Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   11   12   13   14   15   16   17   18   ...   161

 
33
istəyir, gəlsin, bir ovuc tum götürüb çırtlasın və səkkiz ay ərzində Xədicə arvad 
birinci (və sonuncu) dəfəydi ki, tələbəyə tum təklif edirdi. Tələbə, təbii ki, tumdan 
imtina etdi, Xədicə arvad da həmişəki səliqəsi ilə təzə torbacıqları bir-brinin içinə 
yığdı, tum torbasını ağzınacan doldurdu, bir sözlə, sabahın (yəni bu günün) 
hazırlığını gördü, sonra adəti üzrə bayır qapısının kilidini yoxladı, tualetə getdi, 
əllərini, üzünü həyətdəki krantda sabunla tərtəmiz yuyub gəlib yerinə girdi (ki, bir 
daha qalxmasın!) və otağının da qapısını həmişəki kimi açıq qoydu.  
Tələbə Murad İldırımlı da işığı keçirib yerinə girdi, həmin göyümtül adyalı 
üstünə saldı və birdən-birə ondan əvvəl bu otaqda yaşamış adam barədə fikirləşməyə 
başladı. Murad İldırımlı o adamı görməmişdi, amma dünən gecə o adamla özü 
arasında qəribə bir doğmalıq hiss etdi: həmin keçmiş kirayənişin də beş il bu otaqda
bu dörd divar arasında yaşamışdı, o da gətirib ayda 70 manat Xədicə arvada pul 
vermişdi, gecələr bu dəmir çarpayıda uzanmışdı, üstünə şübhəsiz ki, bu göyümtül 
adyalı salmışdı, gecələr beləcə bu tavana, bu divarlara baxmışdı, krantın 
damcılamağına qulaq asmışdı, hərdən Xosrov müəllimin gecələr yuxuda ağlamağını 
eşitmişdi... Bəlkə o keçmiş kirayənişin də illərlə «Əzizimin cəfası» romanını 
axtarmışdı, dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin qohum-əqrəbasının adını 
əzbərləmişdi, amma bir halda ki, universiteti bitirdikdən sonra Bakıda qala 
bilməmişdi, çıxıb öz kəndlərinə getmişdi, deməli, axıra qədər də «Əzizimin cəfası» 
romanını tapa bilməmişdi. Əlbəttə, belə bir adda roman yox idi, amma Murad 
İldırımlı Bakıda keçirdiyi dörd illik tələbəlik dövründə başa düşmüşdü ki, indi 
Azərbaycanda və ümumiyyətlə, bütün Sovet Ittifaqında hünər burasındadır ki, 
olmayan romanı oxuyasan! «Əzizimin cəfası» romanı yox idi, amma sən o olmayan, 
o yazılmamış romanı oxumağı bacarmalı idin və tələbə Murad İldırımlı buna qəti 
əmin olmuşdu ki, bu gün insanlar elə bir dövrdə və elə bir ölkədə yaşayırlar ki, o 
yazılmamış romanı oxuya bilməsən sənin işlərin heç vaxt düz getməyəcək...  
Tələbə Murad İldırımlı gecələr həmişə belə bədbin ictimai fikirlərə qapılanda 
birdən-birə qaranlıq içindən bir əl çıxıb gəlib gözlərinin qabağında dayanırdı və o 
əlin barmaqlarının güclə sezilən hərəkəti, elə bil ki, rişxəndlə deyirdi: ay axmaq 
tələbə, hərənin bu dünyada öz yeri var, həmişə belə olub və həmişə də belə olacaq, – 
ibtidai icma dövründən tutmuş, bu günə qədər və min il bundan sonraya qədər! – 
amma sən o qədər vecsiz və lazımsız bir məxluqsan ki, nahaq yerə təqsiri zəmanənin 
və ölkənin boynuna yıxırsan, sənin kimilər bütün zamanlarda və bütün ölkələrdə, 
bax, bu əlin kölgəsində heyvan kimi ömür sürüb qara torpağa qarışıblar, çünki 
onlarla (və səninlə!) heyvan arasında heç bir fərq olmayıb.  
Məsələ burasında idi ki, hərdən gecələr eləcə tələbənin gözlərinin qabağına 
gələn o əl Leonid İliç Brejnevin əli idi və tələbə dörd il bundan əvvəl Leonid İliç 
Brejnevin özünü yox, əlini görmüşdü; o vaxt ki, tələbə Murad İldırımlı ilk növbədə 
özü üçün gözlənilmədən universitetə daxil olmuşdu və dərslər də yenicə başlamışdı 
– 1978-ci ilin sentyabr ayında – Sov. IKP MK-nın Baş katibi, SSRI Ali Soveti 
Rəyasət Heyətinin Sədri L.I.Brejnev, Sov. IKP MK Siyasi Bürosu üzvlüyünə 
namizəd, Sov.IKP MK katibi K.U. Çernenko və onlarla birlikdə Sov. IKP MK 
üzvlüyünə namizəd, Sov. IKP MK Baş katibinin köməkçisi A.M. Aleksandrov, 
Sov.IKP Mərkəzi təftiş komissiyasının üzvü, Sov. IKP MK beynəlxalq informasiya 
şöbəsi müdirinin birinci müavini V.M. Falin, Sov. IKP MK işlər müdirinin müavini 
M.Y. Mogilevets yoldaşlar Azərbaycan paytaxtına Lenin ordeninin təqdim olunması 


 
34
münasibətilə Bakıya gəlmişdilər. SSRI Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 
Bakı şəhəri inqilabi hərəkatda, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında və 
möhkəmləndirilməsində xidmətlərinə, 1941-1945-ci illər Böyük Vətən 
müharibəsində faşist işğalçıları üzərində qələbəyə böyük köməyinə, təsərrüfat və 
mədəniyyət quruculuğunda şəhər zəhmətkeşlərinin qazandıqları müvəffəqiyyətlərə 
görə Lenin ordeni ilə təltif edilmişdi və L.I.Brejnev yoldaş bu yüksək mükafatı 
Bakının bayrağına şəxsən sancacaqdı. Bu, L.I. Brejnev yoldaşın Bakıya ikinci səfəri 
idi, birinci dəfə 1970-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 50 illiyi 
münasibətilə gəlmişdi. Indi universitetdə tələbələr danışırdı ki, L.I. Brejnev yoldaş 
Bakıya üçüncü dəfə gələcək, bu yaxınlarda xalq təsərrüfatını inkişaf etdirmək 
haqqında Sov. IKP XXV qurultayı qərarlarının həyata keçirilməsində Azərbaycan 
SSR zəhmətkeşlərinin qazandıqları böyük müvəffəqiyyətlərə, sənaye və kənd 
təsərrüfatı məhsulu istehsalına dair onuncu beşillik tapşırıqlarının vaxtından əvvəl 
yerinə yetirilməsinə görə Azərbaycan Sovet Sosialist Respublikası SSRI Ali Soveti 
Rəyasət Heyətinin Fərmanı ilə, Lenin ordeni ilə təltif edilmişdi və guya, bu dəfəki 
Lenin ordenini də respublikanın bayrağına şəxsən L.I. Brejnev yoldaş taxacaqdı, 
amma demək olar ki, hər gün televiziya ilə göstərilən cürbəcür təltiflər zamanı hamı 
görürdü ki, rəhbərin dili söz tutmur və belə bir kökdə rəhbər Bakıya üçüncü dəfə 
necə gələcəkdi? Universitetdə tələbələr danışırdılar ki, guya, L.I. Brejnev, yəni 
həqiqi L.I. Brejnev Kremldə oturur, başqa yerlərə gedən isə onun oxşarı, «dvoynik» 
i olur və guya, Bakıya da özü yox, oxşarı gələcəkdi... 
Nə isə, bütün bunlar hələ sabahkı günlərin işi idi, onda isə 1978-ci il 
sentyabrın 20-si idi və cəmi iyirmi gün idi ki, tələbə Murad İldırımlı həqiqətən də 
dünyanın bir çox işlərindən bixəbər (milisioner Əsgər düz deyirdi!) o uzaq (və 
gözəl!) dağların qoynundan gəlib Bakıda tələbəlik həyatına başlamışdı və həmin gün 
dilsiz-ağızsız birinci kurs tələbəsi olduğu üçün, onun əlinə böyük bir transparant 
verib sübh tezdən başqa tələbələrlə birlikdə Bakı dəmiryol vağzalına göndərmişdilər. 
L.I.Brejnev yoldaş Moskvadan qatarla yola düşmüşdü və bütün qəzetlər L.I.Brejnev 
yoldaşın partiya və dövlət rəhbərləri tərəfindən Moskvadan Bakıya yola salınmasını 
xəbər vermişdi, fotolar dərc etmişdi. Baş katibi və SSRI Ali Soveti Rəyasət 
Heyətinin sədrini Sov. IKP MK Siyasi Bürosunun üzvləri V.V.Qrişin, A.N. Kosıgin, 
K.T. Mazurov, A.Y. Pelşe, M.A. Suslov, D.F. Ustinov, Sov. IKP MK Siyasi Bürosu 
üzvlüyünə namizəd P.N. Demiçev, Sov.IKP MK katibləri I.V. Kapitonov, V.I. 
Dolgix, M.V. Zimyanin, K.V. Rusakov, Sov. IKP MK üzvləri G.S. Pavlov, Q.E. 
Sukanov, Sov. IKP MK üzvlüyünə namizədlər M.P. Georqadze, V.S. Paputin, S.K. 
Sviqun, Sov. IKP Mərkəzi təftiş komissiyasının üzvləri A.I. Blatov, K.M. 
Boqolyubov, Y.M. Çurbanov, yollar naziri I.Q.Pavlovski, xarici ticarət nazirinin 
müavini Y.L. Brejnev yola salmışdılar.  
Universitet tələbələri arasında belə bir oyun var idi: bir nəfər Sov. IKP MK 
Siyasi Bürosunun üzvlərindən, üzvlüyə namizədlərdən, Sov. IKP MK katiblərindən, 
yaxud SSRI Nazirlər Soveti Sədrinin müavinlərindən birinin familini deyirdi və kim 
ki, bu famil sahibinin adını və atasının adını, vəzifəsini dəqiq deyirdisə, bir dənə 
siqaret udurdu. Bu suallara dəqiq cavabları, adətən, komsomol fəalları, bir də ki, 
siqaret almağa pulu olmayan (buna görə də o adları əzbərləyən!) tələbələr cavab 
verirdi, – tələbə Murad İldırımlı isə komsomol fəalı deyildi, siqaret də çəkmirdi
amma bütün rəhbərlərin adını, atasının adını, familini əzbər bilirdi, vəzifələrini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə