Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   17   18   19   20   21   22   23   24   ...   161

 
45
«Əbdüləli» idi, çünki Əbdül Qafarzadənin adı pasportda «Əbdüləli» idi, «Əbdüləli 
Qafarzadə» və Sevil də tərslik eləyib uşağın adını elə beləcə qoymuşdu).  
Bu uşaq qəribə uşaq idi; təkcə o mənada yox ki, bu balaca məxluqda 
anadangəlmə böyük musiqi istedadı var idi (bu, həqiqətən, belə idi, Əbdül 
Qafarzadənin tanışlarının-filanın köməyi ilə yaradılmış istedad deyildi) və bu, Əbdül 
Qafarzadənin daxilini bir fəxarət hissi ilə, işıqlı bir təbəssümlə doldururdu, bəzən 
kişini lap kövrəldirdi də, çünki həmişə heç nədən bir şey düzəldən bu adam indi öz 
zəhmətinin müqabilində həmişəki kimi boşluq yox, nəsə ələ gələn, çəkisi olan bir 
şey görürdü (yaratdığı şəraitin, çəkdiyi xərcin müqabilində nəvəsinin istedadı 
dayanırdı); nəvəsi hələ lap balaca ikən Əbdül Qafarzadə onlara gedəndə uşaq atılırdı 
babasının qucağına, kişini bərk-bərk qucaqlayırdı və belə anlarda Əbdül Qafarzadə 
bütün cismi ilə hiss edirdi ki, yorğunluğu bədənindən çıxır, ona elə gəlirdi ki, uşaq 
babasını həddən artıq çox istədiyi üçün, Əbdül Qafarzadənin yorğunluğunu, ürəyinin 
ağrısını, bütün dərdini-sərini öz zərif, köməksiz canına çəkir və doğrusu, kişini 
dəhşət basırdı, qorxurdu ki, uşaq xəstələnər; qəribə uşaq idi... Buna görə də Əbdül 
Qafarzadə çalışırdı ki, nəvəsini qucağına az götürsün, qızıgilə az getsin, amma az 
gedəndə də darıxırdı, ürəyi qüssə ilə dolurdu, özü özünü məzəmmət eləməyə 
başlayırdı. Bütün bunlar hamısı əsəblərin gərginliyindən idi. Orduxandan sonra 
Əbdül Qafarzadənin əsəbləri xarab olmuşdu (əslinə baxsan sıradan çıxan təkcə 
Qaratel yazıq deyildi...), başqaları bəlkə də bunu görmürdü, hiss etmirdi («Dəmir 
kimi kişidir» – deyirdilər), amma özü bilirdi... Özü bildiyini bilirdi... Allah 
Orduxana rəhmət eləsin, onun ölümü bir ürək dolusu dərd idi, əlacsızlıq idi və keçib 
getmək bilmirdi...  
Əbdül Qafarzadə arvadının ayaqlarını ovxalaya-ovxalaya:  
– Bərk eləmirəm? – soruşdu. – Incitmirəm? 
Qaratel ərinə baxdı və dərdli-dərdli gülümsədi: 
– Yox...  
Əbdül Qafarzadə arvadının bu cür baxışına dözə bilmirdi, ürəyi, elə bil, 
çəkisizlik içinə düşürdü, xatirələr kişini əlinə alıb uzaqlara aparırdı, o vaxtlara ki, 
balaca uşaq idi və rəhmətlik anası da ona beləcə baxırdı; Qaratelin baxışındakı o 
məhrəmliyi, o doğmalığı Əbdül Qafarzadə bu dünyada ancaq uşaq vaxtı anasının 
gözlərində görmüşdü. 
Qaratel: 
– Sən işdən avara olma, get, – dedi. – Nigaran qalma mənnən...  
Əbdül Qafarzadə həmişəki ciddiliyi ilə: 
– Bəsdi!..– dedi və Qaratelin ayaq barmaqlarının ucunu ovmağa başladı.– 
Bəlkə corabı çıxarım ayağından, əlimin istisi keçsin bədəninə? 
Qaratel eləcə yorğun-yorğun, dərdli-dərdli gülümsədi: 
– Yox, lazım deyil... Yaxşıyam day... Vallah yaxşıyam. Sevili də nahaq 
çağırdın. Uşaq işin-gücün buraxıb indi başıalovlu gələcək... 
– Heç nə olmaz.  
Əlbəttə, Əbdül Qafarzadə Qarateli Moskvaya apara bilərdi. SSRI-nin ən 
yaxşı həkimlərinə göstərə bilərdi, amma onda gərək Qaratelin əlini-qolunu bağlayıb 
aparaydı, çünki Qaratel həkimə getməyə, müalicə olunmağa heç cürə razılıq 
vermirdi, heç həkim Bronşteyni də yaxına buraxmırdı, Qaratel həkimdən 
qorxmurdu, yox, Orduxandan sonra Qarateldə heç bir həvəs, heç bir maraq 


 
46
qalmamışdı, birdən-birə göz-görəti qocalıb əldən düşmüş bu qadın üçün həyatın, 
yaşamağın daha heç bir mənası yox idi.  
Bu yaxınlarda Əbdül Qafarzadənin özü həkimə (bu səfeh Mürşüd 
Gülcahaninin bir professor yerlisi var, Mürsəlbəyli, onun yanına) getmişdi və 
bundan sonra da özünə söz vermişdi ki, bir də heç vaxt həkimə getməyəcək. 
Həkimin ki, əlinə düşdün, vəssalam...  
Axır vaxtlar hərdənbir ürəyi təngnəfəs olurdu, öskürürdü və təxminən on gün 
bundan əvvəl evlərinin yaxınlığındakı poliklinikada işləyən və uzun illərdən bəri 
Qafarzadələr ailəsinə tibbi xidmət göstərən həkim Bronşteynin yanına getdi. 
Bronşteyn vaxtilə Vilnüsdə tibbi təhsil almış, başı çox qəzavü-qədər çəkmiş, 
müharibədən sonra Bakıda məskən salmış yəhudi bir həkim idi. Yaşı yetmişi 
keçməyinə baxmayaraq, bu adam başına və nazik bığına qapqara rəng qoyurdu və 
həmişə həkim Bronşteyni görəndə Əbdül Qafarzadəni gülmək tuturdu (bəzən tük 
uzandığı üçün Bronşteynin saçının və bığının dibi ağappaq olurdu və belə bir çallıq, 
doğrusu, o şəvə kimi qapqara cavanlıq rəngini çox pis vəziyyətdə qoyurdu).  
Həkim Bronşteyn Əbdül Qafarzadəni diqqətlə müayinə etdi, sonra qoluna 
girib məcburən rentgen kabinəsinə apardı, rentgen həkimi ilə birlikdə ona baxdı, 
sonra da Əbdül Qafarzadəyə məsləhət bildi ki, özünü yaxşı bir mütəxəssisə 
göstərsin. Əbdül Qafarzadə adamları gözlərindən oxumağı bacarırdı və bu dəfə də 
həkim Bronşteynin gözlərində bir ürkəklik, hətta bir təlaş gördü, sövq-təbii: «Işə 
düşdük də...» – fikirləşdi və ürəyindən çox xoşagəlməz bir nigarançılıq keçdi. 
Poliklinikadan çıxanda həkim Bronşteynin cibinə bir dənə əllilik qoydu, amma 
həkim Bronşteyn pulu geri qaytardı, elə qəti etiraz edib götürmədi ki, bu, Əbdül 
Qafarzadənin içinə dolmuş o nigarançılığı daha da artırdı.  
Səhəri gün Mürşüd Gülcahaniylə birlikdə professor Mürsəlbəylinin qəbuluna 
getdi. Professor Mürsəlbəyli Mürşüd Gülcahani ilə bir kənddən idi, məktəbi bir 
yerdə bitirmişdilər və vaxtıyla Sevilin elçiliyinə də Bakının hörmətli adamlarından 
biri kimi, o gəlmişdi. Əbdül Qafarzadə professorun yanına Mürşüd Gülcahani ilə 
birlikdə ona görə getməmişdi ki, qudası ilə Mürsəlbəyli yerliydi, yaxınıydı, yox, 
Əbdül Qafarzadənin bu cür yaxınlığa, vasitəçi tapmağa ehtiyacı yox idi; ona görə ki, 
içindəki həmin nigarançılıq, işi o yerə gətirib çıxarmışdı ki, Əbdül Qafarzadə kimi 
bir adam belə, professorun yanına tək getməyə, qoyacağı diaqnozu tək eşitməyə 
ürək eləməmişdi. Mürsəlbəyli Əbdül Qafarzadəni gülə-gülə qarşıladı, yapon 
aparatlarında, az qala, bir saat müayinə etdi və gülə-gülə də yola saldı. Əbdül 
Qafarzadə:  
– Axı, məndə nə var, professor? – soruşdu. 
Professor Mürsəlbəyli gödək barmaqlı, yoğun dırnaqlı, tüklü əlini tərtəmiz 
qırxılmış dolu və çopur sifətinə çəkdi, özündən razı halda: 
– Sənin kimi kişidə nə ola bilər? – dedi və bərkdən güldü.  
Əbdül Qafarzadə ürəyini bürümüş o nigarançılıqdan sonra, axırı ki, yavaş-
yavaş rahat nəfəs almağa başladı: 
– Bir dərman-zad lazım deyil? Heç nə atmayım? 
– Heç bir dərman lazım deyil. 
– Bəs yeməyim, içməyim necə? 
– Ürəyin nə istəyir ye, ürəyin də nə istəyir iç.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə