvlərinin və üzvlüyə namizədlərin şəkillərini, şüarlar, transparantlar 
tutmuş tələbələrlə, gül-çiçək tutmuş qırmızı qalstuklu, ağ köynəkli pionerlərlə, 
SSRI-nin və Azərbaycan SSR-in kiçik bayraqlarını tutmuş oktyabratlarla, əyinlərinə 
Azərbaycan SSR Mədəniyyət Nazirliyinin rəhbərin gəlişi münasibətilə xüsusi 
tikdirdiyi milli geyimlər geymiş və əllərindəki iri nimçələrdə paxlava, şəkərbura, 
şərbət, üzüm, əncir, armud tutmuş qızlarla, milis nəfərləriylə dolu idi və gecədən 
vağzalda hazırlıq işləri gördükləri üçün yuxusuzluqdan gözləri qızarmış bir o qədər 
də cavan olmayan komsomol işçiləri, aşağı vəzifəli partiya işçiləri canfəşanlıqla ora-
bura qaçırdı, L.I.Brejnev yoldaşı gətirəcək qatar isə gəlmək bilmirdi. 
Hava soyuq və küləkli olduğu üçün, ağ köynəkli pionerlər və oktyabratlar, 
nazik milli geyimli qızlar elə üşüyürdülər ki, dişləri-dişlərinə dəyirdi və tələbə 
Murad İldırımlı bu nəhəng izdiham arasında, əlində tutduğu o transparantın 
xəcalətindən özünü bir mikrob kiçikliyi və heçliyi içində hiss edə-edə o milli 
geyimli və üşüyən qızlara baxırdı. O uzaq dağların qoynundan onda hələ lap təzəcə 
gəlib Bakının o dəmiryol vağzalına düşmüş bu cavan adam o yaraşıqlı qızların 
qarşısında, elə bil ki, özünü günahkar hesab edirdi və qızların o yüngül ipək paltarda 
eləcə üşüm-üşüm üşüməkləri tələbənin mənliyinə toxunurdu, onu əsəbiləşdirirdi.  
Vağzalın ətrafındakı hündür binaların eyvanlarından, divarlarından, 
tələbələrin, şagirdlərin, komsomol işçilərinin əllərində tutduğu transparantlardan 
baxan L.I.Brejnevin şəkilləri də o dəm elə bil ki, səbrsizliklə qatarın gəlib çıxmağını 
gözləyirdi və Murad İldırımlının gözləri hərdənbir rəhbərin qalın qaşlarına 
sataşanda, ona elə gəlirdi ki, həqiqət içində, yəni adi insanlar arasında, adi həyatda 
deyil və bütün bu şəkilləri, iri ağ hərflərlə qırmızı çit parçaların üstünə yazılmış bu 
şüarları – «Doğma Sovet Ittifaqı Kommunist Partiyasına eşq olsun!», «Vətənimizin 
xalqlarının sarsılmaz dostluğu var olsun!», «Yer üzündə sülh naminə, sovet 
adamlarının rifahı naminə yorulmaz coşğun fəaliyyəti üçün Leonid İliç Brejnevə 
minnətdarıq!», «Qazanılmış misilsiz nailiyyətlərimiz partiyanın Mərkəzi 
Komitəsinin, onun Siyasi Bürosunun dinamik və məqsədyönlü təşkilatçılıq və siyasi 
işinin, Sov.IKP MK-nın Baş katibi, SSRI Ali Soveti Rəyasət Heyətinin Sədri, Lenin 
rəhbərlik prinsiplərinin və əsl sosialist demokratiyasının carçısı, sülh uğrunda 
yorulmaz mübariz, əziz Leonid İliç Brejnevin yorulmaz nəzəri və əməli fəaliyyətinin 
nəticəsidir!» – Bakının raykomları çəkdirib yazdırmayıb, bu qədər adamı vağzala 
raykomlar yığmayıb, bütün bunları tarix özü edib və tarix özünün hansı bir 
mərhələsinisə lentə alır.  
Tələbə Murad İldırımlının əlindəki transparantda yazılmışdı: «Əziz Leonid 
İliç! Bizim xoşbəxtliyimiz üçün əsl atalıq qayğınıza görə Azərbaycan tələbələri sizə 
dərin təşəkkür və minnətdarlığını bildirir!» və dəqiqələr ötdükcə, saatlar bir-birini 
əvəz etdikcə, bu transparantın ağırlığı daha da artırdı; komsomol fəalları, aşağı 


 
36
vəzifəli partiya işçiləri yenə ora-bura qaçsalar da, əvvəlki canfəşanlıqları hiss 
olunmurdu. 
Bu vaxt qəribə bir görüş baş verdi: tələbə adamları aralaya-aralaya yanından 
ötən kəndçisi milisioner Əsgərlə üz-üzə gəldi. Milisioner Əsgər əyninə adi vətəndaş 
paltarı geyinmişdi və tələbəni görən kimi, qaşlarını dartıb ayaq saxladı: «– Bayramın 
mübarək olsun!» Tələbə əvvəlcə başa düşmədi: «– Hansı bayram?» «–Nətər yanı 
hansı bayram, ə? Bu boyda zırıltını görmürsən? Bizə də qrajdanski paltar 
geyindiriblər ki, göz-qulaq olaq, rəhbəri axryanat eləyək!..» Milisioner Əsgər Murad 
İldırımlının ali məktəbə qəbul olunmağından xəbərdar imiş, sifətini tələbənin 
sifətinə az qala bitişdirib «– Bə deyirdin nənəmin pulu yoxdu, ə?... – dedi. – Pulu 
yoxuydu, bə nətər oldu gəldin girdin instuta?» – Və milisioner Əsgər tənə ilə başını 
bulaya-bulaya uzaqlaşıb izdihamın içində yox oldu.  
Günorta L.I. Brejnev yoldaşı gətirən qatar, nəhayət ki, gəlib çıxdı; qatar gəlib 
çıxdı, amma, görünür, əvvəlcədən planlaşdırılmış yerdə dayanmadı, L.I. Brejnevin 
vaqonu bir az irəlidə qaldı. Rəhbəri qarşılamağa gəlmiş rəsmi adamlar, əllərində 
gözəl nemətlər tutmuş milli geyimli qızlar, xalq çalğı alətlərindən ibarət böyük 
nəfəsli orkestrin üzvləri L.I.Brejnevin vaqonuna tərəf qaçışdı, ara qarışdı və həmin 
yerdən uzaqda dayanmış tələbə Murad İldırımlı həyəcanlanmış izdahamın arasından 
L.I.Brejnevi də, K.U.Çernenkonu da, onlarla gəlmiş başqa adamları da görə bilmədi 
və həmin dəm tələbəyə elə gəlirdi ki, vağzala toplaşmış adamların cürbəcür rəngli 
paltarlar geyinməyinə, qıpqırmızı transparantlara, şüarlara baxmayaraq, səsi zilə 
qalxmış qara zurnanın müşayiəti ilə hərəkətə gəlmiş kölgələrdən ibarət bir multfilmə 
baxır. Vağzaldakı bu çaxnaşma, bu həyəcan L.I. Brejnevin dörd tərəfi də bürümüş, 
qatar gələndən sonra, birdən-birə yüz dəfə artmış şəkillərinə isə sirayət etməmişdi və 
rəhbər o şəkillərdə qalın qaşlarının altından təmkinlə Bakı dəmiryol vağzalında baş 
verən bu tarixi hadisəyə baxırdı. Tələbə Murad İldırımlıya elə gəlirdi ki, elə bil, 
rəhbərlər, doğrudan da, adi insanlar deyil, yəni onlar adi insanlar kimi, çörək yemir, 
su içmir, tualetə getmirlər...  
Iki gündən sonra, 1978-ci il sentyabrın 22-də isə tələbə Murad İldırımlı 
L.I.Brejnevin sağ əlini gördü. Həmin gün tələbələri sübh tezdən universitetin 
binasının qabağında «Kommunist» küçəsinin hər iki tərəfi boyunca səkiyə 
toplamışdılar, yenə əllərinə Sov. IKP MK Siyasi Bürosunun üzvlərinin, üzvlüyə 
namizədlərin şəkillərini, transparantlar, şüarlar vermişdilər. L.I.Brejnev buradan 
keçib V.I.Lenin adına Sarayda Bakı şəhərinə Vətənin yüksək mükafatının təqdim 
olunması münasibətilə partiya, sovet təşkilatlarının, əmək kollektivlərinin, qoşun 
hissələrinin nümayəndələri ilə birlikdə Bakı Şəhər Partiya Komitəsinin və Şəhər 
Xalq Deputatları Sovetinin təntənəli iclasına gedəcəkdi. Tələbələrə tapşırılmışdı ki, 
rəhbər küçədən keçəndə onu uca səslə, nikbincəsinə alqışlasınlar, hərəyə ayrı-ayrı 
alqışlar əzbərlətmişdilər və onda iş belə gətirmişdi ki, Murad İldırımlı lap səkinin 
kənarında dayanmışdı, ondan irəlidə heç kim yox idi. Tələbələrdən kim özünü daha 
çox nikbin göstərə bilsəydi, rəhbəri ürəkdən və vəcdlə alqışlasaydı, onun işi bir o 
qədər yaxşı ola bilərdi, yəni, misal üçün, həmin cavanı fakültə (hətta universitet!) 
komsomol bürosunun üzvü seçə bilərdilər (yəni, rektorluğa, yaxud partiya 
komitəsinə çağırıb komsomol bürosunun üzvü təyin edə bilərdilər!), bu da o deyən 
söz idi ki, gələcəkdə təyinatını Bakıya ala bilərdi, komsomol işinə keçərdi, sonra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə