Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   16   17   18   19   20   21   22   23   ...   161

 
43
Nazirliyi bəzi qəbiristanlıqlarda bərpa işləri aparırdı, amma qəbiristanlıqların tarixi 
bir kompleks şəklində öyrənilmirdi. Arxeoloqlar qədim qəbiristanlıqlar aşkar 
eləyirdilər, qazıntı işləri aparırdılar, amma Əbdül Qafarzadə indi də istifadə olunan 
şəhər qəbiristanlıqlarını nəzərdə tuturdu, bu qəbiristanlıqların tarixi öyrənilməli idi. 
Qəribə idi, o kilsələr ki, indi orqan musiqisi üçün uyğunlaşdırılmışdı, yaxud o 
məscidlər ki, misal üçün ayaqqabı fabrikinə çevrilmişdi, camaat üçün daha əziz 
olurdu (camaat küçədən keçəndə baxırdı, başını bulayırdı, hiddətlənirdi, atalarının, 
babalarının xatirələrini danışırdı, ədalətsizlikdən, hörmətsizlikdən deyirdi...), nəinki 
işləyən, fəaliyyət göstərən kilsə, ya məscid. Qəbiristanlıq da o cür.  
Yaxşı ki, indi yazı-pozu işləri aparılır, dəfn olunanların kağız-kuğuzu 
arxivlərə göndərilir, amma arxivlər də bir gündədi ki, gəl görəsən və Əbdül 
Qafarzadə (yerindən qalxıb əl-üzünü yumuşdu) həmin yaz səhəri qonaq otağındakı 
divanda uzanmış Qaratelin ayaqlarını ovuşdura-ovuşdura bu barədə fikirləşirdi.  
Qaratel:  
– Lazım deyil, Əbdül, get, işə gecikirsən, – deyirdi. – Əbdül Qafarzadə isə 
Qaratelin sözlərinə fikir vermirdi, evin içində geydiyi kişi corablarının (Əbdülün 
corablarının) üstündən arvadının ayaqlarını ovuşdururdu.  
Bu gün Rayon Icraiyyə Komitəsinin sədri Fərid Kazımlı Kommunal 
Təsərrüfatı Idarəsi işçilərinin yarımillik planların yerinə yetirilməsinin vəziyyətinə 
həsr olunmuş müşavirəsini çağırmışdı. Müşavirə səhər saat 10-da başlayacaqdı. 
Rayon Partiya Komitəsinin birinci katibi M.P. Qəribli də müşavirənin işində iştirak 
edəcəkdi (bunu dünən Fərid Kazımlı özü zəng eləyib Əbdül Qafarzadəyə xəbər 
vermişdi) və Əbdül Qafarzadə istəyirdi ki, əvvəlcə işə gedib baş çəksin, sonra 
müşavirəyə getsin; amma sübh tezdən ki, gözünü açıb o gözəl aprel günəşinin 
hərarətini hiss etdi, sonra isə birdən-birə qəbir daşları gəlib durdu gözlərinin 
qabağında, bundan sonra qanıqaralıq lap elə səhərdən başladı.  
Qaratel özünü pis hiss edəndə bunu ərindən gizlətmək istəyirdi, amma Əbdül 
Qafarzadənin gözündən heç nə yayınmırdı və o dərhal başa düşürdü ki, arvadın halı 
yenə də xarabdı. Bu səhər də o qəbiristanlıq görümündən sonra, elə bil, əvvəlcədən 
nəsə hiss etdi, mətbəxə keçib həmişəki kimi çayniki qazın üstünə qoymazdan əvvəl, 
gedib Qaratelə baş çəkdi.  
Qaratel geyinib qonaq otağındakı divanda uzanmışdı, rəngi yenə də ağappaq 
ağarmışdı, bədəni buz kimi soyumuşdu, üşüm-üşüm üşüyürdü və Əbdül Qafarzadə 
yenə də hər şeyi (hətta müşavirəni də) yaddan çıxarıb arvadını ovuşdurdu, çay 
dəmləyib içirtdi, Qaratelin etirazlarına baxmayaraq, Sevilə zəng eləyib çağırdı və 
indi də kişi corablarının üstündən arvadının ayaqlarını ovxalaya-ovxalaya Sevili 
gözləyirdi ki, sonra evdən çıxsın.  
Sevil Əbdül və Qaratel Qafarzadələrin kiçik qızı idi, daha doğrusu, yeganə 
övladı idi, yəni indi yeganə övladı idi, çünki böyük uşaqları oğlan idi, Sevildən iki 
yaş böyük idi. Orduxan altı il bundan əvvəl üçcə günün içində heyif olub getmişdi... 
Bir həftə bundan əvvəl Sevilin iyirmi səkkiz yaşı tamam oldu və Əbdül 
Qafarzadə bu münasibətlə qızına «Qaz-24» avtomobili bağışladı. Bundan əvvəl 
onlara «Jiquli» almışdı, amma Ömər şəhərdə maşın sürəndə özünü itirirdi, o, 
«Jiquli»ni də üç-dörd dəfə vurmuşdu. Ömər pianoçu idi və Əbdül Qafarzadə həmin 
aprel səhəri Qaratelin ayaqlarını ovuşdura-ovuşdura Ömərin nazik, uzun 
barmaqlarını gözlərinin qabağına gətirdi, gülümsədi, çünki onun xoşuna gəlirdi ki, 


 
44
qızının ərinin beləcə zərif və yaraşıqlı barmaqları var. Indi «Jiquli» olmuşdu Ömərin 
şəxsən özünün maşını, «Qaz 24»ü isə Sevil sürürdü, çünki Sevil Ömərdən daha 
diqqətli, daha cəld idi, soyuqqanlı idi.  
Sevil gecikirdi. Əbdül Qafarzadə Sevilgilə Bakının, demək olar ki
mərkəzində, geniş eyvanları dənizə baxan beşotaqlı kooperativ mənzil tikdirmişdi, 
daha doğrusu, əvvəlcə üçotaqlı mənzil tikdirmişdi, sonra onların qonşuluğundakı 
ikiotaqlı mənzildə yaşayan ailəni üçotaqlı bir mənzilə köçürtdü və Sevilgilin mənzili 
oldu beşotaqlı, ikimətbəxli, iki hamamlı və iki də tualetli. Ömərin babasili var idi və 
indi kefi nə qədər istəyirdi, otururdu tualetdə. Düzdür, Ömər belə şeylərin bir o 
qədər də qədrini bilən deyildi, yəni bu mənada ki, səhərdən-axşama kimi bütün fikri-
zikri pianonun yanında idi və Əbdül Qafarzadə bəzən sidq-ürəkdən məəttəl qalırdı 
ki, insan nə qədər məşq eləyər, adamda nə qədər həvəs olar, səbr olar... Ömərin atası 
Mürşüd Gülcahani səfehin biri idi (özünü yazıçı hesab edirdi, amma it dəftərində adı 
yox idi...), bu isə elə hey çalışırdı, yorulmaq bilmirdi. Yaxşı ki, Sevil də musiqişünas 
idi, yoxsa bu qədər çalmağa dözmək mümkün olmazdı. Indi Sevilgilin səhərdən 
axşamacan piano səsi eşidən qonşularının işi lap çətinə düşmüşdü, çünki Sevilgilin 
səkkiz yaşlı oğlanları – Əbdül az qalmışdı Öməri də ötüb keçsin, nə oyuncaq bilirdi
nə televizor, videomaqnitafon bilirdi, məktəbdən (Bülbül adına xüsusi musiqi 
məktəbində oxuyurdu) qayıdan kimi portfeli bir tərəfə tullayıb keçirdi royalın 
arxasına, yeməsin, içməsin, elə hey çalsın və buna görə də Əbdül Qafarzadə nəvəsi 
üçün ayrıca bir royal almışdı; bu balaca musiqiçini o royalın arxasından ayırsaydı, 
təkcə babasının (yəni Əbdül babasının) gəlişi ayırardı – qapının zəngi vurulub 
arakəsmədən babasının səsi gələn kimi, nə çalmağından asılı olmayaraq, durub 
qaçırdı kişinin üstünə və Əbdül Qafarzadə onlardan çıxıb gedənəcən uşaq onun 
yanında otururdu.  
Ömər mənzilin bir başında öz royalında çalırdı, balaca Əbdül də bu biri 
başında öz royalında. Yaxşı ki, Sevil özü çalan deyildi, yazan idi, hərçənd bu iki 
royalın arasında yazmaq da asan iş deyildi, amma Sevil zirək qız idi, ağıllı idi, 
namizədlik dissertasiyasını yazmışdı, müdafiə də etmişdi, doktorluq dissertasiyasını 
da bitirməyinə lap az qalmışdı. Düzdü, Əbdül Qafarzadə bu işdə qızına kömək 
eləyirdi, amma, onsuz da, indi təkcə öz qələmiylə dissertasiya yazan kimdi? Ömər 
də bəyəm öz gücünə konservatoriyada professor olmuşdu? Yalnız səfeh Mürşüd 
Gülcahani bu cürə fikirləşə bilər, hərçənd özü kitab nəşr etdirmək istəyəndə dovşan 
kimi qaçıb gəlirdi qudasının – Əbdül Qafarzadənin yanına...  
Sevil konservatoriyada dosent işləyirdi, Ömərin isə professor kimi 
konservatoriyada xüsusi sinfi var idi, balaca Əbdül də ikinci sinifdə oxuyurdu, 
amma indiyə kimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 
dörd konsert vermişdi: simfonik orkestrlə birlikdə Motsartın reminor və Qaydnın 
remojor konsertlərini çalmışdı. Səkkiz yaşında uşaq...  
Sevil oğluna atasının adını qoymuşdu. Əbdül Qafarzadə nə qədər eləmişdi, 
olmamışdı, «– Köhnə addı, çoxdan dəbdən düşüb. Gəl uşağa yaxşı, təzə bir ad 
qoyaq». – demişdi, amma Sevil dediyindən dönməmişdi, «Ya xoçu, çtobı on bıl kak 
papa, bıl paxoj na papu...» – demişdi, o yazıq, o nakam Orduxan da: «– Pust kak 
xoçet, tak i delayet. V konçe konçov ona mat...» – demişdi və uşağın da adını 
qoymuşdular Əbdül (təkcə elə «Əbdül» olsaydı, yenə dərd yarı idi, əslində, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə