Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   69   70   71   72   73   74   75   76   ...   161

 
150
quyunun dibindən başını qaldırıb lap ölənə qədər bağırsaydın da səni eşidən 
olmayacaqdı, çünki sən xalq düşməni idin və sən bunu inkar etmək, kiməsə nəyisə 
başa salmaq üçün yox, bunu təsdiq etmək üçün kameraya salınmışdın.  
Amma bu kamerada da dünya kimi, bir gəldi-gedərilik var idi, bir tərəfdən 
dolur, bir tərəfdən boşalırdı. Elə ki, qapı açılırdı, familiyanı çağırıb:  
– Istintaqa, – deyirdilər, deməli, doğrudan da, istintaqa aparırdılar. 
Familiyanı çağırıb:  
– Şeyləri götür!– deyirdilərsə, deməli, məhbusu hara isə aparırdılar, hətta belə 
bir dəli ümid var idi ki, bəlkə də azad edirdilər...  
Elə ki, yalnız familiya çağırılırdı və daha heç nə əlavə edilmirdi, heç bir əmr 
verilmirdi, bu, dəhşət idi, bu, elə bir dəhşət idi ki, quyunun o dibi də o dəhşətin 
yanında, heç olmasa, nəfəs almaq, ağlamaq, inildəmək üçün yararlı bir yer idi; 
familiyanı çağırıb heç nə əlavə etmirdilərsə, bu o demək idi ki, məhbusu 
güllələnməyə aparırlar. Məhbus bunu bilirdi, qışqırırdı, özünü yerə çırpırdı, təqsirkar 
olmadığını deyirdi, kameradakı o biri məhbusların əlindən, ayağından yapışıb 
buraxmaq istəmirdi, hətta sidiyi, nəcisi şalvarını bulayırdı və onu qollarından yapışıb 
bağırda-bağırda, sürüyə-sürüyə kameradan çıxarırdılar. Məhbus da var idi ki, elə bil, 
lal olurdu, elə bil,  qurma yay ilə hərəkət edən mexanizmə çevrilirdi, dinməz ayağa 
qalxırdı, dinməz kameradan çıxırdı. Məhbus var idi ki, söyürdü, nəhayət ki, ürəyini 
boşaltmağa məqam tapırdı və bəlkə də ömründə dilinə gətirmədiyi ən pis küçə 
söyüşləri ilə keşikçilərə hücum edirdi və süpürləşə-süpürləşə üç-dörd nəfər 
köməkləşib onu kameradan çıxarırdı. Məhbus da var idi ki, ayağa qalxırdı, bir 
müddət susub (bəlkə hələ də nəyəsə ümid edib?!):  
– Mənim vicdanım təmizdir!– deyirdi. – Yaşasın yoldaş Stalin!  
O kameradakı məhbuslar, düzdü, daha insan deyildilər, amma insanlar kimi o 
məhbuslar da müxtəlif idilər.  
Bu kameradan, bu quyu dibindən kənardakı həyatda – o yerdə ki, istədiyin 
vaxt tramvaya minə bilərsən, istədiyin vaxt suyu qızdırıb çimə bilərsən, istədiyin 
vaxt sahilə gedib dənizin səsinə qulaq asa bilərsən, bax, orada bəzən qəribə, hətta 
ağlasığmaz, heç bir məntiqlə uyuşmayan hadisələr baş verirdi və o ağlasığmaz 
hadisələrdən biri də bu idi ki, Ələsgər müəllim də, Kələntər müəllim də, Firidun 
müəllim də, Əlibaba müəllim də, Xıdır müəllimin özü də həbs olunub terrorçu kimi 
tələsik güllələndikləri halda, Xosrov müəllim hələ də istintaq altında idi...  
Xosrov müəllim o yazıqlardan bir neçə saat əvvəl, tək həbs olunmuşdu və 
zəmanə elə zəmanə idi, o qədər tutulan var idi ki, görünür, Xosrov müəllimin 
cinayət işi tələsik güllələnmiş o terrorçular dəstəsindən ayrı düşmüşdü və 
ümumiyyətlə, istintaq zamanı müstəntiq Məmmədağa Ələkbərov Xosrov müəllimi 
terrorçu kimi ittiham etmirdi; Xosrov müəllim adi xalq düşməni idi. Qəribədir, 
müstəntiq Ələkbərovun ya o güllələnmiş terrorçular dəstəsindən xəbəri yox idi, ya o 
dəstəni yadından çıxarmışdı, hər halda, bu barədə heç nə demirdi və o zaman 
Xosrov müəllim üçün burada təəccüblü bir şey yox idi, çünki Xosrov müəllimin 
özünün o terrorçular dəstəsindən xəbəri yox idi, Ələsgər müəllimin də, Kələntər 
müəllimin də, Firidun müəllimin də, Əlibaba müəllimin də, Xıdır müəllimin də 
güllələndiyini, həmin o Keşlə həbsxanasında yatdığı günlərdə məktəbdə dalbadal 
«izhari-nifrət» mitinqlərinin keçirilməsini, o terrorçu müəllimlərə lənətlər 
yağdırılmasını, Cümşüdlünün hər gün gəlib məktəbdəki o «izhari-nifrət» 


 
151
mitinqlərində iştirak etməsini, Arzunun hər gün xitabət kürsüsünə qalxıb Ələsgər 
müəllimin iç üzünü açmasını, onu ifşa etməsini, atasının zirzəmidə gizlətdiyi o 
kitabları tapıb əşyayi-dəlil kimi «Pavlik Morozovçular dəstəsi»nə təhvil verməsini 
və bütün dəstə üzvləri ilə birlikdə vaxtıyla Əvəz bəyin bağışladığı o kitabları, o 
qədim əlyazmalarını yandırmasını bilmirdi...  
Kamerada, əslində, həmişə on üç məhbus olurdu (bu kameranın norması belə 
idi) və dünənə kimi («dünən» məfhumu bu kamerada «bu gün» və «sabah» 
məfhumları kimi, tamam şərti idi, burada zaman vahidi eyni idi, «dünən»siz, «bu 
gün»süz və «sabah»sız idi...) bu kamerada da on üç məhbus var idi, amma dünən 
gecə on üçüncü o məhbusu – xalq çalğı alətləri orkestrinin bədii rəhbəri idi və 
istintaq zamanı qışqırmaqdan səsi batmışdı, özü də pis apardılar, familiyasını 
çağırdılar və daha heç nə demədilər, o məhbus isə özünü yerə atdı, batmış səsiylə 
çığıra-çığıra, dırnaqları ilə kameranın sement döşəməsini qaşıyıb, nədənsə 
yapışmaq, kamerada qalmaq istəyirdi, amma o bədbəxt oğlunu ayaqlarından tutub 
sürüyə-sürüyə apardılar.  
Kameraya on üçüncü yeni məhbusu gətirəcəkdilər və kamera heç zaman 
qurtarmaq bilməyən bir ümidlə o on üçüncü məhbusu gözləyirdi – o on üçüncü 
məhbus bu quyu dibindən kənardakı o uzaq həyatdan nəsə yeni bir xəbər gətirə 
bilərdi; hər dəfə kameraya salınan o on üçüncü məhbus (adamlar dövrə vururdu, 
dəyişirdi, o on üçüncü məhbus da həmişə kameraya gətirilən axırıncı dustaq 
olurdu...) elə bil ki, qəzet kimi bir şey idi və gətirəcəyi xəbərlər saysız-hesabsız 
məhkəmə iclaslarından, dünənə qədər rəhbər sayılan, böyük alim, böyük yazıçı, 
qabaqcıl təsərrüfatçı sayılan və sayı tükənməyən, qurtarmaq bilməyən xalq 
düşmənlərini ifşa edən yığıncaqlardan, «izhari-nifrət» mitinqlərindən savayı, o 
quyunun dibində nəsə kiçicik bir nur səpələyən işıqdan da bəhs edə bilərdi...  
Qapı açıldı və Şair də, Dramaturq da, Ədəbiyyatşünas da, Folklorçu da, 
Filosof da, Dilçi də, Nəşriyyat müdiri də, Məktəb müdiri də, Kitabxanaçı da, 
Redaktor da, Xosrov müəllim də, o Bir Nəfər də cırıltısına heç cürə alışa 
bilmədikləri bir nigarançılıqla qapıya tərəf baxdılar: indi kimin familiyasını 
çağıracaqdılar və familiyadan sonra nə deyəcəkdilər (deyəcəkdilərmi?)?  
Amma heç kimin familini çağırmadılar, iki nəfər keşikçi on üçüncü yeni 
məhbusu qollarından tutub sürüyə-sürüyə bir kisə torpaq kimi kameranın ortasında 
sementin üstünə atdılar və həmin cırıltıyla da qapını örtdülər, qıfılını çəkib 
bağladılar və addımlarının əks-sədası həbsxananın dəhlizindən bütün kameralara 
yayıla-yayıla getdilər.  
O on üçüncü məhbusu, görünür, əvvəlcə istintaqa aparıb, sonra bu kameraya 
gətirmişdilər və o adamı o qədər döymuşdülər, işgəncə vermişdilər ki, – ingilis 
casusu idi? yoxsa buxarinçi idi?  bəlkə trotskiçi, yaxud maskalanmış müsavatçı idi, 
bəlkə qəddar pantürkist idi (bəlkə elə hamısından idi?) və bunları boynuna almaq 
istəmirdi?– elə bil, heç inildəməyə də halı yox idi, yaxınlaşıb onu qaldırmaq, ona 
kömək eləmək istəyən Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, 
Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov 
müəllimə və o Bir Nəfərə baxdı, sonra təzədən Dramaturqa baxdı və qançır olub 
şişmiş göz qapaqlarının altından gülümsədi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə